6. Kiçik qrupların formalaşması və inkişafı Kiçik qrupların formalaşması və inkişafında 4 mərhələni fərqləndirirlər.
I mərhələdə - qrup üzvləri bir-birilə tanış olur, onlarda bir-biriləri haqqında, eləcə
də birgə fəaliyyətin məqsədi haqqında təsəvvür yaranır. Lakin bu qrup üzvlərini bir-
birinə hələ çox az şey bağlayır.
II mərhələdə - qrupda şəxsiyyətlərarası münasibətlər sistemi, simpatiya və
antipatiya yaranır. Üzvlərini eyni maraqlar, bir-birinə simpatiya birləşdirən 2-3 nəfərdən
ibarət mikroqruplar yaranır. Qrup üzvləri arasında rol bölgüsü həyata keçirilir. Qrup
qaydaları işlənir. Lakin bu proseslər hələ sabit deyil. Bu mərhələdə sosial rolların
yaranması, qrupda rol bölgüsü konfliktlərin təzahürünə, emosional-psixoloji
diskomfortun yaranmasına, ayrı-ayrı qrup üzvləri və mikroqrupların arasında
antipatiya və ziddiyyətlərin güclənməsinə səbəb ola bilər.
III mərhələdə - tədricən qrup üzvlərinin ümumi məqsədləri, özünəməxsus
davranış normaları, qrup ritualları yaranır. Bütün bunlar qrup üzvlərini birləşdirir.
Artıq bu mərhələdə qrup ortaq məqsədləri daha uğurla yerinə yetirməyə qabil olur.