CƏNAB NƏCƏFQULU AĞANIN DƏYİRMANINDA OLMUŞ
ƏHVALAT
Qalada get-gedə bahalıq artdığına görə Şuşa cavanları atlanaraq iki araba buğda götürüb Cavanşir Nəcəfqulu ağanın dəyirmanına gəldilər. İki araba buğda dəyirmanda üyüdüldükdən sonra ermənilər dəyirmana hücum çəkərək zorla unu onlardan alıb aparmaq istədilər. Dəyirmanda iki-üç tüfəngli müsəlman var idi. Onlar divarın dalından erməniləri gülləyə tutdular. Bir qədər atışmadan sonra ermənilər heç nə edə bilməyəcəklərinə əmin olub naumid geri qayıtdılar.
Malıbəyli ilə Xankəndi arasında bir erməni qadını ilə uşağın öldürülməsini eşidən ermənilər ştaba üz qoydular. Ştabda az sayda rus qoşunu var idi. Eyni zamanda ştabın yerlşdiyi ərazidə bir neçə müsəlman və erməni ailəsi yaşayırdı. Vəziyyətin gərginliyini görən müsəlman ailələri tez öz tüfənglərini götürüb müharibəyə hazır vəziyyətdə dayanırdılar. Onların içərisində çoxlu külfəti olan Məşədi Zeynal adlı bir nəfər var idi. O, bir erməni ilə qonşuluqda yaşayırdı. Ermənilər tökülüb buraya gələrkən Məşədi Zeynalın erməni qonşusu onun yanına gəlib deyir ki, ermənilər sizi qırmağa gəliblər. Buna görə gəl sən öz övrətin, uşağınla bizim evə daşın, çünki mənim evimdə sizə heç kəs toxunmağa cəsarət etməz. Məşədi erməninin hiyləsinə inanıb bütün külfəti və əşyaları ilə bigə erməninin evinə köçür. Lakin Məşədinin uşaqları onların erməninin evinə köçməyinə razı deyildilər. Onlar köçdükdən sonra erməni Məşədiyə dedi ki, tüfənglərinizi verin, gizlədim, sonra yenə özünüzə qaytararam. Əks təqdirdə, ermənilər gəlib sizin tüfənglərinizi görsələr, məni də, sizi də öldürərlər. Məşədinin dörd oğlu var idi. Onlar atalarına dedilər ki, bu hiylədir, erməninin sözünə inanma. Tüfənglərimizi versək, bizi qıracaqlar.
Məşədi oğlanlarına acıqlanıb tüfənglərin hamısını götürüb erməniyə verdi. Erməni tüfəngləri apardıqdan sonra, pusquda duran erməniləri çağırdı. Onlar tökülüb əvvəlcə Məşədinin evini yandırdılar, sonra isə onun özünü, dörd oğlunu, ümumiyyətlə, südəmər uşağına qədər bütün külfətini işgəncə ilə öldürdülər. Ermənilər bu vəhşilikləri törədərkən övrət-üşağın dəhşətli çığırtıları bir-birinə qarışmışdı. Neçə nəfər cavan övrət və gəlinlər var idi. Onlar çığırıb qaçmaq istəyərkən tutub xəncərlə doğrayırdılar. Xülasə, bu yırtıcı heyvanlara bənzəyən ermənilər Məşədinin iyirmiyə qədər külfət üzvlərini doğram-doğram etdilər.
Ey kaş, müslimin hamısı baxəbər ola,
Bu zülmdən ki, ermənilər etdi intişar.
Ol tifli-bigünahları kinü zülm ilən
Etdilər parə cisimlərin cümlə tarimar.
Bir zərrə rəhm yoxdu nəsarada, et yəqin.
Et bir nəzərə tifllərə eylə, aşikar
Bir toxum əkdilər ki, çıxar rəstaxizədək
Hər şaxü bərgi şüru şərru nari-pürşərar.
Məşədi Zeynalın ailəsini zülm və işgəncə ilə tamam öldürərək şəhid etdikdən sonra onun mallarını talan etdilər. Bərk atışma nəticəsində on bir erməni öldürüldü.
Bundan əvvəl isə rus böyükləri ermənilərin Məşədi Zeynalın ailəsinin başına gətirdiyi faciəni eşidib o ərazidə yaşayan müsəlman ailələrini qırğından xilas etmək üçün onların övrət-uşaqlarını toplayıb yaşadıqları kazarmaya apardılar. Bu zaman ermənilər Sadıq adlı bir müsəlman kişisini də öldürdülər. Ruslar o kişinin qatillərindən iki nəfərni tutdular.
Bu qırğından sonra ermənilər qarət etdikləri malları arabalarla öz evlərinə göndərdilər. Özləri isə atlanıb Nəcəfqulu ağanın dəyirmanına üz qoydular. Müsəlmanlar ermənilərlə ştab ərazisində vuruşarkən fürsət tapıb dəyirmanda olan unun hamısını təcili arabalara doldurub Malıbəyliyə aparmışlar.
Axşamüstü ermənilər dəyirmana gəlib gördülər ki, müsəlmanlar bütün unları və sair şeyləri təmamən aparıblar. Ermənilər dərhal dəyirmana və Nəcəfqulu ağanın otaqlarına od vurub yandırdılar. Nəcəfqulu ağanın imarətindən, dəyirmanından qalxan tüstü və alov Qaladan görünürdü. Müsəlmanlar bu yanğından çox təəssüfləndilər. Çuxur məhəlləsinin cavanları toplaşaraq qərara gəldilər ki, bu dəyirmanın əvəzini ermənilərədən çıxmaq lazımdır. Təcrübəlilərdən birisi dedi ki, burada bizim qənşərimizdə Şuşa çayında Xandəmirov Mikitin tikdirdiyi bir mexanikləşdirilmiş maşın dəyirmanı var. Əgər Nəcəfqulu ağanın dəyirmanının qiyməti 300 manat olardısa, Mikitin dəyirmanının dəyəri 5000 manat olar. Bir qoçaq igid lazımdır ki, oraya enib həmin dəyirmanı yandırsın. Həmin saat bir neçə gün bundan əvvəl ermənilərin ot tayalarına od vurub yandırmış Daşdəmir adlı bir cavan oğlan irəliyə çıxaraq dedi ki, Allahın köməyi ilə bu saat gedib sizin istəyinizi yerinə yetirərəm.
Daşdəmir beş nəfər cavan oğlanla birlikdə xeyli əski və neft götürüb “bismillah” edərək aşağı dəyirmana tərəf endilər. Dəyirmana çatan kimi onun bir neçə yerindən əski qoyub üzərinə neft tökərək od vurdular. Alov göyə qalxdı. Daşdəmir isə yoldaşları ilə Qalaya qayıtdılar. Çuxur məhəlləsinin cavanları onları alqışladılar.
Ermənilər Şuşakənd tərəfdən böyük bir alov qalxdığını gördülər. Onlar dəyirmanda müsəlmanların olduğunu zənn edərək, oraya çatarkən atəş açmağa başladılar. Sonra ehtiyat edə-edə gəlib oraya çatanda gördülər ki, heç kim yoxdur. Onlar tökülüb dəyirmanı söndürmək istəyəndə gördülər ki, maşınların əsas yerləri yanıb. Onlar dəyirmanı sahibsiz qoyub getdiklərinə çox təəssüfləndilər.
Bir neçə gündən sonra məlum oldu ki, dəyirmanın bir para yerləri yanmayıb. Daşdəmir altı nəfər cavanla gecə həmin dəyirmana gələrək yanmayan alətlərə və bir neçə otağa od vurub yandırdılar. Bacardıqları qədər də un-buğda götürüb Qalaya gəldilər. Şuşakənddən alovu görənlər dəyirmana tərəf atəş açmağa başladılar. Arada dəyirmandan bir neçə dəfə bərk gurultu səsi gəldi. Dedilər ki, ermənilər aftafalara barıt və yumru dəmirlər dolduraraq lazım gəldikdə onlardan partlayıcı bir maddə kimi istifadə etmişlər. Belə ki, onlar partlatmaq istədikləri yerə həmin aftafadan birini qoyub, piltə ilə lüləyə uzaqdan od vururlar. Bu zaman aftafa gurultu ilə partlayıb, onun parça-parça olmuş gövdəsi və yumru dəmirlər hər tərəfə yayılır. Görünür, dəyirmanda partlayan da belə aftafalar olmuşdur.
Ermənilər isə bunun əvəzini çıxmaq üçün Muxətər kəndinə gələrək Hacı Əsgər uşağının burada olan bir bağına və balaca evinə od vurub yandırdılar.
1323-cü zilqədə ayının 9-da (miladi 1905-ci ilin) dilənçi Bayramın 12 yaşlı Ağca adlı qızı bir şahı götürüb neft almağa gedir. Yollar bağlı olduğundan bazarda neft olmur. Bir mömin bəndə qızı evinə apararaq şüşəsini neftlə doldurub yola salır. Qız geri qayıdanda yolunu azıb erməni məhəlləsinə çıxır. Ermənilər onu tutub qımdatların yanına aparırlar. Qımdatlar Ağcadan soruşurlar ki, müsəlmanların yeməyi çoxdurmu? Qız cavab verdi ki, hər yerdə çoxdur, amma yalnız bizim evdə yoxdur. Qımdatlar yenə soruşdular ki, müsəlmanların atmağa nəyi var? Qız cavab verdi ki, topları, hamıda və hər evdə tüfəng və tapança çoxdur. Bu sula-cavabdan sonra ermənilər qonşu otağa keçdilər. Bir azdan Ağcanın yanına bir erməni övrəti gələrək qıza dedi ki, bir də ermənilər səndən müsəlmanların əhvalını soruşsa, deginən ki, dəxi dava bəsdir, evimiz yandı, malımız, dövlətimiz getdi, Allah xatirinə qoysunlar rahat oturaq.
Ermənilər yenə də gəldilər. Onlar qızdan sual etdilər ki, müsəlmanlar nə işdə və nə fikirdədirlər?
Qız cavab verdi ki, sızı qıracaqlar. Erməni onun üzərinə qışqıraraq susmasını əmr etdi. Sonra çay içməyə və horra kimi bir şey yeməyə başladılar. Mənə də təklif etdilər, lakin iyrəndim.
Səhərisi gün ermənilər Ağcanı polisə təhvil verdilər və bildirdilər ki, yolunu azıb erməni məhəlləsinə gəlib çıxıbdır. Polis övrəti ilə bərabər, qızı da sankaya mindirib müsəlmanlara təhvil verdilər.
GÜLABLI ƏHVALATI
(1323-cü /1905/ il zulqədə ayı)
Bu günlərdə Tağ, Tuğ, Dağdağan, Mirikəndi, Harov və digər ətraf kəndlərdən ermənilər cəm olub qımdatlarla məsləhətləşərək belə qərara gəldilər ki, Qalanı asanlıqla ələ keçirmək üçün əvvəlcə ətraf kəndlərdə yaşayan müsəlmanları erməni hücumları ilə təngə gətirərək bir qismini qırmaq, digər qismini isə qaçırtmaq lazımdır. Kəndlərdən müsəlmanları təmizlədikdən sonra buralar xalis “Hayastan torpağına” (Ermənistan) çevriləcək. Bu məqsədlərini həyata keçirmək üçün əvvəlcə Gülablı üzərinə hüzuma keçdilər. Onlar Gülablıya çatarkən əvvəlcə bir adam göndərdilər ki, kəndin özündən bir xəbər gətirsin. Həmin adam gəlib gördü ki, kəndin kişilərinin çoxu Qalada, kənd-bazarlarda, toylardadırlar. Kənddə isə övrət-uşaq və qocalardan və bir neçə tüfəngdardan başqa heç kəs yoxdur. Kənddə olan tüfəngdarlar səngərlərə girərək erməniləri gülləyə tutdular. Beləliklə, atışma başladı və dörd saat davam etdi. Ermənilərin çoxusu açıqda, müsəlmanlar isə səngərlərdə olduğundan ermənilərdən 61 nəfər qətlə yetirildi. Az qalmışdı ki, ermənilər geri qayıtsınlar. Bu zaman müsəlmanların gülləsi qurtardı. Onlar qaçıb bir yerdə gizləndilər. Ermənilər əhvalatı başa düşüb kəndə daxil oldular. Onlar evləri gəzə-gəzə qarət edirdilər. Ermənilər 20 nəfər uşaq, bir neçə qoca və bir kor kişinin qapıları bağlayaraq gizləndikləri bir evə çatdılar. Ermənilər evin bir tərəfini deşib ot-saman qoyaraq od vurdular. Evdəkilər tüstüyə tab gətirə bilməyib qapını açaraq bayıra çıxdılar. Ermənilər tökülüb bu günahsız uşaqların və qocaların hamısını gülləyə tutub qətlə yetirdilər. Əllərinə düşən malları isə qarət edib apardılar. Sonra isə məscidə dolaraq orada olan xalı, gəbə və sairə əşyaları qarət etdikdən sonra minbərinə od vurdular.
Ermənilər Gülablıdan sonra Abdal kəndinə hücum edərək onu mühasirəyə aldılar. Bir gecə-gündüz atışma davam etdi. Bu davada müsəlmanlardan 40 nəfər kişi, övrət-uşaq qətlə yetirildi. Ermənilər burada da məscidi qarət etdilər.
Əlavə: Bu günlərdə Malıbəylidə olan kazaklardan biri və bir nəfər də qoca müsəlman bir araba ot aparmaq üçün ştaba gəldilər. Bu zaman ermənilər onları gülləyə tutdular. Bu qəfil atəşdən kazak ağır yaralandı, müsəlman isə həlak oldu. Kazaklar istədilər ki, orada olan ermənilərin hamısını qırsınlar, lakin onların böyüyü buna mane oldu. Kazakların rəisinin göstərişi ilə erməni evlərinin hamısı mühasirəyə alınaraq axtarış aparıldı. Tapılan tüfəng və patronların hamısı müsadirə olundu. Bir erməninin dükanından iki bomba, xeyli barıt və bir neçə ədəd beşaçılan tüfəng tapıldı. Təftiş nəticəsində ermənilərdən yetmiş ədəd tüfəng müsadirə olundu.
Əlavə: Şuşanın yolu bağlı olduğundan ərzaq qıtlığı yaranmışdı. Bir daha müsəlmanların izzətli əyanları və camaatı Qalaya göndərmək üçün neçə min pud un, düyü, buğda, qənd, neft və başqa şeylər tədarük etdilər. Dövlət Qala yolunu ermənilərdən azad etmək üçün top və beşaçılan tüfənglərlə silahlanmış bir neçə dəstə əsgər və onlara rüşvət almayan, xoş xasiyyət bir komandir göndərmişdi. Həmin komandir öz dəstəsi ilə Ağdama gələrək gördü ki, Qala yolunu erməni quldurlarından azad etmək üçün beş minə qədər silahlı müsəlman igidləri atlanaraq onu gözləyirlər. Dövlət dəstələrinin komandiri onlara müraciət edərək bildirdi ki, sizin bu işdən ötrü oraya getməyiniz lazım deyil. Mən öz qoşunumla bu yolların açılmasına, şəhərə sursat və ərzaq çatdırılmasına müvəkkiləm. Ayrı işlərə mən qarışmıram. Odur ki, yolları açıb ərzağı Qalaya çatdırdıqdan sonra siz mənsiz nə istəsəniz edə bilərsiniz. Bu, sizin öz işinizdir.
Bundan sonra camaat tədarük etdikləri ərzaq və başqa şeyləri yetmiş arabaya yükləyərək dövlət qoşunu ilə birlikdə Şuşaya yola düşdülər. Əsgərana çatan kimi komandirin əmri ilə yolun hə iki tərəfində hündürlüklərdə düzəldilmiş erməni səngərlərinə toplardan atəş açdılar. Ermənilər pərən-pərən olub hərəsi bir tərəfə qaçdı. Səngərlərdə bir erməni belə qalmadı. Xan bağından keçənədək yol boyu qurulmuş erməni səngərlərinin hamısı toplardan açılan atəşlərlə darmadağın edildi. Bu atəşlərin qarşısına bir erməni belə cürət edib çıxa bilmədi.
Beləliklə, ərzaq dolu arabalar və qoşun gəlib Şuşaya daxil oldu. Arabalarda gətirilmiş ərzağın bir qismi sahiblərinə çatdırıldı, bir qismi isə ucuz qiymətə kasıblara və qəriblərə satıldı. Gətirilmiş un isə çörəkçilərə verildi ki, bişirib ucuz qiymətə xalqa satsınlar. Dövlət qoşununun əsgərləri evlərdə, komandir isə deputat Balaca Hacı Sadığın evində tam ehtiramla yerləşdirildi. Şəhərin əyanları və ziyalıları gəlib komandirə öz razılıqlarını bildirdilər.
Bir həftədən sonra şəhərdə əhalinin güzəranı yenə də çətinləşdi. Nəcib və qeyrətli müsəlmanlar 130 araba ərzaq hazırlayıb qoşunla birlikdə Şuşaya gətirdilər. Yolda ermənilər arabaların hərəkətinə mane olmaq istəsələr də, buna nail ola bilmədilər. Atılan topların səslərini eşitcək hərəsi bir tərəfə dağıldı.
Ərzaq gəlib Şuşaya çatdıqdan sonra qoşunu müşayiət edən və 12 at qoşulmuş divar-dağıdan topu gətirib divanxananın qabağına qoydular. Bu vaxt erməni Kiki Kələntərov da generala yaxınlaşaraq xahiş etdi ki, onun şərəfinə erməni məhəlləsində hazırlanmış gözəl mənzilə buyursun. General acıqla ona cavab verdi kii, siz erməni tayfasına inanmaq olmaz. Gürcü, müsəlman və rus qardaşdılar. Onların sözləri də, özləri də düzdür. Ancaq sizin tayfaya etibar etmək olmaz. Buna görə də mən müsəlman məhəlləsində qalacağam.
AYRI-AYRI KƏNDLƏRDƏ BAŞ VERMİŞ MÜNAQİŞƏLƏR
(1323-cü /1905/ ilin zulqada ayı)
Bu tarixdə müsəlmanların Sərv kəndində ermənilərlə bərk toqquşması oldu. Müsəlmanların bir parası bu toqquşmaya hazır olmadığından əvvləcə müsəlmanlardan iyirmi nəfər şəhid oldu. Bundan qeyzlənən müsəlman silahlıları “Ya Allah” deyərək ermənilərin mühasirəyə alıb gülləbəran etdilər. Ermənilərdən 50 nəfərdən çox adam öldürüldü, o qədər də yaralandı. Bundan sonra ermənilər qayıdıb səngərlərə girdilər. Müsəlmanlar da öz yerlərinə qayıtdılar.
Həmin tarixdə Cavanşir müsəlmanları dəstə bağlayıb Çaylı kəndinə hücum etdilər. Bu hücumda on iki nəfər erməni öldürüldükdən və iyirmiyə qədər yaralandıqdan sonra qalanları qaçmağa başladılar. Kənd təmamilə boşaldı və müsəlmanların əlinə keçdi. Qaçan ermənilər bütün kəndlərə səpələnərək baş vermiş hadisə haqqında onları xəbərdar etdilər. Bir neçə kənddən ermənilər toplaşaraq Dəmirli adlı müsəlman kəndinə hücum etdilər. Kəndin əhalisi uzaqgörənlik edib, qabaqcadan əşya və azuqələrini başqa yerə aparıbmışlar. Odur ki, bu balaca kəndə hücum nəticəsində o qədər də zərər dəyməmişdi. Kəndin əhalisi isə qonşu kəndlərə qaçmışdı.
Əhvalatdan xəbəradar olan Cavanşir igidləri bir neçə dəstə döyüşçü ilə Canyataq və Gülyataq kəndlərinin üzərinə yerimişlər. Onlar kəndləri hər tərəfdən mühasirə etsələr də iki yerdən qaçmağa fürsət var idi.
Atı və ulağı olanlar öz övrət-uşaqlarını və azuqələrini götürüb həmin yerlərdən çıxıb qaçdılar. Kəndlərdə qalanlardan yüz nəfərə qədəri öldürüldü, yüzdən artığı da yaralandı. Kəndlərdə qalan ermənilərin yaxşı sursat ehtiyatı olduğundan səngərlərə girib atışırdılar.
HUMAY BƏY GƏRAY BƏY OĞLUNUN QƏTLİ
Şuşa qalasının sakini Gəray bəyin oğlu Humay bəy ermənilərlə vuruşan dəstənin başçısı idi. Humay bəy mahir döyüşçü olduğundan camaata müharibə aparmağın üsullarını təlim edirdi. Bir gün beləcə təlim keçərkən oraya bir kazak gəlib çıxdı. O, əlini yuxarı qaldıraraq Humay bəyə təzim edib irəli gəldi. Kazak Humay bəylə əl tutduqdan sonra rusca ona dedi ki, bu tayfa (erməni) nə üçün bu nahaq davanı salıb xalqın rahatlığını kəsir. Humay bəy ona dedi ki, ermənilər özləri bu davanı başlayıblar, özləri də cəzasını çəkəcəklər. Bu vaxt Humay bəy geri döndü ki, təlim keçdiyi müsəlmanlara nə isə desin, bu zaman həmin namərd, məlun kazak Humay bəyi arxadan güllə ilə vurub şəhid etdi. Kazak Humay bəyi vuran kimi qaçıb ermənilərin içinə girdi. Sonradan məlum oldu ki, həmin kazak erməni imiş.
QACAR KƏNDİNİN ƏHVALATI
(1323-cü /1906/ il zulhiccə ayı)
Ermənilər tayfası kəndlərdən bir neçə dəstə yaradaraq, Qacar kəndinin üstünə hərəkət etdilər. Qacar kəndinin bir tərəfdən yerləşdiyi ərazi təhlükəli idi. Çünki Qacar kəndi erməni kəndləri ilə əhatə olunmuşdu. Bu rayonda müsəlmanlar az idi. Ermənilər əvvəlcə kəndin kənarında yerləşən üç evə hücum edərək, həmin evlərdən birinə və həyətlərdə yığılmış ot tayalarına od vurub yandırdılar. İki nəfər müsəlmanı şəhid etdilər, birini isə yaraladılar. Əhvalatdan xəbəradar olan kimi Qacar kəndinin əhalisi yaxşı tədarük etdikləri silahlarla silahlanaraq ermənilərin qarşısına çıxdılar və onları hər tərəfdən gülləyə tutdular. Atışma bir neçə saat davam etdi.
Ermənilərin Qacar kəndinə hücum etmələri haqqlnda xəbər tutan kimi ətraf müsəlman kəndlərindən çoxlu atlı və piyadalar Qacar camaatının köməyinə gəldi. Köməyə gələn qüvələrlə Qacar kəndinin döyüşən igidləri erməniləri mühasirəyə alaraq, nərələr çəkib “A gədə, dur gəldim” deyir və onları gülləyə tuturdular. Qacar əhalisi kəndin içindən, köməyə gələn qüvvlər isə arxadan erməniləri qırmağa başladılar. Müsəlmanlar “Ya Əli!” nərəsi çəkə-çəkə onları təqib edib qırırdılar. Beləliklə, onları Tağ və Tuğ kəndinə kimi qovdular. Hər tərəf erməni meyidləri ilə dolu idi. Çoxunun tüfəngi, tapançası, patron və patrondaşları yanlarına düşüb qalmışdı. Qacar kəndinin ətrafında 135 nəfər yollarda və 265 nəfər isə çöllərdə erməni öldürülmüşdü. Beləliklə, ermənilərin Qacar kəndinə hücumu onlardan 400 nəfərin ölümü ilə nəticələndi.
Müsəlman dəstələri Qacar kəndinə hücum etmiş erməniləri məğlub etdikdən sonra sərsər küləyi kimi Dirəxtin kəndinin üstünə gəldilər. Burada olan ermənilərin bir qismi qaçıb canını qutardı, ələ düşənlər isə qətlə yetirildi. Dirəxtin kəndindən sonra müsəlman dəstələri Əfşar kəndinə hücum etdilər. Burada olan ermənilərə lazımı zərbələr endirdikdən sonra Təcavirt binalarını və üç erməni dəyirmanını da dağıtdılar.
Bu əhvalatdan bir neçə gün keçdikdən sonra bir erməni gizlincə gəlib Qacar müsəlmanlarına xəbər verdi ki, bizim ermənilərdən bir neçəsi geyimini dəyişərək, kazak çinovniki platarında gəlib sizin silahlarınızı yığmağa cəhd edəcəkdir. Onların məqsədləri budur ki, silahları yığdıqdan sonra tökülüb sizi qırsınlar. Amma Allah xətrinə, mənim adımı çəkməyin, çünki mənim buraya gəldiyimi qımdatlar bilsələr, nəslimi yer üzündən silərlər.
Müsəlmanlar onu arxayın etdilər. Bir neçə gündən sonra Qacar kəndinə bir general və yanında da neçə atlı kazak gəldi. General kəndin böyüklərini çağırıb əmr etdi ki, kənddə nə qədər tüfənginiz var, hamısını gətirib təhvil verin, əks təqdirdə kəndiniz top atəşilə viran ediləcək. Müsəlmanlar dörd tüfəng gətirib verdikdən sonra generala dedilər ki, bütün silahları toplayanadək buyurun içəridə əyləşin. General çinində olan və kazaklar atdan düşüb içəri girdilər. General təşəxxüslə bir hündür yerdə əyləşdi, kazaklar isə onun yanında ayaq üstə dayandılar. Müsəlmanlar isə bərkdən bir-birini səsləyərək deyirdilər:
- Ey kənd əhli, tüfənglərinizi yığın tez gətirin ki, general məəttəl olmasın.
Bir az keçdikdən sonra bir neçə nəfər əllərində tüfəng içəriyə girərək generalı və kazakları güllələyib öldürdülər. Onların silah və atlarını da sahib oldular.
İRAN VƏ QARABAĞ ATLILARININ HÜCUMU
(1323-cü /1906/ il zilhiccə ayı)
İran təbəələrindən ibarət top və tüfənglə silahlanmış dəstə Ağdama gəldi. Ağdamda olan qalalılardan 100 nəfəri Şuşaya gələrək xəbər verdilər ki, iranlı qadaşları onlara sursat gətirmiş və qış günündə müsəlmanlara kömək etmək üçün zəhmət çəkib Ağdama gəlmişlər.
Ağdamda iranlı qardaşları əyanlar və camaat böyük ehtiramla rahat mənzillərdə yerləşdirdilər. Bir neçə gün yaxşı istirahətdən sonra iranlı qardaşlar bildirdilər ki, biz buraya aş-plov yeməyə gəlməmişik. Bizim məqsədimiz müsəlman qardaşlarımızı erməni quldurlardan müdafiə etməkdir. Bu minvalla 15 gün keçdikdən sonra İrandan gələn atlılarla birlikdə Qarabağ igidləri Aranzəmin və Pircamal kəndlərinin üzərinə hücum etdilər. Onlar güllələri qənaətlə işlədərək çox erməniləri xəncər və qılıncla öldürürdülər. Bu minval ilə hər iki kənddən 213 nəfər erməni öldürdülər. Ermənilərin çoxu meşələrə və dağlara qaçaraq ağacların arasında, qayalıqlarda gizləndilər. Hücum başa çatdıqdan sonra iranlılar öz ölkələrinə qayıtdılar.
HACI ABBASIN ƏHVALATI
Hacı Abbas belə deyir ki, dava sakitləşdikdən sonra ermənilərin əksəriyyəti ayrı-ayrı vilayətlərə getməyə başladılar. Bir gün mən yolla gedərkən Muğdusi oğlu Minas adlı bir sövdəgər qarşıma çıxdı. O, külfəti ilə birlikdə arabada Tiflisə gedirdi. Məni görcək dedi ki, Hacı, Allah sizi saxlasın, görürsən sizin müsəlmanlar məni nə günə saldılar? Din haqqı mənim o qədər dövlətimdən çiynimə saldığım bircə bu şal qalıb. Bu mənim həm paltarım, həm də yorğan-döşəyimdir.
Minasın oğlu atasına dedi ki, zərər yoxdur, bu günün sabahı var. Əlbəttə, biz də əvəzini çıxarıq. Sonra mən Minasın oğluna dedim: - Ey oğlan, yadında varmı ki, davadan irəli mən sizin evin qabağından gedirdim. Gördüm ki, sən evin balkonunda durubsan. Bu zaman sizin balkonun altından bir qoca müsəlman keçirdi. Sən onu görən kimi daş ilə vurdun. Kişi səbəbini soruşanda sən o kişiyə acıqlanıb dedin ki, mən qəsdən səni vurdum. O kişi də sənə dedi ki, mənə etdiyin bu zülmə görə Allah-taala sizin evinizi xarabaya döndərib, sizi də zəlil etsin. İndi həmin kişinin bəd duasıdır ki, sizi tutdu. Eviniz-malınız tamam yanıb, özünüz də belə zəlil günə qalmısınız. Allah-taala adildir. Haqqı nahaqqa verməz. Bir də ki, divanı və mərdimazarlığı ermənilər saldı, müsəlmanların sizə heç bir iddiası yoxdur.
SİSYAN KƏNDİNİN ƏHVALATI
Ermənilər böyük və qüvvətli dəstə yaradaraq müsəlmanların yaşadıqları Sisyan kəndinə hücum etdilər. Kənd sakinlərinin silahları və patronları az olduğuna görə döyüş onlar üçün ağır keçdi. Erməni quldurları kənd əhalisindən 20 nəfərini öldürdü, xeyli insan isə yaralandı. Müsəlmanlar az olsa da, bu şəhidlərin əvəzini çıxdılar. Bir neçə saat atışmadan sonra ermənilər geri qayıtdılar. Həmin günün səhərisi Sisyan kəndinin əhalisindən bir neçə nəfər Qalaya gələrək imkanları daxilində tüfəng və patronlar alıb kəndə gətirdilər. Bununla yanaşı, onlar Sisyan kəndinin ətrafında yerləşən müsəlman kəndlərinə, o cümlədən kürd tayfasına müraciət edib kömək istədilər. Sisyana ətraf kəndlərdən kömək gəldikdən sonra ermənilər yaşayan Darabac kəndinə hücum etdilər. Onlar kəndi hər tərəfdən mühasirəyə alaraq kəndin içinə doldular. Kənd əhalisindən olan kişiləri qətlə yetirdilər. Müsəlmanlar kənddə olan övrət-uşaqlarla işləri olmayıb onları döyüş meydanından kənara çıxarırdılar. Müsəlman igidləri Darabac kəndində öz əməliyyatlarını başa çatdırdıqdan sonra geri qayıtdılar. Səhərisi gün isə Lori kəndinin üstünə yeridilər. Bu kənddə də ermənilərə qüvvətli zərbələr endirərək böyük qənimətlə Sisyana qayıtdılar.
BAĞADÜ DAVASI
(1323-cü /1906/ il zilhiccə ayı)
Yuxarıda zikr olunan əhvalatdan bir neçə gün sonra, erməni tayfası yenə də toplaşaraq müsəlman kəndlərinə hücum etmək üçün bir dəstə yaradır. Yaxşı silahlanmış bu erməni dəstəsi Stepan Stepanyans adlı bir qımdatın rəhbərliyi altında atlanaraq Bağadü müsəlman kəndinə hücum etdilər. Bağadü kəndi Sisyan mahalında yerləşirdi. Orada yaşayanların hamısı müsəlman idi. Erməni dəstəsi kəndi mühasirəyə alırlar. Qabaqcadan hazırlıq görərək silah və patron tədarük etmiş və gizli yerlərdə səngərlər düzəltmiş Baqadü kəndinin əhalisi tez bir zamanda silahlanaraq səngərlərə, damların, daşların dibində müdafiə üçün hazırlanmış mövqelərə girərək, erməniləri hər tərəfdən atəşə tutmağa başladılar. Birinci atışmada müsəlman igidləri əlli nəfərdən çox erməni vurub yıxdılar. İkinci atışmada isə ölən ermənilərin sayı yetmişdən çox idi. Üçünçü dəfə onlar “Ya Allah”, “Ya Əli, səndən mədəd” deyib daha şiddətli atəş açmağa başladılar və yüz nəfərəcən erməni öldürdülər. Ermənilərə rəhbərlik edən Stepan Stepanyans adlı qımdat karıxıb bilmirdi ki, nə etsin. Bu zaman müsəlmanların atəşindən üç güllə ona dəyib yerə sərdi. Ermənilər öz başçılarının yerə yıxılaraq çapaladığını görən kimi qaçmağa başladılar. Müsəlmanların təqib etdiyi ermənilərin bir hissəsi Stepanyans vurulan yerə gəldilər. Gördülər ki, hələ ölməyib. O, əlindəki tüfəngi götürüb daşa çırpdı ki, müsəlmanlara qismət olmasın. Tüfəngin qundağı sınsa da, özü salamat qaldı. Sonra da əli titrəyə-titrəyə qoynundan bir dəstə əskinas çıxarıb dişi ilə parça-parça etdikdən sonra yıxılıb öldü. İrəli gəlib gördülər ki, həmin əskinaslar yüz manatlıq pullar imiş. Təxmin etdilər ki, onun üstündə bir neçə min manat pul var imiş. Belində də bir onaçılan qəribə tapança var idi. Deyilənə görə, onun qoltuğundan bir kağız da çıxıb. O kağızda bu sözlər yazılıbmış: “Qafqaz ermənilərinin qubernatoru Stepanyans”.
Xülasə, ermənilər öz yaralılarını da götürüb getdilər. Bu vuruşmada ermənilər tərəfdən 400 nəfərin öldürüldüyü təxmin edildi.
1323-cü ilin zilhiccə ayının 5-ci günündə ermənilər Əsgəran yolunu bağladıqlarına görə Ağdamdan generalın başçılığı ilə iki dəfə top-tüfənglə silahlanmış qoşunun müşayiəti ilə arabalarla Qalaya azuqə və sursat gətirirdilər. General Qalada olarkən Xəlifəli kəndindən gələn müsəlmanlar generala şikayət etdilər ki, ermənilər kəndi atəşə tutdular. General onların səbirli olmasını məsləhət gördü və ermənilərin cəzalandırılacağını söylədi. General göstəriş verdi ki, bundan sonra kimdə tüfəng, yaxud tapança tutularsa, yəni həmin adam ya üç ay həbs olunacaq, ya da üç min manat cərimə verəcək. Bu məqsədlə general bir dəstə kazakla şəhəri dolanırdılar. Bundan sonra general on iki at qoşulmuş bir divar dağıdan top və xeyli kazakla gəlib hündür bir dağ başında dayandılar. Həmin yerdən ermənilərin bir neçə kəndi aydın görünürdü. General əmr etdi ki, Şuşakəndə, Kərkicahana, Qaybalıya və Daşkəndə həmin topdan atəş açsınlar. Kazaklar həmin topdan bu kəndlərə yetmiş dəfə atəş açdılar. Mərmilər düşən yerlərdə hər şeyi darmadağın edərək toz-torpağı asimana qaldırırdı. Ermənilər divanxanaya 30-40 nəfərlik nümayəndə gətirib barışıq izhar etdilər. Bundan sonra dükanlar alış-veriş etməyə başladılar. Erməni tayfası müsəlmanlara əziyyət vermək üçün Əsgəran yolunu bağlasalar da, həqiqətdə bu zülmü müsəlmanlara yox, özlərinə edirdilər. Ona görə ki, müsəlmanların evlərində qabaqcadan tədarük etdikləri və ərzaqları çox idi. Lakin ermənilər və müsəlmanlar dəyirmanları yandırdıqlarından Qalada un get-gedə azalırdı. Qalada olan qəriblər, miskinlər və kasıblar üçün vəziyyət daha da gərginləşdi. Çünki demək olar ki, bütün çörək dükanları bağlanmışdı. Amma evlərdə və bazarlarda buğda və darı hələ çox var idi. Odur ki, camaat əlacsız qalıb evlərdə əl dəyirmanları, yəni kirkirələri işə salmağa məcbur oldular. Buğdanı əl dəyirmanı ilə çəkib un edirdilər. Bazar və dükanlarda isə bişmiş noxud və lobya satırdılar. Amma əl dəyirmanı az olduğuna görə xalq bir qədər undan korluq çəkirdi. Bir gün təsadüfən qədim evin həyətindən otuz cüt əl dəyirmanı çıxdı. Bu əl dəyirmanl həyətdə torpağa basdırılmış idi. Bunların tapılması xalqın işini yüngülləşdirdi. Belə ki, hər kəs istədiyi vaxt əl dəyirmanını aparıb istifadə edə bilərdi. Amma bu erməni tayfasının bazarında azuqə və yemək tapılmırdı. Əgər müsəlman bazarında və dükanlarında qəndin bir girvənkəsi 6-7 şahı idisə, erməni dükanlarında dörd abbası idi. Müsəlmanlarda buğdanın bir pudu yeddi abbası idisə, ermənilərdə 14 abbası idi. Digər ərzaq malları və əşyalar da müsəlman dükanlarına nisbətən erməni bazarlarında olduqca baha idi. Odur ki, onlar müsəlmanlardan daha çox korluq çəkirdilər.
Zilhiccə ayının 7-də müsəlmanlarla ermənilər arasında barışıq elan olundu. Bu barışıq ermənilər üçün böyük savab iş kimi qiymətləndirildi. Onlar dəstə-dəstə müsəlman bazarlarına dolaraq dəsmal-dəsmal, çuval-çuval, qoltuq-qoltuq hər cür ərzaq malları, yeməli şeylər, quru meyvələr və bişmiş çörək alıb sevinə-sevinə evlərinə aparırdılar. Sən demə, onlarda heç nə yox imiş. Bir həftədə müsəlman bazar və dükanlarında neçə min manatlıq ərzaq və quru meyvə alveri oldu.
ƏSGƏRAN YOLU BAĞLANANDA HÖRMƏTLİ ŞƏXSLƏRİN MÜSƏLMAN TAYFASINDAN OLAN ŞƏHƏR KASIBLARINA ETDİKLƏRİ KÖMƏKLƏRİN MİQDARI VƏ ONLARIN ADLARI (1323-cü /1905/ il)
Bakı
|
Cənab Zeynalabdin
|
|
Un
|
|
750
|
pud
|
|
Tağızadə
|
|
|
|
|
|
Bakı
|
Hacı Zeynalabdin
|
|
Qənd
|
çay
|
105
|
pud
|
|
Tağızadə
|
|
|
|
|
|
Bakı
|
Hacı Zeynalabdin
|
|
Şam
|
|
2
|
yeşik
|
|
Tağızadə
|
|
|
|
|
|
Bakı
|
Hacı Zeynalabdin
|
|
Neft
|
|
600
|
pud
|
|
Tağızadə
|
|
|
|
|
|
|
Ağa Murtuza
|
660 manat
|
|
|
|
|
|
Muxtarzadə
|
|
|
|
|
|
|
Məşədi Xəlil Hacı
|
500 manat
|
|
|
|
|
|
Həsən oğlu
|
|
|
|
|
|
Qarabağ
|
Cəfər bəy Vəzirzadə
|
|
Buğda
|
|
100
|
Pud
|
Məşhəd
|
Qarabağlılar
|
2300 manat
|
|
|
|
|
Aşqabad
|
Camaat
|
2500 manat
|
|
|
|
|
Gəncə
|
Camaat
|
700 manat
|
|
|
|
|
Bakı
|
Fəhlələr
|
|
|
|
|
|
Bakı
|
Uşaqlar
|
|
|
|
|
|
Qafqaz
|
Qarabağlılar
|
|
|
|
|
|
Qazan
|
Camaat
|
|
|
|
|
|
Şamaxı
|
Camaat
|
318 manat
|
|
|
|
|
Ordubad
|
Camaat
|
73 manat
|
|
|
|
|
Ərdəbil
|
Hacılar
|
353 manat
|
|
|
|
|
Şəruru yezdi
|
Camaat
|
43 manat
|
|
|
|
|
Aşğabad
|
Camaat
|
2660 manat
|
|
|
|
|
Irəvan
|
Camaat
|
68 manat
|
|
|
|
|
Rəşt
|
Camaat
|
9 manat
|
|
|
|
|
Dostları ilə paylaş: |