PLOVDAN SONRA
Bu axşam vağzalda çox get-gəl var idi. Kənardan baxan düşünərdi ki,
adamlar hörmətli bir qonağı qarşılamağa, ya da yola salmağa toplanıblar.
Vəziyyət qarşılamaq yox, yola salmaq mərasiminə daha çox bənzəyirdi.
Əvvələn ona görə ki, əlində şey olan adamlar tələsə-tələsə vaqonlara tərəf
gedirdilər. İkincisi, ona görə ki, parovozun, vaqonların səmti, duruşu qatarın
məhz getməyə müntəzir olduğunu göstərirdi. Üçüncüsü...
Nə başınızı ağrıdım, vaqon ağzında komalaşanlar, hörmətli müsafırləri
yola salırdılar. Qatar boyunca uzanan təmiz, asfalt səkilərdə hərbi
adamlardan, müəllimdən tutmuş, əlvan geyimli, ağır gövdəli xanımlara
qədər çoxlarını görmək olardı.
Yumşaq vaqonun qabağında dayanan daha çox idi. Yola çıxan bu
hörmətli müsafır kim ola?
Bu, Moskvaya oxumağa gedən tələbələrdən, bəlkə də bizim bəzi alim,
şair, ya nazir uşaqlarından biri olacaq.
Adamlar yumşaq vaqonun qabağında Ramizi - onilliyi bu il bitirmiş təzə
tələbəni mehribanlıqla əhatə etmişdilər. Kimi şokolad qutusu təqdim edir,
kimi səbətdə üzüm, kimi kağız torbada başqa meyvələr gətirir, kimi də cüt-
cüt limonad şüşələrini pəncərədə dayananlara verib, Ramizin kupesinə
ötürürdü. Kabardin palto və ağ şlyapa, ağ əlcək və ağ çəkmə geymiş
alçaqboylu, kök bir qadın isə hərdən irəli çıxıb, Ramizin yaxasına qonan
tükü götürür, onun dağınıq saçını əli ilə geri daramaq istəyirdi. Oğlan isə
ipək köynəyinin parıldayan metal açarını gah yuxarı, gah aşağı aparır,
anasının sual və söhbətinə könülsüz, dilucu cavab verməklə kifayətlənirdi.
Görünür, adam içində ailə söhbətlərindən, ana nəvazişlərindən xoşu
gəlmirdi.
Ərknaz xanım hərdən ətrafa boylanır, belə bir oğul anası olduğunu hər
vasitə ilə gözə verməyə çalışırdı. Hətta atalıq hüququndan istifadə etmək
istəyən ərinə də macal vermirdi.
Papirosuna yüngül bir qullab vuran Namazov, oğluna belə tapşırıq
verirdi:
- Nə azuqə lazımsa, indidən alaq, daha yollarda düşməyə ehtiyacın
olmasın! Ramiz, gör ürəyin daha nə istəyir!
Ərknaz xanım kişisinə etiraz edirdi:
128
- Sən də danışdın ha! Ramiz sənə qız uşağı-zad deyil ki, qaxılıb vaqonda
otursun, kənara çıxmasın. Yoldur, səyahətdir. Düşəcək də, minəcək də!
Yolda, məsələn, xoşuna gələn bir meyvə oldu, alacaq da.
Sən niyə indidən uşağı sinsidirsən, yoxsa pulun xəsisliyini eləyirsən?!
Namazovun rəngi dəyişdi. Dediyinə peşman oldu. Ramiz də: "Heç nə
lazım deyil" - dedi, başını aşağı saldı. Ətrafındakılar güldülər. Ərknaz
xanım özü də güldü. İrəli yeriyib, oğlunun kürəyindən bir şapalaq vurdu:
- Qorxma, oğul, puldan özünə korluq vermə. Anan ölməyib ki!
Vallah, öz canım üçün düz deyirəm!
Axırıncı zəng vurulana yaxın bir gödək, çalbaş kişi, bir də ortaboylu
qoca qadın tələsik özlərini səkiyə yetirdilər. Iri bir bağlamanı ehtiyatla
vaqona çıxarıb, Ramizin yerinə apardılar. Onların dalınca Ərknaz xanım da
çıxdı. "Uşağın" kupesini, rahatlığını bir də yoxladı. Çox çəkmədi ki, axırıncı
zəng çalındı, yola salanlar vaqondan düşdülər. Ramiz əvvəl kənardakılarla,
sonra da valideyni ilə əl verdi, öpüşdü. Ərknaz xanım həyəcan keçirirdi:
- Qadan alım, Ramiz, qalarsan, tez ol!
Ramiz qatarın hərəkətini görən kimi cəld vaqonun pilləsinə atıldı.
Dəsmal eleyə-eləyə vidalaşdı. Vaqon bir an içində onu götürüb getdi.
Qohumlar, tanışlar, yoldaşlar - hamısı vaqon gözdən itənəcən Ramizə əl
eləyir, xeyir-dua verirdilər. Yalnız Ərknaz xanım gah qırmızı haşiyəli
balaca ipək dəsmalını gözünə basıb ağlayır, gah da sağ əlini havada
tərpədirdi.
1
Kim desə ki, mən övladımı istəmirəm, inanmayın. O, yalan deyir. Elə
adam ola bilməz ki, doğma balasını istəməsin. Övlad şirin şeydir. Nəinki
insan, hətta bütün yaranmışlar balasını istəyir, əziz tutur. Amma istəmək
var, istəmək var.
Ərknaz xanımın oğluna məhəbbəti ayrı bir məhəbbətdir. Qardaş
görmədiyindənmi, tək bir oğul anası olduğundanmı, Ramizin göz qabağında
necə tez boy atıb böyüməyini yoldaşlar arasında fərəhlə dönüb-dolaşmasını,
oxumasını, çalmasını, oynamasını gördüyündənmi, nədənsə, söz və
söhbətinin əvvəli də, axırı da Ramizdir. Məclis olmaz ki, Ramizdən
danışmasın. Hər yerdə deyir ki:
129
- Ramiz çox qeyrətli, fərasətli uşaqdır. Çox qanacaqlı, mərifətli uşaqdır.
Çox rəhmli, qabiliyyətli uşaqdır. Onun telefonla ibarəli danışmağını,
cürbəcür kino artistlərinin təqlidini çıxarmağını, şəkil çəkməyini, maşın
sürməyini, qəşəng-qəşəng məktub yazmağını, kostyum seçməyinimi deyim,
səliqə-sahmanınımı, kefi gələndə çalmağını, oxumağınımı, oynamağımı
handa bir dəvətnamə ilə konsertlərə getməyinimi, lap baş cərgədə handa bir
qızla oturmağınımı deyim, ədəb-ərkanını, mərifətini, qanacağınımı, hansını
deyim!..
Münasib məclisin münasib bir yerində söhbət düşəndə Ərknaz xanım
oğlundan həvəslə, şirin-şirin danışır. Həmişə eyni sözləri danışsa da, elə bir
vəcdlə danışır ki, deyərsən bu sözlər "xoruz səsi eşitməmiş" təzə
xəbərlərdir. "Söhbət düşəndə" dedik. Əslinə baxsan söhbət düşmür, onu
Ərknaz xanım özü salır. Özü də yeri oldu, olmadı baxmır. Bəlkə ayrı bir
adam bunu bacarmaz. Ayrı bir mətləb danışılan zaman, yuyulmamış qaşıq
kimi, aralığa girmək hər adamın işi deyil, "nə dəxli var!" Amma Ərknaz
xanım bunu demir və düşünmür. O, Ramiz söhbətini elə ustalıqla başqa
mətləblərə qatır ki, danışanda, bir də görürsən Ərknaz xanım aralığa girdi:
- Balam, indikilərə paltar bəyəndirmək olmur. Ramiz iki dəst xalis
baston, triko kostyum tikdirmiş, bir dəst də atası Tiflisdə komissiyonnudan
alıb, lap əcərri! Di gəl heç birini bəyənmir. Neyləyəsən, məcbursan ayrısını
alasan. Cavandır...
Adamlar Qubanın alma bağlarından, bu il meyvəcatın bol gəlməyindən
danışanda Ərknaz xanım şikayətini başlayır:
- Bizim Ramiz bazardan alınan meyvəyə məhəl qoymur. Vallah, öz
canım üçün, məhəl qoymur. O deyir: gərək üzümü, özü də ağ şanını ya
dərbəndini meynədən özüm dərəm: almanı, ağacdan özüm üzəm. Atası ona
keçən il Qusarda bir bağ tutmuşdu, iki minə. Başdan-ayağa almalıq,
armudluq...
Camaat beynəlxalq vəziyyətdən, hökumətlər arasında sülh
yaranmasından danışıb, şükür eləyəndə, Ərknaz xanım fikrini belə bildirir:
- Bə nədi, o gün hamınınkını Allah saxlasın, Ramiz qəzeti almışdı əlinə,
sülhün barəsində bülbül kimi elə oxuyurdu, elə oxuyurdu, adamın canına
yağ kimi yayılırdı. Qonum-qonşu tökülüb, deyəsən lap leksiyadı. Gədənin
döşündə də mərmər göyərçin qanad açıb, elə biləsən bu saat uçub taxtapuşa
qonacaq, öz canım üçün!
Məktəbdən söhbət açılanda, Ərknaz xanımın dəftər-kitabı lap uzanır:
130
- Bizimki ayrı cür uşaqdır! Müəllimlər danışa, görəsən! Belə, bir özgə
cür uşaqdı. Direktorlar lap məəttəl qalıblar. Bu yaşda uşaqda belə fərasət!
Görünməyib axı. Professorlar indidən Ramizin üstündə dava salıblar. Biri
deyir: mənim institutuma gələcək, o biri deyir: yox, onu özüm dərs
verəcəyəm. Biri deyir: gərək akademiyalar yanında dərs ala. Səs-sədası
şəhəri götürüb, bilmirəm necə olacaq, öz canım üçün nənəsi gədənin
köynəyinə gözmıncığı tikməkdən yorulub. Özü qoymur, biləndə söküb atır
bir qırağa. Görmüşdük oğlan üstündə qızlar sözə gələr, indi daha
professorların gözü qalıb gedədə! Vallah, öz canım üçün, elə biləsən bənd
olublar...
- Ərknaz xanım, hansı dərsə Ramizin meyli çoxdur?
- Elə hamısına! Dərs var ki, o bilməsin? Kitab var ki, oxumasın?
Müəllimlər heyrandır ki, aya, bu yaşda belə baş!.. Belə lap özgə cürdür,
allah hamınınkını saxlasın...
* * *
Vaqona əyləşəndə adamları zəfəran iyi vurdu. Zəfəran iyi gəlirdi, amma
birtəhər gəlirdi. Deyəsən bu zəfəran ya qaynanmış, ya qovrulmuş, ya da yağ
içinə qoyulmuşdu. Sərnişinlər soruşurdular:
- Bu nə ətir ola, yoldaş konduktor?
- Mənim də burnuma dəyir.
- Yoxsa vaqon-restorandan gəlir bu?
- Xeyr, vaqon-restoranda belə şey yoxdur
Konduktor vaqonun o biri başına yaxınlaşanda, zəfəran iyinin daha da
tündləşdiyini duyanda düşündü ki, bu təzə müsafirin, oxumağa gedən
tələbənin kupesindən gəlir. Ötəndə gözucu nəzər saldı. Pəncərə qabağında
baş-başa verən, konyak stəkanlarını çaqqıldadan iki gəncin zəfəran-plov
yediyini görüb, tez ötdü. Çalışdı ki, gənclər onun nəzər yetirdiyini görüb,
narahat olmasınlar.
2
Doğrudur, Ərknaz xanım hər yerdə oğlunu ağız dolusu tərifləməkdən
doymurdu. Tərifli cavanların heç birindən əskik saymırdı ki, artıq sayırdı.
Amma buna onun əsası yox idi. Ramiz orta məktəbdə miyana və bəlkə
miyanadan bir pillə aşağı oxuyan uşaqlardan idi. Ərknaz bunu bilməmiş
deyildi. Bilsə də, Ramizi tərifləməkdən əl çəkmirdi. Ona
görə əl çəkmirdi ki, "Dedi-dedi ev yıxır! O müəllim pis deyər, bu pis
deyər, valideyn də onlara qoşulub pis deyəndə, uşağın adı doğrudan da pisə
çıxar, sabah ali məktəbə gedəndə onu qapıda dayandırarlar..."
İkinci tərəfdən Ərknaz xanım Ramizin dərsdən aldığı qiymətləri doğru
saymırdı. Bu qiymətlər bəzən onu təbindən çıxarır, əsəbiləşdirirdi:
- Nə olmuşdu bəyəm? Çoğrafıyadan da zəif? Yəni Ramiz o qədər əfəl
oldu ki, dağların, dəryaların adını da saya bilmədi? Mənim oğlum həmin
dağları aşıb, dəryaları ötüb dönə-dönə gəzməli yerlərə gedəndə, çoxları heç
Bakıdan qırağa çıxmamışdı. Kislovodskə, Soçiyə, Moskvaya onu atası neçə
dəfə özü aparıb, indi götürüb coğrafiyadan uşağa iki yazıblar. Yox! Gözləri
götürmür! Məktəbdəkilər bizim uşağı aşkar gözümçıxdıya salmaq istəyirlər,
ögey baxırlar, ögey!..
Əri mane olmasaydı, bəlkə Ərknaz xanım coğrafıya müəllimi ilə
savaşacaq, kim bilir necə ağır sözlər deyəcəkdi.
Üçüncüsü də bu idi ki, Ərknaz xanım oğlunun ali məktəbə düzələcəyinə
arxayın idi. Xəyalına qoymuşdu ki: "İmtahan zamanı müəllim tutub
hazırlaşdıraram, atası da sözü keçəndir, tapşırar. Bir də Moskva
məktəblərinə gedən az olur. Ramizdən yaxşı kimi götürəcəklər..."
Həmin il Moskva məktəblərində respublikalardan gələnlərə çox yer
ayrılmışdı. İmtahan da, Ramizin bəxtindən yerli komissiyalarda olurdu. Bu
komissiyalarda da Ramizin atasını tanımayan kim idi.
Vəziyyət belə olsa da, Ramiz imtahanda kifayət qiymətlər yığa bilmədi.
Oğlunun adını qəbul olunanlar siyahısında görməyəndə Ərknaz xanım
təcili bilet alıb oğlu ilə birbaşa Moskvaya yola düşdü. Neçə qapı döyəndən
sonra mərkəzi qəbul komissiyasının məsul katibinin yanına getdi. Ərinin
məsul işlərdə ömrünü qoyduğunu, oğlunun naxoş vəziyyətdə həyəcan
keçirərək imtahan verdiyini, yerli komissiyada "ədalətsizlik olduğunu",
yeganə oğlu Ramizin ərizəsi rədd edilərsə, özünü bədbəxt ana hesab
edəcəyini xüsusi bir həyəcan və hiddətlə, təkid və cürətlə danışdı.
Haçandansa Ramizin məktəb dram dərnəyindən aldığı təşəkkürnaməni
paketdən çıxarıb göstərdi:
- Qabiliyyətsiz uşağa belə təşəkkürnamə verməzlər!
Çox haray-həşir salandan, dönə-dönə dilindən zəmanət verəndən sonra
inşaat institutunda hələ tutulmayan yerlərdən birini Ramiz aldı. Təqaüdsüz
və yataqxanasız olaraq oxumağına icazə verdilər.
131
132
Ərknaz xanım bu icazə kağızını alıb Bakıya qayıdandan sonra daha
yerə-göyə sığışmırdı. Müəllimlərin, komissiyaların ünvanına acı-acı sözlər
deyir, daş-qaş parıldayan şəhadət barmağını silkələyərək, Ramizin
qeyrətinə, biliyinə məhz yuxarı təşkilatlarda "lazımi və layiqli qiymət
aldığını" bir daha iddia və təsdiq edir, bədxahlarına sanki acıq verməkdən
həzz alırdı.
Ramiz oxumağa gedəndən Ərknaz xanımın yarı canı da onunla getmişdi.
İndi oğul sözü-söhbətini əvvəlkindən də beşqat artıq iştaha və həvəslə
danışsa da, ürəyini sakit edə bilmirdi. Ramizə halva, şəkər-çörək bişirir,
səbət-səbət meyvə göndərir, həftəbaşı bir bağlama yola salırdı. Söz yox ki,
bu bağlamaları poçtla, adi qayda ilə göndərsə, gecikəcəyini, bəlkə xarab
olacağını güman edirdi. Ona görə hər dəfə Moskva qatarını yola salmağa
çıxır, bağlamanın ya xörəyi tanışlardan birinin kupesinə qoyur, oğluna
teleqram vururdu ki: "Ramiz, ayın fılanında 19-cu qatarı qarşıla. Vaqon
nömrə filan, dostumuz filankəsdə əmanətin var! Öpürəm. Anan!"
Ramiz qəbul olunandan sonra poçtalyonlar inşaat institutuna çox get-gəl
eleyirdilər. Görürdün bu qarabuğdayı oğlana hey kağız, teleqram,
bağlamalar gəlir. Poçtalyonlar onu dərsdə, idman meydançasında, konsert
zalında tapır, tələsik qol çəkdirib gedirdilər. Səhərlər saat doqquzda-onda
isə Ramizi arıq, büzüşmüş bir oğlanla vağzalda - vaqon ayağında
"əmanətini" almağa gələn görərdin. Bu əmanətlər onu, demək olar ki, təngə
gətirmişdi. Gələn əmanəti alıb minik tapmaq, evə gətirmək, açıb yerbəyer
eləmək, taxtanı, torbanı, kağızı aparıb zibilxanaya atmaq özü bir iş idi.
Ramizdə bu səliqəyə hövsələ yox idi. Bir dəfə üzüm səbətini vaqondan
götürüb aparmaq istəyəndə milçəklər boğanaq kimi koma ilə uçdu. Səbətin
altından axan su isə Ramizin təzəcə geyindiyi triko kostyumu buladı.
Ramiz anasına dönə-dönə yazır, telefonla deyirdi ki: "Göndərməyin, heç
şey lazım deyil, xörək də, meyvə də xarab olur, nahaq yerə zəhmət
çəkməyin!"
Buna baxmadan "əmanətlərin" sayı nəinki azalmırdı, hətta günü-gündən
artırdı. Haçandansa, institutda oxuyan, qurtara bilməyən, möhlət alıb,
arxivdə kargüzar vəzifəsi daşıyan köhnə bir tələbə İbiş Məsimov Ramizə bu
işlərdə yaxın köməkçi idi. Hər səhər-axşam İbiş Ramizin mənzilinin əziz
qonağı idi. Onu otaqda kolbasa doğrayan, çay
133
dəmləyən, butulka ağzı açan, yaxmac düzəldən, teatr kassasına zəng vuran
görərdin İbiş Ramizin bazarlığına gedir, bələdçiliyini eləyir, paltarını
yudurdur, münasib qiymətlə çertyojlarının, konspektlərinin surətini
çıxartdırırdı. Kinoya, teatra, stadiona aparırdı. Mənzil sahibilə sözü
çəpləşəndə təzə otaq tapırdı. Ramiz oxumağa gələndən üç dəfə otağını
dəyişmişdi. Atası ünvanların belə tez-tez dəyişməyinə təəccüb edəndə,
Ramiz belə cavab verirdi:
- Birincisində telefon yox idi, ikincisinin hamamxanası xarab idi,
üçüncüsünün radiosu işləmirdi...
- Ola bilməzmi ki, əvvəlcədən bu şərtləri yoxlayasan, ay oğul?
- Bundan sonra yoxlayacağam, yaxşısını tutacağam, ata!
Əlbəttə ki, bu cavabları Ramizə İbiş öyrətmişdi. Ramiz heç vaxt otaq
dəyişmək istəmirdi, buna hövsələsi də, bacarığı, vaxtı da yox idi. Onu
otaqlardan ev sahibləri qovurdular. Ona görə qovurdular ki, gəlib-
getməyinin vaxtı yox idi. Gecə yarısı bir də görürdün İbişlə başmaq seyrinə
çıxdılar, səhərə yaxın qayıtdılar.
Ramizin etirazlarına atası da, anası da təvazökarlıq adı qoyurdular.
Göndərilən xörəklərin, meyvələrin yolda xarab olmamasına isə çarə
axtarırdılar.
Axşam Ərknaz xanım ərinə, necə deyərlər, göydəndüşmə bir sual verdi:
- Kişi, təzə təyyarə çıxıb, xəbərin var?
- Nə təyyarədir?
- Adını bir təhər deyirlər ey!
- Reaktiv təyyarə?
- Həri, aktiv təyyarə, eşitmisən?
- O təzə deyil, neçə ildi var!
- Var, bəs mənə niyə demirsən?
- Sənə nə deyəsiyəm ki?
- De görüm o aktiv təyyarə buradan Moskvaya neçə saata gedir?
- Gərək ki, iki saata gedir.
- Bu yaxşı, belə iş var, mənə niyə demirsən, a sağ olmuş?
- Neyləmək istəyirsən bəyəm?
İki saata mən Ramizə paxla-plov çatdırararn ki, lap buğlana-buğlana!
Ərinin gülməyi, müəyyən bir cavab verməməyi Ərknaz xanımı
hirsləndirdi:
134
- Burada gülməli nə var, sən gülürsən? Düyü daş kimi olandan sonra
uşağa çatmaq hara, plov isti-isti çatmaq hara! Bu gün sədri düyüsü isladım,
sabah danış o təyyarələrdən birində uşağa bir qazan isti-plov göndərək.
- Elə şey mümkün olmaz!
Ərknaz xanım alt dodağını dişlədi. Namazovun üzünə dik-dik baxdı:
- Necə məsul işçisən ki, beş kilo şeyi təyyarədə göndərə bilmirsən?
- Beş nədi, on beş də göndərə bilərəm. Amma, ay arvad, reaktiv təyyarə
yük üçün deyil, ayrı məqsəd üçündür. Şey qəbul eləməzlər!
Ərknaz xanım ərinə hirsləndi:
- Sənin bəd niyyətini bilirəm, indiyəcən bu təyyarəni məndən
gizlətməyin də əbəs deyilmiş. Sən övlad istəyən ata deyilsən. Dənizə
göndərsələr də, suyunu qurudub gələrsən. Ata olan kəs bir demirsən, axı
mənim balamdır, həftələrlə dilinə plov dəymir, ev xörəyi görmür...
Noyabrın axırlarında Namazov Moskvadan bir səliqəli məktub aldı.
Oxuyub məəttəl qaldı: "Bu nə işdir?"
* * *
Ramizin sinif yoldaşları yazırdılar. Salam və nəzakət sözlərindən sonra
yazırdılar ki: "Ramiz çətinliklə instituta qəbul olunmuşdur. Düşünürdük ki,
bunu nəzərə alar, dərslərinə fəal çalışar, yoldaşlarından geri qalmaz. Təəssüf
ki, belə deyil. Təkcə onun iki aydı buraxdığı dərslər bütün qrupdakı 25
nəfərin hamısının buraxdığı dərslərin cəmisindən çoxdur. Ramiz çox
seminarlarda iştirak etmir. Öz çertyojlarında qoyulan suallara cavab verə
bilmir. Kömək üçün onu qrupumuzun əlaçısı Fikrət Ağayevə təhkim etdik.
Fikrətlə cəmisi bir dəfə məşğələ keçib, "vaxtım yoxdur" - deyə gəlmir.
Görünür yaxın adamları da onun xeyirxahı deyildir.
Ramizin təhsil vəziyyətini Sizə bildirir, atalıq nüfuz və təsirinizi xahiş
edirik. Semestrin axırına az qalmışdır. Ramizin sessiyalardan zəif çıxması
bütün qrupumuzun hörmətini və dərəcəsini aşağı salacaqdır. Əminik ki,
bütün bunları nəzərə alacaqsınız.
Baqi hörmət!"
135
Qrup adından qol çəkən tələbələrdən sonra, dekan da onların fikrinə
şərik olduğunu bildirmişdi.
Kişi məktubu Ərknaz xanıma verdi. Ərknaz xanım diqqətlə oxuyandan
sonra adətincə, dodağını gəmirib, gözünü ərinin üzünə zillədi:
- Sən buna inanırsan?
-İnanmamağa nə əsas var?
Ərknaz xanım səsini ucaltdı və qətiyyətlə dedi:
- Böhtandır, iftiradır, paxıllıqdır!
- Tələbələrə nə düşüb sənin oğluna böhtan deyələr?
- Buradakıların işidir! Uşaq hələ təzəcə dərsə gedib, qoysalar bir yerini
rahatlasın, qoysalar bir nəfəs alsın! Nə qaçhaqaçdır, nə olub bəyəm? Hələ
Ramizin qabaqda beş il vaxtı var!
- Beş ilə baxmır, hər semestrdə dərsini yoxlayırlar.
- Yoxlasınlar da. Bəyəm bir bizimkidir. Elələri var illərlə orada ilişib
qalıb. Odur, İbiş altı ildir oradadır, hələ də möhlət alıb, heç onun anası belə
kağız almır. Ramizi nə gördü gözləri bunların, canım!
Namazov Ərknaz xanımın hirsləndiyini, təbdən çıxdığını görüb susdu, o
biri otağa keçdi. Ərknaz xanım isə dəstəyi götürüb, oğlunu telefona çağırdı.
Kişi Ərknaz xanımdan xəlvət oğluna bir nəsihət məktubu yazdı,
institutdan gələn xəbərlərin hamısını bildirdi və təkid etdi ki, dərslərinə
yaxşı fıkir versin, vaxtını hədər keçirməsin, oraya oxumağa gedib...
Ərknaz xanım isə şəkərbura, paxla-plov tədarükü görüb, yaxın günlərdə
Moskvaya getməyə hazırlaşırdı.
3
Vaxt gözləmir deyirlər, heç kəsi, heç yerdə və heç nə üçün gözləmir,
zaman əvvəli, axırı görünməyən güclü bir sel kimi heç nə ilə hesablaşmadan
axıb gedir.
Vaxt gəlib çatdı, semestrə yekun vuran yoxlama və imtahanlar cədvəli
institutun divarlarından asıldı. Tələbə də, müəllim də işlərini bu cədvələ
uyğunlaşdırmağa səy etdi.
Ərknaz xanım aerodromda yumşaq minik təyyarəsindən düşüb, oğluna
gətirdiyi sovqatları sevinclə taksi maşınına yığanda Ramiz 21-ci
auditoriyada yer quruluşu fənnindən yoxlama imtahanı verirdi. O, yazı
taxtasının qarşısında, əlində tabaşir donub qalmışdı.
136
Çeşməkli professor İvanov əlində qələm Ramizin üzünə mənalı-mənalı
baxırdı:
- Bəs niyə belə?
- ...
- Bəlkə hazırlaşmamısan?
- Xeyr, professor, bilirəm, soruşun!
Professor İvanov fənnin lap əlifbası sayılan suallardan birini də, ikisini
də təkrar etdi. Ramiz gözlərini döyməkdə davam etdi. Professora yəqin oldu
ki, bu tələbə nə orta məktəbdən hazır gəlib, nə də institutda dərslərə
hazırlaşıb.
- Heç gözləməzdim! Uzaq yerdən gəlmisiniz, siz gərək...
Ərknaz xanım oğlunun imtahana getdiyini eşidəndə ildırım kimi özünü
instituta saldı. Ramiz anası ilə dilucu görüşüb, qulağına pıçıldadı:
- Odur ey, gedir, o qoca professor məni kəsib, hələ vərəqəni təhvil
verməyib, gör nə eləyirsən, ay ana! Başına dönüm, qurbanın olum!
Ramiz bu yalvarış sözlərini professora da demişdi, ancaq bir nəticə
görməmişdi: "Başına dönüm, qurbanın olum!.." Yenə ümidini kəsmir,
anasının əncam çəkəcəyini zənn edirdi.
Ərknaz xanım professor İvanovu qapı ağzında haqladı:
- Yoldaş professor, bir dəqiqə!
İvanov başı ilə ehtiram işarəsi verdi:
- Buyurun, xanım, buyurun!
Ərknaz xanım bir qədər kənara çəkildi. İvanov da yaxına gəlib dayandı.
- Mən sizi eşitməyə hazıram.
Ərknaz xanım İvanovun əlindəki portfelə baxdı:
- Verin mən saxlayım, sizə zəhmət olar!
Bu söz professora təəccüb gəlsə də, mülayim cavab verdi:
- Eybi yoxdur, siz sözünüzü deyin, eşidirəm!
- Bəlkə bu otaqların birində yer tapıb əyləşdiniz. Sizə ayaq üstə
zəhmət olar.
Professor yaxındakı otağa tərəf getməyi Ərknaz xanıma işarə etdi.
Ərknaz xanıma yer göstərdi, sonra da özü oturdu. Burada söhbətə mane ola
bilən bir kəs yox idi. Dib tərəfdə bir qız oturub nəsə siyahı tutur, hərdən
telefonla danışırdı. Ərknaz xanım alçaq səs və xahiş ədası ilə İvanova belə
müraciət etdi:
137
- Əvvəla, mən özümü xoşbəxt hesab eləyirəm ki, sizin kimi böyük bir
alim ilə tanış oldum. Əlbəttə ki, bunlar bizləri çox başı ucalıqdır...
İvanov onun bu istiqamətdə danışmağına yol verməmək üçün qolundakı
saata baxıb dedi:
- Buyurun, mənə aid sözünüzü buyurun, xahiş edirəm, buyurun!
Ərknaz xanım mətləbə keçdi:
- Yoldaş professor İvanov, Sizin tələbəniz Ramizin atası məsul işçidir.
Vaxtı yoxdur. Çox mühüm tapşırıqlar ilə məşğuldur. Gələ bilmədi, xahiş
etdi ki, sizə çox-çox salam-dua yetirəm...
Professor bu sözlərə də bir cavab tapmaqda çətinlik çəkən kimi susurdu.
Saata baxdı, təkrar soruşdu:
- Rica edirəm, buyurun görüm mənə aid qulluq...
Ərknaz xanım davam etdi:
- Oğlum Ramizin sizin dərsdən yaxşı qiymət almamağını eşidib, mən
özüm gəlmişəm...
Professor tələbənin qrupunu, sinfini, familiyasını soruşdu, xatırladı: Hə!
O mənim dərsimdən zəifdir.
- Atası məsul işçidir...
- Məsul, ya qeyri-məsul, xanım, bizə tələbə lazımdır, oxuyan
tələbə!
- Orası düzdür, yoldaş professor, indi bu uşağın işinə bir əncam
çəkmək lazımdır.
Professor başı ilə təsdiq etdi:
- Əlbəttə ki, əlbəttə ki, lazımdır, bu vəziyyətdə qoymaq olmaz.
Əlbəttə ki, əncam çəkmək vacibdir!
Ərknaz xanımın gözləri parıldadı, ürəyi yerinə gəldi: "Düzələcək".
- Çox sağ olun, çox var olun, bir təhər düzəldin!
İvanov bir qədər fikirli kimi başını aşağı saldı. Çeşməyini çıxartdı,
təzədən gözünə taxdı:
- Məncə, Ramizin işini orada, yaşadığınız şəhərdə daha tez və yaxşı
düzəldə bilərsiniz.
Ərknaz xanımın sifəti ciddiləşdi, gözləri böyüdü:
- Necə?
- Necəsi budur ki, onuncu sinfə qaytarmaq, müəllimlərdən xahiş etmək
olar ki, ciddi tələbkarlıqla oxutsunlar, proqramı kamil öyrətsinlər.
Özünüzün də gözünüz üstündə olar. Kontrol lazımdır hər gün, hər saat...
138
Elə bil Ərknaz xanımın qabarıq sinəsindən iti bir ox vurdular. Ürəyində
professora qarğış tökdü: "Ay səni görüm "onuncu sinif' deyən dilin
qurusun!"
İçini çəkdi, rəngi dəyişdi, oturduğu yerdən dik qalxdı, hirslə, bir az, da
ucadan dedi:
- Bəs geriyə qayıtmaq, ay professor, tələbənin, belə igid bir oğlanın
qeyrətinə toxunmazmı! İnsaf harda qaldı?
Professor İvanov çiyinlərini çəkdi, bir söz demədi. Qeyrət məsələsindən
demək istəyirdi, ancaq demədi. Qarşısəndakı qadın olduğu üçün, ana olduğu
üçün demədi, o demək istəyirdi ki: "Qeyrəti olan tələbəyə əlbəttə ki,
toxunar. Amma qeyrəti olan tələbə heç bu hala düşməz! Burası da var axı,
qızım!.."
Bu dəqiqə İbiş mənzildə süfrə tədarük edir, təzə gəlmiş plov qazanını
ocaq üstünə qoyurdu.
Dostları ilə paylaş: |