İ.Y.KRAÇKOVSKİNİN “COĞRAFİ ƏRƏB ƏDƏBİYYATI”
MONOQRAFİYASI HAQQINDA
Kəmalə NURİYEVA
AMEA, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi
kamala85@box.az
İqnati Yulianoviç Kraçkovskinin yaradıcılığı rus və sovet ərəbşünaslığının böyük bir dövrünü işıqlandırır. Rusiya
şərqşünaslıq məktəbinin yaradıcılarından biri olan İ.Y.Kraçkovskinin elmi irsi çox böyük həcmə malikdir. Bir neçə onillik
ərzində ərəbşünaslığın ən parlaq, ən görkəmli nümayəndəsi olmuş alimin bu elm sahəsinin müxtəlif istiqamətlərində bir sıra
işləri vardır. Ərəb ədəbiyyatının müxtəlif qollarını – müsəlman ərəb ədəbiyyatını, xristian ərəb ədəbiyyatını, coğrafi ərəb
ədəbiyyatı və riyazi coğrafiyaya aid ərəb əsərlərini – VI əsrdən başlayaraq XIX-XX əsrə qədər, əsasən, əlyazmalara
dayanaraq tədqiq etmiş və bu işləri ilə həm Rusiya, həm də Dünya şərqşünaslığını inkişaf etdirmişdir. Ərəb ədəbiyyatı
tarixinin hər hansı bir bölməsini İ.Y.Kraçkovskinin tədqiqatlarından istifadə etmədən əsaslı şəkildə öyrənmək çətindir.
Ərəb dilində olan coğrafi yazılar daim rus şərqşünaslarının və tarixçilərinin marağını özünə cəlb etmişdir.
İ.Y.Kraçkovski də bu sıradan istisna deyil. 1909-cu ildə Ərəb Şərqinə ezamiyyəti zamanı o, Qahirə Universitetində ərəb
astronomiya tarixi və ərəb riyazi coğrafiyası sahəsində boyuk mütəxəssis olan, məşhur italyan alimi K.A.Nalinonun (1862-
1938) ərəb astronomiyası tarixi üzrə mühazirələrini dinləmişdir. Sonralar ərəblərdə coğrafi ədəbiyyat monoqrafiyasını
yazarkən bu alimin işlərindən geniş istifadə etmişdir.
Bir qədər sonra “Ərəb coğrafiyaşünasları və səyyahları” məqaləsini dərc etdirir, ibn Fadlanın səyahəti və XV-XVI əsr
ərəb dənizçisi Əhməd ibn Məcidin losiyalarını tədqiq edərək nəşr etdirir. Onun “Ərəb coğrafi ədəbiyyatı” monoqrafiyasını
bu sahəyə aid işlərin yekunu kimi qiymətləndirmək olar.
O, Ərəb coğrafi ədəbiyyatını ərəb ədəbiyyatının aparıcı sahələrindən biri kimi nəzərdən keçirir. İ.Y.Kraçkovskinin
fikrincə bu ədəbiyyatı düzgün başa düşmək üçün ərəb ədəbiyyatı və ərəb mədəniyyəti tarixini bütünlüklə nəzərdən keçirmək
vacibdir. Bununla yanaşı qeyd edir ki, bu məsələdə ərəb mədəniyyəti termini şərtidir. Ən geniş mənasıyla ərəblərdən Orta
Asiya və Qafqaz xalqları, həmçinin türklər, farslar, suriyalılar və başqalarının mədəni yaradıcılıq fəaliyyətinin bütün
nailiyyətlərini əhatə edir.
İ.Y.Kraçkovskinin özünün də qeyd etdiyi kimi onun bu tədqiqatda əsas metodu filoloji baxımdan idi və məqsədi
ərəblərin coğrafiya elmi, yaxud, coğrafi kəşflərinin tarixini vermək deyil. O həm elmi həm də məşhur ədəbiyyyata bərabər
səviyyədə diqqət ayırmış, bunlara xalis ədəbi, yaxud, nağıl səviyyəsi daşıyan səyahət haqqında rəvayətləri də daxil etmişdir.
Bununla yanaşı o, ərəblərin coğrafiya elmi və coğrafi kəşflərinin tarixinə toxunmağa məcbur idi. Öz tədqiqatında bu
elm sahəsinin, həmçinin, ərəblərlə bərabər coğrafi elmin inkişafında ərəb ənənəsi ilə sıx bağlı olan türklərin və farsların
nəzərəçarpan rolunun parlaq obrazını yaradır. Müəllif Uluqbəy, əl-Biruni, Vasqo de Qamanın losmanı Əhməd ibn Məcid,
Piri Rəis və s. coğrafiyaşünaslığın çoxsaylı, görkəmli nümayəndələrinin timsalında bunu daha aydın göstərir.
İ.Y.Kraçkovski bu monoqrafiyasında ərəblərdə ilkin coğrafi anlayışların yarandığı vaxtdan başlayaraq XVIII əsrə qədər
coğrafi ədəbiyyatın, müasir elmin nailiyyətlərinə əsaslanaraq riyazi coğrfiyanın yaranmasını izləyir, onun hind və yunan
elmi ilə əlaqələrini araşdırır. Həmçinin, ərəblərdə coğrafi elmin müxtəlif qollarının (təsviri coğrafiya, səyahətnamə, dəniz
coğrafiyası, ümumi və regional coğrafiya və s.) yaranmasını, bütün elmi mərkəzləri və məktəbləri, bütün istiqamətləri ilə
tədqiq edərək öz yazısında qeyd edir. Bununla yanaşı, ərəblərdə coğrafi ədəbiyyatın bütün janr və istiqamətlərinin əsas
nümayəndələrinin bir çoxunun tərcümeyi-halını və əsərlərini şərh edir.
|