Budapeşt muzeylərində Azərbaycan sənətkarlığı nümunələri. Macarıstanda olan Azərbaycana aid
sənət nümunələri XX-ci əsrin 40-cı illərinə qədər şəxsi kolleksiyalarda saxlanırdı. Son 50-60 il ərzində bu nadir
sənət nümunələri tədricən dövlət tərəfindən himayəyə götürülərək muzeylərdə cəmləşir. Hazırda Azərbaycana
aid olan sənət nümunələrinin əksəriyyəti Budapeşt şəhərində yerləşən "Dekorativ sənətlər" və "Şərq incəsənəti"
muzeyində mühafizə olunur.
Hazırda bu muzeylərdə Azərbaycanın 200-dən artıq xalq sənəti nümunəsi mühafizə
olunur. Bunların içərisində xalça, parça, tikmə, metal və taxdadan düzəldilmiş bir çox bədii
sənət nümunələri vardır.
Başqa xarici ölkə muzeylərində olduğu kimi, Budapeşt
muzeylərində cəmləşən Azərbaycana aid sənət nümunələrinin
əksəriyyətini xalçalar təşkil edir.
Burada saxlanılan Azərbaycan xalçaları müxtəlif vaxtlarda
Bakı, Quba, Şamaxı, Şuşa, Qazax və Təbriz kimi məşhur sənət
ocaqlarında toxunmuş xalçalardan ibarətdir.
Budapeşt "Dekorativ sənətlər" muzeyində nümayiş etdirilən
XVIII əsrdə toxunmuş kiçik bir Qazax xalçası diqqəti cəlb edir.
Budapeşt muzeylərində müxtəlif vaxtlarda məşhur sənət
ocaqlarımızda toxunmuş ornamental xalçalarla yanaşı, bir neçə
orijinal kompozisiyalı süjetli xalçalarımız da nümayiş etdirilir.
Budapeşt muzeylərinin qiymətli incilərindən birini də
müxtəlif vaxtlarda Azərbaycanda toxunmuş tikmələr təşkil edir. Burada saxlanılan
tikmələrimiz ayrı-ayrı örtük, balışüzü, süfrə, yəhərüstü və bədii pərdələrdən ibarətdir.
Bu növ sənət nümunələrimizdən biri olan XVI əsrdə Təbriz ustaları tərəfindən bəzədilmiş pərdə xüsusi
bir maraq doğurur.
Budapeştin "Dekorativ sənətlər" və "Şərq incəsənəti" muzeylərində saxlanılan Azərbaycan sənətkarlığı
nümunələri tək xalça və tikmə sənətimiz ilə bitmir. Burada nümayiş etdirilən metal, taxta və saxsıdan
düzəldilmiş sənət abidələri də diqqəti cəlb edir.
Metaldan düzəldilmiş sənət abidələrinin əksəriyyətini silahlar (qılınc, xəncər) və bəzi məişət əşyaları
(məcmeyi, satıl, çıraq) təşkil edir. Bu müxtəlif növlü metallardan (gümüş,
mis, polad) düzəldilmiş XVIII - XIX əsrlərə aid edilən sənət nümunələri öz
bədii və texnoloji xüsusiyyətlərinə görə Şirvan ustalarının əl işlərini
xatırladır. Budapeşt muzeylərində yeganə bir taxta sənəti nümunəmiz
vardır. O, da "Dekorativ sənətlər" muzeyində nümayiş etdirilən bədii
rəhildir.