Əsərlərində təlim-tərbiyə məsələləri. Azərbaycan xalqının görkəmli oğlu Məhəmməd Füzulinin də əsərlərində təlim-tərbiyə məsələləri öz ifadəsini geniş təzahür edir. Füzulinin zəngin və qiymətli əsərləri insanı yoldaşlığı, yaxşılıq və pisliyi, ədalət və ədalətsizliyi, haqq və haqsızlığı dərindən duymağa, hiss etməyə, düşünməyə yönəldir. Onları oxuduqca insan düşüncəsi və hissləri nəcib, yüksək bir istiqamət alır. M.Füzuli bildirir ki, elm, hikmət, şərəf, qüvvət – hamısı insana cəm halında verilmir. Bu keyfiyyətlər insana ardıcıl, sistemli və inadla aşılanmalıdır, yəni insan tərbiyə olunmalıdır. O, tərbiyənin ecazkar qüvvəsini, onun böyük rolunu xüsusi olaraq göstərir. İnsanın tərbiyəsində təlim, elm böyük rol oynayır. Tərbiyə düzgün verildikdə insanı kamil edir, onu həqiqi insan mövqeyinə qaldırır. Buna görə də insana təhsil vermək, onun əqlini inkişaf etdirmək lazımdır. Tərbiyəçi insan qəlbini dərindən hiss etməli, onun qəlbinin gizli sirlərini duymalı, bütün elmlərdən və sənətlərdən xəbərdar olmalıdır ki, onun dükanına gələn müştərilər orada hər şey tapsınlar, yəni onun təlim-tərbiyəsinə möhtac olanlar, ona müəyyən suallarla müraciət edənlər ondan razı qalsınlar.
Füzuli yaradıcılığında tərbiyə məsələləri mühüm yer tutur. Humanizm, vətənpərvərlik, xəlqilik, nikbinlik, əməyə və əmək adamlarına dərin məhəbbət, Füzuli yaradıcılığının, eləcə də onun tərbiyə haqqında fikirlərinin metodoloji əsasını təşkil edir. Onun tərbiyənin məqsədi haqqındakı fikirlərini belə xülasə etmək olar: tərbiyənin məqsədi elmli, pak, əxlaqlı, zəngin mənəvi həyata malik, insan həyatını dərin hiss edən, şəxsi mənafeyini xalqın mənafeyi ilə, sözünü, fikrini işlə bağlamağı bacarmaq, sözündə, əhdində vəfalı, sədaqətli və səmimi bir insan yetişdirməkdir. Füzuli bununla da, insan da insana düzgün münasibət göstərərsə, onu lütf ilə, nəvaziş ilə tərbiyə etsə, ondan yüksək mənada insan olacağını göstərir.
Füzuliyə görə yalnız gözəl insani rəftar nəticəsində insanı tərbiyə etmək mümkündür. Tərbiyəni mümkün qədər aşağı yaşlardan başlamalı, ağıl və zəka sahiblərinin söhbətlərindən elm və mərifətin bu yaşlarda kəsb edilməsinə çalışmaq lazımdır. Tərbiyə vaxtında, düzgün verilməsə insan ağlının ayinəsini pas basar və həmin şəxs sərt daşa, zərərli tikana çevrilər, hamı təlim-tərbiyə görməlidir. Yalnız gözəl əxlaqlı adamlar hörmətə, qayğıya, tərifə layiqdirlər. Cəmiyyətin faydalı üzvü olmaq üçün insanın üzərində zəhmət çəkməli, çətinlikdən qorxmamalı, arzu olunan məqsədə çatmaq üçün məhrumiyyətə dözməlidir.
O, uşaqların tərbiyəsi ilə təcrübəli şəxslərin məşğul olmasını göstərir və tərbiyəçilərdən yüksək təcrübə tələb olunduğunu bildirir. Füzuli tərbiyədə mühitin, şəraitin böyük təsir göstərdiyini qeyd etmişdir. Əxlaq tərbiyəsi ilə əlaqədar olaraq insan davranışı haqqında qiymətli fikirlər söyləmişdir. Övlad gözəl nemətdir, lakin onun həqiqi gözəlliyi öz ifadəsini onun gözəl əxlaqında tapmalıdır.
Füzuli insan əxlaqında olan riyakarlıq, paxıllıq, fitnəkarlıq, fəsad, yalançılıq, xudpəsəndlik, hərislik, tamahkarlıq, şöhrətpərəstlik və s. bu kimi nöqsanları tənqid edir. O, insanda humanizm, vətənə və xalqa sevgi, doğruçuluq, mərdlik, vəfa, sədaqət və s. müsbət əxlaqi keyfiyyətləri tərbiyə etməyi lazım bilir.
Məhəmməd Füzuli yaradıcılığında tərbiyə məsələləri mühüm yer tutur. Onun tərbiyə haqqında fikirlərinin əsasını humanizm, vətənpərvərlik, xəlqilik, nikbinlik, əməyə və əmək adamına dərin məhəbbət təşkil edir. Füzuli tərbiyənin məqsədini pak əxlaqlı, zəngin mənəvi keyfiyyətlərə malik sədaqətli bir insanlar yetişdirməkdə görürdü. Ona görə tərbiyə nə qədər tez, kiçik yaşlarından verilərsə, onun faydası daha yaxşı olur. Füzuli yazırdı ki, tərbiyə vaxtında verilməzsə, insan əqlinin aynasını pas basar və o şəxs sərt daşa, zərərli tikana çevrilər. Əgər insan tərbiyə olmazsa o, nə qədər yüksəlib, əyan olsa belə, ən yüksək mövqe olan insanlığa yüksələ bilməz. Buna görə də tərbiyəyə məxsus olan əsas rola kiçik yaşlarından daha ciddi diqqət vermək lazımdır. O, bunu oğlu Fəzliyə nəsihətində belə izah edir: “Bağda qoca bir bağban gördüm. Bir ağacdan meyvə almaq üçün vaxtını sərf edib çalışırdı”. Bununla o demək istəyirdi ki, insandan meyvə almaq üçün onun üzərində də iş aparılmalı, onun tərbiyəsi ilə məşğul olmaq lazımdır.
M.Füzuliyə görə insanın gələcəkdə cəmiyyətdə mövqeyi ondan ciddi hazırlıq tələb edir. Bu tələbi isə tərbiyə həll etməlidir. Füzuli tərbiyənin ecazkar qüvvəsini, böyük rolunu xüsusi ifadə edir.
Füzuliyə görə insan öz daxili aləminin zənginliyi ilə həmişə yüksəkdə durur, insana bunu nəsib edən isə onun tərbiyəsidir. Yeni nəslin tərbiyəsindən gələcək cəmiyyətin asılılığını duyan Füzuli bu məsələyə “Fəzliyə nəsihət” və “Rindü Zahid” əsərlərində geniş toxunmuşdur.
M.Füzuli tərbiyəsinin ən aktual bir sahəsi olan ailə tərbiyəsini də geniş işıqlandırmış, bu məsələyə bir sıra əsərlərində toxunmuşdur. Füzuli ata və ana olmağı şərəfli bir vəzifə sayır. Övladı isə heç bir ləl-cəvahirata bənzəməyən dünyanın ən böyük neməti sayır və onsuz ad-sanın heç bir qiyməti olmadığını qeyd edir. Füzuliyə görə ata və ananın həyatının mənası övladdır. Övladın isə gələcəkdə təqdirə layiq olması üçün onun valideyn tərəfindən kiçik yaşlarından tərbiyəsi düzgün qurulmalıdır. Bu tərbiyə gələcəkdə öz səmərəsini göstərəcəkdir.
Füzuli irsiyyət, mühit və tərbiyə məsələsinə də toxunmuşdur. O yazır:
Dostları ilə paylaş: |