7
QISA
MƏZMUN
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tətbiq edilən Psixi Sağlamlıq Sistemlərinin
Qiymətləndirilməsi üçün Vasitə (ÜST-PSSQV) Azərbaycan Respublikasında 2006-cı
ilə mövcud olan psixi sağlamlıq sistemi haqqında məlumatların toplanmasında istifadə
olunmuşdur. Bu məlumatların toplanmasında məqsəd psixi sağlamlıq sistemini
təkmilləşdirmək və dəyişikliklərə nəzarəti təmin etmək üçün əsas hazırlamaqdır.
Nəticədə, Azərbaycan Respublikasında psixi sağlamlıqla bağlı dəqiq məlumatlara
əsaslanmış, aydın baza informasiyaya və hədəflərə malik planlar tərtib etməyə imkan
yaranacaqdır. Bu, həmçinin islahatlar siyasətinin həyata keçirilməsində, icma
yönümlü xidmətlərin verilməsində, psixi sağlamlıq sahəsində maarifləndirmə,
profilaktika, müalicə və reabilitasiya məsələlərinə pasiyentlərin, ailələrin və digər
iştirakçıların cəlb edilməsində baş verən irəliləyişləri müşahidə etmək üçün faydalı
olacaqdır.
Hal-hazırda Azərbaycanda psixi sağlamlıqla bağlı siyasət həyata keçirilmir. Həmçinin
psixi sağlamlıq sahəsində strateji plan və fövqəladə hallar/ fəlakətlər üçün psixi
sağlamlıqla bağlı hazırlıq planı mövcud deyildir. Sosial sığorta sistemi formalaşma
dövründə olduğuna görə psixi sağlamlıqla bağlı xidmətlər sığorta ilə tam təmin
olunmur. Ölkədə insan hüquqlarına riayət edilməsinə rəy verən qurumun olmasına
baxmayaraq, həmin orqan psixi xəstə şəxslərin hüquqlarının qorunması ilə bağlı
məsələləri sistemli şəkildə həyata keçirmir.
Ölkədə psixi sağlamlıq məsələləri ilə məşğul olan rəsmi qurum yoxdur. On bir
ambulator psixiatriya müəssisəsinə hər 100 000 nəfər ümumi əhalidən 1092
nəfər
müraciət edir. Gündüz stasionarları kifayət qədər istifadə olunmur və onlarda hər 100
000 nəfər ümumi əhali üçün 24,9 pasiyent müalicə olunur. Ümumi tipli
xəstəxanalardan yalnız ikisində stasionar psixiatriya şöbəsi mövcuddur və onların
çarpayı sayı hər 100 000 nəfər əhali üçün 0,71-ə bərabərdir. Bu stasionar psixiatriya
şöbələrində uşaqlar və yeniyetmələr üçün çarpayılar nəzərdə tutulmamışdır. Ölkədə
ümumi çarpayı sayı hər 100 000 nəfər əhali üçün 48,9-a bərabər olan doqquz
psixiatriya xəstəxanası (PX) vardır. Psixiatriya xəstəxanalarına ilk növbədə
şizofreniyadan əziyyət çəkən, şizofreniyaya bənzər əlamətlərlə və sayıqlama ilə
müşayiət edilən xəstəlikləri olan pasiyentlər (36%) qəbul edilir. İnsan hüquqlarının
pozulması halları bəzi stasionar psixiatriya müəssisələrində müşahidə edilir. Kultural
xüsusiyyətlərlə əlaqədar olaraq, Azərbaycan Respublikasında qadınlar tibbi yardım
üçün psixiatriya müəssisələrinə kişilərdən daha az müraciət edirlər. Belə ki,
Azərbaycan Respublikasında qadınların ailə çərçivəsində qayğısına qərb ölkələri ilə
müqayisədə daha çox diqqət yetirilir. Psixiatriya müəssisələrinə müraciət edənlərə
psixososial sahədə hər hansı köməklik göstərilmir. Psixiatriya müəssisələrinin
hamısında (100%) müəssisədə tətbiqi mümkün olan hər dərman qrupu üzrə heç
olmasa bir pulsuz psixotrop preparatla təmin olunmuşdur.
İlkin səhiyyə xidməti işçiləri psixi sağlamlıqla bağlı hər hansı təlimlər keçmirlər və
nadir hallarda psixiatriya müəssisələri ilə qarşılıqlı əlaqələr yaradırlar.
Hər 100 000 nəfər əhaliyə psixi sağlamlıq sahəsində çalışan 22 işçi düşür. Sosial
işçilər və klinik psixoloqlar üçün bu göstəricilər xüsusilə aşağı səviyyədədir. Peşə
xəstəlikləri üzrə mütəxəssislər arasında psixi sağlamlıq məsələləri ilə məşğul olanlar
yoxdur. Psixi sağlamlıq sahəsində çalışan işçilər, əsasən psixiatriya xəstəxanaları və
8
paytaxt şəhəri olmaqla, qeyri-bərabər şəkildə paylanmışdır. Psixi sağlamlıq (PS)
məsələləri ilə əlaqədar istehlakçılar və ya ailələr tərəfindən yaradılmış hər hansı
assosiasiya yoxdur.
PS sahəsində nəşr olunan materiallara və aparılan məlumatlandırma kampaniyalarına
nəzarət edən heç bir əlaqələndirici qurum mövcud deyil. İşlə və yaşayış yeri ilə
təminat, həmçinin işdə və yaşayış yerində ayrı-seçkilik hallarının qarşısının alınması
qanunvericilikdə nəzərdə tutulmuşdur, ancaq praktikada tətbiq edilmir. PS xidməti ilə
İİV/QİÇS, reproduktiv sağlamlıq, narkotik vasitələrdən sui-istifadə məsələləri ilə
məşğul olan idarə/təşkilatlar, hərbi və kriminal ədliyyə orqanları arasında rəsmi
əlaqələr mövcuddur.
Məlumatlar müxtəlif səviyyəli müəssisələr tərəfindən verilmiş hesabatlar əsasında
toplanmış və tərtib edilmişdir. Qeyd etmək lazımdır ki, həmin hesabatlar hər hansı bir
dövlət qurumu tərəfindən nəşr edilib yayılmamışdır. Ölkədə aparılmış tədqiqatlar,
əsasən, psixi pozğunluqların klinik cəhətdən qiymətləndirilməsi, psixiatriya
xidmətlərinin tədqiq olunması, psixososial, psixoterapevtik və farmakoloji
müdaxilələr üzərinə yönəlmişdir.