III
Qreqora bir aydan artıq əzab verən yara (heç kəs almanı çıxarmağa ürək eləmirdi, o elə beləcə onun bədənində əyani bir nişanə kimi qalmışdı) deyəsən, ataya da xatırlatdı ki, indiki acınacaqlı və iyrənc görkəminə baxmayaraq, Qreqor bu ailənin üzvüdür, onunla düşmən kimi rəftar etmək olmaz, ailə borcu naminə ikrah hissini boğmaq və dözmək lazımdır.
Qreqor yaranın ucbatından əvvəlki çevikliyini həmişəlik itirmişdi, indi otağı bu başdan o başa getmək üçün bir neçə dəqiqə tələb olunur, - yuxarıya dırmaşmaq haqqında heç söz ola bilməzdi – amma vəziyyətinin pisləşməsi müqabilində, o, öz fikrincə, mükafatlandırılmışdı: axşamüstü qonaq otağının qapısı həmişə açıq qalırdı, o, qapının açılmasına iki saat qalandan başlayıb gözləyirdi, öz otağının qonaq otağından görünməyən qaranlıq bir küncündə uzanıb, işıqlı stolun arxasında oturan valideynlərini görə bilir, necə deyərlər, əvvəlki vaxtlardan fərqli olaraq, ümumi razılıq əsasında onlarına söhbətinə qulaq asırdı.
Doğrudur, bu, Qreqorun keçmiş zamanlarda, mehmanxanaların balaca otaqlarında, yorğun halda nəm yatağa uzanarkən xatırladığı şirin, qızğın söhbətlərdən deyildi. Çox vaxt sakitlik olurdu. Ata şamdan bir az sonra öz kreslosunda yuxuya gedirdi; ana və bacı bu sükutu pozmamağa çalışırdılar; ana ikiqat olub işığa doğru əyilərək, hazır geyim mağazası üçün alt paltarı tikirdi; mağazaya satıcı vəzifəsinə daxil olmuş bacı, axşamlar stenoqrafiya və fransız dili ilə məşğul olurdu, nə vaxtsa yaxşı bir yer tapmaq xəyalında idi. bəzən ata oyanır, yatdığını bilmirmiş kimi anaya deyirdi: “sən yenə gecə keçənə qədər tikirsən”, bundan sonra dərhal yuxuya gedir, ana və bacı isə bir-birinə baxaraq yorğun-yorğun gülümsəyirdilər.
Ata evdə də ayaqçı formasını çıxarmamaq üçün inad göstərirdi, xalat asıqdan istifadəsiz asılıb qalsa da, o, iş paltarında oturub mürgüləyirdi, elə bil həmişə qulluğa hazır idi və burada da öz rəsinin çağırışını gözləyirdi buna görə əvvəldən də təzə olmayan forma, ananın və bacının səyinə baxmayaraq, şux görkəmini tamam itirmişdi. Başdan-ayağa ləkələrlə örtülü olsa da, düymələri həmişə par-par parıldayan bu paltara Qreqor bəzən bütün axşamı baxırdı. Qoca bu paltarda narahat da olsa, sakit yatırdı.
Saat onu vuranda, ana yavaşca atanı yuxudan oyatmağa və yataqda uzanması üçün dilə tutmağa çalışırdı, çünki ata səhər saat altıda işə gedirdi, onun rahat yuxuya ehtiyacı vardı, bu yuxu isə kresloda mümkün deyildi. Ayaqçı olan vaxtda bəri tutulmuş olduğu höcətlik xəstəliyi nəticəsində o, heç vaxt stolun arxasından qalxmır, onu yalnız çətinliklə yola gətirib yatağına aparandan sonra təzədən yuxuya gedirdi. Ana və bacı onu nə qədər dilə tutsalar da, nə qədər çənə döysələr də, o ən azı on beş dəqiqə gözlərini açmadan və ayağa qaxlmadan ağır-ağır başını bulayırdı. Ana onun qolundan dartır, qulağına şirin-şirin sözlər deyir, bacı da anaya kömək etmək üçün işindən ayrılırdı, lakin bunlar ataya təsir etmirdi. O, kresloda yerini daha da rahatlayırdı. Qadınlar onun qoltuğuna girəndən sonra o, gözlərini açır, növbə ilə gah bacıya, gah da anaya baxıb deyirdi: “Budur mənim həyatım. Budur mənim qoca vaxtımda rahatlığım”; o, öz bədənini apara bilmirmiş kimi, hər iki qadına söykənərək ağır-ağır qalxır, qapıya qədər bu cür gedir, qapıya çatanda geri qayıtmaları üçün başı ilə işarə edir, özü təkbaşına getməyə üz qoyurdu, amma yenə də ana tikişini, bacı qələmini tələsik kənara atırdılar ki, atanın dadına yetib, onun yatağa uzanmasına kömək etsinlər.
Bu yorulmuş, işləməkdən əldən düşmüş ailədə kimin macalı vardı ki, Qreqorun qayğısına gərək olduğundan artıq vaxt ayıra bilsin? Xərcləri getdikcə azaltmalı olurdular, axırda qulluqçunu da çıxartdılar, indi bu evə ən ağır işləri görmək üçün axşam və səhər saçları yellənən yekəpər bir arvad gəlirdi, qalan işləri əlində xeylaq tikişi olan ana görürdü; hətta onlar qiymətli daş-qaşı da satmağa məcbur oldular. Bu daş-qaşları əvvəllər ana və bacı şənliklərdə böyük həvəslə taxardılar. Qreqor bunu axşamlar şeylərin neçəyə satıldığından söhbət edən zaman bilirdi. Hər şeydən artıq həmişə ona təəssüf edirdilər ki, indiki vəziyyətləri üçün çox böyük olan mənzili qoyub getmək olmaz, çünki Qreqoru necə aparmaq məsələsi aydın deyildi, lakin Qreqor başa düşürdü ki, onların ayrı mənzilə köçmələrinə təkcə o mane olmur, onu hava üçün deşik qoyulmuş bir yeşikdə asanlıqla aparmaq olardı; ailənin mənzili dəyişməməsinə başlıca bir səbəb var idi: bu, tam ümidsizlik, tanışların və qohumların heç birinin başına gəlməyən belə bir bədbxətliyin üz verməsi idi. Ailə dünyanın yoxsul adamlardan tələb etdiyi hər şeyi edirdi: ata xırda bank xidmətçilərinə səhər yeməyi daşıyırdı, ana yad adamlara alt paltarı tikməklə özünü üzürdü, bacı piştaxta dalında alıcıların çaldığı havaya oynayırdı, bundan artıq isə onların heç nəyə gücü çatmırdı. Ana və bacının atanı yatırdıb qonaq otağına qayıtdıqları, işə başlamadan yan-yana oturub üz-üzə söyləndikləri vaxt, Qreqorun dərdi təzələnir, ağrısı daha da artırdı. Ana Qreqorun otağını göstərib deyirdi: “O qapını ört, Qreta”. Qreqor yenə qaranlıqda qalırdı, qadınlar isə o biri otaqda göz yaşı tökür, yaxud gözlərini bir nöqtəyə zilləyib otururdular.
Qreqor gecə və gündüzləri, demək olar, tamam yuxusuz keçirirdi, bəzən düşünürdü: bax, indicə qapı açılacaq və o yenidən lap əvvəllərdə olduğu kimi, ailənin işini öz əlinə alacaqdır. Uzun fasilədən sonra onun xəyalında yenə sahibkar və müdir, kommivoyajör və şagird-uşaqlar, gic dalandar və başqa firmadan olan iki-üç dostu, bir əyalət mehmanxanasının qulluqçusu – şirin, ötəri xatirələr, ciddi, fəqət uzun müddət dalına düşdüyü şlyapa mağazasının kassiri canlanırdı – onlar hamısı bir-birinin ardınca kənar, yaxud unudulmuş adamlar kimi görünürdülər, amma ona və ailəsinə kömək etmək əvəzinə, hamısı bir nəfər kimi çox təkəbbürlü, çox soyuq görünürdülər, onlar yaddaşından çəkilib gedən zaman Qreqor sevinirdi. Sonra isə o yenə də ailə qayğısı çəkmək həvəsini itirirdi, ona pis baxdıqlarını fikirləşib həyəcanlanır, nə yemək istədiyini təsəvvür edə bilməsə də, xəyalından anbara girmək, ac olmasa da, payına düşən hər şeyi götürmək barədə fikirləşirdi. Artıq qreqora nə iləsə xüsusi sevinc bəxş etməyin qeydinə qalmayan baxı, səhər və gündüz mağazaya qaçmazdan əvvəl yeməyi ayağı ilə onun otağına itələyir, axşam isə Qreqorun ona toxunub-toxunmamasına fikir vermədən, - çox vaxt toxunmurdu – bir dəfə süpürgə çəkməklə yeməyi otaqdan çıxarırdı. İndi bacı otağın yır-yığış işi ilə axşamlar məşğul olurdu, bu iş çox tələm-tələsik edilirdi. Divarlardan çirkli zolaqlar uzanıb gedirdi, hər tərəfdə yığın-yığın zibil, toz vardı. İlk vaxtlar bacı içəri girəndə Qreqor özünü lap zibilli olan bir küncə verir, bununla da bacını natəmizlik üçün bir növ məzəmmət edirdi. Lakin orada həftələrlə dayansaydı da fərqi yox idi, bacı düzələn deyildi, çünki natəmizliyi heç də ondan pis görmürdü, sadəcə olaraq, qərara almışdı ki, eləcə də qalsın. Bununla belə, bacı qabaqlar ona xas olmayan, indi isə ümumiyyətlə, bütün ailəyə hakim kəsilən incikliklə ona fikir verirdi ki, Qreqorun otağının yığışdırılması yalnız onun işi olsun. Bir dəfə ana Qreqorun otağında yır-yığışa başladı, bunun üçün bir neçə vedrə su sərf etdi – suyun bu qədər çox işlədilməsi Qreqorun xoşuna gəlmədi, o inciyərək, hərəkətsiz halda divanın üstə sərələndi – ana isə buna görə öz cəzasını aldı. Axşam qreqorun otağındakı dəyişikliyi görən kimi bacı özünü ürəyinin dərinliyinə qədər təhqir olunmuş sayaraq qonaq otağına qaçdı, ananın yalvarışlarına məhəl qoymadan hönkürdü, buna valideynləri - əlbəttə, atası vahimə içində kreslosundan qalxdı, - əvvəlcə yazıq-yazıq və heyrətlə baxdılar; sonra onlar da təlaşa düşdülər: sağ tərəfdən ata məzəmmətə başladı ki, nəyə görə ana bu yır-yığışı bacının öhdəsinə buraxmamışdır; bacı isə əksinə, sol tərəfdən çığırırdı ki, onlar Qreqorun otağını yığışdırmağı daha heç vaxt ona tapşırmayacaqlar; bu arada ana atanı yataq otağına çəkmək istədi, ata isə həyəcandan özünü qətiyyən ələ ala bilmirdi, hıçqırıqdan titrəyən bacı, balaca yumruğu ilə stolu döyəcləyirdi; Qreqor isə hirsindən bərk-bərk fısıldayırdı, çünki qapını bağlamaq və onun canını bu söhbətdən, bu səs-küydən qurtarmaq heç kəsin ağlına gəlməmişdi.
Lakin bacının işdən yorulub, əldən düşdükdən sonra Qreqora əvvəlki kimi qayğı göstərə bilmədiyi vaxtda da anasının onu əvəz etməsi lazım gəlmədi, bununla belə Qreqor yenə baxımsız qalmadı. İndi qulluqçunun növbəsi çatmışdı. Həyat boyu qüvvətli çiyinlərində nəinki çoxlu dərd-kədər yükü daşımış bu qoca dul qadın, səlində, Qreqordan iyrənmirdi, ona nifrət bəsləmirdi. Bir dəfə heç bir maraq olmadan təsadüfən onun otağının qapısını açdı, heç kəs onu qovmasa da, qapının gözlənilmədən açılması ilə döşəmə boyu qaçan Qreqoru görərkən əllərini qarnına qoyub təəccüblə dayandı. Həmin gündən o, həmişə səhər və axşam buradan keçərkən qapının bir tayını açır, Qreqora nəzər salırdı. Əvvəllər o, Qreqoru hətta yanına çağırırdı, məsələn, “bura gəl, ay peyin qurdu!”, yaxud “bizim böcəkcik harda qalıb?”. Qreqor cavab vermirdi, yerindən tərpənmirdi, sanki qapı heç açılmamışdı. Ağlına gələn vaxt onu nahaqdan narahat etməyə yol vermək əvəzinə, bu qulluqçuya hər gün onun otağını yığışdırmaq, sahmana salmaq əmri verilsəydi, daha yaxşı olardı! Bir dəfə səhər tezdən – şiddətli yağış pəncərə şüşəsini döyəcləyirdi, deyəsən, bu bahar əlaməti idi – qulluqçu öz adəti üzrə çərənləməyə başlayanda Qreqor o qədər qəzəbləndi ki, hücuma hazırlaşmış kimi ağır-ağır, lakin qətiyyətsizliklə qulluqçuya tərəf döndü. Qulluqçu isə qorxmaq əvəzinə qapının ağzındakı stulu yuxarı qaldırıb ağzını geniş açdı. Aydın idi: əlində olan stulu Qreoqorun kürəyinə ednirmədən ağzını örtmək fikrində deyildi. Qreqor üzünü döndərəndə qulluqçu soruşdu:
- Deməli, bununla qurtarırıq? – və stulu əvvəlki yerinə qoydu.
Qreqor indi demək olar ki, heç nə yemirdi. Ancaq ona hazırlanmış yeməyin yanından keçəndə əyləncə üçün bir tikə ağzına alır, onu bir neçə saat ağzında saxlayır, çox vaaxt isə tüpürüb atırdı. O, əvvəlcə düşünürdü ki, onun iştahasını korlayan otağın görkəmidir, bununla belə otaqdakı dəyişikliyə çox tez alışdı. Artıq əşyaları bu otağa yığmaq indi adət halını almışdı, belə şeylər isə indi çox idi, çünki otaqların birini üç kirayənişinə vermişdilər. Bu zabitəli, tələbkar adamlar – Qreqor hər üçünün qalın saqqalını qapı arasından görmüşfü, - pedantcasına qayda-qanun yaratmaq istəyirdilər. İndi ki, bu evə köçmüşdülər, bu qaydanı təkcə öz otaqlarında deyil, həm də bütün mənzildə, xüsusən mətbəxdə yaratmaq istəyirdilər. Cır-cındırı, o ki, qaldı çirkli-paslı ola, görməyə gözləri yox idi. bundan başqa, istifadə etdikləri mebellərin də çox hissəsini özləri ilə gətirmişdilər. Bu səbəbdən evdə gərəksiz şeylərin sayı daha da artmışdı, pnları heç kim almazdı, tullamağa da heyifləri gəlirdi. Bunların hamısını gətirib Qreqorun otağına doldururdular. Eləcə də gül yeşiyi və mətbəxdəki zibil yeşiyi. Həmişə tələsən qulluqçu da müvəqqəti lazım olmayan şeyləri Qreqorun otağına tullayırdı: xoşbəxtlikdən Qreqor ancaq tullanan şeyləri və onları tullayan əlləri görürdü. Ola bilsin ki, fürsət düşəndə qulluqçu bu şeyləri yerbəyer edəcək, yaxud hamısını birdən tullayacaqdı, amma şeylər hələlik atıldıqları yerdə də qalmışdı. Hərdən Qreqor bu köhnə şey-şüylərin arası ilə keçərkən onları bir az yerindən tərpədirdi, əvvəllər o bunu qeyri-ixtiyari eləyirdi, çünki sürünməyə yer yox idi, sonralar isə hədsiz maraqla , həvəslə şeyləri ora-bura çəkirdi. Belə gəzintilərdən sonra o, saatlarla hərəkət edə bilmirdi, çünki bərk yorulur, dərd-qüssə isə onu boğurdu.
Kirayənişinlər hərdənbir evdə, ümumi qonaq otağında şam etdiklərindən qonaq otağının qapısı bəzi axşamlar bağlı olurdu. Qreqor bundan narazı qalmırdı, çünki axşamlar qapı açıq qaldıqda belə o, bundan istifadə etmirdi, otağın ən qaranlıq bir küncündə, ailənin görmədiyi bir yerdə yatıb qalırdı. Bir dəfə qulluqçu qonaq otağının qapısını aralı qoydu, bu qapı axşam kirayənişinlərin gəldiyi , işığın yandırıldığı vaxt da aralı qaldı. Onlar stolun başında, əvvəllər ata, ana və Qreqorun oturduğu yerdə oturdular, salfetləri açıb, bıçaq və çəngəlləri götürdülər. Dərhal, əlində ət dolu bir qab olan ana, onun ardınca da kartof dolu qabla bacı göründü. Xörəklərdən güclü buğ qalxırdı. Kirayənişinlər qabaqlarına qoyulmuş qablara doğru əyildilər, sanki yeməyə başlamazdan əvvəl onları yoxlamaq istəyirdilər; görünür, o biri iki nəfərin xüsusi hörmətini qazanmış ortada oturan adam, elə qabın içindəcə bir tikə ət kəsdi ki, görsün ət kifayət qədər yumşaqdırmı, yoxsa onu geri yollamaq lazımdır. O razı qaldı, onun hərəkətlərini gərginliklə izləyən ana və bacı arxayınlaşıb gülümsədilər.
Ev sahibləri xörəklərini mətbəxdə yeyirdilər. Ata mətbəxə getməzdən əvvəl qonaq otağına gəldi, hamıya baş əyib, furajkası əlində stolun yanından keçdi. Kirayənişinlər nəzakətlə qalxdılar və dodaqlarının altında nə isə mızıldadılar. Özləri tək qaldıqdan sonra tam sükut içində yeməyə başladılar. Qreqor içəridən müxtəlif səslər, xüsusən bir-birinə toxunan dişlərin şıqqıltısını eşidirdi. Bu, ona qəribə gəlirdi. Elə bil Qreqora sübut edilirdi ki, yemək üçün yalnız diş lazımdır, əgər diş yoxdursa, demək, ən gözəl çənələr də heç nəyə yaramaz. Qreqor iztirab içində öz-özünə dedi: “Az mən də bir şey yeyərdim, ancaq onların yediyindən yox. Bu adamlar nə çox yeyirlər, mən isə məhv oluram!”
Məhz həmin axşam mətbəxdən skripka səsi gəldi – Qreqor bu vaxt ərzində bir dəfə də olsa bacının çaldığını eşitməmişdi. O keçən günləri xatırladı. Kirayənişinlər şam edib qurtarmışdılar, ortadakı qəzet çıxardıb hərəsinə bir səhifə vermişdi, indi onlar arxaya söykənib oxuyurdular. Skripka səslənməyə başlayanda qulaq verdilər, ayağa qalxdılar; barmaqları ucunda dəhlizin qapısına yaxınlaşıb dayandılar. Görünür, onların gəlişini mətbəxdə eşitmişdilər. Ata səsləndi:
- Bəlkə, cənablara musiqi xoş gəlmir? Onu bu dəqiqə kəsmək olar.
Ortancıl dedi:
- Əksinə, yaxşı olmazmı xanım gəlib bizim yanımızda çalsın, bu otaq daha münasib deyilmi?
- Baş üstə! – ata dedi, sanki skripka çalan o idi.
Kirayənişinlər qonaq otağına qayıdıb gözləməyə başladılar. Bir az sonra ata püpitrlə, ana notla, qız skripka ilə gəldi. Bacı çalmaq üçün sakitcə hazırlaşmağa başladı, heç vaxt otaqlarını kirayə verməyən və buna görə kirayənişinlərlə hədsiz nəzakətlə davranan ev sahibləri öz xüsusi stullarında oturmağa cəsarət etmədilər; ata sağ əlini düymələnmiş livreyasının iki düyməsi arasından içəri soxaraq qapıya söykəndi, ana isə kirayənişinlərdən birinin təklif etdiyi stulu elə onun təsadüfənqoyduğu yerdə buraxıb kənarda, küncdə oturdu.
Bacı çalmağa başladı. Ata və ana hərəsi öz durduğu tərəfdən diqqətlə qızın əllərinin hərəkətinə baxırdılar. Musiqiyə valeh olmuş qreqor ürəklənib həmişəkindən bir az qabağa gəldi, demək olar ki, onun başı artıq qonaq otağında idi. o, son zamanlar başqalarına bir elə həssas münasibət bəsləmədiyinə görə təəccüb etmirdi; əvvəllər bu həssaslıq onun fəxri idi. halbuki məhz indi onun gizlənmək üçün həmişə olduğundan daha çox əsası var idi, çünki otağının hər tərəfində yığılıb qalan və azacıq tərpənən kimi qalxan tozun əlindən qurtulmaq mümkün deyildi, o büsbütün tozun içində idi; kürəyindən və böyürlərindən saplar, tüklər, yemək qalıqları sallanırdı; o, hər şeyə qarşı çox laqeyd olmuşdu, əvvəllər olduğu kimi gündə bir neçə dəfə arxası üstə uzanmaq və kürəyini xalçaya sürtüb təmizləmək heç ağlına da gəlmirdi. Lakin özünün iyrənc görkəminə baxmayaraq, qonaq otağının ayna kimi parıldayan döşəməsi üstündə sürünməkdən çəkinmədi.
Burası da var ki, heç kəs ona əhəmiyyət vermirdi. Valideynlərin fikri-zikri çalğıda idi. Əllərini şalvar cibinə qoyub bacının püpitri yanında duran, oradan nota nəzər salan, bununla da, şübhəsiz, bacıya mane olan kirayənişinlər isə çox çəkmədən astadan danışa-danışa və başlarını aşağı salaraq pəncərəyə doğru çəkildilər, indi ata da fikirli-fikirli gözünü oraya zilləmişdi. Bu açıq-aydın ona bənzəyirdi ki, onlar yaxşı, maraqlı musiqi dinləmək gümanında yanılmışdılar, bu səhnə onları bezikdirmişdi, yalnız nəzakət xatirinə səbirlərini basıb durmuşdular, burunlarından, ağızlarından buraxdıqları siqar tüstüsü də onların bərk əsəbiləşdiklərini biruzə verirdi. Bacı isə elə yaxşı çalırdı ki! Onun üzü yana əyilmişdi, nəzərləri not işarələrini diqqətlə, hüznlə izləyirdi. Qreqor bir az qabağa süründü, bacı ilə göz-gözə gəlmək üçün başını döşəməyə söykədi. Əgər musiqi onu bu qədər həyəcanlandırırdısa, o, heyvan idimi? Ona elə gəlirdi ki, qarşısında əziz, müəmmalı bir nemətə yol açılır. O, özündə tam qətiyyət hiss edirdi, elə bir qətiyyət ki, bacının yanına qədər sürünsün, onun yubkasından tutub dartsın, ona çatdırsın ki, bacı skripkanı götürüb onun otağına keçsin, zira burada bacının çalmasını heç kəs onun kimi qiymətləndirmir. O, bacını bir daha öz otağından buraxmamaq qərarına gəldi, heç olmasa özü sağ olana qədər; qoy dəhşətli görkəmi axırda bacısına xidmət etsin; kimliyindən asılı olmayaraq onların yanına gələnləri fısıltı ilə qorxudub geri oturtmaq üçün otağın bütün qapılarında eyni zamanda görünmək istəyirdi; bacı onun yanında məcburiyyətlə yox, könüllü – öz xoşu ilə qalmalıdır; qoy bacı divanda onunla yanaşı otursun və qulağını ona tərəf əysin, o zaman Qreqor ona bildirər: səni konservatoriyaya düzəltmək niyyəti qəti idi, bu bədbəxtlik üz verməsəydi, hələ keçən il Milad günü – axı ehtimal ki, Milad günü keçmişdir – heç kəsdən və heç cür etirazlardan çəkinməyərək bunu hamıya xəbər verəcəkdi. Bu sözlərdən sonra mütəəssir olmuş bacı ağlayar, Qreqor isə onun çiyninə qalxar, qulluğa girən gündən nə yaxalıqla, nə də lentlə örtmədiyi boynundan öpərdi.
- Cənab Zamza” – deyə ortancıl kirayənişin atanı səslədi, artıq heç bir söz işlətmədən barmağı ilə ağır-ağır irəli sürünən Qreqoru göstərdi. Skripka susdu, ortancıl kirayənişin dostlarına başı ilə işarə edib əvvəlcə gülümsədi, sonra yenə Qreqora nəzər saldı. Ata görünür, əvvəlcə kirayənişinləri sakitləşdirməyi Qreqoru qovmaqdan daha zəruri hesab etdi, halbuki onlar qətiyyən həyəcanlanmırdılar, görünür, Qreqor onları skripka səsindən daha çox əyləndirirdi. Ata onlara tərəf getdi, geniş açılmış qolları ilə kirayənişinləri öz otaqlarına salmaq, eyni zamanda bədəni ilə Qreqorun qabağını tutmaq istəyirdi. İndi onlar atanın davranışdanmı, Qreqor kimi bir qonşu ilə yaşadıqlarını ağıllarına gətirmədiklərindənmi, həqiqətən, hirslənməyə başlayırdılar. Onlar atadan izahat istəyir, əl-qollarını ölçür, saqqallarını didişdirir və ağır-ağır öz otaqlarına çəkilirdilər. Çalğısını qəflətən kəsdikləri üçün çaşmış bacı, yavaş-yavaş özünə gəldi; o, skripkanı və yayı gücdən düşmüş əlində bir neçə an saxladı, çalmağa davam edirmiş kimi əvvəlki tək nota nəzər saldı, sonra birdən yerindən sıçradı, aləti ananın dizinin üstünə qoyub – ana hələ öz yerində oturmuşdu, dərindən nəfəs alırdı, elə bil boğulurdu, - qonşu otağa qaçdı, atanın təzyiqi altında kirayənişinlər tezliklə yan otağa yaxınlaşdılar. Bacının öyrəncəli əllərində yorğanların, pərqu balış və döşəklərin necə silkələnməyi görünürdü. Kirayənişinlər öz otaqlarına çatana qədər bacı yataqları düzəldib oradan çıxdı. İnad, görünür, atanı elə sarmışdı ki, o adicə nəzakəti unutdu, halbuki istənilən halda kirayənişinlərinə hörmət etməyə borclu idi. Ata onları sıxışdırdı, nəhayət, o dərəcəyə çatıd ki, otağın qapısında ortancıl kirayənişin ayaqlarını bərk-bərk yerə döydü və bununla atanı dayandırdı.
- İcazənizlə deyim ki, - o, əlini qaldırdı və həmçinin gözləri ilə ananı və bacını axtardı, - bu evdə, həm də bu ailədə hökm sürən mənfur qaydalara görə, - burada , qətiyyətlə döşəməyə tüpürdü – mən otaqdan qəti surətdə imtina edirəm. Biləsiniz ki, burada qaldığım günlər üçün bir qəpik də verməyəcəyəm, əksinə, istəyirəm sizə qarşı bir iddia irəli sürüm, özü də əmin ola bilərsiz ki, tam əsaslı bir iddia...
O susdu, diqqətlə qabağa baxdı, sanki nəsə gözləyirdi. Həqiqətən də hər iki dostu dərhal səslərini çıxartdılar.
- Biz də qəti surətdə imtina edirik.
Bundan sonra o, dəstəkdən yapışıb, qapını bərk çırpıb örtdü.
Ata əlini qabağa uzadıb səndələyə-səndələyə kreslosuna tərəf getdi və özünü onun üstünə saldı. İlk baxışda elə düşünmək olardı ki, o həmişə olduğu kimi, mürgüləmək üçün yerini rahatlayır, lakin başının silkələnməsindən bilmək olardı ki, yatmır. Qreqor kirayənişinlərin onu gördüyü yerdə hərəkətsiz uzanmışdı, planının uğursuzluğundan doğan məyusluq, bəlkə də, uzun müddət aclıqdan sonra əmələ gəlmiş zəiflik nəticəsində o, hərəkət qabiliyyətini tamam itirmişdi. Şübhə etmirdi ki, elə indicə hamının hiddəti, qəzəbi onun üstünə yağacaq; o, bunu gözləyirdi. Anasının titrəyən barmaqları arasından çıxan, dizi üstdən sürüşüb yerə düşən və boğuq səs çıxaran skripka da onu hürkütmədi.
Bacı hamının diqqətini cəlb etmək üçün əlini stola çırpdı.
- Mənim əzizlərim, daha belə yaşamaq olmaz. Bəlkə də, siz bunu başa düşmürsüz, amma mən başa düşürəm. Mən bu eybəcərin yanında qardaşımın adını çəkməyəcəyəm, təkcə onu deyəcəyəm: biz yaxamızı onun əlindən qurtarmağa çalışmalıyıq. Biz insan qüvvəsi daxilində olan hər şeyi etdik, onun qulluğunda olduq, məncə, bizi heç nədə məzəmmət etmək olmaz.
- Qız min dəfə haqlıdır, - ata astadan dedi.
Hələ də boğulmaqda olan ana əlini ağzına tutub öskürməyə başladı; onun gözləri dəli gözünə oxşayırdı.
Bacı ananın yanına tələsdi, başını əli ilə tutdu. Deyəsən, bacının sözlərindən sonra daha qəti bir fikrə gəlmiş ata kresloda dikəldi; o, şamdan sonra hələ də yığışdırılmamış boşqabların arasında olan furajkası ilə oynayır, hərdənbir yerində donub qalmış Qreqora baxırdı.
- Biz ondan yaxamızı qurtarmağa çalışmalıyıq, - deyə bacı təkcə ataya müraciət etdi, çünki ana öskürəkdən heç nə eşitmirdi – o, sizin hər ikinizi məhv edəcək görərsiniz. Bizim kimi ağır iş görən adamlar evdə belə işgəncəyə, məşəqqətə tab gətirə bilməzlər. Mən də artıq dözə bilmirəm.
O, hönkürtü ilə ağlamağa başladı, onun göz yaşları ananın yanaqlarına tökülür, qız onları qeyri-iradi silirdi.
- Mənim balam, - ata ürək yanğısı ilə soruşdu, - bəs nə edək?
Bacı əvvəlki qətiyyətinin əksinə olaraq ağladığı zaman ona hakim kəsilmiş çaşqınlıqla çiynini atdı.
Ata yarısual şəklində dedi:
- Əgər o bizi başa düşsəydi...
Bacı ağlamağına davam edərək, əlini yellətdi, bununla demək istəyirdi ki, bu barədə heç düşünməyə dəyməz.
- Əgər o bizi başa düşsəydi – deyə ata təkrar etdi, bunun mümkün olmadığı barədə bacının inamına şərik çıxaraq gözlərini yumdu – onda bəlkə də, onunla danışıb bir qərara gəlmək olardı. İndi isə...
- Qoy rədd olub, getsin! – bacı çığırdı. – bu, yeganə çıxış yoludur, ata. Sən yalnız bunun Qreqor olması fikrindən vaz keçməlisən. Bizim bədbəxtçiliyimiz də elə bundan ibarətdir ki, uzun müddət buna inanmışıq. O, haranın Qreqorudur? Əgər o Qreqor olsaydı, çoxdan başa düşərdi ki, adamlar belə heyvanla bir yerdə yaşaya bilməzlər. Və özü çıxıb gedərdi. O zaman bizim qardaşımız olmazdı, lakin bunun müqabilində biz əvvəlki kimi yaşaya bilər və onun xatirəsini əziz saxlardıq. Bəs gör bu heyvan bizi necə təqib edir, kirayənişinləri qovur, açıq-açığına bütün evi tutmaq, bizi küçəyə atmaq istəyir. Bir bax, ata, - qız qəflətən bağırdı, - o yenə öz işini görür!
Bacı Qreqora qətiyyən aydın olmayan dəhşət içərisində stuldan kənara sıçrayaraq anadan uzaqlaşdı, - sanki Qreqorla yanaşı olmaqdsansa, ananı qurban verməyi daha üstün tuturdu, - onun hərəkətindən təlaşa düşmüş ataya doğru getdi, ata qalxıb onu müdafiə etmək istəyirmiş kimi, qollarını qıza sarı uzatdı.
Lakin Qreqorun heç kəsi qorxutmaq fikri yox idi, o ki qala bacısı ola. O, öz otağına sürünmək üçün sadəcə olaraq dönməyə başlayırdı, bu isə dərhal nəzərə çarpdı, çünki vəziyyəti ağır olduğundan başı ilə özünə kömək etməli və başını fasiləsiz olaraq qaldırıb döşəməyə çırpmalı idi. O dayanıb geri baxdı. Deyəsən, onun xoş niyyətdə olduğu anlaşılmışdı, qorxu keçib getmişdi. İndi hamı ona səssiz-səmirsiz və kədərlə baxırdı. Ana qıçlarını uzadaraq stula yayxanmışdı, yorğun olduğu üçün onun gözləri demək olar ki, örtülü idi; ata ilə bacı yanaşı oturmuşdu, bacı atanın boynunu qucaqlamışdı.
“Yəqin mən daha dönə bilərəm” – deyə Qreqor düşündü və öz işini təzədən başladı.
O, gərginlikdən ləhləyir və tez-tez dincəlməyə məcbur olurdu. Heç kəs onu tələsdirmirdi, hər şey onun öhdəsinə buraxılmışdı. Nəhayət, dönüb qurtardıqdan sonra dərhal qabağa süründü. Otağlna qədər olan məsafəni görüb heyrət etdi, belə zəif ikən bu qədər məsafəni hiss etmədən necə sürünüb gəldiyini anlaya bilmədi. Yalnız sürünüb tezliklə otağına keçmək qeydinə qaldığından o hiss etmədi ki, validenylərin heç bir sözü, heç bir harayı artıq ona mane olmur. Ancaq qapıya çatanda başını döndərdi, o da tamam yox; çünki hiss etdi ki, boynu quruyur, amma yenə də arxa tərəfdə heç nəyin dəyişmədiyini, təkcə bacının ayağa durduğunu gördü. Onun son nəzəri tamam yatmış olan anaya düşdü.
Dostları ilə paylaş: |