Azərbaycan musiqisi ənənəvi olaraq Qafqazda musiqi həyatının vacib hissəsini təşkil edirdi. Muğamlar
Gürcüstan və Ermənistanın şəhərlərinin musiqi həyatında çox geniş yayılmışdı, onlar həm də İran, Mərkəzi
Asiya və Türkiyədə məşhur idilər. XX əsrin əvvəllərində Azərbaycanın ənənəvi musiqiçiləri Rusiya və
Avropaya dəvətlə qastrol səfərlərinə getməyə və qrammofon valları yazdırmağa başladılar.
1920-ci ildə Azərbaycanda sovet rejimi bərqərar olunandan sonra, əsasən 30-cu illərdən başlayaraq,
musiqi mədəniyyəti tam şəkildə dövlətin nəzarəti altına düşür. Sovet dövləti tərəfindən həyata keçirilən «dəmir
pərdə» siyasəti uzun illər Azərbaycan musiqisi və musiqiçilərinin beynəlxalq musiqi bazarına çıxışını bağladı.
Keçən əsrin 70-ci illərin əvvəllərində Sovet İttifaqında YUNESKO-nun himayəsi altında keçirilən
ənənəvi musiqinin beynəlxalq festivalları Qərb üçün Sovet Şərqinin ənənəvi musiqisini, həmçinin orijinal
musiqi mədəniyyəti kimi Azərbaycan muğam sənətini «kəşf etdi». O vaxtdan Azərbaycan muğamı dünya
mədəniyyəti məkanına daxil olmağa başlayır. 1971-ci ildə YUNESKO 50 albomdan ibarət olan «Dünya ənənəvi
musiqisinin antologiyası» kolleksiyasına «Şərqin musiqi antologiyası» seriyasında çıxan «Azərbaycan musiqisi»
plastinkasını daxil edib. 1975-ci ildə Azərbaycan muğamları yenə də YUNESKO tərəfindən «Musiqi
mənbələri» seriyasında buraxılıb. Azərbaycan muğamı Tarkovskinin bütün dünya ekranlarını dolaşan «Stalker»
filmində də səslənib.
1991-ci ildə müstəqillik əldə edilməsi və siyasi rejimin dəyişilməsi ilə əlaqədar Azərbaycan ənənəvi
musiqisi üçün Qərbə qapı əvvəlkindən daha geniş açıldı. Bu gün Azərbaycan ənənəvi musiqiçiləri beynəlxalq
festivallarda iştirak edir və dünyanın bütün hissələrində konsert verir, iri qərb kompaniyalarında disklər
yazdırırlar.
2003-cü ildə YUNESKO Azərbaycan muğamını «bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri»
siyahısına daxil etdi və bununla da muğamın bədii təkrarolunmazlığını və dünya mədəniyyəti üçün dəyərini
təsdiq etdi.