Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,54 Mb.
Pdf görüntüsü
səhifə13/54
tarix30.12.2021
ölçüsü2,54 Mb.
#18854
1   ...   9   10   11   12   13   14   15   16   ...   54
SUSUZLUQ 
 
Payız yeni girmişdi. Ancaq yayın yandırıcı istisi, boğucu bürküsü davam 
edirdi. Biz şəhərdən çıxmış, yaxın kəndlərin birinə doğru yol almışdıq. 
Yolun hər iki tərəfi də quraqlıq və bomboş idi. Uzaq dağların döşündə 
saralan küləşli zəmilərdən, boz və  sıldırım yarğanlardan başqa heç nə 
görünmürdü. 
Ətrafda göyərti adında heç şey qalmamışdı.  İsti bitkiləri qurumuşdu. 
Sanki  ətraf bu saat alışıb-yanacaqdı. Quraqlıq ucundan bu çöllərdə  həyat 
əlaməti görünmürdü. Arabir daş  və ya kol dibindən qalxan quşlar havada 
dayana bilməyib, dərhal yerə enirdilər. Onların uçuşu oda düşmüş, yanmaq 
qorxusundan çırpınan, çapalayan bir məxluqu xatırladırdı. Yalnız 
cırcıramaların səsi eşidilirdi ki, bu səs də adama nədənsə "yandım-yandım!" 
fəryadı kimi gəlirdi. Qaynayan hava təndirdən qalxan alov kimi titrək 
dalğalarla göyə çəkilirdi. Sanki bu saat yerdə hava qurtaracaqdı. 
Burada, bu mənzərə qarşısında adamı yaxalayan susuzluq adi susuzluğa 
bənzəmir, burada ümumi bir atəş vücudu bəla kimi bürüyür, adamın dili 
deyil, baxışları, hərəkətləri də su istəyir. 
Biz nabələd olduğumuzdan su gətirməmişdik, yoldaşım ustam Şahnəzər 
idi. O, gözəl bir rəssam idi. Xan evlərinin incə  və  zərif naxışları, 
məscidlərin mehrabında  şirlə yazılan yazılar, bəy eyvanlarını  bəzəyən 
şəkillər hamısı onun əsərləri idi. 
  


68 
 
Mən  Şahnəzərin sənətini sevmiş, onun yolunu tutmağı, böyüyəndə 
rəssam olmağı məqsəd seçmişdim. O mənə bir şagird kimi yox, oğul kimi 
baxırdı. Sənətinin bütün sirlərini, sadə görünən rənglərdən insanı 
düşündürən gözəl mənzərələri yaratmağı  mənə öyrədirdi. Hərdən bir ah 
çəkib, dizinə çırpırdı ki: "Nə edim, savadsızam, elmsizəm! Kitabdan başım 
çıxmadı, o qara sətirlər mənimlə danışaydı! Allahın qabağına çıxıb yeni və 
daha gözəl aləm yaratmasaydım, adımı dəyişərdim". 
Doğrudan da ustamın belə bir qüdrət sahibi olduğuna ürəkdən 
inanmışdım. O, sənətindən söhbət edəndə  rəngi qızarır, gözləri gülür, səsi 
ucalırdı. Elə  eşqlə danışırdı ki, qulağımın dibində top da atılsaydı 
eşitməzdim. Hərdən üzünü aydın səhərin açıq üfüqlərinə tutub mənə 
deyərdi: 
- Kitab oxuya bilməsək də bunu ki, oxuya bilərik! Bütün kitabları 
buradan götürüblər. Səhərin rəngi məni çox düşündürür. Bu rəngi çəkə 
bilsəydik! Həmişə belə səhərlər olmur. Bunlar bənövşə kimi tez açılır, tez 
də solur. Bunu solmaqdan qorumaq üçün bir ipəkdə  çəkmək, yaratmaq 
lazımdır. 
- Usta, səhərə pul verən kimdir?! Xozeyinlər həzrət Abbası çəkdirirlər, 
Rüstəmi istəyirlər. 
- Eybi yoxdur, bala, qoy verməsinlər. Səhəri də özümüz üçün çəkərik. 
Ustam bu arzusunu hələ yerinə yetirə bilməmişdi. Həmişə çalışır, evləri 
gəzib sifariş alır, işləyirdi. Dava düşən il bizə sifariş verən olmadı. 
Xozeyinlərin hansını dindirəndə deyirdilər: 
- Rəhmətlik uşağı, göydən top gülləsi yağır, siz də  şəkil çəkmək 
hayındasınız? 
"Sənətkarın  əli işindən üzüləndə  ağzı da çörəkdən üzülər. Bu sözü 
eşitmişdim, anlamamışdım. İndi isə gözümlə gördüm ki, ustam nə çəkir. İki 
abbasıya aldığı bir girvənkə çörəyi qabağımıza qoyub yeyəndə, mən xəcalət 
çəkirdim. Ürəyimdə deyirdim ki: "Kişi özünə papiros pulu tapmır. Bu pis və 
bahalıq ildə mən nə üçün buna boğaz ortağı olum? Bəlkə şagird saxlamaq 
istəmir, bəlkə mənim rüsxətimi vermək istəyir, üzündən gəlmir..." 
Bunları düşündükcə boğazımdan çörək getmirdi. Bir gün ustamdan 
xahiş etdim: 
  


69 
 
- Usta, iki il sizə zəhmət verdiyim bəsdir. Güzəran da pis olub. 
İzin verin evimizə gedim. Az-çox öyrənmişəm. Sağ olun, mənim 
boynumda haqqınız çoxdur. 
Ağzımdan bu sözlər çıxar-çıxmaz ustam uşaq kimi ağlamağa başladı. 
Mən böyüklərin ancaq məsciddə, bir də ölü üstündə ağladıqlarmı bilirdim. 
Şahnəzər ustanın gözlərindən axan yaş  məni də kövrəltdi. Özümü saxlaya 
bilmədim, dediyimə peşman oldum. 
Ustam nə üçün ağlayırdı? Bunu özü dedi: 
- Oğul, düşünmə ki, mən pis gün çəkdiyim üçün, ya sənə haqq 
vermədiyim üçün ağlayıram, yox! Mən onun üçün ağlayıram ki, sənə 
korluq, yoxsulluq peşəsi öyrətdim. Atan səni mənə tapşıranda güman 
etmişdi ki, səni mahir bir usta yetirərəm. Axırda böyük bir sifarişi sənin 
özünə tapşıraram, işlərsən, sonra atam, bütün dost-aşnanı  yığıb, sənin 
əsərinin tamaşasına gətirərəm. Sən öz əsərin, mən də öz əməyimə sevinərik. 
Atan da övladını bu yerdə görüb şad olar... – Ustam danışığını  dəyişdi, 
səsini ucaltdı. - Yox, səni buraxa bilmərəm. Sən mənim bu günümdə getsən 
ömrüm boyu şəklə  də,  şəkil çəkənə  də nifrət etməyə haqlı olacaqsan. 
Getmə! Sən gəl, mənə vəfalı çıxmasan da dalısınca düşdüyün sənətə etibar 
bağla. Bu sənət öləcəksə, qoy bizi də öldürsün. 
Ustamın sözlərinə heç bir cavab vermədim. Başımı  aşağı salıb da 
yandım. Etirazına qulaq asıb getmədiyimi görəndə ustam sevindi. Ayağa 
qalxıb, heybəsini götürdü. 
- Gedək, kəndlərə gedək! - dedi. 
Həmin gün biz kəndlərə çıxdıq. 
İsti və susuzluq bizi taqətdən salmışdı. Buna baxmayaraq getdikcə 
yeyinləyirdik. Kəndə çatmasaq da, quraq və  şoran çölləri keçib, özümüzü 
bir dərəyə, bulağa, heç olmazsa bir kölgəyə salmağa can atırdıq. Amma nə 
edəsən ki, isti daha da bərkiyir. Günəş lap günorta yerində dayanıb, od 
tökmək istəyirdi.  Şahnəzər ustamın dil-dodağı qurumuşdu. Danışmırdı. 
Bütün qüvvəsini dizlərinə  yığıb yerimək, qarşıdakı  təpəni aşmaq istəyirdi. 
Mənə təsəlli vermək üçün işarə ilə "Az qalıb" deyirdi. 
Təpəni aşandan sonra yamacda bir çoban gördük. O, sürüsünü qoruqdan, 
əkindən uzaq olan dağ döşünə buraxmış, özü isə bir daşın üstündə oturub, 
bayatı deyirdi. Onun təbii və yanıqlı  səsi dağlara düşüb, təkrar qayıdırdı. 
Qayaların cingiltili səsindən qoyunlar vahimələnmiş 
  


70 
 
kimi dayanıb geriyə, yollara baxırdılar. Mən dağın  ətrafına fıkir verdim. 
Buralarda bir dərə  və ya bulaq olmamış deyildi. Yoxsa burada sürü 
otarılmazdı. Təpənin  şoran torpağına, bozaran yovşan kollarına diqqət 
edəndə çobanın qoyunu şora gətirdiyini anladım. Belə yerdə sürünü çox 
saxlamazlar. Bir az yedimi, qaytarıb həqiqi otlağa apararlar... 
Çoban özü üçün ehtiyat götürməmiş olmazdı. Ustamdan icazə almaq, 
çobandan su istəməyə getmək istədim. 
Ustam razı olmadı: 
- Onda su haradandır?- dedi. 
Artıq Obalı kəndinin damları görünürdü. Həyətlərin bəzisində bitən tut, 
əncir ağaclarını görəndə sanki ürəyimə su səpildi. O, ağacların altındakı 
kölgəlikdə palaz salıb oturmaq, saxsı qabdan su töküb, doyunca içmək 
arzusu ilə ürəyim döyündü. Bu gündəlik adi və  hər kəsə müyəssər olan 
nemətlər mənə bir xəyal kimi gəlirdi. Ustamın çoxdan söylədiyi bir söz indi 
mənə kar edirdi: 
"İnsan, əlində olan nemətin qədrini, ancaq əlindən çıxanda bilər". 
Bu saat mən hər bir şeyi unutmuşdum. Ancaq su, sərinlik, kölgəlik 
arzulayırdım. Ona görə də təpədən aşağıya enişlə bərk yeriyirdim. Nəzərim 
kənddən ayrılanda yollara, qabağımdakı torpaqlara dikilirdi. Az qalırdım 
dayanam, dırnaqlarımla yeri deşib, yaş torpaq tapam, susuzluqdan yanan 
sinəmi ora sürtəm. 
Ustam muştuluq xəbəri verdi: 
- Çatmışıq, budur evlərə az qalıbdır. - Bir az sükutdan sonra əlavə etdi: - 
Əgər biçinçi, rəncbər olsaydıq, bizi əzizlərdilər. İş də tapardıq. 
Ancaq bizim sənətimiz burada kimin nəyinə lazımdır?! 
Ustam düz deyirdi. Bura nə  sənət, nə  sənətkar yeri idi. Ancaq hələ bu 
sonranın işidir. Bizə yanğıdan, susuzluqdan qurtarmaq lazım idi. 
Evlərə çatdıqda sevincdənmi, ürəyimdəki yanğının təsirindənmi, 
ustamdan qabağa yeridim. İlk rast gəldiyim qapının rəzəsini taqqıldatdım. 
Başı, yaxasıaçıq bir kişi çıxdı. Dinmədim, ustamın üzünə baxdım. O, ev 
sahibinə dedi: 
- Bir içim su verin, qəribik. 
Ev sahibi qapını daha da geniş açıb: 
- Buyurun içəri, buyurun, - dedi. 
O bunu deyərək, əli ilə həyət tərəfi göstərdi. Biz baxanda qəribə bir aləm 
gördük. Gözəl və bağçalıq bir həyət idi. Ortada ağacın kölgəsi altında göz 
yaşı kimi dumduru su ilə dolu hovuzdan fəvvarə qal- 
  


71 
 
xırdı. Kənardan isə mis cam qoyulmuşdu. Mən qara və gödərək kəndlidən 
bu səliqəni görəndə heyran qaldım. Susuzluğum daha da artdı. Özümü pallı-
paltarlı hovuzun içinə atmaq istədim. Ustamın ehtiramını saxlayıb, əvvəlcə 
onun su içməsini gözlədim. O, yüyürüb camı götürmək istəyəndə yerində 
donub qaldı. Heyran-heyran hovuza baxdı, sonra da məni çağırdı: 
- Yaxın gəl! 
Mən yaxın gedəndə bu mənzərənin rəssam lövhəsi olduğunu anladım. 
Buna nə ustam inana bilirdi, nə  mən. Çargül və qalın parça üzərində 
çəkilmiş bu gözəl sənət əsəri bizi heyran etmişdi. Əlində bir kasa su gətirən 
və bizim heyrətimizə gülümsəyən ev sahibi üzr istədi: 
- Bağışlayın, mən yoxlamaq istəyirəm. 
- Nəyi yoxlayırsınız? 
- Yoxlayıram görüm çəkdiyim  şəkil bir şeyə oxşayır, ya yox? Ustanın 
heyrəti birə yüz artdı. 
- Məgər bunu siz çəkmişsiniz? Ev sahibi utana-utana cavab verdi: 
- Bəli, qonaq qabağına çıxarılası ləyaqəti olmasa da, bağışlayın. 
- Bu lap sizin öz əlinizdən çıxıb? 
Ev sahibi şübhəmizi görəndə bizi qonaq otağına apardı, divarları 
bəzəyən rəngbərəng, cürbəcür şəkilləri göstərdi. 
Ev sahibi çay hazırlamağa gedəndə  Şahnəzər mənim  əlimdən tutub
pəncərə qabağına çəkdi. 
- Xırmana gedən, kotandan qayıdan, çırpı  gətirən, saman daşıyan 
adamlara da diqqət elə! Qəribə nə görürsən? - dedi. 
- Qəribə bir şey görmürəm! 
- Hamısı çox sadə görünür. Ancaq sənət də elə bunlardadır. Bu 
adamlardadır. Gəl boynumuza alaq. Mən iyirmi ilin ustası, sən iki ilin 
şagirdisən. Heç birimiz bu qonaqcıl kişinin yaratdığını yaratmamışıq. 
Amma bizə sənətkar, ona kəndli deyirlər. 
Mən ustamm dediklərini diqqətlə dinləyirdim. O, çöhrəsində parlayan 
heyrətini ifadə edərək danışırdı: 
- Ən böyük sənətkar bunlar - həyat adamlarıdır. Əlini bunların ətəyindən 
üzənin vay halma! 
Ustam yoldakı söhbətimizdə yanıldığını mənə başa salmaq istəyirdi. 
1941 
  
 


72 
 

Yüklə 2,54 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin