4. İqtisadi nəzəriyyənin vəzifələri. Bütün digər elmlər kimi iqtisadi nəzəriyyə də müəyyən vəzifələr yerinə yetirir. Bunlardan ən
mühümlüsü iqtisadi hadisə və prosesləri tədqiq etmək və onların mahiyyətini izah etməkdir.
İqtisadi nəzəriyyənin digər vəzifəsi digər iqtisadi elmlər üçün metodoloji əsas olmaqdan
ibarətdir. Belə ki, iqtisadi nəzəriyyə nəzəri, metodoloji elm olmaqla iqtisadi hadisə və prosesləri
tədqiq edir, onların mahiyyətini aşkar edir. Digər iqtisadi elmlər isə həmin hadisənin öz
sahələrində təzahür xüsusiyyətlərini araşdırırlar. Məsələn, iqtisadi nəzəriyyə ümumi iqtisadi
qanun olan əmək məhsuldarlığının mahiyyətini, artırılması amillərini nəzəri cəhətdən öyrəndiyi
halda sahə iqtisadi elmləri bu qanunun öz sahələrində (sənaye, kənd təsərrüfatı, tikinti və s.)
təzahürlərini öyrənirlər. Məlum məsələdir ki, iqtisadiyyatın müxtəlif sahələrində əmək
məhsuldarlığı amilləri xeyli müxtəlifdir.
İqtisadi nəzəriyyənin mühüm vəzifələrindən biri də cəmiyyət üzvlərində, daha doğrusu onu
öyrənənlərdə iqtisadi təfəkkürü formalaşdırmaqdır. İqtisadi təfəkkür dedikdə cəmiyyət
üzvlərində iqtisadi hadisələr haqqında müəyyən təsəvvürlərin biliklərin olması və
fəaliyyətlərində onlardan istifadə etməsidir. İqtisadi təfəkkür istehsal mədəniyyəti, istehlak
mədəniyyəti, ekoloji mədəniyyət, vergi mədəniyyətini özündə birləşdirir.
İqtisadi nəzəriyyə cəmiyyət üzvlərində iqtisadi təfəkkürün formalaşdırmaqla iqtisadiyyat
qarşısında duran əsas məsələni, vəzifəni daha dolğun yerinə yetirməyə imkan yaradır. Belə ki,
yalnız milyon və on milyonlar iqtisadi biliklərə yiyələndikdə onlar məhsuldar qüvvəyə
çevrilərlər.
5. İqtisadi nəzəriyyə və digər elmlər. İqtisadi nəzəriyyə və iqtisadi siyasət. İqtisadiyyat çox rəngarəng olduğu üçün iqtisadi hadisə və proseslər yalnız iqtisadi
nəzəriyyə tərəfindən deyil digər iqtisadi elmlər tərəfindən də öyrənilir. Digər iqtisadi elmlər
dedikdə sahə (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, elm, səhiyyə); funksional
(maliyyə kredit, marketinq və s.); sahələrarası (iqtisadi coğrafiya, demoqrafiya, statistika və s.)
elmləri nəzərdə tutulur. İqtisadi nəzəriyyə bu müxtəlif sahələri tədqiq edən elmlərin metodoloji
əsasıdır. Bu müxtəlif sahələrdəki iqtisadi hadisə və prosesləri tədqiq edən konkret elmlər iqtisadi
nəzəriyyənin ümumi müddəalarından, göstəricilərindən istifadə edir, konkret iqtisadi elmlər öz
sahələrində praktik fəaliyyət üçün zəruri olan qaydalar sistemini hazırlayır.
İqtisadi nəzəriyyə digər iqtisadi elmlərlə yanaşı iqtisadi siyasətlə də sıx əlaqədardır. İqtisadi
siyasət dedikdə nemətlərin ictimai istehsal bölgüsü, mübadiləsi və istehlakı üzrə dövlətin
məqsədyönlü tədbirlər sistemi nəzərdə tutulur. İqtisadi siyasət ölkədə iqtisadi problemlərin həlli
variantlarının tapılması və onların mexanizmlərinin hərəkətə gətirilməsi ilə məşğul olur. İqtisadi
siyasət iqtisadi nəzəriyyənin ümumiləşdirmələrini nəzərə aldığı dərəcədə də uğurlu olur. İqtisadi
siyasətin uğurlu olması cəmiyyət üzvlərinin iqtisadi təfəkkür səviyyəsindən də xeyli asılıdır.
İqtisadiyyatın əsas vəzifəsinin yerinə yetirilməsi iqtisadi siyasətin uğurlu olmasından asılıdır.