4
Bu evdə qəribə bir aləm vardı. İşıqlı pəncərənin qabağında zər haşiyəli
çərçivədə qıvrımsaç, güləş, sağlam, sinəsi açıq bir bənnanın şəkli
dayanmışdı. Yox, bu şəkil deyildi. Elə də şəkil olarmı? Güclü bir igid
dayanmışdı. Sanki Baxış öz otağına göz qoyub hər şeyə baxır, sevgilisinin
də, oğlunun da duruşuna, oturuşuna, dinib-danışmağına diqqət yetirirdi.
Deyəsən bu saat stol üstündə hoppanıb boğazlı çəkmələrini geyəcək,
döşəmədə gəzinəcək, Ağcanı da, Nadiri də danlayıb deyəcək ki, niyə
geyinib konsertə getmirsiniz, mən buradayam, niyə darıxırsınız? İşinizdə
olun!
163
164
Sanki bu igidin ayıq və iti baxışları gənc ailədə hər şeyi birləşdirirdi.
İşləyən də, oxuyan da hər an başda əyləşənin nəzərində idi. Uzun illər eyni
marağını, diqqətini saxlayan qıvrımsaç oğlan sanki evdəkilərdən də bunu
tələb edirdi. Sanki sakit, səssiz, davamlı, mənalı, mehriban nəzərilə deyirdi:
"Mən buradayam, niyə darıxırsınız? İşinizdə olun!"
Qıvrımsaç oğlanın nəzərindəki bu məna uşağa da, böyüyə də eyni dərəcə
aydın və mühüm idi. Onlar hər səhər öpüşüb ayrılanda, hər axşam öpüşüb
görüşəndə, Baxışdan bu sözləri təkrar-təkrar eşidirdilər: "Mən buradayam!
Siz işinizdə olun!"
Lakin bunlar təkrar deyildi. Hər gün başqa bir məna, başqa riqqət, başqa
bir hərarətlə səslənirdi. Bunlar ana-balanın öpüşlərindəki hərarət və təravət
qədər təzə və şirin idi, həmin öpüşlər qədər onları birləşdirirdi.
Birləşdirirdi deyirik. Qıvrımsaç oğlanın nəzərlərində birləşdirən qədər
ayıran bir qüvvə də var idi. Ağca da, Nadir də hər dəfə yuxarı başa nəzər
salanda, bu ayrılığı duymamış deyildilər. Ana oğlunu, oğul isə anasını
düşünürdü.
Oğul öz anasını Baxışın sağlığındakı qədər şən və qayğısız, ana da
balasını atalı vaxtındakı qədər bəxtiyar görmək istəyirdi. Hər ikisinin ciddi-
cəhdi bu idi.
Görərdin, anası uşağının kəsəmət pulunu yığıb ona maqnitofon almaq
istəyir. Uşaq isə həmin puldan gizlincə götürüb anasının sumkasına qoyur,
ona yeni palto pulu düzəldir. Xərcləməyə gələndə, bəzi ailələrdəki ixtilaf
burada da olurdu. Ancaq burada məzmun ayrı idi: oğul anasını, ana da
oğlunu vacib sayırdı.
- Atamın yoxluğunu dost-düşmən bilməsin. Yaxşı geyin, ana!
- Tay-tuşdan geri qalma, bilməsinlər ki, qabaqda atan yoxdur! Hələ ki,
mən varam, oğul!
Nadir "Şərəf lövhəsinin" yanından keçəndə, atasının şəklini orada
görmədi. Ağır bir kədər ilə bunu anasına dedi. Ağca, Mixaylova bildirdi.
Mixaylov dedi:
-Sabah axşam Nadiri də götürün, trestə gəlin! Dəvətnamə
göndərəcəklər! Hələ-həlbət!
Ağca kişisinin şəklini klubda adlı-sanlı işçilər cərgəsində görəndə,
razılığını bildirdi. Cuvarlı dedi:
165
- Ağca xanım, Baxışın şəklindən nigaran olma. Mən gözləyirəm
ki, bu gün-sabah Nadirin özünü məşhurlaşdıraq. Nadir FZU-ya gedir.
İndi cavanlar oradan boy atırlar!
Bayram axşamı raykomdan da gələnlər var idi.
Klub ağzınacan dolu idi. Cuvarlı məruzə eləyirdi. Trestin keçmişindən,
gələcək planlarından, qabaqcıl ustalarından deyirdi...
Ağca 5-ci sırada, oğlunun yanında oturmuşdu, daha doğrusu Nadir onun
yanına gəlmişdi.
- Ana, mən həmişə sənnən oturacağam!
Bu sevincli axşamda, bütün işçilərin tökülüb gəldiyi məclisdə ana-
balanın yanaşı oturub şirin söhbət eləməyi də mənalı idi. Bugünkü işlər
barəsindəki məruzədə Baxışın adı çəkilməyəcəyini bir növ hiss etdirməmək
üçün Nadir anasnıı məşğul etmək, danışdırmaq istəyirdi. Ağca isə onun
qolunu tutub deyirdi:
- Qulaq as! Dayan!
Görünür bu incə mətləb məruzəçinin, Cuvarlı yoldaşın da nəzərində idi.
Söhbəti hərlədi, fırladı, o yerə gətirdi:
- Biz gərək trestimizin, otuz ildən bəri inşaat ilə məşğul olan, şəhər tikən
nəhəng idarəmizin tarixini yazaq. Qorki özü deyib, belə tarix vacibdir,
yoldaşlar! İnqilabımızın hər bayramını eləyəndə, baxıb görürsən ki, belə
tarix çox vacibdir. Bunsuz bizi yaxşı tanıyan olmaz. Odur, gündə bizə xarici
qonaqlar gəlir, Hələ daxili demirəm. Hər gələn də dəftərini açıb səliqə ilə
yazmaq istəyir: haçandan, kimdən, nədən nə cürə!.. Yaxşı, necə ola bilər ki,
mən bu şəhərin inşaat tarixindən deyəm, Baxış Baxışov kimi şərəfli bir
ustanın işini unudanı, üsulunu deməyəm, şəklini göstərməyəm...
Bu yerdə bütün zaldakılar əl çaldılar. Çoxları da dönüb beşinci sıraya,
yanaşı əyləşən ana-balaya baxdılar. Baxdılar, daha da bərkdən əl çaldılar.
Çoxunun sevincdən gözü yaşardı. Adamlar yalnız Baxışın əziz xatirəsinə
yox, həm də gül kimi balalar bəsləyən ananın vətəndaş ləyaqətinə əl
çaldılar.
Ağca həyəcandan qızarmış, başını aşağı salmışdı, oğlunun əlini sıxırdı.
Nadir də ətrafına baxıb başını tərpədir, razılıq işarəsi verirdi.
Cuvarlı danışdıqca, bu səliqəli şəhərin bütün çətin tarixi, xoş mənzərəsi,
sabahkı dövranı Ağcanın nəzərindən keçirdi.
Cuvarlı yoldaşın sözü sözdür. Görərsən, iki gün çəkməyəcək ki, əli
qələmlilər gələcək, binalara baxacaq, dəftərləri açacaq, adamları
166
dindirəcək, şərəf lövhələrini yoxlayacaq, tarix yazacaqlar. Bu sıralanmış uca
ağ evlərin çoxunda Baxışov Baxışın adını görəcək, yazacaqlar. Lap təzə
binalara baxanda da Baxışı yad edəcəklər:
- Bu da Baxışovun işidir. Ancaq ata Baxışov ayrı, oğul ayrı.
- Hansı yaxşı tikib?
- Atanın ata yeri var, oğulun oğul!
- İkisi də bir əsrin oğlu, bir nəsil deyilmi?
- Bəli, tikənlər, quranlar nəsli!
- Bizim nəsil!
1958
Dostları ilə paylaş: |