Hazırda Qəbələdə hündürmərtəbəli binaların inşasına başlanıb və burada çalışmaq
üçün işçi qüvvələri artıq kənardan gətirilir. Fərdi evlərin tikintisi də sürətlənib. İndi
dəbdəbəli evlərin sayı günü-gündən artır. Şəhərin yeni su və kanalizasiya xətti çəkilir.
Kənd təsərrüfatı sahəsində də inkişaf nəzərə çarpır. Mövsümü vaxtı geniş ərazilər taxıl
zəmilərinə çevrilir. Yol boyu qarşıya çıxan taxıl biçən aqreqatlar, kombaynlar kəndliyə
yaradılan şəraitdir. Hektarlarla əkin sahələrindən məhsul götürülür. Əlamətdar
hadisələrdən biri də son illər rayonda taxıl zəmilərinin çoxalmasıdır. Aqro-Azərinvest
MMC ərazidə üzümçülüyün inkişafına zəmin yaradıb. İndi spesifik ərazilərdə üzümlüklər
salınır və bu məhsul da yerindəcə əhalidən alınacaq. Qəbələdə istehsal edilən şərablar həm
də beynəlxalq ixracat üçün nəzərdə tutulub.
Görüləcək işlər, həyata keçiriləcək layihələr həddindən artıq çoxdur. Təbii ki, bu da
ölkə iqtisadiyyatının gələcək inkişafına işarədir. Bir sözlə XXI əsrin əvvəllərində
prezident İlham Əliyevin iqtisadi siyasətinin nəticəsi Qəbələdə əhalinin yaşayış
səviyyəsinin yüksəlişinə səbəb olub...
Rayon Tarix diyarşünaslıq muzeyi bu gün haqqında müfəssəl məlumatları özündə əks
etdirən ən qiymətli sənəd məbədi sayılır. Bu muzeyi seyr edən hər bir vətəndaş təkcə
Qəbələnin tarixindən xəbər tutmur, eyni zamanda buranın uzaq və yaxın keçmişi ilə
bərabər, bu gününü də görür, təbiəti ilə tanış olur, ədəbi mühitindən, yazarlarından soraq
alır. Hər eksponat müəyyən dövr tarixini xatırlatdığından onun mühafizəsi, ən əsas da
nümayişi tarixin bəzi anlarını açıqlasa da, müasir Qəbələnin bugünkü günü də apaydın
hiss olunur. Burada elm xadimlərindən, əmək qəhrəmanlarından, təbiətinə xas olan
heyvanat aləmindən tutmuş, bitki örtüyünədək nə istəsən öyrənmək mümkündür… Yaxın
gələcəkdə Umnisə, Yusif, Vahid və İbrahim Musabəyovların Xatirə muzeyinin açılışı
nəzərdə tutulur...
Abrıx. Hazırda 700 nəfər əhalisi olan bu dağ kəndi bağlı-bahatlı məskənlərdən sayılır.
Abrıx naməlum toponimlərə aiddir. Lakin toponimika üzrə alim Elxan Nuriyev yazır
ki, keçən əsrə aid ədəbiyyata görə Abrıx Tikanlı kəndindən yaranmış yaşayış
məntəqəsidir. Maraqlıdır ki, IX əsr ərəb coğrafiyaşünasının əsərində (bu şəhərin
xarabalıqları Mil düzündə indiyədək Örənqala adı ilə qalmaqdadır.) Abrik adlı qalanın
mövcud olduğu göstərilir. Güman edilir ki, həmin Abrik qalası bir vaxt müəyyən hadisə
ilə, bəlkə də monqolların XII əsrdə basqınları ilə əlaqədar olaraq dağıldıqdan sonra
əhalisinin müəyyən hissəsi bu zonaya gəlmiş və bu adı da özləri ilə gətirmişlər...
Bu ərazi də ucqar yerlərdəndir və uzun illərdir ki, yağış suları, sel axıntıları ilə bol olan
Qaraçay kənddə təhlükəli vəziyyət yaradırdı. Hazırda dövlət tərəfindən sahilbərkitmə
işləri aparılıb, çayın qarşısında möhkəm özülü olan hündür bənd çəkilib. Qaraçay üzərində
134 metr uzunluğunda körpü salınıb və açılış mərasimində İlham Əliyev cənabları da
iştirak edib.
Dostları ilə paylaş: