Xəbər bülleteni №22



Yüklə 458.92 Kb.
səhifə9/22
tarix30.11.2016
ölçüsü458.92 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

Mərkəzi Bank 3 banka 31 milyon dollar satıb


03.02.2016

dollar 01Fevralın 3-də Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib, 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. AZƏRTAC-ın məlumatına görə, hərraca qatılan 3 bankın məcmu tələbi 31 milyon ABŞ dolları olub, sifarişlər 100 faiz təmin edilib.

Rusiyada ÜDM nə qədər azalıb?


03.02.2016

udm 012015-ci ildə Rusiyada ümumi daxili məhsul (ÜDM) 3,7 faiz azalıb. Novator.az-ın məlumatına görə, fevralın 3-də Federal Statistika Xidməti belə açıqlama yayıb. Açıqlamada bildirilir ki, 2014-cü ildə ÜDM 0,7 faiz artmışdı.

2015-ci ildə iqtisadiyyatın nominal həcmi 1,33 trilyon dollar olub. 2014-cü ildə bu rəqəm 2,05 trilyon dollara bərabər idi.

İqtisadi fəaliyyətin 16 əsas növündən yalnız 4-də artım qeydə alınıb. Ən çox artım (3,5 faiz) kənd təsərrüfatında olub. Ən çox azalma isə ticarət sahəsindədir. Bu sektorda 10,1 faiz azalma var. Əsas səbəb kimi daxili tələbatın aşağı düşməsi göstərilir. Daxili istehlak 2015-ci ildə 7,9 faiz azalıb.

Gömrük ödənişindən külli miqdarda yayınma aşkarlanıb


03.02.2016

dgk 1Dövlət Gömrük Komitəsinin mətbuat xidməti açıqlama yayıb. Açıqlamada deyilir: “Şirvan Gömrük İdarəsinin gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə Rusiya Federasiyasından gələn və Azərbaycan ərazisindən tranzit keçməklə İrana aparılacağı qeyd edilən taxta yüklü vaqonların Sabirabad rayonunda fəaliyyət göstərən sahibkarlardan birinə satılması barədə məlumat daxil olub. Aparılan araşdırma zamanı bilinib ki, 2015-ci ilin dekabr ayının 30-da və 2016-ci ilin yanvar ayının 12-də Azərbaycan Respublikasının ərazisinə daxil olan 2 ədəd vaqondakı taxtanı “Tikinti Təminat” Ltd MMC-nin tranzit gömrük proseduru altında İran İslam Respublikasına aparacağı bildirilsə də, vaqonlar Sabirabad rayonun ərazisindəki “Sabir” dəmiryol stansiyasında qeyri-qanuni olaraq boşaldılıb.

Vaqonlardan boşaldılan taxta Sabirabad rayonu ərazisində tikinti materiallarının topdan və pərakəndə satışı ilə məşğul olan Əkbərov Rahib Ağamusa oğluna 14 800 dollara satılıb. Gömrük ödənişindən külli miqdarda yayınmaqla vaqonlardakı 202 kubmetr taxtanın 50 kubmetri artıq realizə olunub. Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır”.


Ekoloji pozuntuların statistikası


03.02.2016

ekologiya nazirliyi 1
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti 16-31 yanvar arası ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb. Rəsmi məlumata əsasən, araşdırma zamanı atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilən qanun pozuntularına görə 97 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün 16 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə 37 iş üzrə 44230 manat məbləğində inzibati cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 46 iş üzrə 83926,51 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 191 iş üzrə 39112,88 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 6, icra qurumlarına və məhkəmələrə isə 16 iş göndərilib.


Prezident yanında Apellyasiya Şurası yaradıldı


03.02.2016

prezident - ferman
Fevralın 3-də dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası yaradılmasına fərman verib. Qurumun sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çox pilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədi ilə yaradıldığı bəyan edilib.

Əsasnaməyə görə, Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərinə baxılması sahəsində çox pilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) yuxarı orqana şikayətlərin verilməsi mexanizminin tənzimlənməsi məqsədi ilə yaradılmış və ictimai əsaslarla (ödənişsiz əsaslarla) fəaliyyət göstərən kollegial orqandır.

Şuranın tərkibini (sədri və digər səkkiz üzvü) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət olmaqla prezident müəyyən edir.

Başqa bir fərmanla Azərbaycan Respublikasının mərkəzi və yeri icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları yaradılır.

Apellyasiya Şurası haqqında əsasnamə

Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında nümunəvi əsasnamə

Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında nümunəvi əsasnamə

Fərman: Maliyyə Bazarlarına Nəzarət Palatası qurulur


03.02.2016

prezident administrasiyasiFevralın 3-də prezident İlham Əliyev “Publik hüquqi şəxslər haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Elə həmin gün dövlət başçısı ölkədə ilk publik hüquqi şəxsin — Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasına da fərman verib.

Fərmana görə, yeni palata qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə yaradılır.

Maliyyə Bazarlarına Nəzarət Palatasında 5 nəfər üzvdən ibarət Direktorlar Şurası olacaq. Şura sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini ölkə prezidenti həyata keçirəcək.

Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnaməsi qüvvəyə mindiyi gündən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv ediləcək və onların istifadəsində olan dövlət əmlakı Maliyyə Bazarlarına Nəzarət Palatasına veriləcək.

Yeni palatanın fəaliyyətinin təmin edilməsi üçün dövlət başçısının fərmanı ilə işçi qrupu yaradılıb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı işçi qrupunun rəhbəri, “Xalq Bank”ın Müşahidə Şurasının sədri Asim Məmmədov, “Kapital Bank”ın Müşahidə Şurasının sədri Cəlal Qasımov, “Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov, Dövlət Neft Fondunun investisiya departamentinin direktoru Rövşən Cavadov, Maliyyə Nazirliyinin maliyyə və sığorta bazarlarının tənzimlənməsi şöbəsində sektor müdiri Zəka Mirzəyev qrupun üzvləri təyin ediliblər.

İşçi qrupuna yeni palatanın nizamnaməsinin layihəsini, habelə palatanın strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb ölkə prezidentinə təqdim etmək tapşırılıb.

Nazirlər Kabineti isə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin istifadəsində olan dövlət əmlakının Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsini həll etməlidir.

1   ...   5   6   7   8   9   10   11   12   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə