Kamandar ŞƏRİFLİ.
5
GİRİŞ
İzzətli və mehriban qardaşlarım, hüzuruna böyük ehtiramla, Nəvvab Mir
Möhsün mərhum Hacı Seyid Əhməd Ağamirzadə Qarabaği oğlu ərzi-əhval edir ki,
bu vaxtlar, yəni hicri 1323-cü (miladi 1905) ildə Qafqaz vilayətində və bir para
xarici ölkələrdə ermənilərlə müsəlmanlar arasında baş vermiş iğtişaşların və
qırğınların bir parasını müxtəsər şəkildə yadigar qalmaq üçün Azərbaycan
türkisində qələmə aldım.
Əvvəla, bunu bilmək lazımdır ki Qafqaz vilayətləri müsəlman padşahlarına,
ələlxüsus, İran şahlarına tabe olub. Elə ki, Qafqaz vilayətlərində, o cümlədən,
Azərbaycanda ayrı-ayrı xanlıqlar yaranaraq İran tabeliyindən çıxdılar, bu zaman,
yəni hicri 1161-ci (miladi 1748) ildə Pənah xan Bayatda bir qala tikdirdi. Bir az
müddətdən sonra həmin qalanı tərk edib hicri 1165-ci (miladi 1751) ildə
Tərnəkütdə başqa bir qala bina etdi. Beş il istər-istəməz o qalada qaldı. Əyanlar
Pənah xanın bu qalaya meylsiz olduğunu hiss edib ona müraciət etdilər ki, əgər
məsləhət bilsəniz, gözəl havası olan səfalı, hündür bir yer var ki, orda yeni bir qala
tikdirərdin. Ora müdafiə baxımdan da münasib bir mövqedə yerləşir. Pənah xan öz
əyanları ilə gəlib həmin yerə baxarkən gördü ki, ora hündür bir yerdir, dörd ətrafı
uca qayalar və dağlarla əhatə olunmuşdur. Uçan quşlardan başqa insan və heyvan
həmin qayalarla qalxıb-enməyə qadir deyil. Bura yalnız iki tərəfdən—şərqdən və
qərbdən gediş-gəliş yolları var. Pənah xan həmin yeri bəyənib bildirdi ki, çox yaxşı
möhkəm şəhər yeridi. Lakin nə fayda ki, kifayət qədər axar suyu və çayları yoxdu.
Sonra xanın əmri ilə kənkanlar gəlib orda bir neçə yerdə quyular qazdılar.
Quyulardan yaxşı su çıxdı. Lakin şor idi.
Hicri 1170-ci (miladi 1756) ildə Pənah xanın əmrinə əsasən həmin yerdə
bir qala tikildi və həmin qala Pənahabad qalası adlandırıldı. İndi həmin qalaya Şuşa
qalası deyirlər. Get-gedə həmin qala abadlaşdırılaraq şəhərə çevrildi. Burda
zərbxana tikdirilərək pul kəsilməyə başladı. Burda sikkələr kəsilirdi. Qarabağda
Pənah xanın hakimiyyəti İran padşahının onu İrana aparana qədər davam etmişdi
(Xan İrana aparılanda orada vəfat etmişdi
1
).
Pənah xandan sonra İbrahim Xəlil xan öz atasının yerində oturub
hökmranlıq etmişdi. İbrahim Xəlil xan Qalanın (xalq arasında Pənahabad şəhəri
Qala adı ilə də məşhur idi) abadlığına böyük əhəmiyyət verərək onun ətrafında
çoxlu kəndlər salmışdı. Bununla da get-gedə onun xanlığı qüvvətlənmiş və özü
böyük şöhrət tapmışdı.
İran padşahı Ağa Məhəmməd şah Qacar saysız qoşunla Qarabağa hücum
etdikdən sonra Qalaya daxil olarkən İbrahim Xəlil xan Dağıstan tərəfə qaçmışdı.
1
Ancaq deyilənə görə, Pənah xan İranda vəfat etməsinə baxmayaraq, vəsiyyətinə görə onu gətirib
Ağdamda İmarətdə dəfn etmişlər.
6
Ağa Məhəmməd şah Qacar isə xanın oğlu Məhəmməd Həsən ağanın evini özünə
iqamətgah seçmişdi.
Ağa Məhəmməd şah Qacar bir gün Səfərəli adlı bir nökərini cinayət
etdiyinə görə hədələyib, buyurur ki, sabah müqəssirlərin hamısının başını kəsdirib
bir minarə tikdirəcək və Səfərəlinin başını lap yuxarıda qoyduracaq. Həmin
Səfərəli şahın qapısında keşikçi durardı. O gecə bir yoldaşı ilə birlikdə gecədən
xeyli keçdikdən sonra şahın yatdığı evə daxil olub, xəncər ilə şahın qarnını yırtıb
öldürürlər.
Bu hadisə hicri 1211-ci (miladi 1796) ildə baş vermişdi. Şah öldürüldükdən
sonra qoşun dağılıb İrana qayıtdı və İbrahim Xəlil xan gəlib öz yerində qərar tutdu.
Ağa Məhəmməd şahın vəliəhdi Fətəli şah hadisədən xəbərdar olduqdan sonra oğlu
Abbas Mirzənin sərkərdəliyi ilə yenidən Qarabağa qoşun yeritdi. Bu əhvalatdan
xəbər tutan İbrahim xan qorxuya düşdü. Dərhal öz oğlu Məhəmməd Həsən ağanı
Gəncəyə rus sərdarının yanına göndərib ondan kömək istədi.
Rus sərdarı on min qoşun götürüb Məhəmməd Həsən ağa ilə birlikdə
Qarabağa gəldi. İbrahim Xəlil xan əmirlilərdən və cəbrayıllılardan bir qədər atlı
götürüb rus sərdarının qabağına gəldi. Görüşdən sonra onlar Araz çayı tərəfə İran
qoşununun qarşısına hərəkət etdilər. Aslandüz deyilən yerdə İran qoşunu ilə qarşı-
qarşıya gəlib, bir az döyüşəndən sonra azsaylı İran qoşunu geri çəkilib İrana
qayıtdı. Vuruşdan sonra İbrahimxəlil xan öz atlıları və rus qoşunu ilə birlikdə geri
dönüb qalaya tərəf üz qoydular. Gəncə-Qarabağ yol ayrıcına çatarkən rus sərdarı
irəli çıxıb xanla əl tutduqdan sonra dedi ki, cənabınızın Qalasını çox tərifləyirlər.
Amma təəssüflər olsun ki, mən sizin Qalaya tamaşa edə bilmədim. Yazıq xan
safürəkliliyindən rus sərdarının bu hiyləsini anlamayıb buyurdu ki, nə eybi var,
Gəncəyə bir neçə gün gec gedərsiniz. Buyurun, gedək bir-iki gün bizə qonaq olun.
Qalaya tamaşa edin. Sərdar bir az fikirləşdikdən sonra dedi ki, bir gecə-gündüz
hüzurunuzda qonaq olmaq asandır. Bu söhbətdən sonra onlar qoşunla Qalaya tərəf
üz qoydular. Xan bağı deyilən yerə çatarkən sərdar qoşuna əmr etdi ki, bu qədər
adamın şəhərə girməyinə ehtiyac yoxdur. Bir neçə yüz nəfər mənimlə Qalaya
gəlsin, qalan qoşun biz geri qayıdanacan burda gözləsin. Rus sərdarı neçə yüz
əsgər götürüb, Qalaya xanın hüzuruna gəldi. Qalaya daxil olan kimi sərdar dönüb
rusca öz əsgərlərinə əmr edərək sıraya düzdü. Xan soruşdu ki, nə üçün əsgərləri
sıraya düzdünüz. Sərdar buyurdu ki, əsgərləri sizin şərəfinizə sıraya düzdüm.
Bundan sonra sərdar rusca əsgərlərə nə dedisə, onlar tələsik yüyürüb bürc və barı
üstünə çıxaraq şeypur çalmağa başladılar. Həmin saat Xan bağı tərəfdən Kəhrab
deyilən yerdən də şeypur çalındı. Xanı təəccüb götürdü. Çox keçmədi arxada qalan
əsgərlər də gəlib Qalaya daxil oldular.
Sərdar xanın qabağına gəlib dedi ki, biz artıq bu Qalanı zəbt etdik. Əgər sən
rus padşahına bu qala və bütün dövlətinlə tabe olursansa, hakimiyyət sənin əlində
olacaq. Yox əgər tabe olmaq fikrində deyilsənsə, sənə üç saat möhlət veririk,
imarətindən nə ehtiyac duyursan, götürüb istədiyin yerə gedə bilərsən.
7
Xan bu xəyanətdən çox təsirlənib rus sərdarına təhqiramiz sözlər dedi. Rus
sərdarı buyurdu ki, artıq danışmaq lazım deyil. Bu şəhəri biz tutmuşuq və sənə üç
saat möhlət vermişik. İstədiyini edə bilərsən.
Yazıq xan əlacsız qalıb öz imarətinə gəldi. Bacardığı qədər lazım olan
əşyaları, övrət-uşağı götürüb bütün atlı-piyada nökər və qoşunları ilə Qaladan
çıxdılar. Qalanın yaxınlığında üstü hamar olan qayalıq yerdə çadırlar qurub
məskən saldılar. Çadırlarda və alaçıqlarda yaşayan xanın və onun adamlarının
əmin-amanlığını təmin etmək üçün ətrafda səngərlər qazdılar. Dərhal xanın əmrilə
münşilər İran şahı Fətəli şaha bir ərizə yazdılar. Ərizədə xan yazırdı ki, rus sərdarı
hiylə ilə mənim başıma belə işlər gətirdi. Mən indi bütün adamlarımla çıxıb
Qaladan kənar bir dağın üstündə məskən salmışam. Sədaqətlə bu ərizəni
hüzurunuza göndərirəm ki, mənə kömək əlinizi uzadasınız. Bundan sonra
cənabınıza tabe oluram. Xan həmin ərizəni bir Qur'ani-Şərifin arasına qoyub, onu
da möhürləyib, şaha göndərdi. Bunun da mənası o idi ki, and olsun bu Qur'ani-
Şərifə ki, cənabınıza tabe olacağam.
Şahənşah ərizəni alan kimi dərhal 12 minlik qoşun toplayıb, topxanası ilə
birlikdə İbrahimxəlil xanın oğlu Əbülfət ağanın sərkərdəliyi ilə xanın köməyinə
göndərdi.
Bu tərəfdən rus sərdarını bu əhvalatdan xəbərdar etdilər. Sərdarın əmri ilə
həmin saat gecə vaxtı bir neçə yüz əsgər toplanıb, xəbər gətirən adamın
sərəncamına verildi.
Qoşun aşağı bürcün altında yerləşən lağımdan keçərək Şuşakəndə gəldi.
Qoşunun başçısı Şuşakənddən bir neçə erməni bələdçisi götürüb dağların
ətəkləri ilə gizlincə İbrahimxəlil xanın məskən saldığı yerə tərəf hərəkət etdilər.
Qoşun xanın səngərlərinə çatarkən İbrahimxəlil xan çadırında öz dövlət əyanlarının
əhatəsində əyləşib, söhbət edə-edə qızıl qəlyan çəkirdi. Bu məclisdə mənim, yəni,
bəndeyi-həqir Nəvvab Mir Möhsünün ana babası mərhum Əmiraslan bəy də iştirak
edirdi. Birdən xana xəbər verdilər ki, rus qoşunu sənin üstünə gəlir, Xan qalxıb
neçə dəfə təkrarən dedi:
— Ey kafir, ey kafir!..
Dərhal əmirli atlılarından birisi bir güllə atıb əsgərin birini öldürdü. Bu
zaman rus əsgərləri dərhal birlikdə onların üzərinə atəş açdılar. Güllələrin bir
neçəsi İbrahim xana dəydi və kürsüdən yıxıldı. Xanın övrət-uşağı tökülüb onun
bədənini qucaqlayıb ağlaşmağa başladılar. Atılan güllələrdən neçəsi onlara,
əyanlara və nökərlərə dəydi. Qalanlar isə hərə bir şey götürüb, müxtəlif tərəflərə
qaçdılar. Əmiraslan bəy dərhal mərhumə Gövhər ağanı və qızıl qəlyanı götürüb
qaçdı. Məzlum xanın ev əhli və uşaqlarından salamat qalanlarını onun adamları
götürüb qırğından xilas etdilər. Əmiraslan bəy isə Gövhər ağanı möhkəm və
təhlükəsiz bir yerdə gizlədi. Sonra isə gəlib bir az yemək əldə edib, Gövhər ağaya
gətirdi. Gövhər ağa gözü yaşlı istər-istəməz bir neçə loxma yedi. Əmiraslan bəy
Gövhər ağanı birtəhər sakitləşdirib, sonra öz evinə gətirdi.
8
Digər tərəfdən İbrahim xan öldürüldükdən sonra onun atlı dəstələri də
dağılıb hərəsi bir tərəfə getdi. Hadisə yerindən uzaqlaşan xan atlıları Nabatxan
deyilən yerdə Əbülfət ağanın qoşununa rast gəldilər. Əbülfət ağa gördü ki, bir neçə
atlı sürətlə hərəkət edirlər. O, nökərlərinə buyurdu ki, o atlıları qaytarıb, onun
hüzuruna gətirsinlər. Atlılar İbrahim xanın başına gələn əhvalatı eşitcək hönkür-
hönkür ağladıqdan sonra qoşunla ordan geri, İrana qayıtdı ki, şahdan yeni fərman
sadir ola.
Xülasə, bu əhvalat ətraflı şəkildə «Tarixi-Qacariyyə»də və «Qarabağ
tarixi»ndə şərh edilir. Oxumaq istəyənlər həmin tarix kitablarına müraciət edə
bilərlər. Bizim məqsədimiz isə bu illərdə erməni tayfası ilə müsəlmanlar arasında
baş vermiş əhvalatları (iğtişaş və qırğınları) bəyan etməkdir.
Elə ki rus dövləti Qafqaz məmləkətinə hakim oldu, hər yerdə sakitlik
yarandı. Heç bir millətin bir-biri ilə işi yox idi. Hər kəs öz işi ilə məşğul idi və hər
millət öz qanunu ilə məbədlərində ibadət edirdilər. Heç bir millət bir-birinə hücum
etmirdi. Xüsusən, ermənilərlə müsəlmanlar arasında çox vaxt məhəbbət və dostluq
olub, bir-biri ilə alış-veriş edirdilər. Xanlıqlar zamanında ermənilər və
müsəlmanlar arasında belə mehribançılıq var idi. Hətta İbrahim xan erməni
məliklərindən Məlik Şahnəzərin qızı Hurizad xanımı özünə kəbinli arvad etmişdi.
Həmin Hurizad xanımın Böyük məscidin həyətində hal-hazırda vaqviyyatı var.
Əfsuslar olsun ki, erməni tayfasının indi təbiəti dəyişib. Zahirləri batinləri
ilə bir deyil. Zahirən özlərini dost kimi göstərsələr də, batinləri ədavətlidir. Özləri
də görürlər ki, təbiətlərinin bu cür ədavətli olmasından həmişə zərər çəkirlər.
Dostları ilə paylaş: |