II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
632
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
MİKROPROSESSORLU DİZEL YANACAQ PÜSKÜRMƏ SİSTEMLƏRİNİN
ELEKTROMAQNİT KLAPANLI ELEKTROHİDRAVLİK FORSUNKALARININ
KONSTRUKSIYASI QARŞISINDA DURAN PROBLEMLƏR
Mirəli CƏFƏRLİ
Azərbaycan Texniki Universiteti
ceferliMK@yahoo.com
Dizel mühərriklərinin texniki-iqtisadi və ekoloji göstəriciləri əsas etibarilə yanacaq sisteminin konstruksiyasından
asılıdır. Buna görə də son dövrlərdə dizel yanacaq sistemlərinin konstruksiyasında xeyli təkmilləşdirmə işləri aparılmışdır.
Bu sahədə ən son nailiyyət kimi Common Rail tipli elektron idarəetməli yanacaq sistemlərinin yaradılmasını göstərmək
olar. Müasir dövrdə mühərrikin göstəricilərinə qoyulan yüksək tələblər məhz bu tip yanacaq sistemlərinin tətbiqi vasitəsilə
təmin olunur. Bu sistemlər mikroprosessor vasitəsilə idarə olunurlar. Mühərrikin iş rejimi haqqında sensorlardan qəbul
edilən məlumat əsasında yaddaşda saxlanılan proqram vasitəsilə mikroprosessor icra elementlərini idarə edir. Beləliklə, bu
sistem mühərrikin göstəricilərinin optimal qiymətlərini təmin edə bilir. Burada tətbiq olunan icra mexanizmlərindən biri və
çox əhəmiyyətlisi elektrohidravlik forsunkalardır. Dizel mühərrikinin silindrinə tək və çoxpilləli püskürmə zamanı hər bir
pillədə püskürülən yanacağın miqdarı, davamiyyət müddəti, püskürmə anı və s. kimi əsas parametrlər məhz elektrohidravlik
forsunkanın konstruksiyası vasitəsilə mikroprosessor tərəfindən idarə olunur. Buna görə də müasir dövrdə bu forsunkaların
konstruksiyalarının təkmilləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Belə ki, bu təkmilləşmələrin nəticəsində dizel
mühərrikinin daha dəqiq və etibarlı idarə olunması əldə edilir. Elektrohidravlik forsunkalar arasında BOSCH şirkətinin
elektromaqnit klapanlı elektrohidravlik forsunkaları daha geniş tətbiq tapmışdır. Buna görə də təqdim olunan işdə məhz
elektron idarəetməli Common Rail tipli dizel yanacaq sistemlərinin məhz BOSCH şirkətinin istehsalı olan elektrohidravlik
forsunkalarının konstruksiyası təhlil olunmuşdur. Belə ki, elektromaqnit klapanlı elektrohidravlik forsunkaların dörd iş
mərhələsi zamanı onların kanallarında, həcmlərində, drossellərində baş verən proseslər nəzərdən keçirilmiş, burada yaranan
təzyiq qüvvələri, onların forsunkanın iş mərhələlərinin reallaşmasında rolu və bu qüvvələrin elektron idarəetmə bloku
vasitəsilə lazımi xarakteristika üzrə idarəolunması prinsipi ətraflı şəkildə nəzərdən keçirilmişdir.
Göstərilmişdir ki,elektrohidravlik forsunkaların əsas mənfi cəhəti onlarda verilən yanacağın bir hissəsi idarəetməyə sərf
olunduğundan, yüksək enerji itkilərinin olması və buna görə də f.i.ə.-nın aşağı olmasıdır. Çünki, bu sistemlərdə yüksək
təzyiqli yanacaq nasosunun elektrohidravlik forsunkaya yanacaq akkumulyatoru vasitəsilə verdiyi yüksək təzyiqli yanacağın
bir hissəsi forsunkanın idarə olunması üçün alçaq təzyiq xəttinə və ya birbaşa çənə qaytarılır. Buna görə də elektrohidravlik
forsunkaların layihəçiləri qarşısında duran problemlərdən birincisi idarəetməyə sərf olunan yanacaq miqdarının
azaldılmasıdır.
Qeyd olunmuşdur ki, idarəedici yanacaq sərfi digər mənfi cəhətə - forsunkadakı püskürmə təzyiqinin yanacaq
akkumulyatorundakı təzyiqə nisbətən bir qədər aşağı düşməsinə səbəb olur. Çünki, idarəedici yanacaq miqdarı geri axın
magistralına püskürmə prosesi zamanı axdığından, yanacaq akkumulyatorundan forsunkaya verilən yanacağın təzyiq itkisi
baş verir və beləliklə, həmin zaman tozlandırıcı soplo deşiklərdən püskürülən yanacağın təzyiqi yanacaq
akkumulyatorundakı təzyiqdən az olur.
Elektrohidravlik forsunkalarda digər bir problemin isə yanacaq sızmalarının olması ilə bağlı olduğu vurğulanmışdır.
Belə ki, püskürmə prosesi zamanı çıxış drosselinin açıq olması nəticəsində hidroidarəetmə kamerində təzyiq tozlandırıcının
kamerindəki təzyiqdən az olur. Buna görə də tozlandırıcının kamerindəki yanacağın bir hissəsi tozlandırıcı iynəsinin
istiqamətverici səthi ilə forsunkanın gövdəsi arasındakı presizion araboşluğundan keçərək, hidroidarəetmə kamerinə sızır və
buradan da idarəedici yanacaq miqdarı ilə birlikdə geri axın magistralına daxil olur.Ənənəvi sistemlərin forsunkasında bu
yanacaq sızmasına bənzər sızma problem kimi qəbul olunmasa da, Common Rail tipli sistemlərdə forsunkanın tozlandırıcı
kamerasında təzyiq 200 MPa-dan yüksək olduğundan, bu məsələ mənfi cəhət kimi qəbul olunmalıdır. Əslində bu səbəbdən
presizion cütlərin hazırlanmasına qoyulan sərtləşdirilmiş tələblər təmin olunsa da, mühərrikin istismarı zamanı həmin
presizion araboşluğu artır. Bunun nəticəsində sızan yanacağın miqdarı da artır. Həm fırlanma tezliyinin aşağı qiymətlərində
(xüsusilə də işəsalma rejimində), həm də aşağı özlülüklü yanacaqlar tətbiq olunduqda yanacaq sızması xeyli dərəcədə
yüksəlir.
Elektromaqnit klapanlı elektrohidravlik forsunkalarda elektrik idarəetməli klapandan (diyircəkli klapandan) da yanacaq
sızmaları olur. Bunun nəticəsində tozlandırıcı iynənin öz yəhərinə aşağı sürətlə (yavaş) oturması baş verir ki, bu da bu tip
forsunkaların digər mənfi cəhətidir.
Beləliklə, təqdim olunan işdə aparılmış nəzəri təhlillər nəticəsində BOSCH şirkətinin elektromaqnit klapanlı
elektrohidravlik forsunkalarının konstruksiyası qarşısında duran problemlər və onların yaranması səbəbləri
müəyyənləşdirilmişdir ki, bu da aparılacaq gələcək tədqiqatların istiqaməti üçün böyük əhəmiyyət kəsb edir.