§3. Uzunmüddətli dövrdə istehsal xərcləri. İstehsal xərcləri və miqyas effekti
Uzunmüddətli dövrdə xərclərin bütün elementləri dəyişəndir. Əgər hər bir istehsal həcminə ən az dəyərə malik re-surs kombinasiyası tətbiq olunmuşsa, uzunmüddətli dövrdə orta xərclər əyrisi hər bir istehsal həcmi üçün minimal xərcləri xarakterizə edən nöqtələrin məcmusundan ibarət olacaq (LRAC əyrisi).
Şəkildə bir sıra qısamüddətli xərclər əyrisi verilib və bunlar müəssisənin müxtəlif ölçülərinə (istehsal miqyasına) müvafiqdirlər. Deyək ki, sahibkar əvvəlcə 1-ci qısamüddətli dövrdədir. O, istehsal veriminin azalması effekti özünü göstərənə, yəni qısamüddətli orta xərclər artmağa başlayana qədər istehsalı artıra bilər.
Bundan sonra qısamüddətli dövrdə istehsalın artırılması imkanları tükənir. Müəyyən vaxt tələb olunur ki, sahibkar istehsalı yeni miqyasda təşkil edə bilsin, məsələn, yeni zavod tiksin, təzə sex açsın, əlavə dəzgahlar quraşdırsın.
Yəni bütün resurs növlərinin parametrləri dəyişməlidir. Beləliklə, müəssisə 2-ci miqyasa çatır və ikinci qısamüddətli dövrdə əlavə işçi qüvvəsinin, əlavə xammal və materialların cəlb olunması hesabına istehsal həcmini məhsuldarlığın azalması effekti işə düşüncəyə qədər artıra bilər. 3, 4, 5 və s. istehsal miqyaslarına keçid də eyni qaydada baş verəcək.
Müxtəlif qısamüddətli dövrlərin xərclərindəki dəyişiklikləri birləşdirib, qısamüddətli xərclər əyrilərinə toxunan olaraq onları sanki əhatələyən uzunmüddətli orta xərclər əyrisini alarıq. Uzunmüddətli orta xərclər əyrisini çox vaxt paket-əyri də adlandırırlar, çünki onun içində, paketdə olduğu kimi, bütün qısamüddətli dövrlərin əyriləri yerləşir.