SUSUZLUQ
Payız yeni girmişdi. Ancaq yayın yandırıcı istisi, boğucu bürküsü davam
edirdi. Biz şəhərdən çıxmış, yaxın kəndlərin birinə doğru yol almışdıq.
Yolun hər iki tərəfi də quraqlıq və bomboş idi. Uzaq dağların döşündə
saralan küləşli zəmilərdən, boz və sıldırım yarğanlardan başqa heç nə
görünmürdü.
Ətrafda göyərti adında heç şey qalmamışdı. İsti bitkiləri qurumuşdu.
Sanki ətraf bu saat alışıb-yanacaqdı. Quraqlıq ucundan bu çöllərdə həyat
əlaməti görünmürdü. Arabir daş və ya kol dibindən qalxan quşlar havada
dayana bilməyib, dərhal yerə enirdilər. Onların uçuşu oda düşmüş, yanmaq
qorxusundan çırpınan, çapalayan bir məxluqu xatırladırdı. Yalnız
cırcıramaların səsi eşidilirdi ki, bu səs də adama nədənsə "yandım-yandım!"
fəryadı kimi gəlirdi. Qaynayan hava təndirdən qalxan alov kimi titrək
dalğalarla göyə çəkilirdi. Sanki bu saat yerdə hava qurtaracaqdı.
Burada, bu mənzərə qarşısında adamı yaxalayan susuzluq adi susuzluğa
bənzəmir, burada ümumi bir atəş vücudu bəla kimi bürüyür, adamın dili
deyil, baxışları, hərəkətləri də su istəyir.
Biz nabələd olduğumuzdan su gətirməmişdik, yoldaşım ustam Şahnəzər
idi. O, gözəl bir rəssam idi. Xan evlərinin incə və zərif naxışları,
məscidlərin mehrabında şirlə yazılan yazılar, bəy eyvanlarını bəzəyən
şəkillər hamısı onun əsərləri idi.
68
Mən Şahnəzərin sənətini sevmiş, onun yolunu tutmağı, böyüyəndə
rəssam olmağı məqsəd seçmişdim. O mənə bir şagird kimi yox, oğul kimi
baxırdı. Sənətinin bütün sirlərini, sadə görünən rənglərdən insanı
düşündürən gözəl mənzərələri yaratmağı mənə öyrədirdi. Hərdən bir ah
çəkib, dizinə çırpırdı ki: "Nə edim, savadsızam, elmsizəm! Kitabdan başım
çıxmadı, o qara sətirlər mənimlə danışaydı! Allahın qabağına çıxıb yeni və
daha gözəl aləm yaratmasaydım, adımı dəyişərdim".
Doğrudan da ustamın belə bir qüdrət sahibi olduğuna ürəkdən
inanmışdım. O, sənətindən söhbət edəndə rəngi qızarır, gözləri gülür, səsi
ucalırdı. Elə eşqlə danışırdı ki, qulağımın dibində top da atılsaydı
eşitməzdim. Hərdən üzünü aydın səhərin açıq üfüqlərinə tutub mənə
deyərdi:
- Kitab oxuya bilməsək də bunu ki, oxuya bilərik! Bütün kitabları
buradan götürüblər. Səhərin rəngi məni çox düşündürür. Bu rəngi çəkə
bilsəydik! Həmişə belə səhərlər olmur. Bunlar bənövşə kimi tez açılır, tez
də solur. Bunu solmaqdan qorumaq üçün bir ipəkdə çəkmək, yaratmaq
lazımdır.
- Usta, səhərə pul verən kimdir?! Xozeyinlər həzrət Abbası çəkdirirlər,
Rüstəmi istəyirlər.
- Eybi yoxdur, bala, qoy verməsinlər. Səhəri də özümüz üçün çəkərik.
Ustam bu arzusunu hələ yerinə yetirə bilməmişdi. Həmişə çalışır, evləri
gəzib sifariş alır, işləyirdi. Dava düşən il bizə sifariş verən olmadı.
Xozeyinlərin hansını dindirəndə deyirdilər:
- Rəhmətlik uşağı, göydən top gülləsi yağır, siz də şəkil çəkmək
hayındasınız?
"Sənətkarın əli işindən üzüləndə ağzı da çörəkdən üzülər. Bu sözü
eşitmişdim, anlamamışdım. İndi isə gözümlə gördüm ki, ustam nə çəkir. İki
abbasıya aldığı bir girvənkə çörəyi qabağımıza qoyub yeyəndə, mən xəcalət
çəkirdim. Ürəyimdə deyirdim ki: "Kişi özünə papiros pulu tapmır. Bu pis və
bahalıq ildə mən nə üçün buna boğaz ortağı olum? Bəlkə şagird saxlamaq
istəmir, bəlkə mənim rüsxətimi vermək istəyir, üzündən gəlmir..."
Bunları düşündükcə boğazımdan çörək getmirdi. Bir gün ustamdan
xahiş etdim:
69
- Usta, iki il sizə zəhmət verdiyim bəsdir. Güzəran da pis olub.
İzin verin evimizə gedim. Az-çox öyrənmişəm. Sağ olun, mənim
boynumda haqqınız çoxdur.
Ağzımdan bu sözlər çıxar-çıxmaz ustam uşaq kimi ağlamağa başladı.
Mən böyüklərin ancaq məsciddə, bir də ölü üstündə ağladıqlarmı bilirdim.
Şahnəzər ustanın gözlərindən axan yaş məni də kövrəltdi. Özümü saxlaya
bilmədim, dediyimə peşman oldum.
Ustam nə üçün ağlayırdı? Bunu özü dedi:
- Oğul, düşünmə ki, mən pis gün çəkdiyim üçün, ya sənə haqq
vermədiyim üçün ağlayıram, yox! Mən onun üçün ağlayıram ki, sənə
korluq, yoxsulluq peşəsi öyrətdim. Atan səni mənə tapşıranda güman
etmişdi ki, səni mahir bir usta yetirərəm. Axırda böyük bir sifarişi sənin
özünə tapşıraram, işlərsən, sonra atam, bütün dost-aşnanı yığıb, sənin
əsərinin tamaşasına gətirərəm. Sən öz əsərin, mən də öz əməyimə sevinərik.
Atan da övladını bu yerdə görüb şad olar... – Ustam danışığını dəyişdi,
səsini ucaltdı. - Yox, səni buraxa bilmərəm. Sən mənim bu günümdə getsən
ömrüm boyu şəklə də, şəkil çəkənə də nifrət etməyə haqlı olacaqsan.
Getmə! Sən gəl, mənə vəfalı çıxmasan da dalısınca düşdüyün sənətə etibar
bağla. Bu sənət öləcəksə, qoy bizi də öldürsün.
Ustamın sözlərinə heç bir cavab vermədim. Başımı aşağı salıb da
yandım. Etirazına qulaq asıb getmədiyimi görəndə ustam sevindi. Ayağa
qalxıb, heybəsini götürdü.
- Gedək, kəndlərə gedək! - dedi.
Həmin gün biz kəndlərə çıxdıq.
İsti və susuzluq bizi taqətdən salmışdı. Buna baxmayaraq getdikcə
yeyinləyirdik. Kəndə çatmasaq da, quraq və şoran çölləri keçib, özümüzü
bir dərəyə, bulağa, heç olmazsa bir kölgəyə salmağa can atırdıq. Amma nə
edəsən ki, isti daha da bərkiyir. Günəş lap günorta yerində dayanıb, od
tökmək istəyirdi. Şahnəzər ustamın dil-dodağı qurumuşdu. Danışmırdı.
Bütün qüvvəsini dizlərinə yığıb yerimək, qarşıdakı təpəni aşmaq istəyirdi.
Mənə təsəlli vermək üçün işarə ilə "Az qalıb" deyirdi.
Təpəni aşandan sonra yamacda bir çoban gördük. O, sürüsünü qoruqdan,
əkindən uzaq olan dağ döşünə buraxmış, özü isə bir daşın üstündə oturub,
bayatı deyirdi. Onun təbii və yanıqlı səsi dağlara düşüb, təkrar qayıdırdı.
Qayaların cingiltili səsindən qoyunlar vahimələnmiş
70
kimi dayanıb geriyə, yollara baxırdılar. Mən dağın ətrafına fıkir verdim.
Buralarda bir dərə və ya bulaq olmamış deyildi. Yoxsa burada sürü
otarılmazdı. Təpənin şoran torpağına, bozaran yovşan kollarına diqqət
edəndə çobanın qoyunu şora gətirdiyini anladım. Belə yerdə sürünü çox
saxlamazlar. Bir az yedimi, qaytarıb həqiqi otlağa apararlar...
Çoban özü üçün ehtiyat götürməmiş olmazdı. Ustamdan icazə almaq,
çobandan su istəməyə getmək istədim.
Ustam razı olmadı:
- Onda su haradandır?- dedi.
Artıq Obalı kəndinin damları görünürdü. Həyətlərin bəzisində bitən tut,
əncir ağaclarını görəndə sanki ürəyimə su səpildi. O, ağacların altındakı
kölgəlikdə palaz salıb oturmaq, saxsı qabdan su töküb, doyunca içmək
arzusu ilə ürəyim döyündü. Bu gündəlik adi və hər kəsə müyəssər olan
nemətlər mənə bir xəyal kimi gəlirdi. Ustamın çoxdan söylədiyi bir söz indi
mənə kar edirdi:
"İnsan, əlində olan nemətin qədrini, ancaq əlindən çıxanda bilər".
Bu saat mən hər bir şeyi unutmuşdum. Ancaq su, sərinlik, kölgəlik
arzulayırdım. Ona görə də təpədən aşağıya enişlə bərk yeriyirdim. Nəzərim
kənddən ayrılanda yollara, qabağımdakı torpaqlara dikilirdi. Az qalırdım
dayanam, dırnaqlarımla yeri deşib, yaş torpaq tapam, susuzluqdan yanan
sinəmi ora sürtəm.
Ustam muştuluq xəbəri verdi:
- Çatmışıq, budur evlərə az qalıbdır. - Bir az sükutdan sonra əlavə etdi: -
Əgər biçinçi, rəncbər olsaydıq, bizi əzizlərdilər. İş də tapardıq.
Ancaq bizim sənətimiz burada kimin nəyinə lazımdır?!
Ustam düz deyirdi. Bura nə sənət, nə sənətkar yeri idi. Ancaq hələ bu
sonranın işidir. Bizə yanğıdan, susuzluqdan qurtarmaq lazım idi.
Evlərə çatdıqda sevincdənmi, ürəyimdəki yanğının təsirindənmi,
ustamdan qabağa yeridim. İlk rast gəldiyim qapının rəzəsini taqqıldatdım.
Başı, yaxasıaçıq bir kişi çıxdı. Dinmədim, ustamın üzünə baxdım. O, ev
sahibinə dedi:
- Bir içim su verin, qəribik.
Ev sahibi qapını daha da geniş açıb:
- Buyurun içəri, buyurun, - dedi.
O bunu deyərək, əli ilə həyət tərəfi göstərdi. Biz baxanda qəribə bir aləm
gördük. Gözəl və bağçalıq bir həyət idi. Ortada ağacın kölgəsi altında göz
yaşı kimi dumduru su ilə dolu hovuzdan fəvvarə qal-
71
xırdı. Kənardan isə mis cam qoyulmuşdu. Mən qara və gödərək kəndlidən
bu səliqəni görəndə heyran qaldım. Susuzluğum daha da artdı. Özümü pallı-
paltarlı hovuzun içinə atmaq istədim. Ustamın ehtiramını saxlayıb, əvvəlcə
onun su içməsini gözlədim. O, yüyürüb camı götürmək istəyəndə yerində
donub qaldı. Heyran-heyran hovuza baxdı, sonra da məni çağırdı:
- Yaxın gəl!
Mən yaxın gedəndə bu mənzərənin rəssam lövhəsi olduğunu anladım.
Buna nə ustam inana bilirdi, nə mən. Çargül və qalın parça üzərində
çəkilmiş bu gözəl sənət əsəri bizi heyran etmişdi. Əlində bir kasa su gətirən
və bizim heyrətimizə gülümsəyən ev sahibi üzr istədi:
- Bağışlayın, mən yoxlamaq istəyirəm.
- Nəyi yoxlayırsınız?
- Yoxlayıram görüm çəkdiyim şəkil bir şeyə oxşayır, ya yox? Ustanın
heyrəti birə yüz artdı.
- Məgər bunu siz çəkmişsiniz? Ev sahibi utana-utana cavab verdi:
- Bəli, qonaq qabağına çıxarılası ləyaqəti olmasa da, bağışlayın.
- Bu lap sizin öz əlinizdən çıxıb?
Ev sahibi şübhəmizi görəndə bizi qonaq otağına apardı, divarları
bəzəyən rəngbərəng, cürbəcür şəkilləri göstərdi.
Ev sahibi çay hazırlamağa gedəndə Şahnəzər mənim əlimdən tutub,
pəncərə qabağına çəkdi.
- Xırmana gedən, kotandan qayıdan, çırpı gətirən, saman daşıyan
adamlara da diqqət elə! Qəribə nə görürsən? - dedi.
- Qəribə bir şey görmürəm!
- Hamısı çox sadə görünür. Ancaq sənət də elə bunlardadır. Bu
adamlardadır. Gəl boynumuza alaq. Mən iyirmi ilin ustası, sən iki ilin
şagirdisən. Heç birimiz bu qonaqcıl kişinin yaratdığını yaratmamışıq.
Amma bizə sənətkar, ona kəndli deyirlər.
Mən ustamm dediklərini diqqətlə dinləyirdim. O, çöhrəsində parlayan
heyrətini ifadə edərək danışırdı:
- Ən böyük sənətkar bunlar - həyat adamlarıdır. Əlini bunların ətəyindən
üzənin vay halma!
Ustam yoldakı söhbətimizdə yanıldığını mənə başa salmaq istəyirdi.
1941
|