Xəbər bülleteni №22



Yüklə 458.92 Kb.
səhifə22/22
tarix30.11.2016
ölçüsü458.92 Kb.
1   ...   14   15   16   17   18   19   20   21   22

Böhran Rusiyada əmək haqlarına necə təsir edib?


09.02.2016

topilin
2015-ci ildə Rusiyada real əməkhaqqı məbləği iqtisadiyyatın zəiflədiyi 2009-2010 böhranı ilə müqayisədə 9,5% azalıb. Novator.az xəbər verir ki, Rusiyanın əmək naziri Maksim Toplin Avropa Biznesi Assosiasiyasının nümayəndələri ilə görüşdə belə deyib.

Toplin real əməkhaqqının ötən böhranla müqayisədə kəskin azaldığını vurğulayıb: “2000-ci illərin sonunda əmək haqları belə azalmamışdı”.

Nazir əvvəlki böhranla müqayisədə əmək bazarında sakitliyin hökm sürdüyünü də qeyd edib. O, işsizlərin sayının 2009-2010-cu illərin böhranı ilə müqayisədə 10 dəfə az olduğunu deyib.

Prezident Administrasiyasının şöbə müdiri idarəçilikdə yeniliklər anonsu verdi


09.02.2016

shahin eliyev 1
Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev AZƏRTAC-a müsahibə verib. Müsahibəni qısa ixtisarla təqdim edirik.

- Ötən ilin dekabrında “Publik hüquqi şəxslər haqqında” qanun qəbul edilib və Azərbaycanda yeni struktur – publik hüquqi şəxs yaradılır. Bununla bağlı məlumat verməyinizi xahiş edirik.

- Publik hüquqi şəxslər doktrinası hüququn digər doktrinaları ilə müqayisədə daha gəncdir. Mülki hüququn digər konsepsiyalarının, digər anlayışlarının min illik tarixi olsa da, publik hüquqi şəxs doktrinası təxminən 200 il bundan əvvəl Fransada inzibati dövlət quruculuğu çərçivəsində yaranıb. XIX əsrin axırından bir çox Avropa ölkələrində tətbiq olunub və nəhayət, 1900-cü ildə kontinental hüquq dövlətləri üçün nümunə sayılan Almaniya Mülki Məcəlləsində öz əksini tapıb.

Keçmiş SSRİ məkanında publik hüquqi şəxs haqqında qanunlar Gürcüstanda, Ukraynada, Moldovada və Baltik ölkələrində qəbul olunub. Bir sıra ölkələrdə, məsələn, Yunanıstanda publik hüquqi şəxslərə konstitusion status verib.

Ümumiyyətlə, dövlət idarəetməsi bir sistem olaraq daim inkişafdadır. Bildiyiniz kimi, dövlət hakimiyyətinin 3 qolu var: qanunvericilik, icra və məhkəmə hakimiyyəti. Burada heç bir dəyişiklik və düzəliş etmək mümkün deyil. Ona görə ki, bu, aksiomatik bir modeldir. İcra hakimiyyəti orqanları təsərrüfat idarəçiliyi ilə məşğul ola, gəlir götürə, pullu xidmət göstərə bilməz. Çünki vətəndaş dövlətə vergi və rüsumunu ödədikdən sonra dövlət ondan gəlir götürmək məqsədi ilə başqa bir ödəniş tələb etməməlidir. Burada çıxılmaz vəziyyət yaranır. Ona görə ki, iqtisadiyyat inkişaf etdikcə yeni yaranan bir sıra qurumlar dövlətin adından insanlara pullu xidmət göstərir. Bu cür qurumlara, məsələn, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindəki müxtəlif laboratoriyaları, Əmlak Məsələləri Dövlət Komitəsində yer quruluşu işlərinin aparılması ilə bağlı xidmətləri aid etmək olar. Belə qurumların sayı kifayət qədərdir və onlar məcburdurlar ki, bu xidmətləri göstərən strukturlarına mülki hüququn adi hüquqi şəxs statusu versinlər. Adi hüquqi şəxs isə o deməkdir ki, onun əmlakı girov qoyula, bu əmlaka qarşı məhkəmə icraatı başlana, bu qurum müflis ola bilər, baxmayaraq ki, bu qurum dövlət əhəmiyyətli funksiyaları həyata keçirir. Publik hüquqi şəxs doktrinası qarşıya çıxan bütün bu suallara cavab verir.

Publik hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir. Məhz buna görə də adi hüquqi şəxsdən fərqli olaraq onun kifayət qədər imtiyazı var. Birincisi, publik hüquqi şəxs heç vaxt müflis ola bilməz. Publik hüquqi şəxsə qarşı məhkəmə iddiaları adi mülki qaydada yox, inzibati icraat çərçivəsində mümkündür. İkincisi, publik hüquqi şəxs həm pulsuz, həm də pullu xidmətlər göstərə, özünü maliyyələşdirə bilər, ya da zərurət olduqda büdcədən maliyyələşər. Üçüncüsü, publik hüquqi şəxsin əməkdaşları dövlət qulluqçuları ola bilər, onun bağladığı müqavilələr mülki müqavilə yox, dövlət orqanlarının bağladıqları müqavilələr kimi inzibati müqavilə ola bilər. Onun üçün mülki hüququn adi hüquqi şəxsləri üçün mövcud olan məhdudiyyətlər yoxdur. Publik hüquqi şəxsin bilavasitə təsisçisi dövlətdir.

İnkişaf etmiş Avropa ölkələrinə nəzər yetirsək görərik ki, uşaq bağçalarından başlamış məktəb və universitetlər, dövlətə məxsus tibb klinikalarından tutmuş böyük korporasiyalar publik hüquqi şəxslərdir. Məsələn, Almaniyada və digər Qərbi Avropa ölkələrində dəmir yolu korporasiyaları publik hüquqi şəxsdir. Yaxud Almaniya və Fransada mərkəzi banklar da publik hüquqi şəxsdir. Ona görə ki, onların funksiyaları dövlət hakimiyyəti orqanı funksiyalarından fərqlidir. Dövlət orqanı heç bir halda kredit verə və faiz hesabına gəlir götürə bilməz. Bu, dövlət hakimiyyətinin funksiyası deyil. Ona görə də həmin ölkələrdə mərkəzi banklar publik hüquqi şəxsdir.

Publik hüquqi şəxs Azərbaycan üçün kifayət qədər yeni imkanlar yaradır ki, idarəçilik sistemini pozmadan, həmin sistemin üzvi bir hissəsi kimi yeni qurumlar yaradılsın və dövlət mövcud sistemi dəyişmədən yeni funksiyaları həyata keçirmək imkanı əldə etsin.

- Prezident İlham Əlıyevin fərmanı ilə publik hüquqi şəxs — Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Palatanın nizamnaməsi və strukturunun hazırlanması ilə bağlı işlər nə yerdədir?

- Nizamnamə layihəsi üzərində iş aparılır. Publik hüquqi şəxs statusunda yaradılan bu qurum özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərəcək. Qeyd edim ki, heç bir dövlət orqanı özünü maliyyələşdirə bilməz və bütün xərclərini dövlət büdcəsi hesabına ödəyir. Lakin bu palata tam müstəqildir, dövlət büdcəsindən heç bir asılılığı yoxdur. Cənab prezidentin tapşırığı ilə bu qurumun nizamnaməsinin layihəsi bir aya hazır olacaq.

- Yeni qurumun funksiyaları ilə Mərkəzi Bankın funksiyaları üst-üstə düşməyəcək ki?

- Bütün funksiyalar bölünəcək. Mərkəzi Bankla əlaqədar bizdə qəribə bir vəziyyət yaranmışdı. Digər banklar kimi o da maliyyə bazarının bir oyunçusudur. Oyun eyni məkanda keçirilirsə, bir oyunçu digər oyunçular üçün qaydalar qəbul edə, onların fəaliyyətini tənzimləyə bilməz. Bu, idarəetmənin aksiomudur.

“Mərkəzi Bank haqqında” qanunda bildirilir ki, Mərkəzi Bank dövlət orqanıdır. Belə olduğu halda o hansı hakimiyyət qoluna aiddir: qanunvericilik, icra və ya məhkəmə? Bəlkə bu, dövlət nəzəriyyəsində bir inqilabdır və yeni hakimiyyət qolunun ixtirasıdır? Azərbaycanın Konstitusiyasında Mərkəzi Bank heç bir dövlət hakimiyyəti qoluna aid edilməyib, ona görə ki, o, dövlət orqanı deyil. Məsələn, Rusiyada Mərkəzi Bank hüquqi şəxsdir. Əgər Azərbaycanda Mərkəzi Bank dövlət hakimiyyəti orqanıdırsa, onun işçilərinin vəzifələri də dövlət qulluqçularının təsnifatında olmalıdır. Lakin bu təsnifatda belə vəzifələr yoxdur. Əgər Mərkəzi Bank dövlət orqanıdırsa, dövlət hakimiyyəti orqanı məgər kredit verə bilərmi? Kreditlərdən faiz götürə bilərmi? Əlbəttə, yox. Deməli, Mərkəzi Bank dövlət hakimiyyəti orqanı deyil, dövlət hakimiyyətini həyata keçirməyən dövlət orqanı isə özü-özünü inkar edir.

Başqa misallar da gətirim. Azərbaycandakı 44 dövlət orqanının əsasnamələrində yazılıb ki, onlar ya mərkəzi icra hakimiyyəti orqanıdır, ya da onların statusu mərkəzi icra hakimiyyəti orqanına bərabər tutulur. Konstitusiyaya əsasən, bu qurumların rəhbərləri hökumətin üzvüdürlər. Hökumət üzvü funksiyalarını istənilən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin həyata keçirdiyinə baxsaq, bu funksiyaların kifayət qədər dar çərçivədə olduğunu görərik. Bunlar nazirlər, komitə sədrləri və bir sıra xidmət rəhbərləridir, misal üçün Dövlət Sərhəd Xidmətinin rəhbəri. Digərlərinin funksiyalarına baxsaq – məsələn, bu yaxınlarda ləğv olunan Dövlət Satınalmalar Agentliyi – görərik ki, onun statusu mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər tutulurdu. Halbuki bu orqan satınalmaların təşkili və tenderlərlə məşğul olurdu. Sual yaranırdı ki, bu struktur hansı icra hakimiyyəti funksiyalarını həyata keçirir və hansı sahəyə rəhbərlik edirdi? Əslində belə qurumlar publik hüquqi şəxs olmalıdır. Onların icraedici funksiyaları yoxdur. Bu cür orqanlara mərkəzi icra hakimiyyəti orqanının statusunun verilməsi əlacsızlıqdan irəli gəlmişdi. Nazirlər Kabinetindən başqa idarəetmədə yalnız iki növ icra hakimiyyəti orqanı var – mərkəzi və yerli.

- Gözləmək olarmı ki, Nəzarət Palatası yaranandan sonra digər sferalarda, məsələn, təhsildə də publik hüquqi şəxs yaransın?

- Bəli, yarana bilər. Məktəblərin və ali təhsil müəssisələrinin nizamnamələrinə yenidən baxılır. Heç bir ölkədə universitetlər və təhsil ocaqları qeyri-kommersiya təşkilatı deyil. Ali təhsil ocaqları cəmiyyət və dövlət üçün çox mühüm bir sahə olan təhsillə məşğuldurlar. Qeyri-kommersiya fəaliyyəti isə tamamilə başqa bir sahədir. Orada bu cür məsuliyyət yoxdur.

- Yəni pulsuz təhsil olmayacaq?

- Yox, pulsuz təhsil də olacaq. Publik hüquqi şəxslər həm pullu, həm də pulsuz xidmət göstərə bilər. Dediyim kimi, onlar büdcədən maliyyələşə və maliyyələşməyə də bilər. Bu, dövlət idarəetməsində yeni tələbatları ödəyə biləcək çox çevik, elastik bir formadır ki, dövlətin imkanlarını daha da genişləndirir.

- Bununla bağlı yəqin ki, qanunvericilikdə də dəyişikliklər ediləcək.

- Əlbəttə, cənab prezident Nazirlər Kabinetinə tapşırıq verib ki, mövcud qanunvericiliyi onun imzaladığı müvafiq sənədlərə uyğunlaşdırılmasına dair təkliflərini təqdim etsin. Layihələr hazır olduqdan sonra, zərurət yaranarsa, Milli Məclisə təqdim ediləcək.


Milli Məclisin komitə sədri Ədliyyə Nazirliyini fəal olmağa çağırıb


09.02.2016

arif rehimzadeFevralın 9-da Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə edilib.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə vətəndaşların müraciəti haqqında danışaraq deyib ki, ötən il ümumilikdə 2093 müraciətə baxılıb: “107 müraciət tam, 20 müraciət isə qismən təmin olunub. Daxil olan müraciətlərdən 65-i hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib”.

Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib ki, bələdiyyələrin qanunvericilik səviyyəsində qarşılaşdıqları problemlərin aradan qaldırılması ilə əlaqədar işçi qrup yaradılıb. APA-nın məlumatına görə, işçi qrupa regional məsələlər komitəsinin üzvləri, Milli Məclis Aparatının şöbə müdiri Lətif Hüseynov, bir neçə bələdiyyə sədri daxil edilib. Qrupa deputat Rüstəm Xəlilov rəhbərlik edəcək. Qrup bələdiyyə qanunvericiliyinə əlavə və dəyişikliklərlə əlaqədar təkliflər hazırlayacaq.

Arif Rəhimzadə qeyd edib ki, Bələdiyyələrlə İş Mərkəzi fəaliyyətini tək bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət həyata keçirməklə məhdudlaşdırmamalıdır: “Artıq 16 ildir bələdiyyələr yaradılıb, fəaliyyət göstərir və müəyyən problemlərlə üzləşirlər. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi də artıq bələdiyyələrin fəaliyyətinə başqa nöqteyi-nəzərdən yanaşmalıdır. Mərkəz bələdiyyələrin qarşısında duran vəzifələrin həllinə çalışmalıdır. Bu problemlərin bir hissəsinin həlli qanunvericiliklə bağlıdır və yaradılan işçi qrup bu məsələlərlə məşğul olacaq. Ancaq bələdiyyələrin fəaliyyətinə elə maneələr var ki, bunu Ədliyyə Nazirliyi digər nazirliklərlə qarşılıqlı şəkildə birgə aradan qaldıra bilər.

Bir məqamı da qeyd etmək istəyirəm. Telekanallarda bələdiyyələrlə bağlı bir veriliş yoxdur. İndiyə qədər Bələdiyyələrlə İş Mərkəzi ayda bir dəfə, iki dəfə belə bir verilişin hazırlanması üçün telekanallara müraciət edibmi? Müraciət edibsə, nəticəsi nə olub? Elə Milli Məclis də televiziyalara müraciət etməyib.

Ümumiyyətlə, ayrılıqda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi deyil, Ədliyyə Nazirliyi bütövlükdə bələdiyyələrin qarşısında duran vəzifələrin yerinə yetirilməsi ilə məşğul olmalıdır. Biz hamımız bələdiyyələrə dəstək verməliyik”.


Ünvanlı sosial yardım göstəriciləri bəlli olub


09.02.2016

emek nazirliyiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən məlumata görə, yanvar ayında 105497 aztəminatlı ailə (453372 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunub. Həmin ailələrin 29598-i və ya 28 faizi tərkibində üç və daha çox uşağı olan ailələrdir.

Ünvanlı dövlət sosial yardımı alan ailələrdə ailə üzvlərinin 216529 nəfəri (47,7 faiz) yaşı 18-dək olan şəxslərdir. Qeyd olunan ailələrdə 5151 nəfər 1 yaşadək uşaq var, onların hər birinə görə ünvanlı dövlət sosial yardımından əlavə olaraq aylıq sosial müavinət də ödənilir. Həmin müavinətin məbləği fevralın 1-dən 10 faiz artırılıb.

Yanvar ayında ünvanlı dövlət sosial yardımlarının hər ailəyə ödənilən orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz artaraq 152 manata çatıb.

İqtisadiyyat Nazirliyi sahibkarlara yeni güzəştlər qərarı verib


10.02.2016

kollegiya
İqtisadiyyat Nazirliyində kollegiya iclası keçirilib. Rəsmi məlumata görə, iclasda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev enerji bazarındakı qeyri-sabitlik və digər neqativ proseslərin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri, bu mənfi təsirləri minimuma endirmək istiqamətində görülən tədbirlər və ölkənin iqtisadi siyasətindəki prioritetlər barədə danışıb. İqtisadiyyat Nazirliyinin ötən il gördüyü işlərdən söz açan nazir qeyd edib ki, dövlət proqramlarının icrası davam etdirilib, bu çərçivədə müxtəlif sahələrdə layihələr həyata keçirilib: “Ötən il qeyri-neft sənayesində müasir müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilib, 270-dək sənaye müəssisəsi, o cümlədən texniki avadanlıqlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki və digər müəssisələr açılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanıb”.

İclasda Azərbaycan prezidentinin kənd təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxladığı, sonuncu müşavirələrdə də kənd təsərrüfatı məhsulları ilə təminat səviyyəsinin yüksəldilməsi, əlavə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi və məhsuldarlığın artırılması, pambıqçılığın, tütünçülüyün, çayçılığın, üzümçülüyün və digər ənənəvi sahələrin inkişafı istiqamətində bir sıra tapşırıqlar verildiyi qeyd edilib. Bildirilib ki, 2016-cı ildə əvvəlki ildəkindən 80% çox sahədə pambıq əkilməsi və 70 min ton xam pambıq tədarük edilməsi planlaşdırılır, ötən illə müqayisədə 2 dəfədən çox sahədə isə tütün əkiləcək.

Nazir deyib ki, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının yaradılması işləri davam etdirilir: “Hazırda 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatıb və məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Şəmkir və Xaçmaz rayonlarında yaradılan aqroparklarda ilk mərhələ üzrə işlər yekunlaşmaq üzrədir”.
İclasda digər regionlarda da yeni iri fermer təsərrüfatlarının, aqroparkların yaradılması imkanlarının araşdırılması barədə tapşırıqlar verilib.

Biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyinin davam etdirilməsi, inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi tədbirləri də müzakirə edilib. Vurğulanıb ki, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilıb, lisenziyalar müddətsiz müəyyən olunub, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği təxminən 2 dəfə azaldılıb, həmin fəaliyyət növü regionlarda həyata keçirildiyi hallarda isə dövlət rüsumu 4 dəfə az ödəniləcək.

İclasda qeyd olunub ki, prezident İlham Əliyevin təşəbbüsü ilə “Dövlət satınalmaları haqqında” qanunda edilmiş dəyişikliyə uyğun olaraq yerli sahibkarlara güzəştin 20%-dək yüksəldilməsi onların tender layihələrini qazanmaq imkanlarını artırmaqla yerli istehsalın genişlənməsinə əlavə dəstək verəcək.

Qeyri-neft məhsullarının rəqabət qabiliyyətinin artırılması və ixracının genişləndirilməsi istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyi vurğulanıb. Qeyd edilib ki, ötən il Azərbaycandan xarici ölkələrə 2477 adda məhsul ixrac olunub, bu isə əvvəlki illə müqayisədə 15,2% çoxdur. Kollegiya iclasında ixrac prosedurunun daha da sadələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinə mənşə sertifikatının bir gün ərzində verilməsi qərara alınıb. İndiyədək ixrac malları üçün mənşə sertifikatı 3 gün ərzində verilirdi.


Avro bahalaşıb


10.02.2016

avro 01Fevralın 10-da Azərbaycan Mərkəzi Bankı manatın ABŞ dollarına məzənnəsini dəyişib. 1 dollar ucuzlaşaraq 1,5787 manatdan 1,5702 manata düşüb.

Transparency.az xəbər verir ki, avronun kursu fevralın 9-u ilə müqayisədə qalxıb. 1 avro 1,7734 manata satılır. Ötən gün rəsmi məzənnə 1,7695 manat olub.


Tələbə təqaüdlərinə edilən dəyişikliklər müzakirə olunub


10.02.2016

Fevralın 9-u Təhsil Nazirliyində ali məktəblərin prorektorları, mühasibləri, orta ixtisas təhsili müəssisələrinin direktorları və mühasibləri ilə görüş keçirilib. Görüşdə tələbə təqaüdlərinə edilən dəyişikliklər müzakirə olunub.

Edu.gov.az-ın məlumatına görə, görüşdə doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılmasını nəzərdə tutan prezident sərəncamından (Prezident tələbələrə və şagirdlərə verilən təqaüdləri artırdı) irəli gələn vəzifələr izah olunub. Bildirilib ki, sərəncama əsasən, ali və orta ixtisas təhsil müəssisələrində əyani formada təhsil alan tələbələrə ödənişsiz və ya ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq təqaüdlər ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə ödəniləcək.

Sərəncama müvafiq olaraq Nazirlər Kabinetinin qərarı ilə təqaüdlərin təyin edilməsi və ödənilməsi qaydası təsdiq olunub. Yeni qaydalara əsasən, birinci yarım ildən sonra tələbənin dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq təqaüd təhsil müəssisəsinə cari ildə həmin ixtisas üzrə dövlət sifarişi ilə qəbul olunmuş tələbələrin ümumi sayı gözlənilməklə yüksək akademik göstəriciləri ilə fərqlənənlərə təyin ediləcək. Nazirliyin fikrincə, yeni qaydalar aztəminatlı ailələrdən olan, ödənişli əsaslarla təhsil alan və yüksək akademik göstəricilərlə fərqlənən tələbələrə təqaüd almaq imkanı yaratmaqla yanaşı təhsilə marağı stimullaşdırmağa və təhsilalanlar arasında rəqabət mühitini yaratmağa imkan verəcək.



tehsil 1

tehsil 2

Azərbaycan nefti 33 dollardan aşağı düşüb


10.02.2016

neft“AzəriLayt” markalı neftin bir barreli 1,65 dollar ucuzlaşaraq 32,61dollara düşüb. Xəbəri fevralın 10-da AZƏRTAC yayıb.

Məlumata görə, dünya birjalarında ucuzlaşma davam edir. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 28,53 dollara, Londonun İCE birjasında “Brent” markalı neftin bir barreli 30,97 dollara enib.



Transparency.az bildirir ki, Azərbaycanın 2016-cı il büdcəsində neftin baza qiyməti 50 dollardan götürülüb. Hazırda dövlət büdcəsində dürüstləşmə aparılır və neftin baza qiyməti 25 dollardan hesablanacaq.
1   ...   14   15   16   17   18   19   20   21   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə