MEZENXİMAL DİSTROFİYALAR, ÜMUMİ TƏSNİFATI
Buna hüceyrədənkənar distrofiyalar, son zamanlar isə stromal-damar distrofiyaları da deyilir. Proses əsas etibarilə mezenximada, yəni, hüceyrəarası maddədə, birləşdirici toxumada, üzv və toxumaların stromasında, damarların divarında gedir. Mezenxima-rüşeym dövründəki birləşdirici toxumaya deyilir. Ondan başlanğıc götürən bütün toxumalara və toxuma elementlərinə də müvafiq olaraq mezenximal toxumalar deyilir.
Mezenximal distrofiyalar hansı maddələrin mübadilə pozğunluğundan asılı olaraq 3 qrupa bölünür:
-
Mezenximal zülal distrofiyaları
-
Mezenximal piy distrofiyaları
-
Mezenximal karbohidrat distrofiyaları.
Mezenximal zülal distrofiyaları
Bunlara bəzən mezenximal disproteinozlar da deyilir. Əsas dəyişikliklər üzv və toxumaların stromasında, yəni onların birləşdirici toxuma elementlərində, damarların divarında və damarətrafı sahələrdə, xüsusilə də hüceyrəarası maddədə gedir. Hüceyrəarası maddə birləşdirici toxumanın hüceyrəvi elementlərindən (fibroblastlar, retikulyar hüceyrələr, labrositlər və s. ) və ara maddədən; ara maddə isə lifli strukturlardan (I-XIII tip kollagen lifləri, elastiki və retikulyar lifləri) və əsas maddədən (qlükozaminqlikanlar, hialuron turşusu, su, fibronektin, laminin və s.) ibarətdir.
Lifli strukturların, yəni ümumilikdə birləşdirici toxumanın mikroskopik müayinəsində aşağıdakı üsullardan, boyaqlardan istifadə olunur:
Kollagen lifləri: 1)Van-Gizon üsulu ilə pikrofuksinlə.
2)Mallori üsulu ilə
Elastiki liflər: 1)Orseinlə boyamaqla.
2)Fukselinlə boyamaqla
3) Veygert üsulu ilə rezorsin-fuksinlə.
Retikulin lifləri: Gümüş duzları ilə impreqnasiya etməklə.
Mezenximal zülal distrofiyalarının aşağıdakı 4 növü ayırd edilir:
-
Mukoid şişmə
-
Fibrinoid şişmə
-
Hialinoz
-
Amiloidoz
Mukoid şişmə, fibrinoid şişmə və hialinoz həm də birləşdirici toxumanın sistem dezorqanizasiyasının bir-birilə ardıcıllıq təşkil edən mərhələləridir. Bu distrofiyalar ən çox hipertoniya xəstəliyi, şəkərli diabet və revmatik xəstəliklər zamanı meydana çıxır və bu xəstəliklərin morfoloji, morfogenetik əsasını təşkil edirlər. Amiloidoz isə sərbəst inkişaf edən prosesdir, əvvəlki 3 distrofiyalarla heç bir üzvi və dinamik əlaqəsi yoxdur.
Mukoid şişmə birləşdirici toxumanın səthi və geridönən dezorqanizasiyasıdır. Proses əsasən birləşdirici toxumada, ara maddədə, damarların divarında və damarətrafı sahələrdə gedir. Əsasən müxtəlif səbəblərdən damar keçiriciliyinin yüksəlməsi və qanın plazmasının damar divarına və ondan da kənara süzülməsi (plazmorragiya) nəticəsində baş verir. Nəticədə lifli sutrukturlar əsas maddə şişir, əsas maddədə zülal mübadiləsi pozulur, çoxlu miqdarda qlükozaminqlikanlar toplanır. Qlükozaminqlikanların, yəni xromotrop maddələrin miqdarının kəskin şəkildə yüksəlməsi hesabına metaxromaziya fenomeni baş verir. Şişmə prosesinə ən çox kollagen lifləri məruz qalır.
Bir sözlə, mukoid (mənası “seliyəbənzər”) şişmə əslində birləşdirici toxumanın və ya damar divarının sistem şəklində ödemidir. Buna bəzən mukoid ödem və ya xromotrop ödem də deyilir.
Fibrinoid şişmə xəstəlik vaxtında müalicə olunmadıqda və plazmorragiya davam etdikdə lifli strukturların, xüsusilə də kollagen liflərin şişməsi, tropokollagen miofibrilləri arasındakı rabitələrin qırılması və kollagen liflərinin parçalanıb dağılaraq destruksiyaya uğraması nəticəsində əmələ gəlir. Fibrinoid şişmə birləşdirici toxumanın dərin və geridönməyən dezorqanizasiyadır. Bu zaman fibrionoid baş verir. Fibrinoid mürəkkəb maddə olub, əsas etibarilə kollagen liflərinin parçalanma məhsullarından, əsas maddə elementlərindən və plazma zülallarından (fibrin, albumin, qlobin və s) və yeni yaranan zülal-polisaxarid komleksindən ibarətdir. Fibrinoid şişmə dərinləşərək sonda fibrinoid nekrozla nəticələnir. Fibrinoid nekroz birləşdirici toxumanın tamamilə destruksiyaya uğraması nəticəsində meydana çıxır, çox vaxt ocaqlar şəklində olur və ətrafında limfo-leykositar elementlərin toplanmasından sonra yumru düqyün yumru düyün şəklində iltihab ocaqlarının-qranulomatoz iltihabın inkişaf etməsi ilə nəticələnir.
Hialinoz –buna hialin distrofiya da deyilir. Birləşdirici toxumada hialin qığırdağına bənzər homogen, yarımşəffaf və kövrək kütlə meydana çıxır. Hialin –mürəkkəb fibrilyar zülali maddədir. Tərkibində fibrin və plazmanın digər zülalları, o cümlədən immunoqlobinlər və lipidlər də olur. Hialiozun hansı toxumada baş verməsindən asılı olaraq 2 növü ayırd edilir:
-
Damar hialinozu (yayılmış və yerli)
-
Xüsusi birləşdirici toxuma hialinozu (yayılmış və yerli)
Hialinoz nəticəsində damarların divarı qalınlaşır, nəticədə bu damarların mənfəzi kəskin daralır və onların qanla təchiz etdikləri toxumalarda qan təchizatı pozulur (işemiya) və həmin üzv və toxumalar tədricən sklerozlaşaraq büzüşürlər.
Amiloidoz zülal mübadiləsinin ağır pozğunluğu ilə müşayiət olunan bir prosesdir və digər bütün distrofiyalardan fərqli olaraq, həm də çox geniş yayılmış sərbəst nozoloji xəstəlikdir. O digər mezenximal zülal distrofiyaları ilə ardıcıllıq təşkil etmir, sərbəst başlayır və sərbəst inkişaf edir. Amiloidoz üzv və toxumaların stromasında, damarların divarında amiloid tərkib hissəsi normada orqanizmdə olmayan anomal fibrilyar zülaldan- F- komponentindən ibarətdir. Amiloid maddəsində F-komponentdən başqa həmçinin az miqdarda P-komponent (plazma komponenti), yəni qlükozaminqlikanlar və xondriotinsulfat, fibrin, immun komponentlər və sairlər də olur. Amiloid maddəsinin 95%-ni F-komponent, yalnız 5%-ni isə qlükoproteid tərkibli P-komponent təşkil edir.
Mezenximal piy distrofiyaları
Mezenximal piy distrofiyaları neytral piylərin və ya xolesterin və onun efirlərinin mübadilə pozğunluğu zamanı meydana çıxır.
Neytral piy mübadiləsi pozğunluğu. Bu patologiya depolarda ehtiyat piyin toplanması ilə xarakterizə olunur. Piylərin miqdarının yüksəlməsi ilə xarakterizə olunur. Piylərin miqdarının yüksəlməsi isə ümumi (piylənmə) və yerli (lipomatoz) olmaqla 2 variantda baş verir.
Piylənmə zamanı neytral piylərin miqdarı həm piy depolarında yüksəlir, həm də normada olmadığı yerlərdə meydana çıxır. Məsələn, miokardın stromasında. Buna ürəyin mezenximal piy distrofiyası deyilir: kardiomiositlərarası sahələrdə piy toxuması meydana çıxır, onların miqdarı çoxalır, kardiomiositləri sıxaraq, onları atrofiyaya uğradır və xroniki ürək çatışmazlığına, bununla da ölümə səbəb ola bilir.
Etiologiyasına görə piylənmə birincili (idiopatik) və ikincili ola bilir. İkincili piylənmənin aşağıdakı növləri ayırd edilir:
-
Alimentar piylənmə - düzgün qidalanmamaq və hipodinamiya nəticəsində meydana çıxır.
-
Serebral piylənmə - baş beynin bəzi şiş xəstəlikləri, serebral travmalar nəticəsində inkişaf edir.
-
Endokrin piylənmə - bəzi endokrin pozğunluqlar zamanı baş verir. Məsələn: İtsenko-Kuşing xəstəliyi
-
İrsi piylənmə - bəzi genetik xəstəliklər və yaxud da piylənməyə irsi meyillilik zəminində baş verir. Məsələn: Lorens xəstəliyi, Qirke xəstəliyi və s.
Piylərin miqdarının yerli xarakterli yüksəlməsinə lipomatoz deyilir. Lipomatozlar içərisində ən geniş yayılanı Derkuma xəstəliyidir. Bu zaman gövdə və ətraflarda dərialtı toxumada piydən ibarət ağrılı düyünlər meydana çıxır. Səbəbi endokrin pozğunluqdur.
Xolesterin mübadilə pozğunluğu. Bu zaman atreskleroz xəstəliyi meydana çıxır.
Mezenximal karbohidrat distrofiyaları
Bu növ distrofiyalar qlikoproteidlərin və mukopolisaxaridlərin mübadilə pozğunluqları nəticəsində meydana çıxır.
Qlükoproteid mübadilə pozğunluqları əsasən endokrin vəzilərin bəzi funbksional pozğunluqları zamanı rast gəlinir və prosesə toxumanın selikləşməsi deyilir. Toxumaların selikləşməsi prosesinin əsas mexanizmi xromotrop maddələrin zülallardan ayrılaraq ara maddədə toplanması və kollagen liflərin seliyəbənzər kütlələrə çevrilməsidir. Üzv və toxumaların stroması, o cümlədən də digər mezenximal toxumalar (piy toxuması, qığırdaq və s.) şişkin, yarımşəffaf və seliyəbənzər şəkil alır. Xəstəlik vaxtında müalicə olunmadıqda toxumalrda kollikvasiyon nekroz ocaqları və seliklə dolu kistalar əmələ gəlir.
Mukopolisaxaridlərin mübadilə pozğunluqlarıisə ən çox irsi xəstəliklər formasında inkişaf edir və bu növ xəstəliklərə mukopolisaxaridozlar deyilir. Mukopolisaxaridozlar qrupuna daxil olan xəstəliklər içərisində ən geniş yayılanı qarqolizm və ya Pfaundler-Qurler xəstəliyidir. Mukopolisaxaridlərin mübadilə prosesini tənzim edən spesifik fermentin genetik çatışmazlığı nəticəsində baş verən bu xəstəlik zamanı bədənin ayrı-ayrı nahiyələri qeyri-simmetrik inkişaf edir, kəllə və digər skelet sümükləri deformasiyaya uğrayır, müxtəlif üzv və toxumalarda inkişaf qüsurları rast gəlinir.
ƏDƏBİYYAT
-
Həsənov.Ə.B,Patoloji anatomiya,Bakı, “Elm” nəşriyyatı,2003.
-
www.google.com/images/dystrophy
Dostları ilə paylaş: |