55
sərnişinin tələfatına səbəb olduğunu bildiyimdən, niyə
gizlədim, həyəcan keçirirdim...» (Bax: Göst. kitab, s.684).
Elə mən də həyəcan içindəyəm, Bəkir müəllim,
amma mənim uçduğum bu təyyarə Amerikada yox, Mixail
dedi ki, Fransada düzəldilib. Mənzil başına çataram
inşallah.
Aerobusa göz gəzdirirəm. Hər üç hissənin ön
divarlarında monitorlar quraşdırılıb. Həmin monitorlar
bütün uçuş boyu sərnişinləri aerobusun getdiyi marşrutu,
onun sur’ətini, uçuş yüksəkliyini, havanın temperaturunu,
üstündən uçub getdiyini bütün şəhər, dağ, çay və çöllərin
adlarından agah edir. Moskva ilə Tokionun arasında olan
hava yolunun uzunluğu, gəmi komandirinin e’lan etdiyinə
görə 8 saat 55 dəqiqədir. 7716 km. məsafə və 8 saat 55
dəqiqə uçuş.
Sərnişinlərin çoxusu yatır. Mənimsə yuxum gəlmir.
İstəyirəm ki, gəlsin, amma gəlmir ki, gəlmir. Həyatımda
yuxusuz qaldığım vaxtlarım çox olub. Bə’zən yuxunu
özüm qovmuşam gözlərimdən, çünki yuxu gedəndə şe’r
gəlir, şe’r doğulur. Belə bir şe’rim var: