Maddə 17. Dövlət dilinin dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adında işlədilməsi Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilindən tərtib olunur. Maddə 18. Dövlət dilinin qorunması və inkişafı 18.1. Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır. 18.2. Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər.
III fəsil. Yekun müddəaları Maddə 19. Qanunun pozulmasına görə məsuliyyət Bu qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 20. Qanunun qüvvəyə minməsi 20.1. Bu qanun dərc olunduğu gündən qüvvəyə minir. 20.2. Bu qanun qüvvəyə mindiyi gündən «Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikasının 22 dekabr 1992-ci il tarixli 413 nömrəli qanunu qüvvədən düşmüş hesab edilir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev.
II FƏSİL İŞGÜZAR KOMMUNİKASİYA VƏ AKADEMİK KOMMUNİKASİYA
Kommunikasiya latın dilində olan “communikato” sözündən götürülüb, mənası əlaqə, rabitə, fikir bölüşməsi, daha mükəmməl desək, informasiya ötürülməsi anlayışını ifadə edir.
Kommunikasiya və informasiya anlayışları ayrılmaz cütlük kimi təsəvvür olunmalıdır.İnformasiya kommunikasiyasız mövcud ola bilər lakin,informasiyasız kommunikasiya yaratmaq mümkün deyil.Biz hər gün fasiləsiz olaraq eşitmə, görmə, dad bilmə, hiss və qoxu orqanlarımızla müxtəlif informasiyalar alırıq.Aldığımız informasiyaları isə bir-birimizə çatdırmaq zərurəti duyuruq.Bizi əhatə edən varlıq büs-bütün informasiyadır.Bütün bunlar isə ünsiyyətlə həyata keçir.Bu ünsiyyəti isə kommunikativ yolla –dillə və ya texniki vasitələrlə həyata keçiririk.Yeganə şüurlu canlı varlıq olan insan yalnız ötürücü olaraq informasiyanın translyasiyası və eyni zamanda interperitasiyası ilə məşğuldur və bu şüurlu fəaliyyəti ilə öz maraq və ehtiyaclarına, çalışdığı idarə, müəssisə və təşkilatın effektiv fəaliyyət göstərməsinə, sosial varlıq kimi digər subyektlərlə əlaqələrinə təkan verir.İnformasiya kommunikativ fəaliyyətin həm predmeti, həm vasitəsi, həm də məhsuludur.
Cəmiyyət dil və kommunikasiyanın qırılmaz birliyi, ünsiyyət və əməkdaşlığının təməlində dayanır.İnsan şüurlu varlıq olaraq real proseslərə adekvat davranış tərzi nümayiş etdirərək məqam daxilində düzgün kommunikativ strategiya qurmaqla öz maraqlarını və ehtiyaclarını ödəməyə səy göstərir, əməkdaşlıq və rəqabət müstəvisində intelektual mübarizə aparır.Qarşılıqlı ünsiyyət ictimai münasibətlərdə aktuallaşdıqca işgüzar əlaqələr də genişlənir.Kommunikasiyada effektivlik informasiyanı göndərmək və almaq dərəcəsi ilə qiymətləndirilir.Kommunikasiya şəxsiyyətin təşəkkül vasitəsi, normal inkişafının mənəvi və fiziki sağlamlığının vacib şərti, digər insanları və özünü dərketmə vasitəsidir.
İşgüzar və akademik kommunikasiya ünsiyyət sahəsində elmi-nəzəri metodoloji və praktik materialları ümumiləşdirir, müasir mütəxəssisin verbal və qeyri-verbal fenomeninə yazılı və şifahi nitq səriştələrinə istiqamət verir. Kommunikasiya bir çox elmləri orqanik şəkildə özündə birləşdirdi, müasir elmi biliyin kompleks və fənlərarası sahəsi kimi öz təsdiqini tapdı.İstənilən elm sahəsində informasiya zaman keçdikcə tükənməyən əksinə il-ildən zənginləşən və dinamik inkişafa təkan verən və yeni informasiyaların meydana çıxmasına səbəb olan bir anlayışdır.İşlənmə dairəsinə mühitinə yerinə görə kommunikasiya akademik və işgüzar kommunikasiyalara bölünür.Hər iki kommunikasiya növünü bir-birilə yaxınlaşdıran xüsusiyyət ünsiyyətin əsas rol oynaması və kommnikativ vasitələrin istifadəsidir.