Xəbər bülleteni № 22
http://transparency.az/cnews/
Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az
Fevral 2016
Manat möhkəmlənib
01.02.2016
Fevralın 1-də Mərkəzi Bank Azərbaycan manatının dollara məzənnəsini möhkəmləndirib. Transparency.az-ın məlumatına görə, 1 ABŞ dolları 1,6008 manatdan 1,5972 manata düşüb.
1 avro isə yanvarın sonuncu iş günü ilə müqayisədə 1,7495 manatdan 1,7326 manata enib.
Tam siyahı Azərbaycanın beynəlxalq kredit reytinqi enib
01.02.2016
“Standard & Poor’s” reytinq agentliyi Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqini bir pillə aşağı endirib. Xəbəri Maliyyə Nazirliyi yayıb. Nazirlik qeyd edir ki, 31 iyul 2015-ci ildə agentlik Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqini investisiya “BBB-” səviyyəsində təsdiqləmiş, proqnozu isə “mənfi” saxlamışdı: “Agentliyin 29 yanvar hesabatında reytinqin bir pillə endirilməsinə əsas səbəb kimi neftin ucuzlaşması, bunun ölkədəki iqtisadi artıma və makroiqtisadi sabitliyə təsiri göstərilir. Maliyyə Nazirliyi “Standard & Poor’s” agentliyinin dərc etdiyi reytinq hesabatında bir sıra qeyri-dəqiqlikləri qeyd edərək qiymətləndirmənin nəticələri ilə razılaşmadığını və bundan təəssüfləndiyini bəyan edir.
Nazirlik ümidvar olduğunu bildirir ki, neft və neft məhsullarının qiymətlərinin azalması fonunda dərhal ölkənin kredit reytinqini aşağı endirən “Standard & Poor’s” agentliyi xammal məhsullarının qiymətlərinin artacağı təqdirdə də eyni operativliyi göstərərək ölkənin investisiya səviyyəli reytinqini bərpa edəcək”.
Transparency.az qeyd edir ki, dünyada kredit reytinqini qiymətləndirən üç əsas reytinq agentliyi var: “Moody’s”, “Standard & Poor’s”, “Fitch” (Beynəlxalq kredit reytinqi cədvəli). Ölkələrin kredit reytinqi investisiya mühitinin risk səviyyəsini ifadə edir. Beynəlxalq reytinq təşkilatları qiymətləndirmədə ölkənin maliyyə keçmişini, iqtisadi durumunu, borclarını nəzərə alır.
Agentliklər şərti hərfləndirmə sistemi ilə kredit notu verirlər və qiymətləndirmə dövri olaraq dəyişir. Məsələn, “Standard & Poor’s” agentliyi “BBB-“ səviyyəsi və ondan yuxarı səviyyələri investisiya ediləcək səviyyə kimi qəbul edir. Ondan aşağı olan “BB+” və sonrakı səviyyələr investisiya edilməyən səviyyə adlandırılır. Azərbaycan “BBB-“ səviyyəsindən 1 pillə aşağı düşdüyü üçün investisiya səviyyəsini itirib.
Energetika naziri: “Heç bir iqtisadiyyat bu vəziyyətə dözmür”
01.02.2016
“Bu ilin sonuna neftin qiymətində əhəmiyyətli artım olacaq”. AZƏRTAC-ın məlumatına görə, energetika naziri Natiq Əliyev belə deyib.
Nazir qeyd edib ki, neftin qiyməti təkcə iqtisadi yox, həm də siyasi faktorlardan asılıdır: “Bu gün dünyada baş verən proseslər, münaqişələr bilavasitə neftin qiymətinə təsir edir. Lakin bu belə davam edə bilməz. Çünki qiymətin ucuzlaşması nəinki xam neft hasilatçısı, o cümlədən də istehlakçı ölkələrin iqtisadiyyatına təsir göstərir. Hesab edirəm ki, bu ilin sonlarında neftin qiymətində çox böyük dəyişikliklər olacaq. Çünki heç bir iqtisadiyyat bu vəziyyətə dözmür”.
SOCAR özəlləşdirilmir
01.02.2016
Energetika naziri Natiq Əliyev hazırda SOCAR-ın özəlləşdirilməsinin gündəmdə olmadığını bəyan edib. O deyib ki, SOCAR nəinki Azərbaycanın iqtisadiyyatında, o cümlədən ölkənin xarici siyasətində mühüm rol oynayır.
AZƏRTAC-ın məlumatına görə, energetika naziri qeyd edib ki, Azərbaycanın enerji sektorunda istehsalçı yox, əsasən köməkçi müəssisələr özlləşdirilməlidir: “Enerji sahəsindəki paylayıcı şəbəkələr isə çox köhnədirlər. Həmin şəbəkələrdə böyük itkilər var və onların özəlləşdirilməsi iri həcmdə investisiyalar tələb edir. Bu paylayıcı sistemləri müasir vəziyyətə gətirmək üçün təxminən 4 milyard dollar vəsait lazımdır. Təkcə fiziki şəxslər bunu edə bilməz, bu prosesdə böyük şirkətlər iştirak etməlidirlər”.
Corc Soros Hillari Klintona 6 milyon dollar bağışlayıb
01.02.2016
Amerikalı milyarder Corc Soros ABŞ-ın sabiq dövlət katibi, hazırda Demokratlar Partiyasının prezidentliyə namizədi olmaq uğrunda mübarizə aparan Hillari Klintonun seçki kampaniyası üçün 6 milyon dollar bağışlayıb.
Novator.az xəbər verir ki, milyarderin bu məbləği bağışladığı Klintonun seçki qərargahının yığılan vəsaitlərlə bağlı dərc etdiyi hesabatdan bəlli olub. Hesabatda göstərilir ki, Corc Soros sözügedən vəsaiti 2015-ci ilin dekabrında ayırıb.
2015-ci ilin üçüncü rübündə Klintonun seçki qərargahı 25 milyon 800 min dollar xərcləyib. Onun xərclənməmiş 33 milyonu qalıb. Dördüncü rübdə bu məbləğin daha da artdığı bildirilir.
ABŞ-da prezident seçkisi 2016-cı ilin noyabrında keçiriləcək. Ehtimal olunur ki, Demokratlar Partiyasının prezidentliyə namizədi Hillari Klinton, Respublikaçılar Partiyasının namizədi isə milyarder Donald Tramp olacaq. Partiyaların kimi namizəd irəli sürəcəyi yayda bilinəcək.
Əlillik müayinəsinin nəticəsi barədə məlumat almaq asanlaşdı
01.02.2016
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalında təqdim etdiyi “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətindən istifadə imkanları genişlənib. Rəsmi məlumata görə, nazirlik əlillik müayinəsinin nəticəsi barədə məlumatın sadəcə telefon vasitəsilə əldə oluna bilməsinə də imkan yaradıb: “Artıq vətəndaşlar Tibbi-Sosial Ekspert Komissiyalarında keçirilmiş müayinənin nəticəsi barədə nazirliyin 142 — “Çağrı mərkəzi” vasitəsilə də məlumat əldə edə bilərlər. Tibbi-Sosial Ekspert Komissiyalarında əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış istənilən vətəndaş “Çağrı mərkəzi”nə zəng edərək 0 düyməsini yığmalıdır. Bundan sonra şəxs özünün şəxsiyyət vəsiqəsinin nömrəsini və doğum tarixini daxil edir.
Daxil edilən rəqəmlər səsləndirilərək düzgünlüyü təsdiqləndikdən sonra əlilliyin və ya sağlamlıq imkanları məhdudluğun müəyyən olunması ilə bağlı aparılmış müayinənin nəticəsi (hansı tarixdə və neçənci dərəcə əlillik qrupunun təyin olunması, əlilliyin nə qədər müddətə müəyyən edilməsi) barədə məlumat vətəndaşın diqqətinə çatdırılır. Əgər şəxsə əlillik təyin olunmayıbsa, informasiya sistemində onunla bağlı məlumat olmadığı bildirilir.
“Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidməti aparılmış əlillik müayinəsinin nəticəsi barədə məlumat əldə etməyə, habelə hər hansı quruma təqdim etmək üçün əlilliyə dair elektron arayışlar formalaşdırmağa yönəlib. Həmin e-xidmətdən vətəndaşların heç bir autenfikasiya vasitəsinə ehtiyac olmadan da istifadə proseduru sadələşdirilərək elektron yolla da müvafiq məlumatın əldə olunmasına şərait yaradılıb”.
Dostları ilə paylaş: |