ÖZÜNDƏN NAXOŞ
Людей одиноких по натуре, которые как
рак-отщелник или улитка, стараются уйти
в свою скорлупу, их на этом свете немало.
Антон Чехов
- Naxoş-maxoş bilmirəm. Kim getməsə, məsələsini ümumi iclasa
qoyacagam.
- Bu nə danışır e!
Mirzə Əsgər Abasəlinin dalınca baxa-baxa qaldı. "Ümumi iclasa
qoyacağam!" sözlərini zehnində təkrar etdi, vahiməsi bir az da artdı.
Mirzə Əsgər Abasəlini yaxşı tanıyırdı. Bilirdi ki, dediyini eləyəndir.
Onun adını evdə söyüşlə çəkəndə arvadı soruşurdu:
- Necə adamdır o.
- Əvvəla, demaqoqdur, lap yekəsindən. İkincisi, nanəcibdir. Üçüncüsü,
həyasızdır. Dördüncüsü...
Arvadı onun sözünü kəsdi:
- Sayma, bəsdir, həyasızdan nə desən çıxar.
Abasəli trestdə yerli komitə sədri idi. Keçən həftə qərara alınmışdı ki,
istirahət günü bütün işçilər yığışıb stansiyaya getsinlər, vaqonlardan tökülən
taxta dirəyi maşınlara yükləməkdə vağzal fəhlələrinə kömək etsinlər. Tikinti
materialı o qədər tökülmüşdü ki, yığıb-yığışdırmaq üçün kollektivin bu
qərarı elan olunanda Mirzə Əsgər adəti üzrə etirazını bildirdi:
- Əlbəttə ki, iməciliyə getmək məsələsində naxoşlar nəzərə alınmalıdır!
Bu söz Abasəlinin qulağına çatanda cin başına vurdu. "Belə de xeyrə-
şərə yaramaz adam olarmı" - deyə düşündü və üzünü hesabdarın otağına
tutub ucadan dedi:
- Naxoş-maxoş bilmirəm. Kim getməsə, məsələsini ümumi iclasa
qoyacağam!
* * *
Mirzə Əsgər iyirmi ildi trestdə hesabdar vəzifəsində çalışırdı. Bu iyirmi
il müddətində bir gün olmayıb ki, o, başını qaldırıb desin. "Bu gün kefim
sazdır, yaxşıyam!" Onu həmişə səhhətdən şikayət edən,
120
boyun-başını tutub ufuldayan görərsiniz. Biri baş ağrısından danışanda
Mirzə Əsgər şərik olardı: "Mənim başımın ağrısı kəsmir". Biri ürəkdən, bir
başqası mədədən şikayətləndimi, Mirzə Əsgər qələmi yerə qoyar, çeşməyi
çıxarar və deyərdi:
-Siz, deyəsən mənim naxoşluğumdan xəbər verirsiniz. O şeylər məndə
artıqlaması ilə baş verir. Dərman atmaqdan yorulmuşam.
Mirzə Əsgər həyatında çox ehtiyatlıdır. Yeməyinin, istirahətinin vaxtını
keçirməz. Az qala özü yaşda bir stəkanı, qalaylanmış qaşığı, qəlyanaltı üçün
ayırdığı xüsusi bir yeşiyi var. O yeşikdən butulka ilə qaynanmış su,
kəklikotu, aspirin, cürbəcür vitaminlər çıxar.
"Qrip" sözünü yazanda dəsmalla ağzını tutar, səhər-axşam qoltuğuna
termometr qoyub, hərarətini yoxlayar.
Bir dəfə tramvayda evinə gedəndə yanında oturan bir xanım şübhələndi.
- Yoldaş, - dedi, - sumkanızda toyuq var, nədi.
- Xeyr, mənim sumkam boşdur, bazara getməmişəm.
- Bəs bu qurultu səsi nədir ki, mən eşidirəm. Mirzə Əsgər başa saldı:
- Qoltuğumda qrelka var. Ağrını kəsmək üçün məsləhət görüblər.
Tramvay tərpənəndə zəhrimar yırğalanır. Suyun səsidir!
Axşamlar istirahət vaxtı adamlar kinoya, teatra, stadiona gedəndə Mirzə
Əsgər çarpayısında uzanıb özünü yoxlayardı. Uzunmüddətli və ağır işdən
sonra təmirə gəlmiş maşını usta necə yoxlayarsa, o da özünü eləcə diqqətlə
yoxlayardı. Termometrdə bir şey görməyəndə, güzgü qabağına keçər,
rənginə baxardı. Qoluna, qıçına nəzər salar, ağzını açıb boğazına baxar, "a"
səsi çıxarardı. Evdəkilərin hamısının başına toplanmasını, onunla
maraqlanmasını çox sevərdi. Qapı, pəncərənin düşməni idi. İstidə, küləkdə,
qarda, yağışda evdən çıxmaq istəməzdi. Küçədə də kostyumunun boynunu
qaldırar, belini əyər, divarların dibi ilə yeriyərdi. Çayı soyudub, suyu da
qızdırıb içərdi. Vitamin yox idi ki, Mirzə Əsgər onun kimyəvi tərkibini
bilməsin, dadını yoxlamasın. Onun getmədiyi yaylaq qalmamışdı. Bağ
qalmayıb ayaqlamasın, palata qalmayıb yatmasın, sanatoriya qalmayıb
yaşamasın. Putyovkalar elə tez-tez yazılıb möhürlənərdi ki, deyərdin bu
yumru, yağlı gövdəli, çeşməkli kişinin vücuduna, allah eləməsin, bir
sədəmə toxunsa, dünya alt-üst olar. Həkimlər də onu tanımışdılar. Diaqnoz
qoymaq üçün çox əziyyət çəkirdilər. Daxili üzvlərin birini "şıltaqçı" yazar
və soruşardılar.
121
- Gərək siz böyrəkdən şikayətli idiniz.
- Doktor, indi mədəm də, ürəyim də şıltaqlıq edir.
Mirzə Əsgər istədiyi kurortlara gedirsə, hamısından da narazı gələrdi.
"Necə şeydirsə, mənə düşmür - gün-gündən geri gedirəm" - deyə
şikayətlənərdi.
* * *
İndi Abasəli də üzünü tutub belə bir adama deyirdi: - Naxoş-maxoş
bilmirəm.
Mirzə Əsgər bu dəfə məəttəl qalmışdı ki, getsin, ya getməsin. Güman
edirdi ki, onu iməciliyə çağıranlar o qədər də nainsaf olmazlar. Onu taxta-
şalban daşımağa qoymazlar. Olsa-olsa ondan öz sənətindən istifadə edərlər.
Orada da yazı-pozu, hesab-kitab var axı. Orada da görülən işin hesabını
aparan lazımdır, ya yox! "Məni ancaq bu məqsədlə apara bilərlər, ayrı cürə
olmaz" - deyə düşündü.
Hərdən Mirzə Əsgəri qəzəbli vahimə basırdı: "Həyasızdan nə desən
çıxar! Qorxuram ümumi iclasa qoya, özü də lap pis danışa. Ona məndə tab
hanı? Oradaca ürəyim gedər..."
Bir də görürdün ki, Mirzə Əsgər vücudunda qalan cəsarəti yığıb öz-
özünə belə düşünür:
- Dəli şeytan deyir ki, gəl get! Qoy səni lap iməciliyə aparsınlar. Naxoş
bədən də dözməsin, yıxılıb ölsün. Qanın tökülsün belələrinin - Abasəli kimi
vicdansızların üstünə. Azı beş il həbs versinlər. Eybi yoxdur, mən qəbirdə
yatanda o da getsin dustaqxanaların küncündə sürünsün! Dəli şeytan deyir
ki, elə gəl get, qoy axır əncamı belə olsun!
Səhər tezdən üstü örtülü avtobus gəlib evin qabağında dayandı.
Abasəlinin səsi eşidildi:
- Sabahın xeyir, mirzə! Maşın sizi gözləyir!
Avtobusun içindən deyib-gülmək səsi gəlirdi. Deyəsən adam çox idi, -
deyəsən camaatın hamısı gedirdi. Mirzə Əsgər köynəkcək durub pəncərədən
bir eşiyə baxdı, şikayətli bir dillə arvadına dedi:
- Görürsən də! Bu da mənim istirahət günüm.
- Kefin yoxdur, getmə!
- Necə getməyim, görmürsən aləmi yığıb qapıya! Bu vicdansızlığın hələ
hamısını görmürsən, bunlar hamısı mənim üçün qurulub, getməsəm bəyəm
canım rahat olacaq.
122
Qəlyanaltısını, dərmanlarını, borjom butulkasını sumkaya yığınca,
geyinib çıxınca bir xeyli vaxt çəkdi. Avtobusdan səs gəlirdi:
- Ay mirzə, tez ol, gün-günorta oldu ki!..
Mirzə Əsgərin əlindən yapışıb içəriyə saldılar. Avtobus sürətlə yoluna
davam etdi. Mirzə Əsgər sağa-sola yırğalanaraq düşünürdü. "Necə eləyim
ki, uçot işini mənə versinlər!"
* * *
Stansiya tikinti ləvazimatı yol boyu dağ kimi tökülmüşdü. İdarələrdən
səfərbərliyə alınmış dörd tonluq maşınlar nəfəs almadan dolub şəhərə
yollanırdılar.
Abasəli trest işçilərini sahələrə paylaşdıranda, hərəyə bir iş tapşıranda
Mirzə Əsgər sevinirdi. Görürdü ki, bunu çağıran, taxta daşımağa göndərən
yoxdur. "Deyəsən elə mənimki uçot olacaq" - deyə şadlanırdı.
O, bu fıkirdə ikən Abasəli uzun bir dirəyin başından tutub çağırdı:
- Mirzə, bura gəl, yapış, ataq maşına!
Mirzə Əsgərin gözü bərələ qaldı. "Onu götürməyə məndə can hanı" -
deyə həyəcanla düşündü: Abasəli macal vermədi:
- Qolum düşdü, tez ol, ay mirzə!
Mirzə Əsgər istər-istəməz dirəyi götürməli oldu. Beş addımlıqda
dayanan maşına aparanacan bəlkə ürəyində yüz dəfə Abasəliyə söydü.
Dirəyi qoyandan sonra ona elə gəldi ki, bu saat yıxılıb özündən gedəcəkdir!
Özünü yoxlamaq istəyirdi ki, Abasəlinin səsi eşidildi:
- Mirzə, tez ol, bizim maşın geri qalır, biabır olarıq, yaxın gəl!
Mirzə Əsgər dirəyin ikincisini, üçüncüsünü də götürüb maşına tullamalı
oldu.
Axşam yorğun, əzgin bir vəziyyətdə evə dönən kimi zarıldadı:
- Arvad, mənim yerimi sal! Məndən bir də adam olmaz! Baisin evi
yıxılsın!
Yatağa uzanan kimi onu şirin yuxu apardı. Arvad onun qoltuğuna
termometr qoydu. Nəbzini yoxladı. Bircə şeyə heyran idi ki, həmişə yuxuya
həsrət olan, yuxusuzluqdan şikayətlənən adam, indi, deyəsən div yuxusuna
getmişdir!
123
Neçə saatdan sonra Mirzə Əsgər yuxudan qalxdı, yemək stoluna yanaşıb
tələb elədi:
- Arvad, mənə yemək ver, yaman acmışam!
Qadın kişisinin ömründə görmədiyi şirin bir iştahla xörək yediyini görüb
sevindi.
- Ay Mirzə, - dedi, - ağır iş sənə düşüb, gəlsənə hesab-kitabı buraxıb,
stansiyada iş götürəsən?
1954
Dostları ilə paylaş: |