1938
60
KƏMTƏROVLAR AİLƏSİ
Hörmətli ədibimiz Ə.Haqvərdiyevə
- Yallah, yallah! Haradasan? Kefin necədir?
- Sən nə təhərsən?
- Göz dəyməsin, qıvraqlaşmısan, rəngin açılıb.
- Bir qıvraqlığım yoxdu. İşdən baş açıram ki.
- Neyləyək ki, bir görüşək?
- Bu vıxodnoy zanitəm. Gələn vıxodnoy bəlkə...
- Sən evdə olacaqsan?
- Söz versən, gözlərəm.
- Gözlə, birtəhər eləyib gələrəm.
Bir-birinin əlini hərarətlə sıxan, əhvallaşan bu əziz dostlar görəsən
kimdir?
Desəm onların ikisi də bir şəhərdə yaşayır, inanmayacaqsınız... Desəm
onlar bir evdə yaşayırlar, heç inanmayacaqsınız. "Necə ola bilər ki, bir
yerdə yaşayasan, bir-birindən xəbərsiz olasan?" - deyəcəksiniz. Desəm
onlar ər-arvaddırlar, təəccüb edib, deyəcəksiniz: "Nə danışır bu!"
Nəyə deyirsiniz and içim ki, belədir: Qulam Kəmtərovla arvadı Leylanın
həyatı belədir. Deyəcəksiniz yəqin Kəmtərovla Leyla keçmişdə, bir zaman
ər-arvad olublar, sonradan xasiyyətləri tutmayıb ayrılıblar, bir yerdə
yaşamaları da mənzilsizlik bəlasıdır. Xeyr, sizin bu gümanınız da düz deyil.
Nə Kəmtərov Leylanı boşayıb, nə Leyla Kəmtərovdan boşanıb. Əgər günü
bu gün mənzil idarəsinin müdiri Kəmtərovu, ya Leylanı çağırıb, üçüncü
qatda dörd otaqdan ibarət bir qurulu mənzilin açarını verə, təklif edə ki,
biriniz köhnə mənzildə qalın, biriniz köçün, heç biri köçməz. Birbaş
qayıdıb, öz evlərinə gələrlər. Mənzil idarəsinin də zəhməti hədər gedər.
Məsələ bunda deyil.
Bəs nədədir?
Kəmtərovu sizə tanıtmaq üçün gərək bir az vaxtınızı alam.
Kəmtərov Qulamla Leyla, bayaq dediyim kimi, ər-arvaddırlar. Özü də
"xala-xatirin qalmasın" yox. Lap istəkli, şairlər demişkən, aşiq-məşuqdurlar.
Cəmi iki il olmaz ki, toy ediblər. Asanlıqla da toy etməyiblər. Leyla
Qulamın ucundan bir il ata-anası ilə küsülü qalıb.
61
Qulam Leylanın uğrunda İçərişəhərdə bıçaqlanıb, qulağının dibində
yaranın yeri indi də durur və ölənəcən duracaq.
Qış da onları bir-birindən soyuda bilməz. Qulamın şorgöz oğlanlardan
acığı gəlir. Leyla da könlü-gözü tox qızdır. Yer üzündə Qulamdan başqa
kişi olduğuna inanmaz.
Bəs bu istəklilər niyə belə çətin görüşür, az-az görüşürlər? Mümkün
deyil ki, ər-arvad olasan, istəkli olasan, bir evdə yaşayasan, həftə ilə
görüşməyəsən. Ürəyinizə şübhə gələ bilər: "Bəlkə açıq deyilməsi ayıb olan
səbəblər üçün görüşınəyə ehtiyac duymurlar".
Yox, heç yox!
Onu da bilin ki, nə Qulamın, nə Leylanın qulluğu uzaq - kənar-guşə
yerdə və ya namünasib qulluq deyil. İkisi də şəhərdə çalışır. Onların
qulluğunda olan minlərlə qız, oğlan, ər, arvad, qəşəngcə yaşayır, günün
çoxunu evdə öz külfətləri ilə olurlar.
Bəs bizim qəhrəmanların azarı nədir?
Bu, bir az köhnədən qalma azardır.
Başdan danışaq. Deyə bilərəm dünyada beş nəfər arvadını sevən varsa,
biri Qulam Kəmtərovdur. Kəmtərovun nə eşqlə, nə sevda, nə həvəslə toy
edib, Leylanı evinə gətirdiyini qələm yazmaqdan acizdir. Ona elə gəlirdi ki,
dünyanın bütün naz-neməti, kef və ləzzəti Leylanın üzündə cəmlənmişdir.
Leylanı alsa, həyatda bir arzu-kamı qalmayacaq, tamam xoşbəxt olacaq.
Kəmtərov düşünürdü ki: "Bu mənim ən ağır və ən son çətinliyimdir. Toy
dəsgahını tamam-kamal düzəldib, xeyir işimi başa versəm, daha ömür-billah
arxayın olaram. Sonra bir tikə yavan çörək də tapsam, sevgilimlə qabaq-
qabağa əyləşib, ağız ləzzəti, iştaha ilə yeyərəm".
Ancaq, necə deyərlər, insanın gözünü torpaqdan savay heç nə doyurmaz.
Kəmtərov xeyir işini bitirəndən, dünyada ən böyük arzusuna çatandan sonra
bir də gördü ki, xeyr indi də ürəyi yeni-yeni şeylər istəyir. Könlü min bir
eşqə düşür. Hardansa, baharda bitki kimi göyərib baş verən arzu və
ehtiyaclar kişini məşğul etməyə başladı. Dünya gör-götür dünyasıdır.
Leyla görürdü ki, artist Əyyubun arvadı barmağında cüt-cüt brilyant
üzük, qulağında bahalı sırğa qırğı kimi gəzir. Görürdü ki, qıyıq Ələkbərin
üçmərtəbə evinə hamballar piano çıxarır; qoz ağacından düzəlmə mebel
daşınır; bədənnüma güzgü, Varşava çarpayısı, Quba xalçası gəlir. Leyla
bunların hamısını görürdü və Kəmtərova danışırdı. Kəmtərov qaşlarını çatır,
başını tərpədib arvadını inandırırdı:
62
- Bilirsən nə var, Leyla can, biz gərək işləyək! İşləyək. Lap möhkəmcə
işləyək! Mənim də qeyrətim qəbul eləməz. Qıyıq Ələkbərin nəyi məndən
artıqdır? Özümüzü oda-közə vursaq da, gərək bir dəsgahlı ev-eşik düzəldək.
Qonşular baxsın, yana-yana qalsın.
Leyla ərinin məsləhətindən çıxan deyildi. Təki pul olsun...
Kəmtərov əvvəlcə Leylaya bir iş soraqlaşdı. Leyla qızlığında
maşinistkalıq etmişdi. Bu sənəti pis bilmirdi. Kəmtərov arvadına iki yerdə iş
tapdı: Azərittifaqda və Ünvanlar bürosunda. Bir çox götür-qoydan sonra
hələlik, rast gəlmişkən, hər iki yeri əldə saxlamağı məsləhət bildilər.
Azərittifaqda iş səhər səkkizdən dördə qədər, Ünvanlar bürosunda axşam
saat beşdən on birə qədər idi. Leyla iki növbə ilə işləməyə razı oldu.
Kəmtərov, onu ev işindən, sil-süpürdən tamam azad etdi.
Leyladan arxayın olandan sonra Kəmtərov özünün boş vaxtlarını
"doldurmağa" başladı. Kəmtərov zirək və savadlı adam idi. İş tapmaq onun
üçün su içmək kimi asan bir şey idi. Özü nəşriyyatda tərcüməçi idi. Səhər
saat ondan gedib, altıda çıxırdı. Bir saat dincini alandan sonra, yəni saat
səkkizdən on ikiyədək layihə idarəsində olurdu. Fikirləşib gördü ki, iki
növbədə işləsə də, arada yenə boş vaxtı var: "Səhər saat onadək yatmaq bu
zəmanənin adamına, xüsusən "roskoşni" güzəran qurmaq istəyən bir abırlı
kişiyə heç yaraşmaz. Yarım, ya bir növbə işi rahat apara bilərəm. Beş-altı
yüz manat alsam, əlimi qaraltmaz ki..."
Kəmtərov daha bir yeni iş tapdı. Gecə saat on ikidən dördədək "İşıq"
mətbəəsində korrektor vəzifəsi var idi. Ayın səkkizindən Qulam mətbəədə
yeni əlavə qulluğa düzəldi.
Bu gün Kəmtərov toy gecəsindəkindən az sevinməmişdi. Haqq-hesaba
vurub görürdü ki, özünün üç qulluğunu, Leylanın iki qulluğunu, bir az da "o
yan-bu yandan" gələn əl xərcliyini yığıb-yığışdıranda bir neçə minə çıxır.
İki-üç il belə getsə, çervonu yığıb-yığışdırmaq olmaz. Di qoy Ələkbər
gəlsin, qıyıq gözü ilə gətir-götürümüzə baxsın!
2
Payızın soyuq günlərində ağzından buğ çıxa-çıxa Kommunist küçəsilə
başıaşağı yeyin gedən boz paltolu adamı kim görməmişdir? Onun üzündən,
gözündən, baxışından, yerişindən tələsmək yağır. Elə gedir ki, deyərsən:
yerə dəysə, min parça olar. Sürtülməkdən rəngi dəyişmiş köhnə və "hamilə"
portfelini bu qoltuğundan o birinə verir;
63
gah əlini cibinə qoyur, gah damağındakı papirosu barmaqları arasına alıb
sıxır, gah çəkməsinin sallanan bağına baxır, məna vermir, daha da
yeyinləyir. Bəzən görürsən Kəmtərov qopdu, nə qopdu! Tramvay sürətlə
ötdüyü halda quş kimi atılıb minir, milis ağzını açmamış çıxardıb bir üçlük
verir, qəbz almaq istəmir. Uzaq tanışlarına bir işarə ilə salam verir. Yaxın
tanışlarını görür, görməzliyə vurur. "Müftə yerə niyə vaxt itsin?" Vaxt alan
hər bir əyləncə Kəmtərovun düşmənidir. Onu ictimai yerlərdə görməzsən. İş
yerində ancaq vacib, ad yoxlanan iclaslara gələr, adını qeyd etdirib, xəyal
kimi gözdən itər. Teatr, kinolar barədə yoldaşlardan eşitdiyilə kifayətlənər.
Bəzi yazıçılarla şəxsən tanış olduğundan, əsər oxumağa ehtiyac duymaz.
Qohum-əqrəbası rayondadır. Buradakılar isə Kəmtərovun ünvanını ələ
keçirə bilmirlər. Kəmtərovun şəxsi, ictimai həyatı beləcə öz qaydasındadır.
O, ailədə daha ciddi, daha səliqəlidir. Bir adam onun evindən səs-küy,
qalmaqal eşitməyib. Qapı açıq olanda olur, olmayanda girvənkəlik qıfıl
qarovul çəkir, evə quş səkmir. Kəmtərov səhər saat onda yuxudan qalxır.
Deyəcəksiniz, onda işə gedən adam heç olmasa bir saat tez durmalıdır.
Doğrudur, durmlıdır, amma unutmayın ki, yazıq Qulam mətbəədən, təshih
işindən tez qayıdanda gecə saat dörddə, beşin yarısında qayıdır. Necə
qayıtdığından özünün də xəbəri olmur. Qəzetin axır səhifələrini mürgüləyə-
mürgüləyə, alnı tıqqıltı ilə stola dəyə-dəyə oxuyur. Birtəhər özünü evə salır,
çul kimi düşür.
Qulam olmasın, siz olun, saat doqquzda dura bilərsinizmi?
Kəmtərovun səslənən bir stol saatı var. Qulağının dibində qoyur. Vaxta
on dəqiqə qalmış saat qışqırır. Kəmtərov dəli kimi yuxudan qalxır, tələm-
tələsik geyinir, qapını bağlayıb qaçır.
Leylanın da işi Qulamınkından əskik deyildi.
Atalar deyib: "Arvad ərinə oxşayar". Xülasə, baş elə qarışmışdı ki,
Qulamın Leyladan, Leylanın Qulamdan xəbəri olmurdu. Qulam gecə
mətbəədən qayıdanda sevgilisini yatmış görürdü. Leyla səhər işə gedəndə
Qulamı şirin yuxuda qoyub gedirdi. Vacib sözü olanda balaca kağız yazıb,
stolun üstünə qoyurdu: "Qulam, qayğanaq bişirəsi olsan, yumurta bufetin alt
gözündədir, yağ da taxçada". Qulam da gedəndə Leyla üçün kağız qoyub
gedirdi. Onların arasında əməlli-başlı bir məktublaşma var idi. Ancaq
markasız, poçtalyonsuz ötüşürdülər.
64
Leylanın məktubları bu məzmunda idi: "Dəyişiklərini tiyanın içinə tulla,
paltaryuyana göndərəcəyəm!" "Açarı asma. Çarhovuzun üstündəki kərpicin
altına qoy, görən olmasın". "Redaksiyadan dalınca gəlmişdilər, zəng vur".
Qulamın məktublarından ələ keçən bunlardır: "Qadası, mənim soyuz
kitabçamı görməmisən? Tapsan, stolun yeşiyinə qoy". "Maşinkada yazmağa
vaxtın olsa, bizim idarədə xaltura var, gətirim", "Adama cavab niyə
yazmırsan? Dediyim məsələ necə oldu?"
Bu qısa və gündəlik məktublar Kəmtərovlar ailəsində yeganə və əsas
münasibət idi.
Qulamla Leylanın sevgi və məhəbbəti bu məktubların qara, dolaşıq,
tələsik xətlərindən keçirdi. İnsan hər şeyə alışarmış! Bu sevgili ər-arvad
qurduqları yeni yaşayışa elə öyrənmişdilər ki, "köhnə" həyatı tamam
unutmuşdular. Onlar indi belə güman edirdilər ki, dəm-dəsgahlı ev qurmaq
istəyənlərin, oxumuşluğun, qarşılıqlı sevgi ilə qurulmuş ailənin qaydası
belədir ki, var.
Doğrudur, Leyla yazırdı ki: "Açarı kərpicin altına qoy, görən olmasın",
Qulam da çalışırdı ki, istəklisinin tapşırığını yerinə yetirsin; amma olacağa
çarə yoxdur, açarı görən olmuşdu...
Bir Sarıköynək qadının hər gün saat ondan, Qulam gedəndən sonra
gəlib, qayda ilə kərpicin altından açarı götürdüyünü, öz evi kimi
Kəmtərovların otağını açdığını və tər-təmiz silib-süpürdükdən sonra çıxıb
getdiyini qonşular görmüşdülər. Onları şübhədən çıxarmaq üçün Sarı-
köynək qadın deyirdi: "Mənə özləri tapşırıb, bacılar, ürəyinizə bir şey
gəlməsin".
Dili dinc durmayan qonşu qadınlardan biri Sarıköynək qadının gəlib-
getdiyini Qulama dedi. Qulam güman etdi ki, Leylanın gətirdiyi qulluqçu
qadın olacaq. Leyla da düşünürdü ki, Sarıköynək qadını Qulam çağırıb,
səliqə-sahman üçün çağırıb. Eşidən kimi qonşuya sualı bu oldu:
- Cavandı, ya qoca?
- Ahıl adamdır, bir nazik...
Leyla Qulamm pis niyyətə düşmədiyini bilib, arxayın oldu. Daha bu
barədə söhbəti artıq sayıb, qapıdan çıxdı.
Bu günlərdə belə məktublar yazılırdı: "Mənim ipək paltarımı hara
qoymusan?". "Zayomları tapa bilmədim. Çıxart yoxlayaq, yenə uduş var".
"Gümüş qaşıqlar haradadır?", "Dünən bir qadının başında, lap səninkinə
oxşar bir şal gördüm. Az qalmışdım səni dəyişik salam".
65
Sarıköynək qadın isə öz işində idi. Hər gün gəlib evi süpürür, zəhmət
haqqı üçün də ağlı kəsən, evdə gözə dəyən şeylərdən birini sarı köynəyinin
altına vurub, soldat bazarına aparırdı. O, Qulamın da, Leylanın da iş-
peşəsini, üst-alt paltarlarını, qulluq vaxtlarını yaxşıca öyrənmişdi. Odur ki,
evə çox arxayın gəlib-gedirdi. Hətta bir dəfə "köhnə paltar alan" pullu
müştərilərdən bir-ikisini özü ilə lap evə gətirmişdi. Qulamın bufetindəki
şüşələrdən pivə töküb, bir-birinin sağlığına və bu pivəni bazardan alıb
gətirənin sağlığına içmişdilər. Sonra yük yerindən yorğanlardan soyduqları
ipəyi, çarpayı xalçasını, sandıq şeylərindən dəyərlisini ortaya töküb
sövdələşmişdilər.
Pullu müştərilərlə yollaşandan, çervonları alıb yerbəyer edəndən sonra
Sarıköynək qadın Qulamın məscidə dönmüş evinə baxıb, ürəyində demişdi:
"Yox, balam, daha mən bir də bura nə üzlə gələ bilərəm!.. Həmişəlik
xudahafiz!"
3
- De görüm, bir korrektor kimi səhifəni oxuyub, qol çəkmisən, ya
yox?
- Bu nə sözdü, yoldaş redaktor? Siz məni o qədər məsuliyyətsiz
sayırsınız ki, guya oxumamış da qol çəkərəm?
- Demək, oxumusunuz?
- Əlbəttə, özü də kəlmə-kəlmə!
- Bəs bu nədir: "işləyirlər" əvəzinə "dişləyirlər" gedib?
Qulam qəzetin o yerinə diqqətlə baxdı. Ciddi vəziyyətini pozub dedi:
- Bu heç, buna səhv deməzlər! Gözdən qaçıb, yoldaş redaktor. Bir də,
işləyib, dişləyib, ikisi də bir sözdür. Yəni düz gəlir. Bizim qaydamıza lap
tuş gəlir ki, işləyən dişləyər, işləməyən dişləməz!
Redaktor qəzeti çəkib, Qulamın əlindən aldı:
- Neçə yerdə işləyirsən?
- Qulam dik-dik baxdı:
- Bunun məsələyə nə dəxli var?
- Soruşuram, neçə yerdə işləyirsən?
- Cəmisi bir-iki... - Nəşriyyatda çalışırsan?
- O heç... səhərdi o.
66
- Layihə idarəsi necə?
- Cəmisi bir altı saat.
- Zaqotzernoda necə?
- Yoldaş redaktor, o zdelnidir!
Redaktor hirsləndi:
- Yaraşarmı sizə, yaraşarmı bu qədər yerdə...
- Yaraşımasın o adamlara ki, işləmirlər. Biz ki gecə-gündüz çalışırıq, tər
tökürük, bu da mükafatımızdırmı?
Redaktor ayağa qalxdı:
- Sizin bugünkü səhvinizin üstündən keçmək olar. Saydığım yerlərdən
azad olunmasanız, sabah işə buraxılmayacaqsınız. Yorğun başla, üzgün
zehinlə mətbuat işinə xeyir vermək olmaz!
Qulam qalxıb ətəklərini tovlaya-tovlaya, fıkir içində yeni və pullu qulluq
xəyalı ilə evə gəldi.
O axşam Leylanın da gözünə yuxu getmədi. Pambıq kimi atım-atım
edilmiş evdə, əli qoynunda oturub Qulamı gözlədi. Ürəyinə min cür fikir
gəlirdi: "Bu nə işdir! Yoxsa Qulam özgə bir arvad alıb, mənə kələk gəlmək
istəyir? Yoxsa şeyləri yan bölüb, öz payını aparmaq istəyir? Bəlkə də heç
bu zalım oğlu işləmir, bəlkə də vaxtını restoranlarda keçirir? Var-yoxunu
şəraba, qumara qoyur?.. İnsanı nə tanımaq olar!"
Gecə də orucluq ayı kimi uzanırdı. Leyla gah durub yük yerini
töküşdürür, anasının cehiz verdiyi ipək yorğanı, xalçanı axtarır, şaraqqıltı ilə
bufetin gözlərini açıb, örtür, işıldayan hər şeyi götürüb diqqətlə baxır,
gümüş qaşıqların itdiyinə inana bilmirdi.
Aləm yıxılıb yatdı. Radio susdu. Tramvaylar dayandı. Xoruzlar bir ağız
səsləndi. Haçandan-haçana birdən həyətdə ayaq səsi eşidildi. Qulam içəri
girib, Leylanı əli qoynunda, məyus oturmuş görəndə, əvvəl bir duruxdu,
soruşmaq istədi ki: "Əzizim, niyə bu zamanacan yatmamısan?"
Gözü evin ortasına tökülmüş şeylərə sataşdı.
Leyla macal vermədən. Sökülmüş pərdələri, tökülmüş yükü iki əli ilə
göstərib dedi:
- Bu nədir? Bu nə hərrac bazarıdır? Qulamın dili dolaşdı:
- Necə bəyəm, nə gedib?
- Mənim cer-cehizim hanı? Hanı mənim ev-eşiyim, paltarlarım, ata-ana
yadigarlarım?..
67
Bunu deyib Leyla hönkür-hönkür ağladı. Qulamın rəngi saraldı.
- Bəs kim açıb bu qapını? - deyə təəccüblə soruşdu. Onların səsinə
qonşular çıxdılar.
Sarıköynək qadından kim nə bilirdisə dedi. Leyla bir tərəfdə yıxılıb,
hissiz qaldı. Qulam qonşulardan iki nəfər şahid götürüb, milis idarəsinə
yollandı.
O, sinəsindən ah qopa-qopa, ürəyində peşmançılıq qaynaya-qaynaya
gedirdi. Ancaq bilmirdi kimdən şikayət etsin. Sarıköynək qadındanmı,
qonşularındanmı, yoxsa özünün dəm-dəsgah hərisliyindənmi?!
1939
Dostları ilə paylaş: |