"Mənə nə olub görəsən?" o düşündü



Yüklə 215.32 Kb.
səhifə4/4
tarix25.04.2017
ölçüsü215.32 Kb.
1   2   3   4

Otağına keçən kimi qapı tələsik örtüldü, əvvəlcə siyirtmə ilə, sonra isə açarla bağlandı. Gözlənilmədən arxada qopan gurultu Qreqoru elə qorxutdu ki, onun ayaqları titrədi. Bu canfəşanlığı bacı göstərmişdi. O, hazır vəziyyətdə dayanıb, sonra yüngülcə qabağa atılmışdı, - Qreqor onun necə yaxınlaşdığını heç eşitməmişdi – və valideynlərə: “Canımız qurtardı!” deyib, açarı hərlətmişdi.

Qreqor qaranlıqda ətrafa nəzər saldı və öz-özündən soruşdu: “Bəs indi nə olsun?”. Çox çəkmədi gördü ki, artıq tərpənə bilmir. O, buna təəccüb etmədi, əksinə, indiyəqədr belə nazik ayaqlarla hərəkət etməsi ona qeyri-təbii göründü. Qalan işlər artıq vecinə deyildi. Doğrudur, bütün bədənində ağrı hiss edirdi, amma ona elə gəlirdi ki, bu ağrı getdikcə zəifləyir və axırda tamam keçib gedir. O artıq belindəki çürümüş almanın ətrafında əmələ gəlmiş və torla örtülmüş iltihabı demək olar, hiss etmirdi. O, öz ailəsi haqqında hörmətlə, məhəbbətlə düşünürdü. O da hiss edirdi ki, yox olmalıdır, bəlkə də bunu bacısından daha yaxşı başa düşürdü. O, bu təmiz və dinc fikirlərə dalmış vəziyyətdə qüllə saatı gecə üçü vurana qədər qaldı. Pəncərənin o tərəfində bayırda hər yer işıqlanmağa başlayanda o hələ sağ idi. sonra iradəsindən asılı olmayaraq başı tamam aşağı sallandı və son dəfə zəif-zəif köks ötürdü.

Səhər tezdən qulluqçu qadın gələndə - səs-küy salmamağı nə qədər xahiş edirdilərsə, bu yekəpər qadın tələsə-tələsə qapını elə çırpırdı ki, onun gəlişi ilə evdə dinc yuxu pozulurdu – həmişə olduğu kimi Qreqora baş çəkdi, əvvəlcə bir şey hiss etmədi, elə bildi ki, Qreqor özünü incikliyə vuraraq qəsdən hərəkətsiz uzanmışdı: onun məzəli olduğuna arvad şübhə etmirdi. Əlində təsadüfən uzun süpürgə olduğundan o, qapının yanında durub Qreqoru qıdıqlamaq istədi. Lakin bu, gözlənilən nəticəni vermədiyi üçün hirsləndi, Qreqoru yüngülcə itələdi, heç bir müqavimət görmədikdə diqqətini topladı, onu yerindən tərpətdi. Nə baş verdiyini əlüstü başa düşərək gözlərini bərəltdi, fit çaldı, amma ləngimədi, yataq otağının qapısına cumdu, bütün gücü ilə qaranlığa üz tutub bağırdı:

- Baxınız, o ölmüşdür, tamam gəbərmişdir!

İzdivac yatağında uzanmış, Zamzalar, qulluqçunun onların yanına gəlməsindən doğmuş qorxunu güc-bəla dəf etdikdən sonra onun dediyi sözlərin mənasını anladılar. Cənab və xanım Zamza bu mənanı anladıqdan sonra hərə öz tərəfindən cəld ayağa qalxdı, cnab Zamza yorğanı çiyninə aldı, xanım Zamza isə gecə köynəyində durdu, beləcə Qreqorun otağına daxil oldular. Bu vaxt qonaq otağının da qapısı açıldı, - (kirayənişinlər peyda olandan bəri Qreta orada yatırdı), - bacı yatmamış kimi tamam-kamal geynimişdi, elə rənginin qaçması da yatmadığına dəlalət edirdi.

- Ölüb? – deyə xanım Zamza sualedici nəzərlə qulluqçuya baxdı, halbuki özü bunu yoxlaya bilərdi, yaxud yoxlamadan da anlaya bilərdi.

- Elə bunu deyirəm də, - qulluqçu dediklərini isbata yetirmək üçün Qreqorun meyitini süpürgə ilə daha da kənara itələdi. Xanım Zamza elə bir hərəkət etdi ki, guya süpürgəni tutub saxlamaq istəyirdi, amma saxlamadı.

Cənab Zamza dedi:

- Bax, indi biz Allaha şükür edə bilərik.

O, xaç vurdu, qadınların üçü də onun kimi etdilər. Qreta gözlərini meyitdən çəkmədən dedi:

- Görün o, necə də arıqlamışdır. Axı o, çoxdandı bir şey yemirdi, nə yemək gətirirdiksə, heç yaxın durmurdu.

Qreqorun cəsədi, həqiqətən, tamam quruyub yastılaşmışdı, bu yalnız indi, ayaqlarının onu yerdə üzmədiyi, nəzərləri başqa heç nəyi cəlb etmədiyi zaman aydınca görünürdü. Xanım Zamza hüznlü bir təbəssümlə:

- Qreta, - dedi - bir dəqiqəliyə yanımıza gəl!

Qreta meyitdən nəzərini çəkmədən valideynlərinin arxasınca yataq otağına getdi. Qulluqçu qapını bağlayıb pəncərələri taybatay açdı. Obaşdan olsa da, təmiz hava artıq qızmışdı. Martın axırları idi.

Kirayənişinlər otaqlarından çıxdılar, səhər yeməyini görməyib heyrətləndilər: onları unutmuşdular.

Ortancıl, qaşqabağını töküb qulluqçudan soruşdu:

- Yemək hardadır?

Lakin qulluqçu barmağını dodağının üstünə qoyub səsini çıxarmadan, başı ilə tələsik işarə etdi ki, Qreqorun otağına keçsinlər. Onlar içəri daxil oldular, əllərini köhnə pencəklərinin cibinə qoyub büsbütün, tamam işıqlanmış otaqda Qreqorun cənazəsini araya aldılar.

Bu an yataq otağının qapısı açıldı, cənab Zamza livreyada gəldi; bir tərəfdən arvadı, bir tərəfdən də qızı onun qoluna girmişdi. Hər üçünün gözü bir az nəm idi, Qreta ara-sıra üzünü atasının çiyninə söykəyirdi.

- Elə bu dəqiqə mənim evimi tərk edin!- cənab Zamza dilləndi; qadınlar hələ də onun qolundan yapışmışdılar.

- Siz nəyi nəzərdə tutursunuz?- ortancıl kirayənişin bir qədər pərt halda soruşdu və yaltaqcasına gülümsədi. O biri iki nəfər isə arxalarında çarpazladıqları əllərini fasiləsiz ovuşdururdular, sanki xeyirli nəticə verəcək böyük bir mübahisənin axırını gözləyirdilər.

- Mən elə dediyimi nəzərdə tuturam, - deyə cənab Zamzan cavab verib yanındakılarla bərabər kirayənişinə yaxınlaşdı.

Kirayənişin bir neçə saniyə döşəməyə baxa-baxa kirimişcə dayandı, sanki hər şeyi götür-qoy edirdi.

- Nə deyim, onda biz gedirik, - sonra o dillənib cənab Zamzaya elə baxdı ki, guya qəflətən sakitləşmiş bu adamdan getmək məsələsində razılıq almaq istəyirdi.

Cənab Zamza gözlərini bərəldərək bir neçə dəfə başını tərpətdi. Bundan sonra ortancıl kirayənişin, həqiqətən də, dərhal iri addımlarlam dəhlizə yönəldi, hər iki dostu ona qulaq asdılar, əllərini ovuşdurmaqdan vaz keçərək hoppana-hoppana onun dalınca düşdülər, sanki qorxurdular ki, cənab Zamza dəhlizə qabaqca çıxıb onları başçılarından ayırar. Hər üç kirayənişin asqıdan şlyapalarını aldılar, əl ağaclarını götürdülər, bir söz demədən baş əyib evdən çıxdılar. Göründüyü kimi, bir növ tamam əsassız etimadsızlıqla cənab Zamza hər iki qadınla pilləkən meydançasına çıxdı, onlar sürahiyə söykənərək kirayənişinlərin ağır-ağır, amma durmadan pillələri necə düşdüklərinə, hər mərtəbənin döngəsində necə gözdən itdiklərinə və bir az sonra yenə təzədən göründüklərinə baxdılar. Onlar aşağıya nə qədər çox düşürdülərsə, Zamzalar ailəsini bir o qədər az məşğul edirdilər, əvvəlcə onlarla üz-üzə gələn, sonra isə onlardan yuxarı qalxan, başında səbət, yanlarını basa-basa addımlayan qəssab şagirdini görəndə cənab Zamza və arvadlar qapının ağzını tərk edib, üstlərindən ağır yük götürülmüş kimi evə qayıtdılar.

Onlar bu günü istirahətə və gəzməyə həsr etməyi qərara aldılar. Onlar nəinki buna layiq idilər, hətta bu istirahət onlar üçün zəruri idi. buna görə də masa arxasında oturub izahat yazdılar. Cənab Zamza – öz müdiriyyətinə, xanım Zamza – öz iş verəninə, Qreta isə öz şefinə. Onlar yazdıqları zaman qulluqçu getmək istədiyini bildirmək üçün içəri daxil oldu; onun səhər işləri qurtarmışdı. Yazanlar əvvəlcə ona baxmadan başları ilə razılıqlarını bildirdilər, qulluqçu çıxıb getmək əvəzinə yerində durub qaldıqda, ona narazı nəzər saldılar.

- Nə durmusan? – cənab Zamza soruşdu.

Qulluqçu gülümsəyə-gülümsəyə qapıda elə bir görkəmlə dayanmışdı ki, elə bil ailəyə xoş bir xəbər vermək istəyridi, ancaq inadkar sorğu-suallardan sonra. Onun şlyapasındakı dik, cənab Zamzanı daima əsəbləşdirən dəvəquşu lələyi o tərəf bu tərəfə yırğalanırdı.

Qulluqçunun nisbətən az-maz hörmət bəslədiyi xanım Zamza soruşdu:

- Sizə nə lazımdır?

Qulluqçu xeyirxah gülüşdən boğula-boğula cavab verdi:

- Hə, onu necə yığışdırmaq barədə narahat olmayın. Hər şey öz qaydasındadır.

Xanım Zamza və qreta başlarını məktublarına doğru əydilər, sanki dalısını yazmaq niyyətində idilər; qulluqçunun hər şeyi müfəssəl danışmaq istədiyini görən cənab Zamza əlinin hərəkəti ilə qəti etirazını bildirdi. Qulluqçu ona danışmaq imkanı vermədiklərindən xatırladı ki, çox tələsir, açıq narazılıqla: “Salamat qalın!” – deyib döndü, qapını qəzəblə çırparaq getdi.

Cənab Zamza:

- Axşam o qovulacaqdır, - dedi, amma nə arvadından, nə də qızından cavab almadı, çünki qulluqçu onların yenicə əldə etdikləri dincliyi pozmuşdu. Onlar qalxıb pəncərənin qabağına gəldilər, qucaqlaşıb dayandılar. Cənab Zamza stulla bərabər onlara tərəf döndü və bir müddət sükut içində baxıb sonra səsləndi:

- Bura gəlin! Olub-keçənləri yaddan çıxarın! Heç olmasa, bir az da mənim fikrimi çəkin.



Qadınlar dərhal onun yanına tələsdilər, onu oxşayıb əzizlədilər və tez də məktublarını yazıb qurtardılar.

Sonra onlar neçə aydan bəri ilk dəfə üçü də bir yerdə evdən çıxdı, tramvaya minib şəhər kənarına getdilər. Onlardan başqa sərnişini olmayan vaqonu isti günəş şəfəqləri doldurmuşdu, onlar oturacaqlarda rahatca arxaya söykənərək gələcəl planları müzakirə edirdilər; belə baxanda bu planlar pis görünmürdü, çünki hər üçünün qulluğu çox yaxşı idi;indiyə kimi bu barədə bir-birindən hal-əhval tutmamışdılar, başlıcası isə - bu qulluq gələcək üçün çox şey vəd edirdi. Əlbəttə, mənzilin dəyişdirilməsi onların vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərdi; onlar Qreqorun tutduğu indiki mənzildən kiçik, rahat və daha ucuz, ümumiyyətlə, daha münasib mənzil tutmağı qərara aldılar. Bu barədə söhbət edərkən cənab Zamza və xanım Zamza getdikcə coşan qızlarına baxıb ikisi də eyni zamanda düşündülər ki, rəngini saraldan bütün dərd-qüssəyə baxmayaraq, qız bu son zamanlar qəşəngləşmiş, xalis gözələ çevrilmişdir. Onlar qeyri-iradi olaraq baxışdılar, qıza yaxşı ər tapmağın vaxtı çatdığı barədə düşündülər. Qız onların yeni arzularını və gözəl niyyətlərini təsdiq edirmiş kimi, səyahətlərinin axırına çatanda birinci olaraq ayağa qalxıb cavan qamətini düzəltdi.
1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə