düzəldilmiş duru turşu əlavə olunanda yemək həm dadına görə ləzzətli, həm də müalicəvi
əhəmiyyətilə təsirli sayılır. Min bir şəfalı tərəvəzlərdən hazırlanan məlhəm bədəni
yumşaltmaqla bərabər, insana nəfis dad da bəxş edir...
Şəkərbura, paxlava kulinariyamızda əsas yeri tutan bişinti məmulatından sayılır. İçlik
üçün lazım olan qoz-fındığın bolluğuna görə burada ləpədən yetərincə istifadə edilir...
Üçqulaq paxlava ən çox hazırlanan un məmulatları sırasındadır. Lentvari yuxalar
kəsilir, aralarına qozdan, yaxud fındıqdan içlik qoyulur və üçqulaq formada bükülür,
qurudulur. Sonra isə kərə yağında qızardılaraq isti-isti çay süfrəsinə verilir. Kalorili
olduğu üçün doyumlu olur, həm də sözün əsl mənasında ləzzəti də damaqlarda qalır.
Çay süfrələrini əl ilə dərilən moruq, xırda dağ çiyələyi, böyürtkən, itburnu ləçəyi, qoz,
heyva, şaftalı və sairə mürəbbələr bəzəyir.
Kölgədə qurudulan quru meyvələrdən adətən yaşlı insanlar istifadə edirlər. İnsan
orqanizminə xeyirli olduğu deyilir. Kənd əhalisi ümumiyyətlə qənddən az bəhrələnir,
şəkər tozundan hazırlanan şirniyə üstünlük verirlər. Qaynayan şəkərli suya hətta qoz
ləpəsi, bir az bal, yaxud bəhməz əlavə edərək şirni bişirirlər.
Min bir naz nemətlə hazırlanan göy qutabı, yağlı qat-qat sac fəsəlisi, yağda qovrulan
quymaq, süd çörəyi və sairə yeməklər nənələrin boxçasından götürülüb.
Həmzəlli sənətkarları qoz halvası ilə məşhurdur. Yerli camaat onu məharətlə
hazırlayır.
Çörəyin özü kəndlərdə müxtəlif cür bişirilir. Üzü yumurtalı təndir çörəyi ilə bərabər
qışda peç üzərində acıtmalı (yuxadan dörd-beş dəfə qalın olur) uzun lavaşlar salınır,
əsasən dəyirman unundan yoğrulan (qara un) bu çörəyin özünə məxsus dadı və qoxusu
var. Yazda isə birinci növ undan nazik yuxalar yayılır.
Qışa tədarük görüldüyü üçün qadınlar naümid qalmırlar. Tərəvəz məhsullarından
bağladıqları balonlar, xüsusən də ağ xiyar tutmasının dadı isə ölkəmizin hər yerində
sevilir. Alça və zoğaldan duru və quru turşular düzəldilir və müxtəlif yeməklərə qatılır.
Otlardan, müalicəvi bitkilərdən dəstə-dəstə qurudulur ki, lazım olanda kara gəlsin. Çünki
kəndlərdə çobanyastığı, itburnu, andız kökü, yarpız, çaytikanı, əvəlik, kəkotu,
boymadərən, dazı otu və digər müalicəvi bitkilər var. Onların təsirini bilən yerli camaat
istifadəsinə də çəkinmir.
Kabablıq əti çayotu və soğanla basdırma eləyəndə bişirilər-kən bihuş olursan. Və
yaxud həyətdəki meyvələrdən çəkilən şərab nəinki bəzi şad məclislərdə həvəslə içilir,
həm də onun özü müalicəvi olduğundan bəzən həkimlər tərəfindən xəstəyə tut və zoğal
arağından azacıq acqarına istifadə etmək məsləhət görülür.
Qəbələyə gələn qonaqlar mətbəximizin ən zəngin yeməkləri ilə tanış olur, bütün bu
təamlardan dadır, zövqlə işlənən əl incilərinə dəyər verir, sənətkarların hazırladıqları
əsərləri alır və bölgədən məmnun qayıdırlar.
Dostları ilə paylaş: