Xəbər bülleteni №22



Yüklə 458.92 Kb.
səhifə15/22
tarix30.11.2016
ölçüsü458.92 Kb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

Maliyyə Nazirliyi 2015-ci ildəki pozuntularla bağlı hesabat yayıb


05.02.2016

maliyye nazirliyi
Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2015-ci ildə apardığı nəzarət tədbirlərinin nəticələri barədə hesabat yayıb. Məlumata görə, mərkəzi aparatın apardığı yoxlamalarla dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına artıq ödənilməsi aşkar olunmuş 7949,47 min manat vəsaitin 7165,14 min manatının büdcəyə bərpası təmin edilib, Azərbaycan Texnologiya Universitetində 1502,79 min manat məbləğində mənimsəmə hallarına dair yoxlama materialları Baş Prokurorluğa göndərilib.

Hesabatda qeyd olunur ki, faktiki fəaliyyət göstərməyən bir ümumtəhsil məktəbində tədrisin aparılması dayandırılıb, qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış 176 sinif komplekti və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan 166 qrup, normadan artıq saxlanılmış 259,25 ştat vahidi ləğv edilib, 376 fənn kabinəsinə rəhbərliyə görə əlavə haqqın ödənilməsi dayandırılıb, orta aylıq əməkhaqqı aldıqları və faktiki olaraq işləmədikləri halda aylıq əməkhaqqı üzrə ödəniş dərəcələri artırılmış 176 nəfər pedaqoji işçinin dərəcələri əvvəlki vəziyyətə qaytarılıb, yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilməsi nəticəsində evdə təhsilə cəlb edilmiş şagirdlərin sayı 297 nəfər azaldılıb, həmçinin normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Rəsmi məlumata əsasən, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin regional maliyyə müfəttişliklərinin nəzarət tədbirləri ilə aşkar olunmuş 2392,2 min manat məbləğində artıq və əsassız ödənişlərin 1669,56 min manatı büdcəyə bərpa edilib, Ağcabədi Rayon İcra Hakimiyyətinin Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 132,90 min manat, Samux Rayon İcra Hakimiyyətinin Zazalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 130,74 min manat, Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasında 233,91 min manat, Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialında 156,81 min manat, cəmi 654,36 min manat məbləğində mənimsəmə halları aşkar olunaraq yoxlama materialları Baş Prokurorluğa göndərilib.

Hesabata görə, Baş Prokurorluğun məktubları və məhkəmə orqanlarının qərarları əsasında 29 təşkilatla bağlı suallar yoxlanıb və cəmi 625,24 min manat məbləğində mənimsəmə halları aşkar olunub: “Bununla yanaşı əvvəlki dövrlərdə büdcə təşkilatlarında aparılmış yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin 1483,53 min manatının, o cümlədən Baş Prokurorluğa göndərilmiş obyektlər üzrə aparılan istintaq tədbirləri zamanı 1414,45 min manatın dövlət büdcəsinə bərpası təmin edilib”.

Rəsmi məlumatda qeyd olunur ki, 2015-ci ildə aparılmış yoxlamaların nəticələri üzrə büdcə təşkilatlarında nöqsanlara yol vermiş 931 vəzifəli şəxsə 576 min manat məbləğində cərimələr tətbiq olunub, Ağstafa və Ağcabədi rayonları üzrə maliyyə idarələrinin rəisləri işlərində yol verdikləri nöqsanlara görə tutduqları vəzifələrindən kənarlaşdırılıblar.

Valyuta hərracında 18,370 milyon dollar satıldı


05.02.2016

dollar 01Mərkəzi Bank fevralın 5-də növbəti valyuta hərracı keçirib. Transparency.az-a verilən məlumata görə, bu gün 200 milyon ABŞ dolları satışa çıxarılıb.

Hərracda iştirak edən 7 bankın məcmu tələbi 18,370 milyon ABŞ dolları təşkil edib və sifarişlər 100 faiz təmin olunub.


Pambığın satınalma qiyməti artır


05.02.2016

pambiq
İqtisadiyyat naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri Heydər Əsədov pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin nümayəndələri ilə görüşüb. Rəsmi məlumata görə, görüşdə pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin pambıqçılığın inkişafı, suvarma sisteminin təkmilləşdirilməsi, aqrolizinq xidmətlərinin genişləndirilməsi, pambıqçılıq sahəsinə daha çox güzəştli kreditlərin ayrılması, toxum və dərman preparatlarının alınmasına subsidiyaların verilməsi barədə təklifləri müzakirə edilib: “Görüşdə pambıq istehsalı və emalı müəssisələrinin nümayəndələri daşıma xərclərinin qarşılanacağını və istehsal xərclərinin 90%-ni emalçıların avans olaraq verəcəyini vurğulayıb. Bütün bunların həyata keçirilməsi üçün güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə olunacaq. Bu il ötən illə müqayisədə 80% çox (30 min hektar) sahədə pambıq əkilməsi planlaşdırılır. Bu, 2 dəfə çox — 70 min ton xam pambıq tədarükünə, eləcə də pambığın alış qiymətinin əhəmiyyətli dərəcədə artırılmasına imkan yaradacaq. Görülən işlər məşğulluq səviyyəsini yüksəldəcək, bu sahədə çalışanların sayı ötən illə müqayisədə 2 dəfəyə qədər artacaq.

Pambıq istehsalı və emalı müəssisələrinin nümayəndələri satınalma qiymətinin ötən illə müqayisədə artırılacağını bildiriblər. Birinci növ pambığın bir tonu 500 manat (2015-ci ildə 410 manat), ikinci növ 470 manat (2015-ci ildə 390 manat), üçüncü növ 440 manat (2015-ci ildə 370 manat), dördüncü növ isə 400 manata (2015-ci ildə 350 manat) qəbul ediləcək”.


Maliyyə Bazarlarına Nəzarət Palatasından nə gözləmək olar?


05.02.2016

samir muallif yeni
        Samir Əliyev

Dövlət başçısının 3 fevral fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Fərmana görə, bir ay ərzində palatanın nizamnaməsi təsdiq ediləcək və uzağı Novruz bayramına qədər qurum fəaliyyətə başlayacaq. Yeni qurum Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazasında yaradılır, ona Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti də qoşulur. Göründüyü kimi, qurumun fəaliyyəti əsasən üç istiqamətdə qurulacaq: lisenziyalaşdırma, tənzimləmə və nəzarət. Bununla da palata ölkədə baş tənzimləyici səlahiyyətinə malik olacaq.

Çox məsuliyyətli bir dəyişiklikdir. Bu dəyişikliyin məğzi indi çox aktual olan riskin həllinə – ölkənin maliyyə sektorunda dayanıqlılığın təmin edilməsinə yönəldilib. Maliyyə Nazirliyi ilə Mərkəzi Bank arasında son vaxtlar yaranmış soyuq müharibə, onlardan zəif olan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin isə “offsayd”da qalması maliyyə bazarının dayanıqlılığı üçün təhlükə yaradırdı. Bu baxımdan maliyyə nəzarəti institutunun yaradılması təşəbbüsünü təkcə uğurlu beynəlxalq təcrübənin tətbiqi kimi yox, həm də son aylar söz sahibinə çevrilmiş maliyyə kapitanlarının gücünü bir qədər azaltmaq kimi də qiymətləndirmək olar. Hər bir halda bu addımı postneft dövrünün atılmış ən əhəmiyyətli addımı saymaq mümkündür. Siyasəti müəyyənləşdirən qurumlarla tənzimləməni həyata keçirən qurumların ayrılması qarşılıqlı nəzarət baxımından da dünyada uğurla sınaqdan çıxan təcrübədir.

Dünyanın əksər ölkələrində maliyyə bazarlarını tənzimləyən müxtəlif institutlar var. Bu institutlar Mərkəzi Bank – Maliyyə Nazirliyi – ixtisaslaşmış qurum üçbucağı çərçivəsində fəaliyyət göstərir. Həmin qurumlar ya paralel nəzarət funksiyasını icra edir, ya da ayrıca ixtisaslaşmış qurum bu səlahiyyətlərə sahib olur.

Avropa İttifaqında bazarlara Avropa Mərkəzi Bankı ilə yanaşı Maliyyə Nəzarəti Federal İdarəsi nəzarət edir. Qurum bankların əməliyyatlarına müdaxilə etmir, onların fəaliyyəti üçün tənzimləyici norma müəyyənləşdirir. Çində tənzimləmə və nəzarət işlərini Qiymətli Kağızlar Bazarının Tənzimlənməsi üzrə Komissiya və Çin Xalq Bankı, Avstraliyada Qiymətli Kağızlar və İnvestisiyalar üzrə Komissiya və Rezerv Bankı görürlər. ABŞ-da bu işə eyni zamanda bir neçə qurum – Qiymətli Kağızlar və Bazarlar üzrə Komissiya, Təcili Birja Ticarəti üzrə Komissiya və Federal Ehtiyat Sistemi məsuldur. İsveçrə və Kanadada isə bu funksiyanı ayrıca bir qurum icra edir.

Hər bir ölkədə tənzimləmə funksiyasının həyata keçirilməsi modeli fərqlidir. Ən geniş yayılan model inteqrasiya olunmuş modeldir. Yəni son illər bir-birini təkrarlayan tənzimləyicilər birləşərək meqatənzimləyiciyə çevrilir. Dünyada maliyyə tənzimləyicilərinin əsas rolu bir qayda olaraq maliyyə institutlarının dayanıqlılığının və etibarlılığının artırılması, sistem risklərini minimuma endirmək, effektiv və rəqabətli maliyyə bazarı yaratmaq, investorların və istehlakçıların hüquqlarını qorumaqdır.

Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatasının işə başlaması maliyyə bazarındakı problemləri həll edə biləcəkmi? Hələ ki, bu barədə fikir söyləmək tezdir. Çünki palatanın səlahiyyətlər sferasından çox şey asılıdır. Söhbət qurumun müəyyən normaları yaratmaq səlahiyyətinin olub-olmayacağından gedir.

Palatanın Mərkəzi Bankla münasibətlərinin normal qurulması çox vacibdir. Bankların taleyi, normal fəaliyyət göstərməsi, güclənməsi bu iki qurumun münasibətlərindən çox asılı olacaq. Onların arasında gərginlik bankların zərərinə işləyər. Oxşar vəziyyət sığorta şirkətlərinə münasibətdə Maliyyə Nazirliyi ilə də yarana bilər.

Bundan sonra istər sığorta, istərsə də bank bazarında baş verə biləcək gərginliyin məsuliyyəti ilk növbədə palatanın üzərinə düşəcək. Elə buna görə də Mərkəzi Bank və Maliyyə Nazirliyi ilə müqayisədə palata sığorta şirkətlərinə və banklara, habelə investisiya fondlarına münasibətdə daha sərt olacaq və deməli, lisenziyanı ləğv etmək halları da çoxalacaq.

1   ...   11   12   13   14   15   16   17   18   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə