Xəbər bülleteni №22



Yüklə 458.92 Kb.
səhifə7/22
tarix30.11.2016
ölçüsü458.92 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   22

3 fevral məzənnəsi


03.02.2016

Fevralın 3-də 100 ABŞ dolları 158 manat 94 qəpiyə satılır. Mərkəzi Bank belə rəsmi məzənnə müəyyən edib. 100 ABŞ dolları ötən gün rəsmən 159 manat 40 qəpik idi.

Transparency.az xəbər verir ki, avro da fevralın 2-si ilə müqayisədə ucuzlaşıb. 100 avro 174 manatdan 173 manat 48 qəpiyə düşüb.

100 Rusiya rublunun rəsmi məzənnəsi isə bu gün 1 manat 99 qəpikdir.

Rəsmi məzənnə bülleteninə görə, fevralın 3-də manat Moldova leyi, yapon yeninə nisbətdə ucuzlaşıb, Yeni Zelandiya dollarına nəzərən sabit qalıb, qalan valyutalarla müqayisədə möhkəmlənib.

Məzənnələr

Əli Həsənov: “Hər şey mərkəzdən gəlir. Nə vaxta qədər belə davam edə bilər?”


03.02.2016

eli hesenov 1
“Azərbaycan rayonlarının faktiki olaraq 90 faizi dövlətin dotasiyası hesabına yaşayır. Hər şey mərkəzdən gəlir. Nə vaxta qədər belə davam edə bilər? Buna son qoyulmalıdır”. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov fevralın 2-si Quba şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə belə deyib.

AZƏRTAC-ın məlumatına görə, görüşdə Milli Məclisin deputatları Vahid Əhmədov, Yevda Abramov, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əli Həsənov çıxışında 2016-cı ildə çox ciddi iqtisadi və siyasi islahatların aparılacağını vurğulayıb: “Bir-birini təkrarlayan, səmərəsiz fəaliyyət göstərən strukturlar yenilənəcək, bəziləri birləşdiriləcək, işinin həcmi həddən çox olan qurumlar isə bir neçə struktura ayrılacaq. Məqsəd dövlət idarəçilik sisteminin tam modernləşdirilməsi və mövcud inkişafın tələblərinə uyğunlaşdırılması, daha çevik idarəetmə mexanizminin yaradılmasıdır.

İqtisadi islahatlara gəlincə, hər bir region, hər bir rayon üzrə yeni diferensial yanaşma tələbi ortaya qoyulub. Artıq hər bir təşəbbüsün, hər bir fəaliyyət istiqamətinin mərkəzdən gəlməsi prosesinə son qoyulmalıdır. Əsas təkliflər yerlərdən gəlməlidir. Yerli qurumlar, iş adamları, ictimaiyyətin nümayəndələri, yerli potensialı nəzərə alaraq mərkəzə təkliflər verməlidirlər. Məhz bunun sayəsində ölkə iqtisadiyyatının ümumi inkişaf meyllərinə uyğun olaraq hər bir rayonun yerli potensialı işə salınmalıdır. Ancaq yerli potensial işə salınanda dövlətin əsas tələbləri nəzərə alınmalıdır. Bu tələblər hansılardır? Dövlətimizin başçısının ortaya qoyduğu əsas tələblər insan resurslarından səmərəli istifadədir, əhalinin sosial-iqtisadi problemlərinin həllidir. Çünki Azərbaycanın dövlət siyasətinin mərkəzində insan amili, Azərbaycan vətəndaşı durur. Azərbaycan dövləti bütün səylərini vətəndaşların həm ümumi, həm də fərdi problemlərinin həllinə yönəldib”.

Azərbaycanın postneft dövrünə qədəm qoyduğunu vurğulayan Prezident Administrasiyasının rəsmisi deyib ki, indi qarşıda duran başlıca vəzifə daxili resursları işə salmaqdır: “Quba kimi işgüzar əhalisi, münbit torpağı, müasir infrastrukturu, abad yolları olan, dənizə yaxın məsafədə yerləşən bir rayon nə üçün dövlətin dotasiyası hesabına yaşamalıdır? Xaçmaz kimi böyük bir rayon nə vaxta qədər dövlətdən dotasiya almalıdır? Bu gün Azərbaycan rayonlarının faktiki olaraq 90 faizi dövlətin dotasiyası hesabına yaşayır. Hər şey mərkəzdən gəlir. Nə vaxta qədər belə davam edə bilər? Buna son qoyulmalıdır. Hər rayonun potensialı nəzərə alınmalıdır. Quba rayonunun ümumi iqtisadi potensialının cəmi 50 faizi işə salınsa, bu rayonda bir dənə də olsun işsiz qalmaz. Rayonda təkcə bağçılıq məhsulları, meyvə-tərəvəz normal tədarük olunsa, yerində istehsala cəlb edilsə, son məhsul xarici bazarlara çıxarılsa, nəinki Quba özünün bütün maliyyə ehtiyaclarını təmin edə bilər, hətta gələcək nəsillər üçün milyonlarla manat vəsait ehtiyatı yarada bilər. Bunun üçün yerli hakimiyyət orqanları ictimaiyyətdən, iş adamlarından gələn təşəbbüsləri dəyərləndirməlidir. Bu təşəbbüslərin hansını yerlərdə icra etmək mümkündürsə, icra olunmalıdır, hansına kənardan dəstək göstərilməlidir, mərkəzə təkliflər verilməlidir.

Regional birliklər yaradılmalıdır. Nə vaxta qədər hərə özünün 15-20 sot torpağını çəpərləyib orada yalnız ailənin fərdi ehtiyacları üçün məhsul yetişdirəcək?! İndi artıq iqtisadiyyatın təmərküzləşməsi dövrü başlayıb. İnsan ona daha çox gəlir gətirən məhsulları becərməlidir. Qubada hansı məhsul daha çox gəlir gətirə bilər? Statistikaya nəzər salsaq görərik ki, 160 mindən artıq əhalisi olan Quba rayonuna son 10 ildə dövlət taxıl tədarükü üçün 10 milyon manatdan çox dotasiya verib. Həmçinin Sahibkarlığa Yardım Milli Fondundan, o cümlədən kənd təsərrüfatının kreditləşdirilməsi çərçivəsində son 10 ildə Qubada fərdi təsərrüfatlara, sahibkarlara — yəni, real sektora 40 milyon manatdan artıq sərmayə yönəldilib. Amma bunun əvəzində normal bir təsərrüfat yaradılmayıb. İstənilən nəticə əldə edilməyib.

Münbit torpaqların böyük bir qismi becərmədən kənarda qalıb, meyvə bağlarının məhsuldarlığı azalıb. Dövriyyəyə cəlb edilməli çoxlu torpaq sahələri var. Ancaq meliorasiya və irriqasiya tədbirlərinə məhəl qoyulmur. Halbuki bu işlərə dövlət milyonlarla manat vəsait xərcləyib. Ən ağrılı məsələlərdən biri də torpaq sahələrindən təyinatı üzrə istifadə edilməməsidir”.

NBCBank”ın lisenziyası qaytarıldı, öhdəlik götürüldü


03.02.2016

nbc bank
“NBCBank” ASC Mərkəzi Banka müraciət edərək digər banklarla konsolidasiya niyyətinin olduğunu, maliyyə vəziyyətinin yaxşılaşdırılması, öhdəliklərin icrasının təmin edilməsi, eləcə də kapital mövqeyinin bərpası ilə bağlı tədbirlər həyata keçirildiyini bildirib.

Mərkəzi Bankdan AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə bankın digər banklarla birləşməsi haqqında niyyət protokolu imzalanıb, kapitalın artırılması ilə bağlı banka yeni vəsait qoyuluşu həyata keçirilib: “Bu vəsaitlər hesabına əhali və kreditorlar qarşısında vaxtı ötmüş öhdəliklərin icrasına başlanıb. Qeyd olunanları, bütövlükdə konsolidasiya prosesinin bank sektorunun strateji inkişaf xəttinə uyğunluğunu nəzərə alaraq Mərkəzi Bankının İdarə Heyəti “NBCBank” ASC-nin bank lisenziyasının ləğv olunması ilə 25 yanvar 2016-cı il qərarını ləğv edib. Konsolidasiya prosesi tam başa çatdırılanadək bank Mərkəzi Bankın ciddi nəzarəti çərçivəsində fəaliyyət göstərəcək”.

2016-cı ildə Mərkəzi Bank “Bank of Azerbaijan”, “Gəncəbank”, “Yunayted Kredit Bank”, “Atrabank”, Qafqaz İnkişaf Bankı və “Texnikabank”ın lisenziyalarını ləğv edib.

1   2   3   4   5   6   7   8   9   10   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə