AZƏRBAYCAN DİLİNDƏ FELİ BAĞLAMA TƏRKİBLƏRİNİN STRUKTUR TƏHLİLİ
Fidan HİDAYƏTOVA
Bakı Slavyan Universiteti
f.hidayetova@mail.ru
Feli birləşmələrə cümlə daxilində tərkiblər deyilir. Şəxsli fellər kimi, feli sifət, feli bağlama və məsdərlər də təsirli və
təsirsiz olur, növ kateqoriyası əlamətlərini qəbul edərək dəyişir, ona görə də idarə və yanaşma əlaqələri ilə öz ətrafına çoxlu
söz toplayaraq cümlə daxilində tərkib əmələ gətirir. Feli tərkiblərin əsas xüsusiyyətləri aşağıdakılardır :
1. Feli tərkiblərin qurulmasında feli bağlamalar, feli sifətlər və feli isimlər (məsdərlər) əsas rola malikdir.
2. Feli tərkiblər ən azı bir sözün feli bağlama, feli sifət və feli isimlə birləşməsi nəticəsində əmələ gəlir.
3. Tərkibin əmələ gəlməsində iştirak edən sözlər feli bağlamadan, feli sifət və məsdərdən əvvəl işlənib, onlarla
qrammatik əlaqəyə girir və onların obyekti, subyekti, zamanı, yeri, tərzi, kəmiyyəti, səbəbi, məqsədi və s. kimi mənalar
ifadə edir.
4. Feli tərkiblər söz birləşməsinin növləri kimi sadə cümlələrə daxil olur; yəni onlar sadə cümlənin tərkib hissəsi
olurlar.
5. Feli tərkibli sadə cümlələr bir çox tabeli mürəkkəb cümlələrin sintaktik sinonimi kimi işlənir.
6. Feli tərkibin növləri onları təşkil edən feli bağlama, feli sifət və feli isimlərin növləri ilə müəyyənləşir. Beləliklə, üç
növ feli tərkib var:
1) Feli bağlama tərkibləri, 2) Feli sifət tərkibləri, 3) Məsdər tərkibləri.
Feli bağlama tərkiblərinin əsas tərəfi feli bağlamadan ibarət olur. Feli bağlama ayrı-ayrı sözləri öz ətrafına toplayaraq
onları bir sintaktik vahid halında birləşdirir və beləliklə də, feli bağlama tərkibini yaradır. Məs : “Əlvan çiçəkləri yayaraq
düzə Bahar xoş gəlmişdir, xoş gəlmiş bizə” (M.Dilbazi) ; “Müşavirədə İlyas Fəxrəddinlə görüşərkən birinci növbədə
xaqanın göndərdiyi məktubu göstərdi.”(M.Ordubadi) ; “Birdən qız ayaq səsi eşidib geri çəkildi.” (İ.Əfəndiyev) və s. bu
cümlələrdə əlvan çiçəkləri yayaraq düzə ;Fəxrəddinlə görüşərkən; ayaq səsi eşidib ifadələri feli bağlama tərkibləridir.
Feli bağlama tərkiblərinin struktur quruluşu barədə danışarkən qeyd etmək lazımdır ki, bu tərkiblərin bir sıra sözlərdən
ibarət olması, bu sözlər arasında məna və qrammatik əlaqələrin mövcudluğu, tərkibdəki ayrı-ayrı sözlərin müstəqil məna
daşımaları və sintaktik vəzifələrinə görə fərqlənmələri göstərir ki, feli bağlama tərkibləri maraqlı quruluşa malikdir.
Azərbaycan dilindəki feli bağlama tərkiblərinin quruluşunda mühüm yer tutan bir xüsusiyyəti qeyd etmək lazımdır ki, bu da
feli bağlama tərkiblərində ismin adlıq halındakı sözlərin iştirak etməsindən ibarətdir. Məhz, bu xüsusiyyətinə görə türk
dillərinin, eləcə də də Azərbaycan dilinin feli bağlama tərkibləri başqa dillərdəkindən əsaslı şəkildə fərqlənir.Feli bağlama
tərkiblərində olan adlıq haldakı sözlər, əsasən, hərəkətin subyektini bildirir və bir qayda olaraq, isim və əvəzliklə ifadə
edilir. Məs: “Sən gələrkən hər il bizim vətənə, Can gəlir qəlbə, güc gəlir bədənə” (S.Rüstəm); “Yarat, sən köçəndə ellər
söyləsin: Dünyadan nə gözəl bir insan gedir” (M.Rahim) cümlələrində sən gələrkən , sən köçəndə feli bağlama tərkiblərinin
bir tərəfi ismin adlıq halındakı sözlərlə, ikinci tərəfi isə feli bağlamalarla ifadə olunmuşdur. Lakin adlıq hallı feli bağlama
|