Xocalı - sağalması mümkünsüz yara
O gecə sanki qara rəngə boyanmışdı dünya. Elə bil bir günahsız körpənin köksünə vurulan
yaradan qan sıçrayıb kor etmişdi gözlərini, ərşə qalxan nalə səslərindən qulaqları tutulmuşdu.
Gecənin zülmət baxışlarından utanaraq sanki ulduzlar da, ay da gizlənmişdi. Təkcə Xocalı oyaq
idi o gecə. Özü səhərədək oyaq olsa da, bəxti yatan Xocalı.
O gecə bir şəhərin adını tarixdən silmək üçün hücuma keçmişdi ermənilər. Yaradanın haqq
mizanı əyilmişdi o gecə. Zaman-zaman türk millətinə qarşı nifrətinə "torpaq davası" donu
geydirən namərd qonşularımızın o gün bütün qəzəbi, kin-küdurəti üzə çıxmışdı. Bəşər tarixində
ən amansız müharibələrin də aman verən qanunları olduğu halda o gecə bu ali hisslər vəhşicəsinə
tapdandı. Qundaqdakı körpələrə, qocalara, hamilə qadınlara, silahsız və şikəst adamlara
amansızcasına divan tutuldu. Yüzlərlə insan al qanına qəltan edildi. Ermənilər insanlıq adına
yazılmayan bütün vəhşilikləri köməksiz insanların taleyinə qanlı güllələrlə həkk etdilər. Sanki o
gecə körpə naləsindən, ağbirçək ana yalvarışlarından xoşhallanırdı ermənilər. Biçarə adamlar
gecənin qaranlığında, güllə, mərmi yağışının dəhşətində ayaqyalın, başıaçıq dağlara, meşələrə
qaçırdı. Şəhər alovlanıb yanırdı. Bu qaçaqaç alovunda ana baladan, qardaş bacıdan ayrı düşürdü.
Dəhşət və qorxu içində baş götürüb artıq xarabalığa çevrilən doğma yurdlarından üz döndərib
gedirdi xocalılar. Vətən dedikləri o müqəddəs torpaq isə erməni qəsbkarlarının ayağı altında
tapdanırdı. Yazıq xocalılar əsl faciələrinin qabaqda olduğunu bilmirdilər hələ. Düşmən əlindən
qaçmaqla sağ qalmaq, faciədən uzaqlaşmaq istəyirdilər. Sanki nicat yolunu bunda görürdülər.
O gecə Xocalının salnaməsinə bunlar yazıldı: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə
erməni işğalçıları SSRİ adlı imperiyanın şovinist rəhbərlərinin tabeliyindəki 4-cü ordunun 23-cü
diviziyasının 366-cı alayının köməyi ilə Xocalıya hücuma keçdilər. Şəhər yerlə-yeksan edildi.
Xocalının yüzlərlə sakini güllələndi. Əsir götürülən qız-gəlinlər, azyaşlı uşaqlar, qocalar,
düşmənə qarşı son anadək qəhrəmanlıqla döyüşən oğullar amansız işgəncələrə məruz qaldılar.
Faciədə 840 nəfər şəhid oldu. Onlardan 106 nəfəri qadın, 59 nəfəri 1 yaşından 18 yaşına qədər
olan uşaqlar və yeniyetmələr, 70 nəfəri qocalardır. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki
valideynini, 230 uşaq isə valideynlərindən birini itirdi. 487 nəfər əlil oldu. 1275 nəfər əsir
götürüldü. İtkin düşmüş 150 nəfərin taleyindən isə indiyədək heç bir xəbər yoxdur".
Cavabsız haray...
Bu müdhiş tarixdən - Xocalı soyqırımından 18 il ötür. Əsr qədər uzun, an qədər qısa olan
bu illərin qərib həsrəti ürəkləri göynədir. Zaman qəm karvanını ağır-ağır çəkib gedir, Xocalı
yarası isə köz bağlamır. Tarixin qaranlıqlarından işığa çıxmamış çox sual cavabsız qalır hələ.
Qəlbini Xocalı yarası göynədən insanlar 18 ildir ki, bu suallara cavab axtarırlar: "Yer üzündə
misli görünməmiş bu faciənin qarşısını almaq mümkün idimi? Qırğının qarşısını almaq üçün
dövlət səviyyəsində tədbirlər görülməməsinə səbəb nə idi? Faciənin günahkarları niyə
cəzalandırılmadı?" Axı Xocalı 4 ay idi ki, düşmən həmlələrinə igidliklə dözür, özü öz yaralarını
bağlayırdı. Mühasirə şəraitində yaşayan xocalılılar nə bu torpağı tərk etməyi düşünür, nə də
aramsız hücumlardan qorxub geri çəkilirdilər. Ümidli gözlər isə aylardan bəri yollara dikilmişdi.
Xocalılar Bakıdan kömək umur, imdad diləyirdilər. Ölkə rəhbərliyi isə bu harayı qulaqardına
vurur: "Darıxmayın, kömək gələcək", "Vertolyot göndərmişik" deyə insanları yalançı vədlərlə
aldadırdılar. Xocalılar hər gün aeroporta üz tutur, kömək gözləyir, naümid geri dönürdülər.
Bütün Qarabağ torpaqları kimi Xocalı da başlı-başına buraxılmışdı. Bu şəhəri işğaldan qorumaq,
insanlarını xilas etmək vacib idi. Təkcə ona görə yox ki, Xocalı 2500-3000 il tarixi olan qədim
türk yaşayış məskənidir. Həm də onun üçün ki, şəhər strateji cəhətdən böyük əhəmiyyətə malik
idi. Ağdam, Əsgəran, Xankəndi və Şuşanı birləşdirirdi. Bu vacib amil də ölkə rəhbərliyinin
mürgüsünü dağıtmırdı. Xocalı döyüşən igidlərin ümidinə qalmışdı.
Xocalı aeroportunun komendantı Əlif Hacıyev, "Xocalı" batalyonunun komandiri,
"Mixaylo" təxəllüsü ilə tanınan Tofiq Hüseynov, Bakıdan gələn könüllülər dəstəsinin komandiri
Aqil Quliyev və Hikmət Nəzərli kimi oğullar isə son damla qanlarını da ondan əsirgəməyərək
şəhid oldular. Onların qanına boyanmış torpaqlarımızı ayaqlayıb Xocalıya daxil olan rusların
ardınca gələn erməni cəlladları xocalılılara amansız divan tutdular.
Azərbaycan xalqı faciədən yalnız iki gün sonra xəbər tutdu. Ölkə rəhbəri Ayaz Mütəllibov
soyuqqanlıqla: "Panika yaradıb camaatı çaşdırmayın. Xocalıda cəmi iki adam həlak olub"-deyə
bildirdi. Bir neçə gündən sonra Xocalı faciəsi bütün təfsilatı ilə açıqlananda isə hər kəs özünü
təmiz çıxarmağa çalışdı. Bəzi rəsmi mənbələr cinayəti gizlətməyə çalışmaqla əslində öz xalqına
qarşı daha dəhşətli cinayət etdiklərini fərqinə varmırdılar.
Tanrı da eşitmədi bu fəryadı
O gecə Xocalının və xocalıların fəryadı ölkənin rəhbərinə yetişmədiyi kimi, Tanrıya da
çatmadı. Çünki o gecə Tanrı çox uzaqdaydı. Sanki o, bu vəhşilikləri görməmək üçün çox-çox
uzaqlara çəkilmişdi. Tanrının bu dəhşətlərdən xəbəri yox idi.
Xocalıda vəhşicəsinə divan tutulmuş insanların ağrılı söhbətlərini çox dinləmişəm. O
insanların göyə bülənd olan, indisə gözyaşlarına bükülüb ürəklərinə axan fəryadlarını çox
eşitmişəm. Faciədən sonra valideynsiz qalmış uşaqlarla, doğmalarını itirmiş adamlarla görüşüb
çox dərdləşmişəm. Həmişə də ürək ağrısı ilə təkrar-təkrar əzizlərini tez-tez yuxuda gördüklərini,
onların diri olması, yenə bir gün yanlarına qayıdacaqları haqqında əfsus ki, heç zaman
gerçəkləşməyəcək arzularını çox eşitmişəm. Ən dəhşətlisi budur ki, o insanlara heç bir sözlə
təsəlli vermək mümkün deyil.
...Bakıda Xocalı müsibətinin şahidlərindən Xədicə adlı gözəl-göyçək bir xanım yaşayır. O
gecə təsadüf nəticəsində sağ qalmış, don, şaxta vurduğundan iki ayağı da kəsilmiş Xədicənin
faciəsi insanı sarsıdır: "Məni ermənilərə əsir düşməkdən anamın qızılları xilas etdi. Xocalı
mühasirəyə alınanda hamı yatmışdı. Atəş səslərinə oyanıb ayaqyalın, başıaçıq meşəyə üz tutduq.
Lakin burada da erməni faşistlərindən xilas ola bilmədik. Bizi əvvəllər Şuşada və Bakıda
yaşamış 2 erməni əsir götürdü. Üç gün meşədə qarın üstündə qaldıq. Anamın bir düyünçə qızılını
verib azad olduq, amma anamı xilas edə bilmədik. Onun meyitini meşədə qoyub yola düzəldik.
Aclıq, susuzluq, şaxta, qorxu... 16 yaşlı bacım da öldü. Onu da dəfn etməyə macal tapmadıq. Bir
gün qəbiristanlıqda gecələdik. Ertəsi gün atam da öldü. Mənim ayaqlarımı isə don vurmuşdu.
Min bir əzabla Ağdama çatdıq. Sonra da ayaqlarımı kəsdilər".
İradə Ələsgərova fevralın 25-i gecəsi ermənilərin əlinə düşməmək üçün anası, bacısı və
dörd uşaqla evin zirzəmisində gizlənib. Amma evlərinin lap yaxınlığında erməni dilində danışıq
eşitdikləri üçün qorxudan qaçıb qonşudakı zirzəmiyə doluşublar. Az keçməmiş zirzəmiyə əli
avtomatlı 2 erməni daxil olur. Ermənilər onların bütün pullarını və qızıllarını tutub alırlar. Sonra
onları mağazanın yanına gətiriblər. Mağazanın yanında əsir tutulmuş çoxlu adamla birlikdə
Xankəndinə aparıblar. 4 gün internat məktəbin binasında saxladıqdan sonra onları Əsgəran rayon
milis idarəsinə gətiriblər. Martın 1-də onları ermənilərlə dəyişib Ağdama buraxıblar. İradə məhz
Ağdamda başlarına gətirilən faciələrin, gözü qarşısında qırılan qohumlarının dərdini,
həmyerlilərinin çəkilməz ağrısının böyüklüyünü başa düşdüyündən acı-acı danışır. Öyrənib ki,
qardaşı Murad iki uşağı ilə meşədə donub. Uşaqlardan birinin 4, digərinin 2 yaşı vardı. Hər
üçünün meyitini gətirib Ağdamda basdırıblar. Eşidib ki, Muradın bütün qızıl dişlərini ermənilər
yarıb çıxarıbmış. Onunçün dəhşətlidir ki, bacısı ərindən - Çingiz Hüseynovdan hələ də bir xəbər
yoxdur. Bəziləri onun girovda qaldığını söyləyirlər.
Bax, budur erməni vəhşiliyi... Xədicələrin kəsilən ayaqlarıdır, heç zaman dayanmayan göz
yaşlarıdır, qaysaq bağlamayan yaralarıdır. İradələrin əzizləri ilə bağlı gerçəkləşməyəcək
ümidləridir, daim ağrıyla, nigarançılıqla çırpınan qəlbləridir.
Bu gün şahid xocalılar sağ qalıb yaşasalar da, "bu, ömür, dolanışıq deyil, cəhənnəm
əzabıdır" deyirlər. Xocalılar o dəhşətli günlərdən nifrətlə söz açırlar. Çoxu da qeyzlənərək o
faciəli günləri yada salmaq istəmir, söhbətdən qaçır, dərdli-dərdli: "Nə olsun axı, lap danışdım,
nə fayda? Bunlar nəyi dəyişəcək?!" - deyirlər. Onları başa düşmək çətin deyil. Çünki Xocalı
faciəsi bu insanlara ömürlük dərd, fəlakət gətirib, ürəklərində sağalmaz yaraya dönüb.
Bu faciəni dünya bildimi?
Türkün tarixində faciələrlə dolu səhifələr çoxdur. Ancaq inanmıram ki, onların hansısa biri
bizi Xocalı soyqırımı qədər yandıra bilər. Çünki bizim hətta məğlubiyyətimizdə də bir igidlik
örnəyi olub.
Bu faciənin iştirakçısı olub-olmamağımızdan asılı olmayaraq hamımızın ürəyində Xocalı
yarası var. Bu, təkcə torpaq, yurddaş itkisi deyil. Xocalı soyqırımı hər birimizin alınmamış
qisasımızdır. Xocalı Xatın, Moabit, Buhenvald, Sonqmi faciəsi kimi dəhşətlidir. Ancaq onlar öz
faciələrini dünyaya çatdıra bildilər. Bizim faciəmizdən isə dünya hələ indi xəbər tutur. İndi-indi
bir çox ölkədə Xocalı soyqırımı faciəmiz kimi anılır. Faciədən isə 18 il ötür...
Məhərrəmova Təranə
Kaspi. -2010. – 12 yanvar. – S.11.