Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,54 Mb.
Pdf görüntüsü
səhifə17/54
tarix30.12.2021
ölçüsü2,54 Mb.
#18854
1   ...   13   14   15   16   17   18   19   20   ...   54
1943 
 
 
İKİ ANANIN BİR OĞLU 
 
O zaman bizim şəhərdə idarələr yerlərini tez-tez dəyişərdi. Uzun müddət 
bir binada qalan idarə az olurdu. Belə idarələrdən biri də çay kənarında, 
balaca bağ içindəki uşaq bağçası idi. Bu bağça mənim yolumun üstündə idi. 
Hər səhər-axşam buradan ötərdim. Ərik və gilas ağaclarının altında oynaşan 
quşlar kimi budaqdan-budağa, səkidən-səkiyə hoppanan uşaqlara tamaşa 
etməkdən doymazdım. Uşaqlıqda bağçada yaşamadığımdanmı, keçən 
günlərin  şirin xatirəsindənmi, nədənsə buradakılara qibtə edər, saatlarla 
taxta məhəccərə söykənib baxardım. 
  


94 
 
Bir dəfə evə qayıdanda, bağça qabağında izdiham gördüm. Hamıda bir 
həyəcan, təəssüf qarışıq sevinc duyulurdu. Adamlar bağçaya baxırdılar. 
Bağça həyəti isə izdihamdan görünmürdü. Hər kəsdən soruşdumsa, 
müəyyən cavab demədilər. Səslər gəlirdi: 
- Su verin! 
- Anasının bəxti üzdə imiş. 
- Dayan bir görək! 
Mən qapı  ağzından səkiyə  çıxıb, həyətə baxdım.  İki qadın oturmuşdu. 
Biri yaşlı, başına ağ dəsmal örtmüş xidmətçi idi. O birisi, tirmə şallı, cavan 
və yaraşıqlı bir gəlin idi. Deyəsən hər ikisi ağlayırdı. Tirməli gəlin lap cavan 
idi. Qucağında uşaq olmasaydı, ona hamı on səkkiz yaşlı  qız deyərdi. 
Halbuki, o, neçə bala böyütmüş təcrübəli qadınlar kimi uşağı öpüb əzizləyir, 
bu qolundan o qoluna verir, bir tərəfdən ovutmaq istəyir, o biri tərəfdən də 
özü ağlayırdı. Bağrına basır, öpür, hərdən başını qaldırıb adamlara baxır, 
ipək dəsmalla gözünün yaşını silirdi. O birisi, ağ dəsmal örtmüş qadın, uşağı 
gəlinin əlindən almaq istəyirdi, ala bilmirdi. 
İçəridən gələn çeşməkli bir kişi hər iki qadının qolundan tutub qaldırdı. 
Onlar pilləkənlərdən çıxıb otaqlara girəndən sonra, adamlar dağılışmağa 
başladılar. Mən tərbiyəçiyə yanaşıb soruşdum: 
- Bacı, o qadınlara nə olub? 
- Heç nə, - dedi, - şükür allaha ki, xata sovuşdu. 
- Nə xata idi? 
Tərbiyəçi mənim marağımı görüb yer göstərdi. Mən pilləkən ağzındakı 
kürsüdə oturdum. O nə üçünsə  aşağı  həyətə düşdü və tez qayıtdı. Sanki 
bayaq dediklərinin ardını danışırdı: 
- Şükür ki, xata sovuşdu. O gördüyün tirməli gəlin uşağın anasıdır. 
Neçə gündür kənddə imiş. Bu gün qayıdıb oğlunu görmək üçün bağçaya 
gələndə, uşaqlar yuxarı mərtəbədə nahar yeyirlərmiş. Uşaq anasının "İdris", 
- deyə səsini eşitcək, sevincək eyvana qaçıb, məhəccərə dırmaşanda, təpəsi 
üstə yerə gəlib. 
- Bir şey olmayıb ki? Salamatdırmı? 
- Necə bir şey olmayıb? O hündürlükdə eyvandan daş  səkilərə düşən 
necə salamat qalar? Uşaq yerə dəysə idi, o saat canı çıxacaqdı. 
Xoşbəxtlik olub ki, Nazimə arvad görüb... 
- Göydən yerə gələn uşağı görməyin bir faydası varmı? 
- Arvadın igidliyinə bax da! Görüb də, uşağı ölümdən qurtarıb da! 
 
  
 


95 
 
- Kimi dediniz? 
- Nazimə! Burada tərbiyəçidir. Nazimə  kənardan bunlara baxırmış, 
uşağın yıxıldığını görəndə, arvad özünü irəli atıb, göydə onu top kimi tutub. 
Özü yıxılıbsa da, uşağa bir şey olmayıb. 
- Deməli salamatdır? 
- Bəli, salamatdır, ona heç nə olmayıb. 
- Bəs gəlin nə üçün ağlayırdı? 
- Necə ağlamasın? Uşağın düşdüyünü görən kimi özündən gedib. 
Ağlamazmı? Mənim ürəyim hələ yerinə  gəlməyib. Uşaq salamat 
qurtaranda, elə bil, dünya bizim oldu. Adam istəyir yaxşılıq olsun, ürəklər 
xoş olsun! 
"Nazimə!"  Bu  ad  mənə tanış idi, ancaq mən tanıdığım Nazimənin 
buralarda olacağını güman etməzdim. Tərbiyəçi sözünü qurtarıbmış kimi, 
əllərini önlüyünün cibinə qoydu və içəriyə baxıb, yavaşca mənə işarə elədi: 
- Budur, Nazimə özü gəlir. 
Mən dönəndə gördüm ki, odur, özüdür. 
- Nazimə, siz hara, bura hara? - deyə soruşdum. 
O gülümsədi: 
- Mənim əsil yerimdir, burada işlədiyim az qala beş il olur. 
- Bu gün, - dedim, - hamı sizin igidliyinizdən danışır... 
- Uşağı bir xoşbəxt təsadüf saxladı, mən də bir səbəb oldum. 
Neçə il əvvəl, biz Ozan küçəsində yaşayanda, həmin bu Nazimə 
qonşumuz idi. Ucaboy, üzü xallı, qarayağız, həmişə yeyin yeriyən bir 
qadın idi. Bəzən qapımızı  bərk-bərk döyər, sanki vacib bir iş üçün tələsik 
evə girib, üzünü anama tutar, mərhəmət uman bir səslə deyərdi: 
- Xeyransa, darıxıram, darıxıram, ay bacı! 
Mən tez patefonu götürər, ya tarı əlimə alardım. Anam məni danlardı ki, 
sən öz işinə get! 
Sonralar bildim ki, Nazimə ancaq öz evlərində darıxır, anam da, başqa 
qonşular kimi, uşaqlarını onun gözündən yayındırır. 
Qadının dərdi nə idi? 
Nazimə on beş ildən artıq idi ki ərə getmişdi.  Əri saatsaz Əli arvadını 
sevirdi; özü başıaşağı, dinc və pul qazanan bir kişi idi. Demək olar ki, iki 
nəfərdən ibarət olan bu ailənin heç zaman və heç nədən korluğu olmamışdı. 
Əli evini zəmanəyə layiq qurtarmaqdan başqa, Naziməyə də hər cür paltar 
və zinət şeyləri almışdı. Hər qış onu kəndə, atası 
 


96 
 
evinə qonaq göndərər, hər yayı Şimali Qafqaza, mədən sularına müalicəyə 
aparardı. Ancaq bunların heç biri Naziməyə  təsəlli deyildi. Çünki 
Nazimənin övladı yox idi. O, evdə oturduğu zaman döşənmiş, bəzəkli 
otağını dərin və daimi bir sükut içinə batmış görərdi və bu zaman bilməzdi 
nə etsin. Öz əli, öz səliqəsi ilə düzdüyü ev şeyləri - çarpayıdan tutmuş 
sandığa, xalçalardan tutmuş gümüş qablara qədər, hər şey dərin sükut içində 
sahibinə baxıb, sanki soruşurdu: 
- Bizi 
kimə tapşırırsan? Hanı sənin balaların? İllər ötdükcə Nazimə 
bu hissin ağırlığını daha artıq duyurdu. Bədənnüma güzgü qabağında 
dayanıb başını darayanda, saçlarındakı  ağ tükləri görəndə sinəsindən sərin 
və dərin bir ah qopurdu. Ona elə gəlirdi ki, bura, bu bəzənmiş və həmişə öz 
səliqəsində qalan otaq ev deyil, qocalmaq, ölümü gözləmək üçün bir 
tənhalıq guşəsidir. Eyvana çıxar, çiçəyini təzəcə töküb, meyvələrini 
böyütməkdə olan ərik ağacı gözünə sataşardı. Dayanıb  ətrafı dinləyəndə, 
haradansa gülən, ya oynayan uşaqların səsi ucalanda,Nazimə saatlarla 
dinləmək istərdi. Səslər sönüb uzaqlaşanda Nazimə tez həyətdən çıxar, 
şəhər küçəsinin izdihamına səssizcə qarışardı. 
Naziməni uşaq bağçasında xidmətə məcbur edəndə də ancaq bu ehtiyac 
olmuşdu. O burada, uşaqlar arasında bir tərbiyəçi kimi keçirdiyi vaxtda 
özünü ana kimi duyur və xoşbəxt hiss edirdi. 
Qohumlarımızdan birinin uşağını yoxlamaq üçün bağçaya getmişdim. 
Naziməni görmədən qayıtmaq istədim. Mən onu balaca otaqda ahıl bir kişi 
ilə oturub söhbət edən gördüm. Bu onun əri idi. Hər ikisi ayağa qalxıb, məni 
çağırdı: 
- Buyurun! 
Qadın nə qədər israr etdisə, içəri girmədim. 
- Buyurun, nə qulluğunuz var? 
- Xoşbəxt olasınız, sizdən xahişim budur ki, gözünüz bu uşağın üstündə 
olsun, - deyə dil tökdüm. 
- Arxayın olun, mən ona öz balam kimi baxıram. 
Nazimə "bala" sözünü elə  şirin, eyni zamanda elə bir həsrətlə dedi ki, 
özü də utandı. 
Mən razılıq elədim. 
- Sizin qayğıkeşliyinizi görmüşəm, - dedim. - Siz baxan uşaq ana qüssəsi 
çəkməz. 
Nazimə başını  aşağı saldı, üzü dalana baxdı. Mən gördüyüm hadisəni 
xatırlatmaq istəyirdim. 
  


97 
 
- Eyvandan yıxılan uşağı xilas etdiyiniz yadınızdadırmı? 
Nazimə fərəhləndi, üzündə təbəssüm oynadı, gözləri parıldadı. 
- Oğulluğa götürmüşəm, - dedi. - İdrisi oğulluğa götürmüşəm. 
Hər həftə uşağı bizə gətirirlər. 
- Necədir? Sizə "ana" deyib yovuşurmu? 
Bu sualdan qadının üzündəki təbəssüm küləkdən sönən bir şam kimi 
söndü. Simasına kədərli bir qaranlıq çökdü, kirpikləri uzun gözlərini yerə 
dikmiş halda, soyuq bir ah çəkib, "bəli!"dedi və qapını açıb, ərinə baxdı: 
- Vaxtdır ha! 
-  Bu saat. 
Kişi bu sözü deməmişdi ki, tənəffüsün bitdiyini bildirən zəng səsi bütün 
binanı başına aldı. 
Mən sualımdan peşman oldum. 
- Hər birimiz sənə  oğuluq, - deyə Nazimənin kədərinə cavab vermək 
istədim. 
- Əlbəttə ki, - dedi, - böyütdüklərimin hərəsi mənə bir oğul kimi əzizdir. 
Zəng səsinə yerlərindən qalxıb həyətə tökülən,  əl-ələ verib oynayan 
uşaqları görən kimi Nazimənin bütün ələmləri dağıldı; üzü güldü. 
Çoxlarının bezdiyi və uzaq qaçdığı inadlı,  şıltaqçı  və  ağlağan uşaqları 
Nazimə sanki əfsunla  ələ alır, sakit edir, yoluna qoyurdu. Tərbiyəçi və 
xidmətçilər çox uşağın anasından qabaq Naziməni çağırır, onunla 
danışırdılar. Evində  və  kənarda bəzən  əsəbi, qaraqabaq, qaradinməz 
görünən bu qadının burada, bağçada kədərləndiyini, ya hirsləndiyini görən 
olmamışdı. "Uşaq səsi mənim ürəyimi açır", - deyərdi. Müxtəlif yaşlı, 
müxtəlif xasiyyətli, müxtəlif tələbli uşaqların bir-birinə qarışan səs-küyü 
başqalarının qulağını  qıdıqladığı halda, Naziməyə  nəşə verərdi. Bəzən o, 
qanadını açmış cücəli toyuq kimi həyətin ortasında dayanar, ətəklərində 
sallanan balalarının sözlərinə, qışqırtılı söhbətlərinə sakitcə qulaq asardı. 
Onların nazı ilə oynamaqdan, onların qarşısında, yeri gələndə, bir uşaq kimi 
kiçilməkdən çəkinməzdi. O, uşağın sakit baxmasından, dil açıb 
danışmasından, gülümsəməsindən, oynamasından, hətta ağlamasından 
böyük bir həzz alardı. Birisini razı salıb susdurduqdan sonra, başqa 
şıltaqçıya yaxınlaşar, indi başqa bir dil, başqa bir üsulla onun könlünü 
açmaq istərdi. 
  
 


98 
 
* * * 
 
Dünən biz dəstə ilə vağzala,  əsgərləri qarşılamağa getmişdik. Hərə bir 
hədiyyə götürmüşdü. Mənim də  əlimdə bir dəstə gül var idi. Bunu kimə 
təqdim edəcəyimi bilmirdim; çünki gələnlərin arasında nə qohumum, nə də 
şəxsi dostum var idi. Onların hamısına eyni hiss və münasibət bəslədiyim 
halda, bir dəstə gülü kimə verə idim? 
Düşündüm ki, "hansının döşündə çox nişan olsa, ona verəcəyəm. Sonra 
dedim: "Yox! Gözləyəcəyəm, hansının adamı olmasa, hansına hədiyyə 
düşməsə, gülü ona verəcəyəm..." Bu da xoşuma gəlmədi. Əvvəlcədən belə 
şeyi kəsdirməyin lüzumsuz olduğunu zənn etdim. "Gülü mənim  əlimdən 
alan bir zirək tapılmamış olmaz", - dedim. 
Zəng çalındı, hamımız vağzal səkilərindən ötüb, yolun qırağında 
dayandıq. Çox çəkmədi, bayram mərasimini andıran bəzəkli qatar gəldi, 
ağır və  əzəmətli nəfəsi ilə aləmə  səs saldı, sinə dolusu köksünü ötürüb 
dayandı. Pəncərədən boylananlan salamlayan musiqi və alqış  səsləri bir-
birinə qarışdı. Hamımız vaqon qapılarına yönəldik. Gələnlər əsgərlərin yerə 
enməsinə macal vermirdilər: qucaqlaşan kim, öpüşən kim, ikiqat olub var 
gücü ilə bir-birinin əlini sıxan kim... Dərhal əsgərlərin döşü gül dəstələri ilə 
doldu. Dördüncü vaqonun pəncərəsindən boylanıb gələnlərə baxan bir əsgər 
mənim gözümə sataşdı. Güman etdim ki, o burada düşməyəcəkdir, sadəcə 
tamaşa edir. 
Birdən onun: "Ana!" - deyə səsləndiyini və əli ilə adamlar arasında kimə 
isə  işarə etdiyini gördüm. Çəhrayı paltarlı, başıaçıq bir qadın: "İdris!" - 
deyib özünü irəli atdı. Ana-bala bir anda elə qucaqlaşıb, bir-birinə sarıldılar 
ki, hamının nəzəri onlara tərəf çevrildi. Uzun ayrılıq, intizar və 
təhlükələrdən salamat və qalib çıxıb, belə bir gündə bir-birinə qovuşan ana-
balaya baxmaq hamıya xoş idi. Adama elə  gəlirdi ki, bunlar, indiyəcən 
aralarında maneələr, məsafələr olan bu istəklilər artıq heç bir vaxt bir-
birindən ayrılmayacaqlar. Mən gül dəstəsini bu oğlana, hamıdan, hər kəsdən 
qabaq anasını axtarıb tapan oğula verməyi kəsdirdim. Daha irəli yeridim, 
onların yanında müntəzir dayandım, ayrılmalarını gözlədim. 
Qadın oğlunu öpüb, sevincindən ağlayırdı. 
Nədənsə bu görüş  və bu göz yaşı vaxtilə  uşaq bağçasında gördüyüm 
mənzərəni yadıma saldı. Tirməli gəlin bütün sadəliyi və gözəlliyilə  gəlib 
gözümün qabağında dayandı. 
  


99 
 
Mən gülü İdrisə təqdim edəndə, razılıq edib əlimi sıxdı. Biz izdihamla 
vağzal qapılarına yaxınlaşıb, yavaş-yavaş pilləkənlərdən endik. Maşına 
oturduq. İdris anasından soruşdu: 
- Atam hanı? 
- Rayondadır. 
- Evdə nə var, nə yox? 
- Salamatlıqdır, hamı səni gözləyir, gəldiyindən heç kəsin xəbəri yoxdur. 
Sanki İdrisin yadına bir şey düşdü: 
- Nazimə nənədən mənə bir xəbər! 
- Salamatdır. Hər gün soruşur. 
- Yenə bağçadamı olur? Onu yuxuda görmüşəm. 
Qadının gözünə diqqətlə baxanda, barmağımı dişlədim: "Odur, özüdür". 
Mən belə bir oğlanın Naziməyə, o sonsuz qadına nənə deməsinə sevindim. 
İyirmi il əvvəlki ipək dəsmalla göz yaşını silən cavan gəlin, odur, təmkinli 
bir əsgər anasıdır. Onun saçlarına dən düşsə, gözləri bir o qədər dərinləşsə, 
dodaqları solsa da, gəncliyindəki məlahət itməmişdir. O zaman Nazimənin 
qarşısında minnətdarlıqla göz yaşları tökən ana, indi alicənablıqla oğlunu ilk 
dəfə ona təqdim edir. İdrisin bir dəfə  nənə dediyi sonsuz qadını xoşbəxt 
etmək istəyir. Mən bunları xatırlayıb, açıq ana ürəyinin qapalı aləmini 
düşünürdüm. 
- Nazimə sizin nəyinizdir? - deyə soruşdum. 
İdris dedi: 
- Nənəmdir! 
Anası əlavə etdi: 
- Uşaqlıqda buna oğul deyib. 
- Yoxsa, eyvandan özünü atan uşaq... 
Qadın mənim üzümə baxdı: 
- Deyəsən İdrisi tanıyırsınız? 
- İdrisi yox, Nazimə xalanı tanıyıram. 
İdris dedi: 
- Özümü danışıb sizə? Düz deyirsiniz, eyvandan özünü atan mən 
olmuşam. 
Mən əhvalatı danışanda, İdris zarafata saldı. 
- Körpəlikdən, - dedi, - mən ana yolunda canımdan keçən olmuşam. 
Qədrimi bilən gərək! 
Bunu deyib şoferə tapşırdım: 
  


100 
 
-Qardaş oğlu, onları evə qoy, uşaq bağçasına sür, Nazimə ananı götürək. 
Maşın dayanan kimi cəld düşdüm. Şoferlə bağçaya muştuluq aparmağa 
getdim. Nazimə xalanın saçı ağarmış, qəddi bir qədər əyilmiş, səsi də boyu 
kimi alçalmışdı. 
- Xala, - dedim, - gəl əyləş maşına, oğlun İdris səni çağırır. 
Qadın diksinmiş kimi, düzəlib şax durdu. 
- Doğrumu deyirsiniz? 
Şofer israr edəndə, inandı. 
- Neçə ildir ondan xəbər yox idi. 
- İndi özü gəlib. 
Qadın az qaldı qanadlanıb uçsun. 
Biz Naziməni  İdrisgilə  gətirdik. Bütün ailə onun ayağına qalxdı; onu 
yuxarı başa keçirtdilər. İdris onunla uzun-uzadı qucaqlaşdı. 
Nazimə  İdrisin çiyinlərindən tutub üzünə baxır, sanki vuruşmalarda 
keçirtdiyi macəraları onun gözündə oxumaq istəyirdi. 
- O ağır günlərdə heç yadına düşürdümmü? 
İdris doğma oğul kimi danışırdı: 
- Bir gün də yadımdan çıxmamışsınız! 
Nazimə əllərini göyə qaldırıb şükür edirdi. 
- Mənim də oğlum var! Mən də əsgər böyütmüşəm... 
Bunu deyib, İdrisi təkrar qucaqlayırdı. 
 

Yüklə 2,54 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin