Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,54 Mb.
Pdf görüntüsü
səhifə9/54
tarix30.12.2021
ölçüsü2,54 Mb.
#18854
1   ...   5   6   7   8   9   10   11   12   ...   54
BOSTAN OĞRUSU 

Gecənin bir aləmində Durmuş kişi yerindən qalxıb, ətrafa göz gəzdirdi. 
Axşamkı qaranlıq, ayaqlanan palçıq kimi bərkimiş, qatılaşmışdı. Göz gözü 
görmürdü. Qardaşı  Kərbəlayı Tapdığın üzüm bağı bir ləkə kimi güclə 
seçilirdi. Hava bürkü idi. Hər şey əriyirmiş kimi, göy yerə qarışmışdı. 
-  İş yiyəsi işdə  gərək! - deyən Durmuş kişi çoxdan bəri suvarıl-
madığından qurumuş  və torpağı çatlamış  ləklərin arası ilə gedirdi. Quru 
otlara, yemiş tağlarının süfrə kimi enli yarpaqlarına dəyib, səs salmamaq 
üçün  şalvarını dizinə  qədər çırmadı, papağını qoltuğuna vurub, sinə-sinə 
yeridi. Sonra özünə ürək vərməyə başladı: "Heç qorxmaq istəməz! Yatıbsa, 
işim işdir. Oyaq olsa, deyərəm: "Söhbətə gəlmişəm. Tutdu hənək, tutmadı 
dəyənək!" 
Kərbəlayı Tapdığın dəyəsinə yaxınlaşanda qulağına səs gəldi. Deyəsən, 
haradansa: "Ey-hey-hey, ey!" çağırırdılar. Qızılgül kollarının dibinə çöküb, 
qulaqlarını  şəklədi. Bir şey xışıldayırdı. Durmuşun fıkrinə  gəldi ki, "kişi 
pusquda dayanmış olar, məni oğru bilib, doldurar qırmanı qarnıma". Bu 
fikir çəkic kimi onun başına dəydi, bədənini odlandırdı. Kişi diksindi. 
Ayağa qalxıb, qardaşını səsləmək istədi. Bir dəqiqə də gözlədi. Xışıldayan 
şeyin kərtənkələ olduğuna inandı. 
Heyvan, Durmuşun vedrəyə oxşayan gövdəsini görüb hürkmüş, rahatsız 
olmuşdu. 
Durmuş  dəyənin yanında barmaqları üstə yeriyib, xəyal kimi səssizcə 
Kərbəlayı Tapdığın yatağına yanaşdı. Kişi  şirincə yuxuda xoruldayırdı. 
Əyilib, Tapdığın üzünə diqqətlə baxdı. İnandı ki, "yeddi gün, yeddi gecə!" 
div yuxusuna gedib. Kərbəlayının plov yeməkdən böyüyən ağzı elə geniş 
açılmışdı ki, oraya dolan yuxunu yeddi gün, yeddi gecədə ancaq həzm edə 
bilərdi. 
Durmuş özünü tənəklərin arasına verdi... 
Kərbəlayı Tapdığın bağında bir lək yaylıq üzüm var idi. Bu xırda, 
yumrugilə, ağ,  şirin, sıxsalxım üzümdür. Tez yetişdiyinə görə novar olur, 
çox sevilir, az tapılır, baha satılır. Neçə ildir ki, Kərbəlayı Tapdıq altı 
tənəkdən altı salxım üzüm dərə bilmirdi. Üzümləri gülünü tökər-tökməz ala-
qora vaxtında yoluşdurub aparırdılar. Kərbəlayı xəbər tutanadək bir salxım 
da qalmırdı. Arvad onu çox danlayırdı. Axırda özü də hirsləndi. 
  


38 
 
- Canım, - dedi, - belə  şey olmaz axı, görüm bu zəhrimara dadanan 
kimdir? Onun qarnını yırtmasam, mən Kərbəlayı Tapdıq deyiləm... 
Oğlunu, nökərini də göndərmədi. Üzümlər gül tökəndə iyun ayının 
axırlarında yorğan-döşəyini götürüb bağda, dəyədə yatardı. Niyə  də 
yatmasın? Qoruya bilsə, tənəkdə bir pud üzümü var. Qol-qanad açıb, isti 
torpaqlarda yatan tənəklər bulud kimi dolu salxımlar verir. Dolmalıq vaxtını 
ötən və baş qaldırıb tac kimi şax duran yarpaqlar, sanki günəşin almaz 
zərrələrini, sabahın ilhamlı  təranələrini sorub salxımlara və  şəffaf gilələrə 
doldurur. Yarpaqlar yaşıl ətəkləri ilə salxımları örtüb bəsləyir. Salxımlar isə, 
pərvazlanmış quş kimi, yuvasına sığmayıb kənara boylanır, quşları çağırır 
və bəlkə də yoldan ötənlərə zavalına gəlir... 
Üzüm, nə üzüm! Şəkər kimi şaqqıldayır, diş vuran kimi şirəsi keçir, 
ürəyə axır, gözə  işıq, dizə taqət verir. Tənəklərdən sallanan salxım deyil, 
onluq çervonlardır. 
Vaqon pəncərələrindən baxan bəzəkli xanımların gözü bu üzümə 
sataşdımı, deyəcəklər: "Vinoqrad davay!" Belə olanda hansı axmaq güzəştə 
gedər? Mən də deyəcəyəm: "Kilosuna ədin çervon davay!" 
Bu ağıllı fikirlər yalnız Kərbəlayı Tapdığın başına gəlməmişdi. "ürəkdən 
ürəyə yol var" deyərlər. Bunları Durmuş da yaxşıca kəlləsinə vurmuşdu. 
Gecənin bu vaxtında, porsuq kimi tənəklərin arasına soxulub, salxımları 
şirin yuxusundan oyadan və yoluşduran Durmuş da hər salxımdan "bir 
çervon" gözləyirdi. Fikirləşdi ki: "Atadan mənə biri çatı da düşmədi, 
boğazıma salım. Böyük qardaş (Kərbəlayı Tapdıq) mənə  kəbin kəsdi, 
hamısını içəri ötürdü, məni məğmun elədi. Qapısında bir donuzu əskikdir. 
Bağı özünə bəsdir. Heç olmasa bu yaylıq üzümü də mənə çatmazmı?" 
 

 
Durmuş "işini" görüb, bostanına qayıtdı. Üzümü yerbəyer elədi. Bir gilə 
də  ağzına qoyub, şirinliyindən dodağını marçıldatdı. Bu üzüm, cavan 
vaxtında min bir qorxu və ürək döyüntüsü ilə gecə  xəlvət görüşündə 
nişanlısından aldığı "haram öpüş" kimi ləzzətli idi. 
     Həmlələr pozmuş, qoşun sındırmış, qala fəth etmiş  əsgər sevinci ilə 
Durmuş yatağına girdi. 
  


39 
 
Kərbəlayı Tapdığı elə bir yuxudan oyatdılar. Qaranlıq, sakitlik, yalnızlıq 
idi. Nağıllarda söylənən tilsimli gecələr Tapdığın yadına düşdü. Göyə baxdı. 
Səliqəsiz səpilmiş ulduzlar ona qızıl onluqları xatırlatdı: "Nə ola, bu qızıllar 
göydən qopa, qızıl yağışı yağaydı. Nə qapaqap olardı, fələk! Qıllı papağımı 
başıma basıb, bir yüzcə  dənə  yığsaydım, bir təhər olardım.  Şəhərin 
göbəyində bir mülk alardım, ya da Namazlıların bağını ələ keçirərdim, ildə 
on beş-iyirmi min manatlıq təkcə "Təbriz üzümü" satardım. Onda Durmuş 
da paxıllığından çatlardı... Qoy onda mənimlə ha bəhsə girişsin!.." 
Kərbəlayı Tapdıq bu dadlı  xəyalını udmamışdı ki, nökər qulağına 
pıçıldadı: 
- Vaxtdır! Vaxt keçir! 
O, yerindən qalxdı, işarə ilə nökərə qandırdı: "Sən o yandan gəl!" 
Özü ağaxların arasından dərəyə endi. Durmuşun bostanına keçdi. 
Bağ da, bostanın yeri də qardaşlara atadan qalmışdı. O zaman ayrılanda 
nə təhər oldusa, Durmuş xali yer yiyəsi oldu. Atıldı, düşdü, çığır-bağır saldı; 
şəriət yanında, yüzbaşı yanında sözünü eşitmədilər. 
Ovladığı bir qazı  ətəyinin altında axunda peşkəş apardı. Sən demə, 
Kərbəlayı Tapdıq da axunda ağzında bir qızıl onluq göstəribmiş. Bağ davası 
başlananda axund istiot kimi tündləşdi. Kərbəlayı Tapdığın sözünü 
təsdiqlədi. Durmuşun üstünə qışqırdı: 
- Qaz boynu kimi boynunu uzatma! Kişi ağzında qızıl kimi söz danışır! 
Durmuş başını aşağı salıb dedi: 
- Eybi yoxdur! Qoy böyük qardaş bağa yiyələnsin, can sağ olar, 
mən də o xali yerin torpağını qızıla döndərərəm. Heç eybi yoxdur!.. 
Durmuş doğrudan da dediyini edirdi. Qanqallı, tikanlı, sarmaşıqlı yerin 
torpağını atım-atım edib, un kimi elədi. Yaxşıca arx çəkdi, su çıxartdı. 
Yerin ərafına iki cərgə meyvə ağacı əkdi. Yeri isə hər il dirlik bostan edib, 
çoxlu mənfəət götürürdü. Səliqə ilə  əkilmiş, taxtalanmış bostan yaz vaxtı 
Quba xalçasına bənzəyirdi. Yaşıl, cavan alma, armud, ərik,  əncir ağacları 
saçaq kimi sallanıb sıxlaşırdı. 
Durmuşun bostandan dəsmal-dəsmal pul götürməyi, hələ bağ salmaq 
fikrinə düşməməyi Kərbəlayı Tapdığı narahat edirdi. Fikrinə gəlirdi ki: "Bu 
gədə məni ötəcək, mənim var-dövlətim yalan olacaq..." 
Kərbəlayı Tapdıq bu dərdi sinirə bilmirdi. Durmuşa badalaq qurmağa 
çalışırdı. 
  


40 
 
Son zamanlarda gözünü onun yemişlərinə dikmişdi. Dəfələrlə gündüzlər 
kiçik qardaşının bostanına keçib "əhvalpürsanlıq" bəhanəsi ilə yemişləri 
belləmişdi.  İki-üç kisə yemiş "daş-baş" eləyib satdırmaq, bostanın 
xeyrindən "feyziyab" olmaq iştahasında idi". 
Gündüzdən nökəri öyrətmişdi ki, kisə götürüb, bağa gəlsin. 
Yemiş tağları göyləri  əmib, yerləri sormuş,  ərköyün oğlan kimi köks 
gərib, qol-qanad açmışdı. 
Tağların hər qolunda bir neçə yemiş böyrünü sərin torpağa verib, kotana 
qoşulmalı cöngə kimi yatırdı, sanki göyşəyirdi. Qalın və  şax yarpaqları, 
başında boşqab kimi tutan uzun zoğlar deyil, qonaqcıl gəlin biləkləri idi. 
Yemişlərin bəzisi qaraqabaq adamlar kimi burnunu yerə dikmişdi. Çoxusu 
ağaran qabarıq gövdəsi ilə yelkənə bənzəyirdi. Eləsi də vardı ki, yupyumru 
şamama kimi... 
Kərbəlayı Tapdıq bellədiyi tağların dibinə sindi. Nökərə him elədi: 
- Çırpışdır! Nə durmusan? 
Çopur, ağır və böyük yemişlərə  əl dəyən kimi tağdan üzülürdü. Bəzi 
yemişləri tağdan üzmək çətin idi. Toy və  bəylik günləri Tapdığın gözü 
önünə gəldi. Xəncəri çəkib, yemişlərin saplağını kəsdi. 
Yemiş, nə yemiş! Öz-özünə tağda cathacat cırılan yemiş! 
Tapdıq dayaz ləklərdə sürünə-sürünə yemişləri seçib dərir, nökər isə 
kisəyə  yığıb, dərəyə endirirdi. Çox çəkmədi tağlar boşaldı, kisələr doldu. 
Dan yeri sökülməkdə idi ki, onlar kolların arasında itdilər. 
 

 
Səhər açılmış, gün xeyli qalxmışdı. Hər gün dan üzü yuxudan duran 
qardaşların heç biri yatağından qalxmaq istəmirdi. Azar dəymiş kimi, 
yataqda o yan-bu yana çevrilirdilər. Hətta Kərbəlayı Tapdığın  yatağını gün 
döyürdü. Dözmək mümkün deyildi. Yerini divarın dibinə çəkdi, başını yerə 
qoydu, gözünü yumdu, qulağını bostana tərəf şəklədi. Ona elə gəlirdi ki, bu 
saat Durmuşun hay-küyü qopacaq. "Qoy gəlib məni yatan görsün". 
Durmuş da qalxmır, gözləyirdi ki, Tapdıq "üzümlərim vay!" - deyəndə, 
gümanı bu tərəfə  gəlməsin. Gəlsin məni yatağımda görsün.  Mən də 
yuxudan indicə oyanmış kimi, gözümü ovuşdura-ovuşdura  qalxım, 
heyrətdə qalım..." 
  


41 
 
- Nə olub, dadaş, nə xəbərdir? - deyə o, yoldan ötənlərə baxmaq üçün 
yerindən boylandı. Yemiş tağları gözünə bir təhər gəldi. Diqqət edəndə 
şübhəsi artdı. Yerindən sıçradı. Şalvarı dizinə çəkib yüyürdü. 
Yanılmırdı, bellədiyi Carco yemişlərindən biri də qalmamışdı. Ləklər 
ələk-vələk edilmişdi. Tağlar güllələnmiş igid kimi üzü üstə  sərilmişdi. 
Gözünə inanmadı. Bir də yoxladı,  əli ilə tağları çevirdi, ayağı ilə torpağı 
eşələdi. Onun arasına baxdı. 
- Yox, - dedi, - bostanı pozublar! 
Yoldan ötənlərdən şübhələndi. Yol üstünə qaçdı. Orada gülə-gülə araba 
sürən və at üstündə qucağına quzu alıb aparan kəndlilərdən başqa kimsəni 
görmədi. Qayıtdı. Tapdığa xəbər vermək üçün ləkin qırağında səsləndi: 
- Dadaş, ay Kərbəlayı dadaş, hey!.. 
Onun səsini eşidən kimi Tapdığın dodaqlarında təbəssüm oynadı: "Hə, - 
dedi, - dostumun canına isti keçir ha!.. - O yenə  eşitməməzliyə vurub 
qalxmadı. - Qoy lap özü gəlsin, çağırsın". 
Durmuş mərzi keçib gəldi. Qardaşını yatan gördükdə qışqırdı: 
- Ay dadaş, nə yatmısan, evimi yıxıblar, dur görək bu nə işdir! 
Tapdığı bostana apardı. Ayaqlanan ləkləri, pozulan tağları bir-bir 
göstərib, yana-yana dedi: 
- Gör, bir gör! Gör namərd oğlu malımı  nə günə salıb! Buna bax sən 
allah! Bu tağların hər birində beş-altı yemiş var idi. Biri bir oğula dəyərdi... 
Saxlamışdım el dağdan qayıdana. Vay köpək oğlu, toxumluqları da 
yolubdur. Sənin atan gorbagor olsun! 
Tapdıq baxırdı, özünü heyrətli göstərməyə çalışaraq dedi 
- Heyif! Heyif zəhmətinə!.. Ay canım, səndə də günah var axı! 
Bostanda yatmısan, niyə ayıq olmursan? Bilmirsən ki, oğrular gözdən 
tük çəkirlər? Mən o üzümü güc-bəla ilə saxlamışam. Gecələr yuxunu özümə 
haram eləmişəm. 
Boğazını biçən kədərinə baxmayaraq Durmuş Tapdığın "üzümü güc-
bəla ilə saxlamışam" sözünə içində istehza ilə güldü, öz-özünə dedi: "Ay 
saxladın ha!.." 
Tapdıq qardaşına təsəlli vərməyə çalışdı: 
- Eybi yoxdur, canın sağ olsun!.. 
- Heç sağ olmasın belə can ki, əməyinin məhsulunu itə-qurda verəcək... 
  


42 
 
- Eybi yoxdur. Oğru elə  həmişə  oğrudur. Sən yenə  əkəcəksən, yemiş 
yiyəsi olacaqsan. Amma oğru... 
Durmuş onun cümləsini bitirməyə macal vermədi: 
- Oğrunun namusu əllərdə qalsın!.. Axı buna zəhmət çəkmişəm, 
əlim qabar olub bel vurmaqdan. Xalqlar kimi muzdura, əmələyə 
əkdirməmişəm. Hər yemişə bir gecə yuxusuz qalmışam axı!.. 
Burada Kərbəlayı Tapdıq diksindi. 
Bayaqdan bəri atası, anası söyülürdü. Buna dözürdü, çünki qardaşıdır, 
söyürsə də, yarısı özünə gedir. Durmuş ağzını açıb, arvad söyüşü söyəndə 
kişinin namus damarı dimdik durdu, üzü qızardı, dodağı pörtdü, gözü 
bulandı, bəbəklərində, deyəsən, ildırım çaxdı. Durmuş isə bir də təkrar etdi: 
- Oğrunun namusu əllərə düşsün! Demirmi ki, bunun yiyəsi var?! 
Kərbəlayı Tapdıq qırx yeddi yaşa çatmışdı, heç vaxt belə üzüyuxarı 
namus söyüşü eşitməmişdi. Qan başına vurdu, ürəyinə alov doldu. Əlini 
xəncərin dəstəsinə atıb, qınından siyirmək istəyəndə, bir də qaşlarını çatıb 
fıkirləşdi: "Yaxşı, vursam, deyəcək: "Oho! Oğru sənsən ki!.." Yox, açıb 
ağartmaq lazım deyil..." Boğulmuş bir səslə dedi: 
- Nə lazım yemişdən ötrü namusa söyürsən? Yaxşı deyil! Eşidən olar... 
Durmuş gözünü pozulmuş  ləklərdən ayırmadan bir az da hirslənib, 
özündən çıxdı: 
- Necə yaxşı deyil! Mənim malımı yeyəni söyərəm də, o yana da 
keçərəm. Bu nə sözdür? 
Bu sözlər kürədə qızardılmış kömür kimi bir-bir Tapdığın ürəyinə dəyir, 
onu yandırıb yaxırdı. Ayrı vaxt olsaydı, Kərbəlayı Tapdıq ölüb-öldürməklə 
cavab verərdi. Amma indi vəziyyət elə idi ki, sükutdan başqa çarə yox idi. 
O, üz döndərib getdi. Bağına keçdi. Ayağının altında bir salxım  əzilmiş 
üzüm görəndə diksindi: 
- Niiih! 
Elə bildi ki, kim isə üzümü dərib, bağ yiyəsini görəndə tullayıb qaçıb. 
Bağın  ətrafına baxa-baxa tənəklərə yaxınlaşdı. Yaxınlaşdı, nə gördü! 
Tənəklər sağılmış qoyun kimi durub baxır. Yaylıq üzümü elə təmizləyiblər 
ki, deyərsən günün günorta çağı buradan bir dəstə oğru keçib. Bir zingirə də 
üzüm qalmayıb. Salxımlardan qırılan gilələr ləkin içindəki çuxurlara 
tökülüb.  Tənəklərin yoluq yarpaqları sallanır, 
  


43 
 
budaqlar, soyulmuş adam kimi mat-məyus, boynu çiynində baxır, 
salxımların saplaq yeri göz yaşı tökür. 
Tapdıq, arxası getmiş  və evi yıxılmış ata kimi halsızca diz çökdü. 
Tərpənməyə taqəti qalmadı. Ağır-ağır nəfəs aldı, güclə qışqıra bildi: 
- Gəlin hay, gəlin hay! Gəlin!.. 
 

 
Zərər görənlər kənd sovətinə  gəldilər. Hər ikisi zərərini dedi, əhvalatı 
danışdı. Katib akt yazdı və soruşdu: 
- Kimə gümanınız gedir? 
Durmuş  Ağcanın oğlunu dedi. Kərbəlayı Tapdıq isə Danqır Abası 
yazdırdı. 
Katib yenə soruşdu: 
- Nə bilirsiniz, bəlkə ikisini də bir adam dərib? Tapdıq etimadla cavab 
verdi: 
- Yox, mənim bağımı ayrı adam dərib. 
- Nədən bilirsən? 
- Bilirəm! 
- Bilirsən, bəs niyə oğrunu açıq göstərmirsən? 
- Yox ey, yadımdan çıxdı, bilmirəm! Bilmirəm, yemiş  oğurlayanın 
atasına lənət! 
Məsələni aydın etmək çətin oldu. Danqır Abas həbsdə imiş, Ağcanın 
oğlu isə bir ay imiş ki, kənddə yox imiş.  İş sovetə tapşırıldı, təhqiqata 
verildi. 
 

 
Üç gün sonra, axşamüstü milis Qələndər Quliyev sədrin yanına gəldi. 
- Dur bir tez vağzala çıxaq! - dedi. 
- Yorulmuşam, yenicə  xırmandan gəlmişəm, qılçam gizildəyir, qoy 
dincəlim, - deyə kənd sovetinin sədri cavab verdi. 
- Yox, iş var, gedək! 
- Mən ölüm, qoy bir nəfəsimi dərim! 
- Yox ey, iş var. Tez ol! Qəribə bir iş görəcəksən. 
  


44 
 
Sədr çəkməsini ayağına çəkib qalxdı. Onlar bağçanın içi ilə ötüb, 
çəpərdən  aşıb vağzala keçdilər. 
Zəng səsləndi, səsi ilə də hamını hərəkətə gətirdi. Kimi adamları basa-
basa  əlini kassanın pəncərəsinə yetirməyə can atır, kimi çamadan əlində 
növbətçiyə güc gəlib, dal qapıdan platformaya çıxmaq istəyirdi. 
Dəqiqələr keçdikcə hay-küy artırdı. Adamlar bir-birinə qarışmışdı. 
Ümumi gurultu içində vağzal, istilahları eşidilirdi: 
- Plaskart! 
- Sürət qatarı. 
- Tranzit. 
- Birbaşa. 
- Hara soxulursan? 
Bufetin sağ kənarında balaca bağın qabağındakı vağzal bazarı minikləri, 
çağırılmış qonaq kimi aramsız gözləyirdi. Üzümü səbətlərə düzən, almanı 
yüngül-yüngül çəkib, kağız torbaya dolduran, stəkanı  təmizləyən kim, 
bişmiş kotleti stola düzən, yemişi dilimləyən kim... 
Qələndər sədrin qolundan tutub, bağın qırağına gətirdi. Barmağı ilə 
nişan verdi: 
- Bax, mən ölüm, bir yaxşı bax! 
Tapdıq iki tay Carco yemişini yerə düzməkdə nökərinə kömək edir, 
göstəriş verir, o yan-bu yana baxıb, nökərinə nə isə deyirdi. 
Qaynar su budkasının solunda isə Durmuş qabağına yaylıq üzüm ilə 
dolu balaca bir səbət qoyub, kisəni qılçası arasına almışdı, qorxa-qorxa 
səbətin ağzını bəzəyirdi. 
Sədr baxdı, baxdı, yandı, töküldü: 
- Yazıq Danqır Abas, binəva Ağcanın oğlu!.. 
- Çaqqal baş qopardır, qurdun adı  bədnamdır, - deyə  Qələndər onun 
sözünü təsdiqlədi. 
Qatar gəldi. Adamlar vaqondan töküldülər, qırılmış boyunbağı kimi yerə 
səpələndilər. Yeyənə, içənə, aldığını qoltuğuna vurana, vaqonda gözləyənə, 
sevgilisinə meyvə aparana bax! Pullular alır, mallılar satır, aralıqda qalanlar 
tamaşa edirdilər. 
Tapdıq on iki-on üç yemiş  xırıda vermişdi ki, müştəri azaldı. Üçüncü 
zəng vurulandan sonra qatar yola düşdü. Yemiş alan olmadı. Boylanıb 
budka tərəfə baxanda Durmuşun  əlində yaylıq üzümü gördü, yerindəcə 
donub qaldı. 
  


45 
 
Onların gözü bir-birinə sataşdı: atışan adamlar kimi özlərini 
yığışdırdılar. Diqqətlə bir-birinin üzünə və matahına baxdılar. 
Durmuş  səbəti yerə qoyub, özünü ağacların arasına verdi. Kərbəlayı 
Tapdıq nökərə him elədi: 
- Gəldilər.. 
Özü isə divardan hoppanmaq istəyərkən, bir əlin biləyindən yapışdığını 
gördü. Bu, sovət sədri idi. 
Qələndər isə Durmuşu yaxalayıb gətirirdi. 
Onlar bu iki qardaşı üzləşdirməyə və məsuliyyətə almağa gətirirdilər. 
 
1935 

Yüklə 2,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin