Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 11
görüşlər, bir tərədən, miflərdə, nağıllarda, atalar sözlərində, digər tərəfdən ədəbiyyat və
incəsənət əsərlərində bilavasitə əks olunurdu. Dövrün görkəmli mütəfəkkirlərinin (Platon,
Aristotel, Hobbs, Lokk, Helvetsi, Hegel, Feyerbax və. b.) traktatlarında da sosial-psixoloji
görüşlər özünəməxsus ölçülərlə açıqlanırdı.
İntibah dövründə insanı artıq dünyanın modeli kimi dəyərləndirdilər. Şəxsiyyət anlamı
əmələ gəlirdi. «Mən» obrazı ədəbiyyat və incəsənət əsərlərində geniş təsvir olunurdu. Bu
kökdə də, sosial-psixoloji təfəkkür tipi tədricən formalaşırdı və inkişaf edirdi.
Azərbaycanda psixoloji fikrin çox qədim tarixi vardır. İlk sosial-psixoloji təsəvvürlərin
təşəkkülü xalqın qədim adət-ənənə, mərasim və ayinləri, əyləncə və oyunları ilə bağlı
olmuşdur. Ailə və məişət (toy, yas və s.) mərasimlərində kütləvi sosial-psixoloji hadisələrin
maraqlı xarakteristikalarına təsadüf edilir. Xalqın həyat müşahidələrinə və empirik təcrübəsinə
əsasən əldə edilən psixoloji biliklər məişət təsəvvürləri və təsviri bilik səviyyəsində, ilk
növbədə, şifahi xalq yaradıcılığı və bədii ədəbiyyat nümunələrində əks etdirilmişdir.
Azərbaycan şifahi xalq ədəbiyyatı bu baxımdan diqqəti cəlb edir. Keçəl, Küpəgirən qarı.
Kosa obrazları uzun müddət həm də xalqın müəyyən sosial etalon və stereotiplərini ifadə
etmişdir. Azərbaycan lətifələrində elin-obanın müxtəlif sosial- psixoloji hadisələr haqqındakı
ictimai rəyi özünün parlaq ifadəsini tapmışdır. Molla Nəsrəddin, Bəhlul-Danəndə xalqın
«sosial-psixoloji hafizəsində» «insan sərrafı» kimi məhşurlaşmışdılar; onlar, necə deyərlər, əsl
praktik sosial psixoloqlar idilər. Ayn-ayrı adamlara müəyyən ləqəblərin verilməsi də sosial-
psixoloji baxımdan son dərəcə maraqlı hadisələr idi.
Hələ e.ə. 2-1’ci minilliklərdə «Avesta»da ruh və psixi hadisələr haqqında müxtəlif
məzmunlu təsəvvür və ideyalar öz əksini tapmışdır.
«Kitabi-Dədə Qorqud» dastanlarında insanın müxtəlif emosional halətləri təsvir edilmiş,
davranış normalarında özünü büruzə verən xəyanət, həsəd, qorxaqlıq, fərarilik kimi mənfi
emosional sifətlər tənqid edilmişdir.