Təbiəti, suyu saf olan rayon camaatı elə mühitdə yaşayırlar ki, onların tərbiyəsi də
ayna kimi şəffaf, mənən pak olur. Doğrudan da dünyanın mürəkkəb fəlsəfəsini öyrəndikcə
elə bu həyat həqiqətinin şahidi oldum ki, bütün paklıqlar, düzlüklər olduğu kimi ancaq
kənd həyatında mümkün imiş. Balaca bir məkanda düz necə varsa elə, əyri isə olduğu
kimidir. Hər şey göz qabağında olduğundan kimisə aldatmağa nə ehtiyac var, nə də
insanlar bir-birinə kələk gəlmək fikrinə düşürlər. Yediyi qidalar, içdiyi su kimi, danışığı,
sözü də təmiz olur, rayon camaatının.
Bəlkə ona görədir ki, Nic kəndindəki “həftə bazarı”nın ömrü belə uzundur. Alış-satış
mərkəzi olsa da burada insanlar ticarətdən başqa həm də baş verən olaylardan tez xəbər
tuturlar. İldırım sürətiylə yayılan xəbərlər müxtəlif olsa da maraqla dinlənilir. Toyu
olanlar dəvətnamələrini elə orada paylayıb, xeyir məclisindən kənd əhlini hali edir, yaxud
qəfil yas yerinin ünvanı bilməyənlərə bəlli olur. Nə isə xeyir və şər işi ilə qapılarının dolu
olduğu Qəbələ camaatı üçün bura həm də ünsiyyət mərkəzi sayılır.
Bu “həftə bazarı” bizə tarixdən ərmağandırsa,
“Gilan Holdinq” ticarət mərkəzi
müasir səviyyədə inşa edilmiş, yerli əhali ilə bərabər turistlərin də alış-veriş etdiyi ən
böyük məkanlardan biridir. Burada bazar kompleks şəkildə qurulub. Bir-birinin yanında
silsilə şəkilində olan obyektlər həm zövqlə tikilib, həm də spesifik xüsusiyyətləri özündə
cəmləşdirdiyindən zəngin mağazalar şəbəkəsi ilə müştərilərə xidmət göstərir.
Qəbələyə yolu düşənlər yol kənarındakı
“vedrə bazarı”ndan da xəbərdardırlar. Digər
ticarət məkanlarından fərqi odur ki, burada tərəzi ilə mal satılmır. Rayonun təbii nemətləri
yol kənarında sanki nümayiş etdirilir. Meyvələri vedrələrdə, bəhməzi şüşələrdə,
mürəbbələri balonlarda müştərilərə təklif olunur. Bir neçə dəqiqə ərzində ürəyin istəyən
hər nə varsa və o da Qəbələdə bitirsə burada onu tapmaq, dadına baxmaq mümkündür.
Gül suyu, mürəbbələr, əllə çəkilən şərablar və dadlı meyvələr yolla ötənləri bir anlıq da
olsa ayaq saxlamağa vadar edir ki, Qəbələ təbiətindən soraq verən bu açıq səma altındakı
sərgiyə tamaşa etsinlər...
Dostları ilə paylaş: