Mən gövhərəm, özgələr xiridar,
Məndə deyil ixtiyari-bazar.
Dövran ki, məni məzada saldı,
Bilmən kim idi satan, kim aldı.
Olsaydı mənim bir ixtiyarım,
Olmaz idi səndən özgə yarım.
Bu sətirlərdə, eləcə də Leylinin şama, pərvanəyə, aya, səbaya, buluda müraciətlərində şair qüvvətli bədii ümumiləşdirmə ilə qadının mənəvi azadlıq istəyini ifadə edir.
Zəmanəsinin ictimai dərdlərini mahir sənətkar qələmilə göstərən bu poema həm ideya baxımından, həm də bədii gözəlliyi ilə klassik Şərq poeziyasının misilsiz nümunələrindən biri kimi tanınmaqdadır. Son dərəcə maraqlı kompozisiyası, sadə, zəngin dili ilə seçilən bu əsəri şair lirik ricətlər, baş verən əhvalatların ruhuyla səsləşən gözəl təbiət təsvirləri ilə daha da zənginləşdirmiş, hadisələr və qəhrəmanların əhvali-ruhiyyəsinə uyğun ecazkar qəzəl nümunələriylə zinətləndirmişdir. Bədii sözə zərgər dəqiqliyi ilə yanaşmağı bacaran ustad sənətkar doğma dilin zəngin ifadə imkanları və klassik poetikanın qayda-qanunlarından məharətlə bəhrələnmiş, şeirin məna tutumuna təsir edən və zahiri gözəlliyini artıran bədii vasitələri bir-birilə vəhdətdə işlətmişdir. Poemada xalq danışıq ifadələri, xalq məsəlləri, sadə el deyimləri, xalq ədəbiyyatının dərin hikmətini özündə əks etdirən aforizmlər ustalıqla əsas məzmuna bağlanır.
Dostları ilə paylaş: |