NAZİK MƏTLƏB
1
- Niyə gəlmisən?
- Nə gəzirsən burada?
- Sənə kim icazə verib?
Maarif müdiri məni görəndə təəccüb elədi. Bir ay olmaz ki, özü
təyinnamə verib Yarpızlı kəndinə göndərmişdi. Çox böyük ümid və etimad
ilə göndərmişdi. Müdirin də, başqa təşkilatların da bizə ümid bəsləməyə
əsası, həm də möhkəm əsası var idi, çünki biz, bu il pedaqoji təhsili bitirən
cavanlar odlu həvəs və uca bir ideal ilə kəndlərə gedirdik.
Buraxılış gecəsində hökumətin kənd müəllimlərinə təbrik müraciətini
oxudular. Respublika maarif komissarı bizə öz övladı kimi üz tutur, ata
nəsihəti verirdi:
- Cavan müəllimlərimiz, - deyirdi, - cəhalət və savadsızlıq ilə mübarizə
cəbhəsinə gedirlər. Onlar uzaq kəndlərimizdə maarif işığı yandırmağa, şura
hökumətinin gətirdiyi yeni həyatı camaata başa salmağa gedirlər. Gərək
unutmasınlar ki, zəhmətkeş kəndlinin hörmətini qazanmaq birinci vəzifədir.
Kəndli sizə inanmasa, nə sözünüzə məna verər, nə də ixtiyarınıza uşaq
verər. Gərək onun qəlbinə girəsiniz, özünüzü sevdirəsiniz. O da nə ilə olar?
Xoş rəftar ilə. Kəndlinin uşağına öz uşağın kimi bax! Təmiz, mərifətli,
dərrakəli, təvazökar dolan!
Müəllim kəndlinin əli qələmli dostudur. Kəndli ona həm uşaq
tapşıracaq, həm məsləhət eləyəcək, həm də çoxlarına demədiyi dərdini
150
deyəcək. Ən xırda, ehtiyatsız bir hərəkət onu kəndlinin gözündən elə sala
bilər ki, gənc müəllim baş götürüb qaçmağa məcbur olar. Kəndə
gedənlərimizin birinci vəzifəsi hörmət, etibar qazanmaqdır. Sizin maarif
xadimi kimi nüfuz qazanmanız hampanı, mollanı, falçını tamam nüfuzdan
salacaq, kəndlinin gözünü açacaq. Bu da maarifin vacib işidir. Sizə bu yolda
uğurlar olsun! Gedin, balalarım!
Komissarın sözləri bizə elə təsir etmişdi ki, gecəni də rahat yatmır,
həyəcan keçirirdik. İstəyirdik səhər tez açılsın, qatara oturub təyinat
yerimizə gedək, böyüklərimizin ümidinə layiq iş görək.
Təkcə biz yox, maarif şöbəsinin işçiləri də həyəcan keçirirdilər. Biz
yürüşə gedən əsgər idiksə, onlar cəbhəyə qoşun aparan zabit vəzifəsində
idilər. İdarə xalis bir sərbəstlik ştabı idi. Gecə də çıraqlar yanır, telefonlar
səslənir, maşınkada əmrlər, müraciətlər, məktublar, proqramlar çap
olunurdu. Tərəddüd kəsilmirdi...
Belə həyəcan ilə getmiş, həm də uzaq kəndə getmiş bir gənc müəllimin
bu tezliklə qəfildən qayıdıb gəlməsi əlbət ki, təəccüblü idi. Maarif müdiri
məni idarəsində görən kimi sorğu-suala basdı: - Niyə gəlmisən? Nə gəzirsən
burada? Kim icazə verib? O zaman bele hadisələr olmurdu. Daha doğrusu
çox nadir olurdu. O da mənim başıma gəlmişdi.
Maarif müdirinin təhdidli və təkidli suallarına necə, nə cavab verdiyimi
deməzdən qabaq istəyirəm söhbətimizin əvvəlinə, kəndə getdiyim günlərə
qayıdam.
Mənim təyin olunduğum Yarpızlı kəndi təbiətin ən gözəl guşəsi idi. İki
təpə arasında yerləşmişdi. Ortadan, dərin dərədən göz yaşı kimi duru, buz
kimi soyuq çay axırdı. Bəri yamacda dərə başı yuxarı sıralanmış kənd evləri
uzanıb gedirdi, o biri yamacda da qarağac, palıd meşəsi. Bəri yamac açıq. O
biri yamac uca və qoca ağaclarla örtülü idi.
Bəri yamac güney, o birisi quzey idi... Dərədən qalxaraq meşəyə girən,
cığıra bənzər oğrun yollar sıx ağaclar içində itib gedirdi. O yollara ancaq
yerlilər bələd idi. Kənar, nabələd adam getməyə ehtiyat edərdi.
Kəndlilər müəllimi çox mehriban qarşılayırdılar. Yetirən kimi bizə
mənzil düzəltdilər. Dəstə-dəstə görüşümüzə gəlib, xoş gəldin elədilər.
Min bir arzu, min bir həvəslə mən kənd məktəbinin səkkizinci sinfində
hesab dərsi deməyə başladım.
Nə olaydı, insanın ilk əmək günlərinin eşqi, həvəsi həmişə qalaydı!
Yorulmaq, usanmaq bilmədən gecəni gündüzə qatıb, dərs dediyim günlərin
151
hərarəti heç bir zaman damağımdan getməz. Sinif jurnalını qoltuğuma
vurub, məğrur addımlarla dərs otağına girəndə, 40-45 uşağın gurultu ilə
ayağa qalxdığını, gülər üzlə öz müəllimlərini süzdüyünü görəndə, bir işarə
ilə hamının quzu kimi sükuta dalıb əyləşdiyini görəndə mən özümü
dünyannın ən bəxtiyar adamı sayırdım.
O biri tərəfdən də, etiraf edim ki, dizlərim əsir, ürəyim qəfəs quşu kimi
çırpınırdı. Qarşımda əyləşən uşaqların hərəsi bir evdən gəlib, hərəsi bir
kişinin övladıdır. Hərəsi mənə bir nəzər ilə baxır, hərəsində bir fikir oyanır.
Mümkündür ki, bunlar axşam evlərinə qayıdanda mənim söhbətimi
salacaqlar. Valideynlərinin "təzə müəllim" haqqında sorğularına kim bilir nə
cavablar deyəcək, nə xasiyyətnamə verəcəklər?
"Ən xırda, ehtiyatsız bir hərəkət onu kəndlinin gözündən elə sala bilər
ki, gənc müəllim baş götürüb qaçmağa məcbur olar..."
Bu böyük sözlər mənim qulağımda daha qüvvətlə yenidən səslənirdi.
Ona görə yerişimə də diqqət edir, sinifdə uşaqlar qarşısında gülməyə də
ehtiyat edirdim. Bütün günü və gecəni şəhərdən gətirdiyim məsələ və misal
kitablarını qabağıma töküb varaqlayır, dərs hazırlayırdım. Çalışırdım ki,
dediyim dərs təzə, həm də nöqtəsinəcən uşaqlara aydın olsun.
O zaman müəllim az idi. Seminariya bitirmiş müəllimi təcrübəli
müəllimlərdən üstün tuturdular. O vaxt elə idi, bilmirəm niyə elə idi, amma
elə idi.
İlk dəfə sinfə girməyin, gurultu ilə ayağa qalxan məktəblilərə salam
verməyin nə demək olduğunu ancaq müəllimlər bilərlər. Kim desə ki, o
günkü sevincin həddi-hüdudu var, yalan deyir.
Özü də sinif nə sinif! Cərgələnmiş sıralarda bostan şamaması kimi
sağlam, əlvan, bir-birindən ədəbli, sakit, yaraşıqlı uşaqlar əyləşib, təzə
müəllimlərinin nə deyəcəyini, necə deyəcəyini aramsız gözləyirlər. Mən bu
uşaqlara cəbr, həndəsə dərsi, riyazi düsturlar öyrədəcəyəm. Qocaman
müəllimlərdən, qalın-qalın kitablardan öyrəndiklərimin hamısını
nöqtəbənöqtə, lap elə indi, birinci dərsdə uşaqlara demək, öyrətmək
istəyirəm. Taxtada yazdığım düsturları həll edərək, nəticəsini söylədikcə
intizarla əyləşən uşaqların simasında maraq işığını görməyə tələsirdim. Bir
diqqət, bir sevinc, bir təbəssüm hiss etdikcə, böyük hünər göstərmiş kimi
qürur ilə sinifdə var-gəl edir, rəqəmlərin, kəmiyyətlərin sirlərini, "neylərik"
cavabını şirin-şirin danışmaq istəyirdim.
152
Qabaq sıralarda ucaboy, ağbəniz, uzunsaç, qaragöz bir qız əyləşmişdi.
Zivər, sanki bu 40 uşağın içində Kəhkəşanda parlaq bir ulduz kimi seçilirdi.
Mən onun adını jurnalda oxuyanda xüsusi bir həzz alırdım. Mənə elə gəlirdi
ki, bu qıza ən münasib ad qoymuşlar.
Bir gün, iki gün, üç gün...
Yox, mən bu ucaboy qızı başqaları kimi görə bilmirəm, başqalarına
baxdığım kimi baxa bilmirəm. Zivərin hər sözü, hər hərəkəti mənə ideal
görünür. O, suala cavab vermək üçün ayağa qalxıb iki kəlmə danışanda
yanaqları pul kimi qızarır, qız təhərdən-təhərə düşür, bir günah işləmiş kimi
özünü itirir, taxtada yazdığı düsturları dürüst və cəld həll etsə, nəticəni
gözəl danışsa da, başını qaldırıb üzümə dik baxmır, xəcalətli kimi yerə
baxa-baxa keçib sırada əyləşirdi. Zivərin ağ, enli üzü, cazibəli olması,
badam gözləri nəinki dərsdə, evdə, istirahətdə, yamacda, təbiət seyrinə
daldığım vaxtda da məni tərk etmir, sanki izləyirdi. Aşkar görürdüm ki, bu
qızın adı gələndə mənim halım dəyişir. Zivər ürkək ceyran kimi başını
çevirərək, o yan-bu yana baxdıqca xurmayı, qalın hörükləri kürəyində, ağ
ipək köynəyinin üstündə yol axtaran əfi ilan kimi qıvrılırdı. Bu isə qıza
xüsusi məlahət verirdi. Dərsdə nəzərlərimiz rastlaşanda bilmirdim nə hala
düşürəm. Şimşək çaxmış, ildırım vurmuş kimi, sinif başıma dolanırdı.
Tənəffüsdə, müəllimlər zarafatlaşdığı yerdə mənim gözlərim eyvandan
yığışmırdı.
Az qalırdım bu beyti oxuyam:
Səndən ayrı yüz qəmü dərdü məlamətdir mənə.
Nə xoşam, nə naxoşam, bilməm nə halətdir mənə!
Hansı bir hiss isə mənə deyirdi ki, Zivərin halı səninkindən qalan deyil.
Biz rastlaşanda hər ikimiz rəng verib rəng alırdıq. O baxanda mən, mən
baxanda o, gözünü yayındırırdı. Lap bu dəqiqələrdə müəllimlərimizin
böyük sözü qulaqlarımda daha ucadan səslənirdi: "Ən xırda, ehtiyatsız bir
hərəkət onu kəndlinin gözündən elə sala bilər ki, gənc müəllim baş götürüb
qaçmağa məcbur olar!.."
Mən indi çətin bir işə düşmüşdüm. Od ilə su arasında, vəzifə ilə arzu,
şüur ilə hiss arasında mat-məəttəl qalmışdım. Güman edirdim ki, bəzi
uşaqlar da bizim münasibətimizdəki qeyri-adiliyi duymuşlar. Gah
153
mənə və gah Zivərə baxan bir uşağın yanındakına nəsə pıçıldadığını bir dəfə
aşkar gördüm.
Mənim üçün bundan ağır töhmət, məzəmmət ola bizməzdi. "Rüsvay
oldum, ilahi!" Müəllimin öz tələbəsilə bu rəftarını eşitsələr, aləm yığılıb
mənim üzümə tüpürməzmi?.. Xeyr, mən burada işləyə bilmərəm. Oxum
daşa dəydi. Mən getməliyəm!
Deyə bilərəm ki, ömrümün ən xəcalətli dəqiqələrini yaşayırdım. Qəlbim
od ilə, köz ilə dolmuşdu ki, bu saat vücudumun yanıb külə dönəcəyini zənn
edirdim. Başımdan tüstülər, dumanlar qalxırdı. Xəyalımda bir adı ən böyük
hərflərlə yazır, pozur, təkrar yazırdım. Bildiyim əlifbaların hamısı ilə, ən
zərif, ən əlvan xətlərlə yazır, sonra da bir kəs bilməsin deyə, amansızlıqla
pozurdum. Yanımda nə anam, nə bacım, nə bir ürək sirdaşım! Dərdimi bir
kəsə deməyə cürət etmir, dərsdən sonra havalı kimi dinməz-söyləməz kənd
küçələrində hərlənirdim. Görən də yəqin ki, rişxənd ilə baxıb deyirdi:
"Riyaziyyatçı!"
Kaş mən Yarpızlıya üz döndərməyə idim, səkkizinci sinfə ayaq basmaya
idim!..
- Yox, mən getməliyəm!.
Təcili iş üçün müdirdən izin aldığım tutqun bir payız səhərində Kaqorun
məxməri faytonuna oturub, yeknəsəq zınqırov səslərinin ahəngilə dağları
tərk edirdim. Əzizindən, vətənindən ayrılmağa məcbur edilənlərin əhval-
ruhiyyəsilə kor-peşman şəhərə qayıdırdım. Bulud kimi tutulmuş, qış günü
kimi qaralmışdım. Deyəsən kürəyimdən, ürəyimdən iti xəncər vurmuşdular.
İsti yaramı bağlamağa, sağalmağa, bəlkə də daha belə yaralar almağa
gedirdim.
Nə olur olsun mən vəzifəmin ləyaqətini saxlamaq üçün qəlbimin səsini
boğmalı, Zivəri unutmağa çalışmalıyam.
Bu, əlbəttə çətin idi. Ancaq müqəddəs müəllimlik vəzifəsinə yenicə
qədəm qoyan bir cavan üçün zəruri idi. Gedirdim, ancaq gözlərimi ar-
xamda qoyub gedirdim. Qəlbimi, arzumu, hissimi, gələcəyimi, bəlkə də
bütün varlığımı dağlarda qoyub gedirdim. Arxadan qarlı təpələrin, qara
meşələrin, qıvrım yolların dalında bulaq sularının mülayim şırıltıları
arasından məni həzin bir çağırış, bir nida səsləyirdi. Bu, həya və ismə-
tindən pul kimi qızaran gözəl bir mələyin məyus gileyi, şikayəti idi. Mən bu
səsi hər dəqiqə eşidirdim. Zehnimdə iki hiss çarpışırdı. Biri deyirdi: qayıt,
toxta, işlə, məhəbbətinə çarə, yol axtar. Biri də deyirdi: yox, özünü də,
Zivəri də rüsvay etmə, adını, müəllimlərinin nəsihətini uca tut!
154
Şəhərə qayıdandan sonra maarif müdiri məni uşaq kimi qabağına qoyub
danladı.
- Niyə gəlmisən?
- Nə gəzirsən burada?
- Sənə kim icazə verib, kim?
Müdir hiddət və heyrətlə üzümə baxır, qayıtmağımın səbəbini təkidlə
soruşur, cavab gözləmədən hökmünü verirdi:
Bəzi cavanlar görəsən niyə bir yerdə bənd almırlar? Bunlar nə istəyir, nə
axtarırlar? Təyinat dəyişməkdən yorulduq. Bilmirəm nə sayaq eləyək!..
- Mən kənddən qaçmıram, daha uzaq yerlərə getməyə razıyam!
Əlbət ki, mənim dilim qısa idi. Açıq danışmağa, sirrimi deməyə də
üzüm yox idi. İndi hara göndərsələr, gedəsi idim. Elə də oldu. Müdirdən
təzə vəsiqə alandan sonra bir kömürçünün qatırını kirayə elədim. Qabaq
təpə dağlarına üz tutub, arxama baxmadan getdim. O gedən getdim...
Həyatın təbii qanunları sakit axan sel kimi hər bir istəkdən, arzudan,
ehtirasdan güclü olur. Fəsillərin dövrünü dayandırmaq mümkün olmadığı
kimi, bu qanunların da məcrasını dəyişmək mümkün olmur.
Oddan götürülmüş köz kimi mənim Zivərə olan məhəbbətim zaman-
zaman soyudu, söndü, nəhayət, unuduldu. Ömrün sərt ruzgarı bizim
hərəmizi bir tərəfə yönəltdi, həyatın mürəkkəb, dolaşıq, çətin yollarında
atıb-tutdu, sınaqlara saldı, böyütdü, bərkitdi.
Nə mən onu axtarır, nə o məni soruşurdu. İlk və son görüşümüz həzin
bir xatirə olaraq qalırdı.
2
İndi bu hadisədən otuz il keçmişdir. Mən indi böyük bir ailənin
başçısıyam. Zivər haqqındakı xatirələrim nə qədər əziz, nə qədər şirin olsa
da, bunları dilə gətirməzdim, əgər bir münasibət olmasaydı.
Qapının zəngi çalındı. Kiçik oğlum qapını açan kimi qonaqları içəri
buraxdı, cəld otağıma qaçdı:
- Ata, qonaq gəlib!
Uşaq evimizə gəlib-gedənləri tanıyırdı. Tanımadığı adamlar gələndə
qabaqcadan mənə xəbər verməyi adət etmişdi: "Filan əmi, filan
155
xala". Yox, "qonaq gəlib" - deyəndə bildim ki, nabələd adam olacaq.
Gələnlər iki qadın, iki kişi idi. Dəhlizdə dayanıb, ev sahibindən rüsxət
istəyirdilər. Mən onları qarşılayıb əl verdim, xoş gəldin eləyib dedim:
- Buyurun, buyurun içəri!
Qonaqlar əyləşdilər, ətrafa nəzər saldılar. Onlar məni, mən onları seyr
etdiyim dəqiqələrdə evdə uzun sünnəsi mümkün olmayan soyuq bir sükut
hiss olundu. Deməyə bir söz tapmaqda çətinlik çəksəm də, sükutu pozmağı
lazım bildim:
- Necəsiniz, əhvalınız necədir, təzə xəbərdən-zaddan nə var, nə yox?
Mən bu ümumi, bəlkə də mətləbsiz, mənasız suallarımla qonaqları
dindirmək istəyirdim.
Güləşqabaq qadın cavab verdi:
- Əhvalınız yaxşı ölsun!
Qadın sanki mənim sualımı gözləyirmiş. Dərhal səsinin ahəngini
dəyişərək, gözlənilmədən mənə sual verdi:
- Müəllim, yəqin ki, bizi tanımadınız?
Bu sözdən sonra mən qonaqlara diqqətlə baxmağa məcbur oldum.
Müəllimlik sənətinin bir gözəlliyi də budur ki, böyüyüb ərsəyə gələn
gənclər arasında həmişə, hər yerdə şagirdlərinə rast gəlirsən. Sən unutmuş
olsan da, gənclər hafızəli olur, səni unutmurlar.
Mən qonağın üzünə diqqətlə baxanda dumanlı xəyal, ya yuxumu, nəsə
bir şey xatirimdə işıq kimi cilvələndi:
- Deyəsən sizi...
- Bəli, siz bizə dərs demisiniz.
"Dərs" sözünü deyəndə qadının səsindən, ahəngindən, otuz il əvvəlki
bakir gənclik xatirələrinin nisgilindənmi, nədənsə, hər şey nəzərimdə
canlandı:
- Sizin adınız, bağışlayın, Zivər deyilmi, Zivər xanım?
- Bəli, yaxşı tanıdınız, şükür ki, hafızəniz kəsərlidir!
Qadın, adına əlavə etdiyim "xanım" sözünün məhz əlavə olunduğunun
mənasını yaxşı başa düşdü.
Doğrudur, mən qonağın adını soruşdum, zənnim də düz çıxdı, amma
nədənsə, ürəyim döyünməyə, yenə də otuz il əvvəlki kimi halım dəyişməyə
başladı:
- Mən şagirdlərimi, sinfimdə bir dəfə oturub dərsimi dinləyənləri
adı ilə olmasa da, simasından fövrən tanıyıram. Hələ ki, tanıya bilirəm...
156
Bəli, bu həmin gözəl qız səkkizincidə oxuyan ucaboy, ağbəniz, uzunsaç,
qaragöz qızın özü idi. Bu həmin Zivər idi. Üçdə bir əsrlik zamanın uzun və
tozlu yollarından keçib gəlmiş Zivər idi. Zivər indi ahıllaşmış ana, kübar,
abırlı bir qadın idi. Daha o xurmayı hörüklər yox idi. Kəsilmiş xınalı
saçlarını yana ayırmış, başına tirmə şal salmış, ağır, təmkinli, nurani bir
görkəm almışdı. Rəngi qaralmış, sifəti kiçilmişdi. Zamanın qələmi oraya
çox yazıb-pozmuşdu. Gərdəni nazilmiş, qabağa doğru bir qədər əyilmişdi.
İşığını saxlamış, mənası bəlkə bir az da dərinləşmiş qara gözlər həmin
gözlər idi. Baxışı və xüsusən ani təbəssümü həmin idi.
Mən, məsum simasında ilk məhəbbətin qığılcımlarını gördüyüm bu
adam ilə görüşdən çox məmnun idim. Onu dinlədikcə güman edirdim ki,
otuz il əvvəlki maarif müdirinin məzəmmətini təkrar-təkrar eşidirəm.
Bunların, bu sözlərin indi mənim üçün məzmunu dəyişmişdi. Töhmət yox,
şirin xatirə kimi mənə ləzzət verirdi.
Zivər xanım bizim evə elçi gəlmişdi. Yoldaşlarının müxtəsər dediyi
xahişdən sonra özü gənclərin gələcəyindən xeyli sevinc, arzu-kam ilə
danışdı, oğlunu mənə təqdim etdi:
-Urfan da Həqiqət ilə bir yerdə oxuyur. Hər ikisi neft mühəndisiolacaq,
hər ikisi komsomolda, hər ikisi həmdərs, ürəkləri bir-birini tutub, ulduzları
barışıb, tale gözəl gətirib, xoş görüşdürüb. Biz valideynlərin də borcudur ki,
xeyir-dua verək. Bu bir təklif üçün cəsarət eləyib, hörmətli müəllimin
qapısına gəlmişik. Ümidvarıq ki...
Mən qonaqlardan icazə alıb çıxdım. Həqiqətin anasını çağırdım. Qızın
rəyini soruşdum...
...Zivər xanım dik-dik mənim üzümə baxdı. Sanki hamı bunu gözləyirdi.
Bütün məclis mənə tərəf döndü.
Zivər xanım daha utancaq kənd qızı deyil, təcrübələrilə tanınmış olan bir
kimyaçı idi. Onun xahişini də, tələbini də dinləmək mənə xoş idi.
Mən düşünürdüm ki, həya, ismət, tərbiyə naminə vaxtilə gizli qalan
məhəbbətdən sonra bir cüt gözəl fidan göyərmişdir. Bunların təmiz, təbii
istək, məhəbbətlərinə müqabil nə demək olar?!
- Xoşbəxt olsunlar!
Hamı ucadan bu sözü təkrar etdi:
- Çox mübarək!
1958
|