Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,54 Mb.
Pdf görüntüsü
səhifə12/54
tarix30.12.2021
ölçüsü2,54 Mb.
#18854
1   ...   8   9   10   11   12   13   14   15   ...   54
1938 
  


60 
 
KƏMTƏROVLAR AİLƏSİ 
 
 
Hörmətli ədibimiz Ə.Haqvərdiyevə 
 
- Yallah, yallah! Haradasan? Kefin necədir? 
- Sən nə təhərsən? 
- Göz dəyməsin, qıvraqlaşmısan, rəngin açılıb. 
- Bir qıvraqlığım yoxdu. İşdən baş açıram ki. 
- Neyləyək ki, bir görüşək? 
- Bu vıxodnoy zanitəm. Gələn vıxodnoy bəlkə... 
- Sən evdə olacaqsan? 
- Söz versən, gözlərəm. 
- Gözlə, birtəhər eləyib gələrəm. 
Bir-birinin  əlini hərarətlə  sıxan,  əhvallaşan bu əziz dostlar görəsən 
kimdir? 
Desəm onların ikisi də bir şəhərdə yaşayır, inanmayacaqsınız... Desəm 
onlar bir evdə yaşayırlar, heç inanmayacaqsınız. "Necə ola bilər ki, bir 
yerdə yaşayasan, bir-birindən xəbərsiz olasan?" - deyəcəksiniz. Desəm 
onlar ər-arvaddırlar, təəccüb edib, deyəcəksiniz: "Nə danışır bu!" 
Nəyə deyirsiniz and içim ki, belədir: Qulam Kəmtərovla arvadı Leylanın 
həyatı belədir. Deyəcəksiniz yəqin Kəmtərovla Leyla keçmişdə, bir zaman 
ər-arvad olublar, sonradan xasiyyətləri tutmayıb ayrılıblar, bir yerdə 
yaşamaları da mənzilsizlik bəlasıdır. Xeyr, sizin bu gümanınız da düz deyil. 
Nə Kəmtərov Leylanı boşayıb, nə Leyla Kəmtərovdan boşanıb. Əgər günü 
bu gün mənzil idarəsinin müdiri Kəmtərovu, ya Leylanı çağırıb, üçüncü 
qatda dörd otaqdan ibarət bir qurulu mənzilin açarını verə, təklif edə ki, 
biriniz köhnə  mənzildə qalın, biriniz köçün, heç biri köçməz. Birbaş 
qayıdıb, öz evlərinə gələrlər. Mənzil idarəsinin də zəhməti hədər gedər. 
Məsələ bunda deyil. 
Bəs nədədir? 
Kəmtərovu sizə tanıtmaq üçün gərək bir az vaxtınızı alam. 
Kəmtərov Qulamla Leyla, bayaq dediyim kimi, ər-arvaddırlar. Özü də 
"xala-xatirin qalmasın" yox. Lap istəkli, şairlər demişkən, aşiq-məşuqdurlar. 
Cəmi iki il olmaz ki, toy ediblər. Asanlıqla da toy etməyiblər. Leyla 
Qulamın ucundan bir il ata-anası ilə küsülü qalıb. 
  


61 
 
Qulam Leylanın uğrunda  İçərişəhərdə  bıçaqlanıb, qulağının dibində 
yaranın yeri indi də durur və ölənəcən duracaq. 
Qış da onları bir-birindən soyuda bilməz. Qulamın  şorgöz oğlanlardan 
acığı  gəlir. Leyla da könlü-gözü tox qızdır. Yer üzündə Qulamdan başqa 
kişi olduğuna inanmaz. 
Bəs bu istəklilər niyə belə  çətin görüşür, az-az görüşürlər? Mümkün 
deyil ki, ər-arvad olasan, istəkli olasan, bir evdə yaşayasan, həftə ilə 
görüşməyəsən. Ürəyinizə şübhə gələ bilər: "Bəlkə açıq deyilməsi ayıb olan 
səbəblər üçün görüşınəyə ehtiyac duymurlar". 
Yox, heç yox! 
Onu da bilin ki, nə Qulamın, nə Leylanın qulluğu uzaq - kənar-guşə 
yerdə  və ya namünasib qulluq deyil. İkisi də  şəhərdə çalışır. Onların 
qulluğunda olan minlərlə  qız, oğlan,  ər, arvad, qəşəngcə yaşayır, günün 
çoxunu evdə öz külfətləri ilə olurlar. 
Bəs bizim qəhrəmanların azarı nədir? 
Bu, bir az köhnədən qalma azardır. 
Başdan danışaq. Deyə bilərəm dünyada beş nəfər arvadını sevən varsa, 
biri Qulam Kəmtərovdur. Kəmtərovun nə  eşqlə, nə sevda, nə  həvəslə toy 
edib, Leylanı evinə gətirdiyini qələm yazmaqdan acizdir. Ona elə gəlirdi ki, 
dünyanın bütün naz-neməti, kef və  ləzzəti Leylanın üzündə  cəmlənmişdir. 
Leylanı alsa, həyatda bir arzu-kamı qalmayacaq, tamam xoşbəxt olacaq. 
Kəmtərov düşünürdü ki: "Bu mənim ən ağır və ən son çətinliyimdir. Toy 
dəsgahını tamam-kamal düzəldib, xeyir işimi başa versəm, daha ömür-billah 
arxayın olaram. Sonra bir tikə yavan çörək də tapsam, sevgilimlə qabaq-
qabağa əyləşib, ağız ləzzəti, iştaha ilə yeyərəm". 
Ancaq, necə deyərlər, insanın gözünü torpaqdan savay heç nə doyurmaz. 
Kəmtərov xeyir işini bitirəndən, dünyada ən böyük arzusuna çatandan sonra 
bir də gördü ki, xeyr indi də ürəyi yeni-yeni şeylər istəyir. Könlü min bir 
eşqə düşür. Hardansa, baharda bitki kimi göyərib baş verən arzu və 
ehtiyaclar kişini məşğul etməyə başladı. Dünya gör-götür dünyasıdır. 
Leyla görürdü ki, artist Əyyubun arvadı barmağında cüt-cüt brilyant 
üzük, qulağında bahalı  sırğa qırğı kimi gəzir. Görürdü ki, qıyıq  Ələkbərin 
üçmərtəbə evinə hamballar piano çıxarır; qoz ağacından düzəlmə mebel 
daşınır; bədənnüma güzgü, Varşava çarpayısı, Quba xalçası  gəlir. Leyla 
bunların hamısını görürdü və Kəmtərova danışırdı. Kəmtərov qaşlarını çatır, 
başını tərpədib arvadını inandırırdı: 
  


62 
 
- Bilirsən nə var, Leyla can, biz gərək işləyək! İşləyək. Lap möhkəmcə 
işləyək! Mənim də qeyrətim qəbul eləməz. Qıyıq  Ələkbərin nəyi məndən 
artıqdır? Özümüzü oda-közə vursaq da, gərək bir dəsgahlı ev-eşik düzəldək. 
Qonşular baxsın, yana-yana qalsın. 
Leyla ərinin məsləhətindən çıxan deyildi. Təki pul olsun... 
Kəmtərov  əvvəlcə Leylaya bir iş soraqlaşdı. Leyla qızlığında 
maşinistkalıq etmişdi. Bu sənəti pis bilmirdi. Kəmtərov arvadına iki yerdə iş 
tapdı: Azərittifaqda və Ünvanlar bürosunda. Bir çox götür-qoydan sonra 
hələlik, rast gəlmişkən, hər iki yeri əldə saxlamağı  məsləhət bildilər. 
Azərittifaqda iş  səhər səkkizdən dördə  qədər, Ünvanlar bürosunda axşam 
saat beşdən on birə  qədər idi. Leyla iki növbə ilə  işləməyə razı oldu. 
Kəmtərov, onu ev işindən, sil-süpürdən tamam azad etdi. 
Leyladan arxayın olandan sonra Kəmtərov özünün boş vaxtlarını 
"doldurmağa" başladı. Kəmtərov zirək və savadlı adam idi. İş tapmaq onun 
üçün su içmək kimi asan bir şey idi. Özü nəşriyyatda tərcüməçi idi. Səhər 
saat ondan gedib, altıda çıxırdı. Bir saat dincini alandan sonra, yəni saat 
səkkizdən on ikiyədək layihə idarəsində olurdu. Fikirləşib gördü ki, iki 
növbədə işləsə də, arada yenə boş vaxtı var: "Səhər saat onadək yatmaq bu 
zəmanənin adamına, xüsusən "roskoşni" güzəran qurmaq istəyən bir abırlı 
kişiyə heç yaraşmaz. Yarım, ya bir növbə işi rahat apara bilərəm. Beş-altı 
yüz manat alsam, əlimi qaraltmaz ki..." 
Kəmtərov daha bir yeni iş tapdı. Gecə saat on ikidən dördədək "İşıq" 
mətbəəsində korrektor vəzifəsi var idi. Ayın səkkizindən Qulam mətbəədə 
yeni əlavə qulluğa düzəldi. 
Bu gün Kəmtərov toy gecəsindəkindən az sevinməmişdi. Haqq-hesaba 
vurub görürdü ki, özünün üç qulluğunu, Leylanın iki qulluğunu, bir az da "o 
yan-bu yandan" gələn  əl xərcliyini yığıb-yığışdıranda bir neçə minə  çıxır. 
İki-üç il belə getsə, çervonu yığıb-yığışdırmaq olmaz. Di qoy Ələkbər 
gəlsin, qıyıq gözü ilə gətir-götürümüzə baxsın! 
 

 
Payızın soyuq günlərində  ağzından buğ  çıxa-çıxa Kommunist küçəsilə 
başıaşağı yeyin gedən boz paltolu adamı kim görməmişdir? Onun üzündən, 
gözündən, baxışından, yerişindən tələsmək yağır. Elə gedir ki, deyərsən: 
yerə dəysə, min parça olar. Sürtülməkdən rəngi dəyişmiş köhnə və "hamilə" 
portfelini bu qoltuğundan o birinə verir; 
  


63 
 
gah  əlini cibinə qoyur, gah damağındakı papirosu barmaqları arasına alıb 
sıxır, gah çəkməsinin sallanan bağına baxır, məna vermir, daha da 
yeyinləyir. Bəzən görürsən Kəmtərov qopdu, nə qopdu! Tramvay sürətlə 
ötdüyü halda quş kimi atılıb minir, milis ağzını açmamış çıxardıb bir üçlük 
verir, qəbz almaq istəmir. Uzaq tanışlarına bir işarə ilə salam verir. Yaxın 
tanışlarını görür, görməzliyə vurur. "Müftə yerə niyə vaxt itsin?" Vaxt alan 
hər bir əyləncə Kəmtərovun düşmənidir. Onu ictimai yerlərdə görməzsən. İş 
yerində ancaq vacib, ad yoxlanan iclaslara gələr, adını qeyd etdirib, xəyal 
kimi gözdən itər. Teatr, kinolar barədə yoldaşlardan eşitdiyilə kifayətlənər. 
Bəzi yazıçılarla şəxsən tanış olduğundan, əsər oxumağa ehtiyac duymaz. 
Qohum-əqrəbası rayondadır. Buradakılar isə  Kəmtərovun ünvanını  ələ 
keçirə bilmirlər. Kəmtərovun şəxsi, ictimai həyatı beləcə öz qaydasındadır. 
O, ailədə daha ciddi, daha səliqəlidir. Bir adam onun evindən səs-küy, 
qalmaqal eşitməyib. Qapı açıq olanda olur, olmayanda girvənkəlik qıfıl 
qarovul çəkir, evə quş  səkmir. Kəmtərov səhər saat onda yuxudan qalxır. 
Deyəcəksiniz, onda işə gedən adam heç olmasa bir saat tez durmalıdır. 
Doğrudur, durmlıdır, amma unutmayın ki, yazıq Qulam mətbəədən, təshih 
işindən tez qayıdanda gecə saat dörddə, beşin yarısında qayıdır. Necə 
qayıtdığından özünün də xəbəri olmur. Qəzetin axır səhifələrini mürgüləyə-
mürgüləyə, alnı tıqqıltı ilə stola dəyə-dəyə oxuyur. Birtəhər özünü evə salır, 
çul kimi düşür. 
Qulam olmasın, siz olun, saat doqquzda dura bilərsinizmi? 
Kəmtərovun səslənən bir stol saatı var. Qulağının dibində qoyur. Vaxta 
on dəqiqə qalmış saat qışqırır. Kəmtərov dəli kimi yuxudan qalxır, tələm-
tələsik geyinir, qapını bağlayıb qaçır. 
Leylanın da işi Qulamınkından əskik deyildi. 
Atalar deyib: "Arvad ərinə oxşayar". Xülasə, baş elə qarışmışdı ki, 
Qulamın Leyladan, Leylanın Qulamdan xəbəri olmurdu. Qulam gecə 
mətbəədən qayıdanda sevgilisini yatmış görürdü. Leyla səhər işə gedəndə 
Qulamı şirin yuxuda qoyub gedirdi. Vacib sözü olanda balaca kağız yazıb, 
stolun üstünə qoyurdu: "Qulam, qayğanaq bişirəsi olsan, yumurta bufetin alt 
gözündədir, yağ da taxçada". Qulam da gedəndə Leyla üçün kağız qoyub 
gedirdi. Onların arasında  əməlli-başlı bir məktublaşma var idi. Ancaq 
markasız, poçtalyonsuz ötüşürdülər. 
  


64 
 
Leylanın məktubları bu məzmunda idi: "Dəyişiklərini tiyanın içinə tulla, 
paltaryuyana göndərəcəyəm!" "Açarı asma. Çarhovuzun üstündəki kərpicin 
altına qoy, görən olmasın". "Redaksiyadan dalınca gəlmişdilər, zəng vur". 
Qulamın məktublarından  ələ keçən bunlardır: "Qadası, mənim soyuz 
kitabçamı görməmisən? Tapsan, stolun yeşiyinə qoy". "Maşinkada yazmağa 
vaxtın olsa, bizim idarədə xaltura var, gətirim", "Adama cavab niyə 
yazmırsan? Dediyim məsələ necə oldu?" 
Bu qısa və gündəlik məktublar Kəmtərovlar ailəsində yeganə  və  əsas 
münasibət idi. 
Qulamla Leylanın sevgi və  məhəbbəti bu məktubların qara, dolaşıq, 
tələsik xətlərindən keçirdi. İnsan hər  şeyə alışarmış! Bu sevgili ər-arvad 
qurduqları yeni yaşayışa elə öyrənmişdilər ki, "köhnə" həyatı tamam 
unutmuşdular. Onlar indi belə güman edirdilər ki, dəm-dəsgahlı ev qurmaq 
istəyənlərin, oxumuşluğun, qarşılıqlı sevgi ilə qurulmuş ailənin qaydası 
belədir ki, var. 
Doğrudur, Leyla yazırdı ki: "Açarı kərpicin altına qoy, görən olmasın", 
Qulam da çalışırdı ki, istəklisinin tapşırığını yerinə yetirsin; amma olacağa 
çarə yoxdur, açarı görən olmuşdu... 
Bir Sarıköynək qadının hər gün saat ondan, Qulam gedəndən sonra 
gəlib, qayda ilə  kərpicin altından açarı götürdüyünü, öz evi kimi 
Kəmtərovların otağını açdığını  və  tər-təmiz silib-süpürdükdən sonra çıxıb 
getdiyini qonşular görmüşdülər. Onları  şübhədən çıxarmaq üçün Sarı-
köynək qadın deyirdi: "Mənə özləri tapşırıb, bacılar, ürəyinizə bir şey 
gəlməsin". 
Dili dinc durmayan qonşu qadınlardan biri Sarıköynək qadının gəlib-
getdiyini Qulama dedi. Qulam güman etdi ki, Leylanın gətirdiyi qulluqçu 
qadın olacaq. Leyla da düşünürdü ki, Sarıköynək qadını Qulam çağırıb, 
səliqə-sahman üçün çağırıb. Eşidən kimi qonşuya sualı bu oldu: 
- Cavandı, ya qoca? 
- Ahıl adamdır, bir nazik... 
Leyla Qulamm pis niyyətə düşmədiyini bilib, arxayın oldu. Daha bu 
barədə söhbəti artıq sayıb, qapıdan çıxdı. 
Bu günlərdə belə  məktublar yazılırdı: "Mənim ipək paltarımı hara 
qoymusan?". "Zayomları tapa bilmədim. Çıxart yoxlayaq, yenə uduş var". 
"Gümüş qaşıqlar haradadır?", "Dünən bir qadının başında, lap səninkinə 
oxşar bir şal gördüm. Az qalmışdım səni dəyişik salam". 
  


65 
 
Sarıköynək qadın isə öz işində idi. Hər gün gəlib evi süpürür, zəhmət 
haqqı üçün də ağlı kəsən, evdə gözə dəyən şeylərdən birini sarı köynəyinin 
altına vurub, soldat bazarına aparırdı. O, Qulamın da, Leylanın da iş-
peşəsini, üst-alt paltarlarını, qulluq vaxtlarını yaxşıca öyrənmişdi. Odur ki, 
evə çox arxayın gəlib-gedirdi. Hətta bir dəfə "köhnə paltar alan" pullu 
müştərilərdən bir-ikisini özü ilə lap evə  gətirmişdi. Qulamın bufetindəki 
şüşələrdən pivə töküb, bir-birinin sağlığına və bu pivəni bazardan alıb 
gətirənin sağlığına içmişdilər. Sonra yük yerindən yorğanlardan soyduqları 
ipəyi, çarpayı xalçasını, sandıq  şeylərindən dəyərlisini ortaya töküb 
sövdələşmişdilər. 
Pullu müştərilərlə yollaşandan, çervonları alıb yerbəyer edəndən sonra 
Sarıköynək qadın Qulamın məscidə dönmüş evinə baxıb, ürəyində demişdi: 
"Yox, balam, daha mən bir də bura nə üzlə  gələ bilərəm!.. Həmişəlik 
xudahafiz!" 
 

 
- De görüm, bir korrektor kimi səhifəni oxuyub, qol çəkmisən, ya 
yox? 
- Bu nə sözdü, yoldaş redaktor? Siz məni o qədər məsuliyyətsiz 
sayırsınız ki, guya oxumamış da qol çəkərəm? 
- Demək, oxumusunuz? 
- Əlbəttə, özü də kəlmə-kəlmə! 
- Bəs bu nədir: "işləyirlər" əvəzinə "dişləyirlər" gedib? 
Qulam qəzetin o yerinə diqqətlə baxdı. Ciddi vəziyyətini pozub dedi: 
- Bu heç, buna səhv deməzlər! Gözdən qaçıb, yoldaş redaktor. Bir də, 
işləyib, dişləyib, ikisi də bir sözdür. Yəni düz gəlir. Bizim qaydamıza lap 
tuş gəlir ki, işləyən dişləyər, işləməyən dişləməz! 
Redaktor qəzeti çəkib, Qulamın əlindən aldı:  
- Neçə yerdə işləyirsən?  
- Qulam dik-dik baxdı:  
- Bunun məsələyə nə dəxli var? 
- Soruşuram, neçə yerdə işləyirsən?  
- Cəmisi bir-iki... - Nəşriyyatda çalışırsan?  
- O heç... səhərdi o. 
  


66 
 
- Layihə idarəsi necə? 
- Cəmisi bir altı saat. 
- Zaqotzernoda necə? 
- Yoldaş redaktor, o zdelnidir!  
Redaktor hirsləndi: 
- Yaraşarmı sizə, yaraşarmı bu qədər yerdə... 
- Yaraşımasın o adamlara ki, işləmirlər. Biz ki gecə-gündüz çalışırıq, tər 
tökürük, bu da mükafatımızdırmı? 
Redaktor ayağa qalxdı: 
- Sizin bugünkü səhvinizin üstündən keçmək olar. Saydığım yerlərdən 
azad olunmasanız, sabah işə buraxılmayacaqsınız. Yorğun başla, üzgün 
zehinlə mətbuat işinə xeyir vermək olmaz! 
Qulam qalxıb ətəklərini tovlaya-tovlaya, fıkir içində yeni və pullu qulluq 
xəyalı ilə evə gəldi. 
O axşam Leylanın da gözünə yuxu getmədi. Pambıq kimi atım-atım 
edilmiş evdə,  əli qoynunda oturub Qulamı gözlədi. Ürəyinə min cür fikir 
gəlirdi: "Bu nə işdir! Yoxsa Qulam özgə bir arvad alıb, mənə kələk gəlmək 
istəyir? Yoxsa şeyləri yan bölüb, öz payını aparmaq istəyir? Bəlkə də heç 
bu zalım oğlu işləmir, bəlkə  də vaxtını restoranlarda keçirir? Var-yoxunu 
şəraba, qumara qoyur?.. İnsanı nə tanımaq olar!" 
Gecə  də orucluq ayı kimi uzanırdı. Leyla gah durub yük yerini 
töküşdürür, anasının cehiz verdiyi ipək yorğanı, xalçanı axtarır, şaraqqıltı ilə 
bufetin gözlərini açıb, örtür, işıldayan hər  şeyi götürüb diqqətlə baxır, 
gümüş qaşıqların itdiyinə inana bilmirdi. 
Aləm yıxılıb yatdı. Radio susdu. Tramvaylar dayandı. Xoruzlar bir ağız 
səsləndi. Haçandan-haçana birdən həyətdə ayaq səsi eşidildi. Qulam içəri 
girib, Leylanı  əli qoynunda, məyus oturmuş görəndə,  əvvəl bir duruxdu, 
soruşmaq istədi ki: "Əzizim, niyə bu zamanacan yatmamısan?" 
Gözü evin ortasına tökülmüş şeylərə sataşdı. 
Leyla macal vermədən. Sökülmüş  pərdələri, tökülmüş yükü iki əli ilə 
göstərib dedi: 
- Bu nədir? Bu nə hərrac bazarıdır? Qulamın dili dolaşdı: 
- Necə bəyəm, nə gedib? 
- Mənim cer-cehizim hanı? Hanı mənim ev-eşiyim, paltarlarım, ata-ana 
yadigarlarım?.. 
  


67 
 
Bunu deyib Leyla hönkür-hönkür ağladı. Qulamın rəngi saraldı. 
- Bəs kim açıb bu qapını? - deyə  təəccüblə soruşdu. Onların səsinə 
qonşular çıxdılar. 
Sarıköynək qadından kim nə bilirdisə dedi. Leyla bir tərəfdə  yıxılıb, 
hissiz qaldı. Qulam qonşulardan iki nəfər  şahid götürüb, milis idarəsinə 
yollandı. 
O, sinəsindən ah qopa-qopa, ürəyində peşmançılıq qaynaya-qaynaya 
gedirdi. Ancaq bilmirdi kimdən  şikayət etsin. Sarıköynək qadındanmı, 
qonşularındanmı, yoxsa özünün dəm-dəsgah hərisliyindənmi?! 
 
1939 
 

Yüklə 2,54 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin