60.Patogen mikroorqanizmlər
İnsan, heyvan və bitkilərdə müxtəlif xəstəlik əmələ gətirən mikroorqanizmlərə patogen və ya xəstəlik törədənlər adı verilir. Patogen mikroorqanizmlər təbiətdə geniş yayılmışdır ki, bu da onların təkamül prosesində bitki, heyvan və insan orqanizminə uyğunlaşaraq onların hesabına yaşamaq qabiliyyəti qazanması ilə əlaqədardır. Mikrobun patogenliyi onun növ əlamətidir. Bununla yanaşı, digər növlərin ayrı-ayrı ştammları az və ya çox patogen olur. Patogen mikrobun xəstəlik törətmə qabiliyyətinin dərəcəsinə virulentlik deyilir ki, bu da fərdi əlamətdir. Virulentlik amilinə patogen mikrobun əmələ gətirdiyi zülal təbiətli xüsusi birləşmə olan aqressinlər də daxildir. Bunlar orqanizmin müdafiə qabiliyyətini azaldırlar. Patogen mikrobların ifraz etdikləri toksinlər də əsas virulentlik amillərinə daxildir. Mikroblar ekzo və endotoksinlər əmələ gətirirlər. Ekzotoksinlər zülal təbiətli yüksək zəhərli maddələrə aiddirlər. Onlar mikroorqanizmlər tərəfindən ətraf mühitə yaşadıcı dövrdə ifraz olunurlar. Ekzotoksinlər yüksək temperatura nisbətən az dözümlüdürlər. Endotoksinlər əsasən qram-mənfi mikroorqanizmlərdə olur. Onlar termostabil olub, tez təsir etmələri və az zəhərliliyi ilə səciyyələnirlər. Patogen mikroblardan başqa orqanizmin müxtəlif boşluqlarında bir qrup mikroorqanizmlər də yaşayır ki, bunlara şərti patogen mikroblar deyilir. Orqanizmin normal fizioloji yaşayışı zamanı şərti patogen mikroblar xəstəlik törətməyərək saprotrof kimi yaşayırlar. Lakin müxtəlif təsirlərdən orqanizmin normal fizioloji funksiyaları pozulduqda, onlar patogenlik xassəsi qazanaraq xəstəlik törədirlər.
Dostları ilə paylaş: |