Mədəniyyət və turizm Mündəricat



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə65/136
tarix02.01.2022
ölçüsü7,85 Mb.
#2600
1   ...   61   62   63   64   65   66   67   68   ...   136
Bədii daşyonma sənəti 
 
Bədii  daşyonma  sənəti  Azərbaycanda  dekorativ  bədii  yaradıcılığın  yüksək  inkişaf  etmiş  sahələrindən 
biridir.  O,  memarlıq  binalarının  monumental  dekorativ  bəzəklərində,  məzar  daşlarında,  girdə  heykəltəraşlıq 
nümunələrində geniş tətbiq olunmuşdur. Azərbaycan həkkaklarının özümlü əsərlərində dünyanın dekorativ və 
təsviri üsulda əks olunması uzun əsrlər boyu formalaşmışdır. 
Orta  əsr  Şərqində  xəttatlıq  tətbiqi  sənət  sahələrindən  biri  idi  və  onun  digər  sahələri  ilə  birgə  inkişaf 
edirdi.  Həkkak  və  xəttatlar  abidələrə  vurduqları  naxışlarla  yanaşı,  kitabə  motivli  haşiyə,  yelən  və  cürbəcür 
xonçalar da işləyirdilər. 
Azərbaycan  xalqının  yaşadığı  ərazilərdən toplanmış materiallar  kitabələrin  bədii tərtibatını,  üslubunu, 
memarlıq  və  qəbirüstü abidələrin  meydana  gəlməsi  və  inkişaf  tarixini  daha  düzgün müəyyənləşdirməyə  və 
bəzən də təyinatmı dəqiqləşdirməyə imkan verir. 
Epiqrafik abidələr XIV əsrin birinci yarısına qədər kufi xətti ilə yazılmış və müxtəlif həndəsi formalara 
malik olmuşdur. Kufi xəttinin formalaşmasının birinci dövründə (IX-XI əsrlər) mətn sadə daşıcızma üsulu ilə 
yazılmışdır  (indiki  Ermənistan  ərazisindəki  Qərni  qalasında,  Şamaxı,  Dərbənd,  Bakı  şəhərlərindəki  məzar 
daşları və başqa abidələr üzərində qalmış kitabələr). 
İkinci  dövrə  (XI  əsrin  sonu  -  XIV  əsrin  birinci 
yarısı)  aid  kitabələr  çiçəkli  kufi  xətti  ilə  yazılırdı  və 
bunlar müəyyən bədii tərtibata malik idi. 
İslamın  ilk  dövrlərində  istər  monumental 
memarlıq  abidələrində,  istərsə  də  saxsı,  metal 
məmulatları,  bədii  tikmələrdə  və  s.  məişət  əşyalarında 
müxtəlif  formada  kufi  xətti  tətbiq  edilmişdir.  Sonralar 
kitabələrdə vertikal yazılan hərflər abidələrin friz, haşiyə 
və  s.  memarlıq  bəzəklərində  həndəsi  elementlərlə  tərtib 
olunmuşdur. 
Dekorativ motivlərdə kufi xətti ustalar tərəfindən 
həddindən  artıq  şərtiləşdirilirdi  ki,  bu  da  kitabələrin 
oxunmasını  çətinləşdirirdi.  Sonralar  Azərbaycan 
xəttatları daha aydın yazı növünə nəsx xəttinə keçmişlər. 
Lakin  kufi  elementləri  keçid  dövrünü  əks  etdirən 
epiqrafik abidələrdə bir müddət işlənmişdir. 
Epiqrafikada  bədii  cəhətdən  inkişaf  etmiş  daha  sonrakı  mərhələ  süls  xəttinə  üstünlük  verilməsi  ilə 
fərqlənir. Əgər nəsx yazını aydınlaşdırırdısa, süls xətti ayrı-ayrı hərflərə elastiklik verməklə, onun bədii-estetik 
əhəmiyyətini artırırdı. Nəsx, süls xətləri də kufi xətti kimi müəyyən dövrlərdə müxtəlif bədii formalara malik 
olmuşdur.  XIII-XIV  əsr  nəsx,  süls  xətli  kitabələrin  bədii  tərtibatı  XV-XVII  əsr  abidələrinkindən  fərqlidir. 
Dekorativ-bədii  xüsusiyyətlərinə  görə,  Bayıl  kitabələrini  çıxmaq  şərti  ilə,  epiqrafik  abidələr  üçün ən  dolğun 
dövr  XV-XVII  əsrlərdir.  Bayıl  Qəsri  kitabələri  bədii  tərtibatına  görə  islam  dünyasında  yeganə  abidə  olaraq 
qalmaqdadır.  Kitabədə  Şirvanşahların  adları  yazılmış  sözlərin  üstündə  başında  tac  olan  insan  başları,  güclü 
heyvanların təsvirləri həkk olunmuşdur ki, bu da Şirvanşahlar dövlətinin XII-XIII əsrlərdə iqtisadi-siyasi, sosial-
mədəni cəhətdən inkişaf etməsini göstərir. 
XVIII-XIX  əsr  inşaat  və  xatirə  kitabələrində,  əsasən,  daha  sərbəst  ifadə  tərzinə  malik  nəstəliq  xətti 
tətbiq  edilmişdir.  XV  əsrdə  Təbriz  xəttatlıq  məktəbində  yaranıb,  bütün müsəlman  ölkələrində  geniş  yayılmış 
nəstəliq xəttində üfüqi cizgilər uzanır, şaquli cizgilər isə gödəlir. Kufi, nəsx, sülsdə bunun əksi müşahidə olunur. 
Nəstəliq xətti ilə yazılmış kitabələrdə hərflərin və hecaların düzülüşü ardıcıl olmayıb, kitabənin bədii 
xüsusiyyətindəki  ifadə  formasına  görə  simmetriyaya  tabe  edilirdi.  Bu,  kitabələrin  oxunmasını  çox 
çətinləşdirirdi. 
Əcəminin  şah  əsəri  sayılan  Mömünə  xatın  türbəsinin  frizində,  tərəflərinin  haşiyələrində,  səthlərində, 
stalaktitli  taxçaların  üstündə  al-əlvan  kaşılardan  düzülmüş  həndəsi  ornamentlərə  bənzər  kitabələr  və  onların 
aralıqlarını  dolduran,  döymə  üsulu  ilə  işlənmiş  krujeva  naxışlı  nəbati  ornamentlər  tikiliyə  əsrarəngiz  görkəm 
verir. 
XIV əsrdən başlayaraq abidələrin silindrvarı gövdələrinin səthlərində, günbəz örtüklərində ornamentlər 
bir və ya bir neçə söz qrupunun çoxlu təkrarından alınırdı. Naxçıvan memarlıq məktəbinin qiymətli əsərlərindən 
olan Qarabağlar və Bərdə türbələrinin, Ərdəbildəki Şeyx Səfi türbəsinin silindrvarı gövdəsini çox sayda təkrar 
olunmuş "Allah" sözü əhatə edir. 
Memarlıq abidələrinin və məzar daşlarının bəzəklərində prizmatik, sxematik stalaktitlər, şəbəkə, oyma, 
qabartma  üsulu  ilə  həm  mürəkkəb,  həm  də  sadə  kompozisiyalı  çoxtəbəqəli  nəbati  və  həndəsi  ornamentlər, 


81 
 
həmçinin onlara uyğun kitabə motivləri işlənmişdir. Bu üsul, əsasən, Şirvan-Abşeron bədii daşyonma məktəbinə 
aiddir (Bakı, Şamaxı, Dərbənd). 
Şimal-qərb rayonlarının ustaları, daha çox, çaylaq daşı üzərində işləmişlər. 
Bu  daşdan  düzəldilmiş  abidələrə  istənilən  formanı  vermək  mümkün olmamışdır.  Bununla  belə,  bədii 
daşyonma  ustaları  adi  daşdan  çox  gözəl,  əvəzolunmaz  sənət  əsərləri  yaratmışlar.  Azərbaycanın  bir  sıra 
ərazisində  Naxçıvan, Lerik, Yardımlı, Lənkəran, Kəlbəcər, Laçın, Mingəçevir, Zəngəzurda at, qoç heykəlli belə 
məzar daşları vardır. 
Azərbaycanın  tarixi  ərazisi,  indi  Gürcüstanda 
qalan  Armazisxevidə  vaxtilə  müsəlman  qəbiristanlığı 
olmuşdur (indi arxeoloji bazadır). Burada iki at heykəlli 
məzar  daşı  qalmışdır.  Birinin  üzərində  "Onun  sahibi 
Kərim xan, h. 741 (1340/41) il" yazılmışdır. Sag tərəfdə 
oğuz  türk  tayfalarına  məxsus  tamqa  -  otuz  oğuz  təsvir 
olunmuşdur.  Belə  tamqa  Laçın  rayonunun  Malıbəyli 
kəndindəki  XVI  əsrə  aid  at  heykəlli  abidədə  də  vardır. 
On oğuz tamqaları isə Qobustan ərazisində olan Qaradağ 
qəbiristanlığındakı məzar daşlarında mövcuddur. Tiflisin 
Şota Rustaveli küçəsində və parklarında azərbaycanlılara 
məxsus  qəbiristanlıqlardan  götürülmüş  at  heykəlli 
abidələr qoyulmuşdur. 
Qoç  heykəlli  və  sənduqə  formalı  məzar  daşları 
Zəngəzurun Urud qəbiristanlığında da (indiki Ermənistan 
ərazisində) olmuşdur. 1478-ci ildə vəfat etmiş Əmrusəlin 
sənduqə  formalı  məzar  daşında  və  1578/79-cu  ildə  vəfat  etmiş  İftixarın  qoç  heykəlli  məzar  daşında  "Allah, 
Məhəmməd,  Əli,  ağvan-alban  övladı"  sözləri  və  Azərbaycan  dilində  kitabələr  yazılmış,  oğuz-türk  tayfalarına 
məxsus onqonlar-tanrıların təsvirləri həkk olunmuşdur. Bu, xristian Alban tayfalarının türkləşməsini və islamı 
qəbul etməsini göstərir. 
Məzar daşlarında dəfn olunanların peşələri ilə də əlaqədar təsvirlər həkk olunmuşdur. XIV-XVI əsrlərin 
məzar daşlarında xalça naxışları, xalça toxunması, hana, kirgit, misgər alətləri və s. həkk olunmuşdur. 
XII-XIX  əsrlərə  aid  kitabələrdə  görkəmli  memar,  inşaatçı  usta,  bənna,  həkkak,  xəttat,  nəqqaş, 
heykəltəraş adları qeyd olunmuşdur. Bakı-Abşeron abidələrində Aşur İbrahim oğlu, Əbd əlMəcid Məsud oğlu, 
Zeynəddin Əbu Rəşid oğlu, Şəmsəddin Şeyx Hacı Məhəmməd oğlu, Əli, Hacı Məhərrəm, Əmirşah, Hacı Bani, 
Nadir Əli, Bürhan, Şahkar Şahbəndə oğlu, Bəxşəli Mirzə Məhəmməd oğlu, Murad Əli və başqalarının adları 
çəkilir. 
Şəki-Zaqatala  bölgəsindəki  kitabələrdə  XIII-XV  əsrlərin  əvəllərinə  kimi  işləmiş  inşaatçı  usta,  xəttat, 
həkkaklar  İdris, Şeyx Sultan, Yusif Zəhir oğlu, Mahmud, İzzəddin, Şəmsəddin, Məhəmməd Əli Ağa, Məhərrəm 
Baba, Molla Şaxmərz Molla Səfiulla oğlu, Məhəmməd Əlinin adları qeyd olunmuşdur. Həmin bölgədə XVIII-
XX əsrin əvvələrində işləmiş 110 memar, inşaatçı usta, xəttat, həkkakın adları qeydə alınmışdır. 
XII-XIV əsrlərdə Naxçıvanda fəaliyyət göstərmiş memar, inşaatçı usta, xəttat, həkkak və nəqqaşlardan 
Əcəmi  Əbubəkr  oğlu,  Cəmaləddin,  Məhəmməd  bəy  Hacı  oğlu,  usta  Nəcməddin  Hacı  Pənah  oğlu  ,  Vəli  və 
başqalarının adları abidələrdə həkk olunmuşdur. 
Quba,  Qusar,  Xaçmaz,  Cənubi  Dağıstan,  Dərbənddə  fəaliyyət  göstərmiş  memar,  inşaatçı  usta,  xəttat, 
həkkaklardan Mahmud Gilani, Saleh Əli oğlu, Qasım, Məhəmməd, Mənsur, Seyid Fariz, Mamay əl-Zaxuri, İsa 
Məhətə  oğlu,  Vaxuh  Kəriməddin,  bakılı  Qarçiqay  və  Gökçə,  Əli,  Fərrux  Şamaxılı  (XII-XV  əsrlər),  nügədili 
Qoçi  bəyin  oğlu  Cəfər,  Dərbəndli  Mahmud,  Ağacan,  Hüseynqulu,  Loğman  Zeyd  Əbubəkr  və  naxçıvanlı 
Əhmədin (XVIII əsrin əvvəlləri) adları da kitabələrdə qeyd olunmuşdur. Gəncəli bədii daşyonma ustaları Şeyx 
Zaman və Mirzə Mehdinin adları Gəncədəki Cavad xan türbəsində, İmamzadədə, Goranboy rayonun Rəhimli 
kəndində Mirzə Adıgözəl bəyin türbəsindəki abidələr üzərində yazılmışdır. 
 
Məşədixanım Nemətova 
 

Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin