MÖHSÜn nağisoylu XVI əsr azərbaycan təRCÜMƏ ƏSƏRİ “KƏvamiLÜt-təBİR” Bakı – 2011 azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adina əlyazmalar institutu


اگر بنید که ستونی داشت راست و قوی دلیل کند که از مردی مالدار ویرا مدد و نعمت و مال حاصل گردد



Yüklə 1,22 Mb.
səhifə8/16
tarix03.04.2017
ölçüsü1,22 Mb.
#13198
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

اگر بنید که ستونی داشت راست و قوی دلیل کند که از مردی مالدار ویرا مدد و نعمت و مال حاصل گردد
Əgər bir kimsənə köndözinə bir qəvi və dürüst dirək görsə, bir ol sifətlü kişidən mənfəət bula. (153,143b)
اگر بنید که دندانش درد میکرد و در دست فرا گرفت اگربد ست راست فرا گرفت دلیل باشد که منفعت یا بد
Əgər bir kimsənə düşdə kəndü dişlərin ağrır görüb, anları əlilə qoparub, sağ əlinə tutdı görsə, mənfəətə dəlalət edə. (153,152a)
دند انهای پسین دلیل بر کسی کند که از خویشان دور بود

Anlardan içərüki dişlər ki qıragdə olur, iraq qövmə dəlalət edərlər. (153,151a)

Orijinalın birinci cümləsi sözlərin yerini saxlamaqla belə səslənir: " Əgər görsə ki, bir dirəyi var idi düz və güclü, dəlalət edər ki, bir varlı kişidən ona kömək, nemət və mal hasil olar". Cümlənin məzmunu, bütövlükdə götürüldükdə, şərt budaq cümləli tabeli mürəkkəb cümlədir. Onun "əgər görsə ki, bir dirəyi var idi düz və güclü” hissəsi budaq cümlə, digər hissəsi isə baş cümlədir. Lakin cümləyə diqqətlə nəzər saldıqda aydın olur ki, onun "bir dirəyi var idi düz və güclü” hissəsi “əgər görsə ki” hissəsi üçün tamamlıq budaq cümləsi sayıla bilər, çünki sonuncu hissə birinci hissənin tələb etdiyi nəyi görsə sualını ödəyir. Bununla belə, “əgər görsə ki” hissəsinin özü ayrılıqda şərt budaq cümləsi sayılsa da, asılı vəziyyətdədir və bir növ yarımçıqdır. Bunun da nəticəsində o, tamamlıq budaq cümləsi ilə qovuşaraq şərt budaq cümləsi əmələ gətirir. Eyni sözləri baş cümlənin “dəlalət edər ki” hissəsi haqqında da demək olar. Bu hissəni də şərti olaraq baş cümlə, ondan sonra gələn hissəni isə tamamlıq budaq cümləsi hesab etmək olar. Lakin yenə də cümlənin bu hissəsi də yarımçıqdır və baş cümlənin məzmunundan asılı olduğu üçün ona qovuşur. Qeyd edək ki, oxşar quruluşlu cümlələr çağdaş ədəbi dilimizdə də işlənir və onlar tərkibində budaq cümləsi olan şərt budaq cümləsi sayıhr (1, 354). Bəvazicinin tərcüməsi isə adi quruluşlu şərt budaq cümləsidir və onun tərkibində başqa bir budaq cümlə yoxdur. Tərcüməçi farsca iki yerdə işlənmiş که "ke" bağlayıcısını buraxmaqla və داشت "daşt” (var idi) felinin daşıdığı məzmunu "kəndözünə" qayıdış əvəzliyində birləşdirməklə cümləsini daha sadə və uğurlu biçimdə qura bilmişdir.

Tərcümənin orijinaldan belə fərqli şəkildə qurulmasında farsca cümlənin əvvəlində işlənmiş بیند (görsə) xəbərinin türkcəsinin tərcümədə yerinin dəyişdirilərək, budaq cümlənin sonuna gətirilməsinin də müsbət təsiri olmuşdur. Bəvazici həmçinin orijinaldakı مالدار (varlı) sözünü "ol sifətli” kimi tərcümə etmişdir ki, bu da farsca cümlədə işlənmiş قوی (güclü) və درست (düz) sözlərinin daşıdığı mənanı bildirir. Bundan əlavə, Bəvazici مدد (yardım), نعمتnemət”, مال "mal” sözlə­rini bir sözlə - “mənfəət” leksemi ilə vermiş, ویرا حاصل گردد (ona...hasil olar) tərkibini isə "mənfəət bula" kimi vermişdir. Cümlənin əvvəlindəki "bir kimsənə" sözünü isə Bəvazici özündən artırmışdır. Qeyd edək ki, tərcümədəki cümlələrin çoxunda bu söz işlənmişdir və demək olar ki, bütün hallarda onu Bəvazici özü artırmışdır.

Farsca ikinci cümlə də bütövlükdə götürüldükdə, şərt budaq cümləsidir, lakin o, birincidən də mürəkkəb quruluşa malikdir: "Əgər görsə ki, dişi ağrıyır və əli ilə onu qoparsa - əgər sağ əli ilə qoparsa-dəlil olar ki, mənfəət tapar". Göründüyü kimi, cümlədə üç şərt budaq cümləsi var: 1. Əgər görsə ki, dişi ağrıyır; 2. Əli ilə qoparsa; 3. Əgər sağ əli ilə qoparsa. Burada da birinci cümlədə olduğu kimi, "dişi ağrıyır” hissəsi "əgər görsə” şərt budaq cümləsi üçün tamamlıq budaq cümləsidir və onunla birlikdə qovuşaraq şərt budaq cümləsi əmələ gətirmişdir. Eləcə də "dəlil olar” tərkibi "mənfəət tapar" tərkibi ilə qovuşaraq şərt budaq cümləsinin vahid baş cümləsini əmələ gətirmişdir, halbuki şərti olaraq onun özünü elə baş cümlə, sonrakı hissəni isə nəyə dəlil olar sualına cavab verdiyi üçün tamamlıq budaq cümləsi hesab etmək olar. Göründüyü kimi, bu cümlə tərkibində iki tamamlıq və üç şərt budaq cümləsi olan şərt budaq cümləli tabeli mürəkkəb cümlədir, Bəvazicinin tərcüməsində isə o, feli bağlama tərkibləri hesabına düzəlmiş yalnız bir şərt budaq cümləli tabeli mürəkkəb cümlədir. Bu cümlənin tərcüməsində də که "ke" bağlayıcısının buraxılması, بیند "binəd' (gördü) felinin qarşılığının türkcə mətndə həm yerinin dəyişdirilməsi, həm də cümləyə daha bir "görmək" felinin feli bağlama şəklində əlavə olunması onun tamamilə fərqli şəkildə qurul­masında və türk oxucusu üçün daha anlaşıqlı alınmasında mühüm rol oynamışdır. Bəvazici həmçinin دلیل باشد (dəlil olar) xəbərinin yerini dəyişərək, onun türkcə qarşılığını cümlənin lap sonunda işlətmiş,منفعت یابد "mənfəət tapar” mürəkkəb xəbərini isə "mənfəətə” tamamlığı ilə vermişdir. Qeyd edək ki, əsərin məzmunundan asılı olaraq, orijinalda bu cür cümlələr çoxdur və Bəvazici onların əksəriyyətini elə bu şəkildə, yəni iki feli yanaşı gətirməklə ("görsə ki, aldı" əvəzinə "aldı görsə", "görsə ki, oxudu” əvəzinə, "oxudu görsə" və s.) qur­muş, beləliklə də, bir neçə budaq cümlədən ibarət mürəkkəb quruluşlu fars cümlələrini tərcümədə daha sadə şəkildə vermə­yə nail olmuşdur.

Tiflisinin üçüncü cümləsi yuxarıdakılara nisbətən sadə quruluşludur  təyin budaq cümləli mürəkkəb cümlədir. Onun çağdaş tərcüməsi belədir: "Arxa dişlər elə bir kəsə dəlalət edər ki, uzaq qohumlardan olar”. Bu cümlənin tərcüməsinə Bəvazici "ki" bağlayıcısını və "qıraqda olur" tərkibini əlavə etmiş, beləliklə, onu mürəkkəb cümlə şəklində çevirmişdir.

Hər iki əsərin sintaksisinin müqayisəli təhlili göstərir ki, Bəvazici ayrı-ayrı hallarda orijinalda tabesizlik əlaqəsi ilə qurulmuş mürəkkəb cümlələri tabeli mürəkkəb cümlə kimi və ya əksinə, tabeli mürəkkəb cümlələri tabesiz mürəkkəb cümlə şəklində vermişdir. Belə hallarda, aydındır ki, Bəvazici ya farsca tabeli mürəkkəb cümlələrin tərkibindəki tabelilik bağlayıcılarını buraxmış, ya da əksinə, tərcüməyə orijinalda olmayan tabelilik bağlayıcıları əlavə etmişdir. Məsələn:


پیش محمد ابن سیرین بودم، مردی آمد و گفت
Sirin oğlı qatında idüm ki, bir kişi anun xidmətinə gəldi və dedi. (153,106 b)
توانگر و خجیل بود و ازوی چیزی بکسی نرسد
Bay və bəxilə kimsənədür, şöylə kim kəndüdən heç kimsənəyə bir xəyr irişməyə. (153,26 a)
مرد گفت که تو به کردم که دیگر باز نکنم
Kişi ayıtdı: Tövbə olsun, bu feli dəxi etməyəm.

(153,276b)


Orijinalın birinci cümləsi intonasiya ilə bir-birinə bağlanmış tabesiz mürəkkəb cümlədir: “Məhəmməd ibn Sirinin yanında idim, bir kişi gəldi və dedi”. Tərcüməçi bu mürəkkəb cümləni təşkil edən iki sadə cümlənin arasına “ki” bağlayıcısını əlavə etməklə onu tabeli mürəkkəb cümlə şəklinə salmışdır. Bəvazici tərcüməyə orijinalda olmayan “anun xid­mətinə” birləşməsini də əlavə etmişdir. Yeri gəlmişkən qeyd edək ki, Bəvazici bir çox cümlələrin tərcüməsində belə kiçik artırmalara yol vermişdir. Tərcüməçinin bu əlavələri türkcə cümlələrin daha dolğun və məzmunlu alınmasına xidmət edir. Bəvazicinin bu cümlədəki İbn Sirin antroponimini Sirin oğlı şəklində tərcümə etməsi də diqqəti cəlb edir. Eyni hal birinci fəsildə qeyd etdiyimiz kimi, “Şühədanamə”də də müşahidə olunur: İbn Ziyad-Ziyadoğlu (151,174 a).

Orijinalın ikinci cümləsi də tabesiz mürəkkəb cümlədir: aydınlaşdırma əlaqəsi ilə bir-birinə bağlanmış iki sadə cümlə­dən ibarətdir: “Varlı və paxıldır və ondan heç kəsə xeyir gəl­məz”. Göründüyü kimi, birinci cümlədən fərqli olaraq, bu cümlədə “və” tabesizlik bağlayıcısı işlənmişdir. Bəvazici hə­min bağlayıcının əvəzinə “şöylə” təyin əvəzliyini və “ki” bağlayıcısını işlətməklə bu cümləni də tabeli mürəkkəb cümlə şəklində qurmuşdur. Bu cümlənin tərcüməsində də o, “kim­sənədür”, “kimsənəyə” sözlərini artırmışdır.

Orijinalın üçüncü cümləsi isə tabeli mürəkkəb cümlədir: “Kişi dedi ki, tövbə etdim ki, bir daha (bu işi) təkrar etmə­yəm”. Bəvazici isə bu cümlədə iki yerdə işlənmiş “ke” bağ­layıcısını buraxmaqla onu tabesiz mürəkkəb cümlə şəklində qurmuşdur. Bu iki cümlə arasında olan fərqlərdən biri də توبه کردن (tövbə etmək) felinin orijinalda keçmiş zaman şəklində, tərcümədə isə əmr şəklində işlənməsidir. Tərcüməçi həmçinin cümləyə “bu feli” (bu işi) birləşməsini artırmışdır ki, bu da cümlədəki fikrin daha aydın dərkinə xidmət edir. Qeyd edək ki, Bəvazicinin bu tərcüməsi, göründüyü kimi, orijinaldakın­dan fərqli olaraq vasitəli nitqlə yox, vasitəsiz nitqlə verilmişdir ki, bu da həmin cümlələr arasında olan başlıca sintaktik fərqlərdən biri sayıla bilər. Bu xüsusiyyət orijinaldakı bir çox cümlələrin tərcüməsində özünü göstərir: Məsələn:
سلیمان فرمود که خوک بزرگ پادشاه ستمگر است

Süleyman peyğəmbər ayıtdı: "Ol böyük tonuz bir sitəmgər padşahdur”. (153,56a)
رسول فرمود که عقل قسمت اینجهان است و جان قسمت آن جهان

Rəsul ayıtdı: "Əql bu cahan qismidür və can ol cahan qismidür”. (153,214b)
پس از آن سبب گفت که خواب مست و مشرک راست بود
Bəs, bu səbəbdən ayıtdum: "Sərxoş və müşrik əvrət düşi gərçək olur”. (153,8b)
Yuxarıdakı cümlələrin farscası ilə tərcüməsi arasındakı əsas fərq birincilərdə işlənmiş که "ke" bağlayıcısının ikin­ci­lərdə buraxılmasıdır. Bunu nəzərə alaraq, həmin cümlələrin çağ­daş tərcüməsini verməyə ehtiyac görmürük. Təkcə onu qeyd edək ki, birinci cümlənin tərcüməsindəki "ol" işarə əvəzliyinin qarşılığı orijinalda yoxdur.

İkinci cümlənin əsli ilə onun tərcüməsi bir-birinə tam uyğun gəlir.

Üçüncü cümlənin əsli ilə onun tərcüməsi arasında isə daha iki kiçik fərq vardır: birincisi, از آن سبب (o səbəbdən) birləşməsindəki آن (o) işarə əvəzliyi tərcümədə "bu" işarə əvəzliyi ilə verilmişdir; ikincisi isə, baş cümlənin گفت (dedi) feli ilə ifadə olunan xəbəri orijinalda III şəxsdə olduğu halda, tərcümədə I şəxsdədir.

Hər iki əsərin mətninin sintaktik quruluşunun müqayisəli təhlili onlar arasında göstərdiyimiz fərq və ayrıntılarla yanaşı, müəyyən səsləşmələr, oxşarlıqlar da olduğunu üzə çıxarır. Müşahidələr göstərir ki, tərcüməçi farsca mətni çevirərkən ayrı-ayrı hallarda onun quruluşunu da tərcüməyə "köçürmüş”, kalka” etmiş, yəni cümlələrini orijinalın quruluşuna uyğun şəkildə, bəzən də eynilə ondakı kimi qurmuşdur. Bu, daha çox mürəkkəb quruluşlu cümlələrin müqayisəsində özünü göstərir. Lakin bəzi sadə quruluşlu mürəkkəb cümlələrin tərcüməsində də orijinalın sintaksisinin olduğu kimi saxlanılması halları müşahidə olunur. Məsələn:


چنین است که تو گفتی

Şöylədür ki, buyurdun. (153,106b)
چون بیدار شد بترسید

Şimdi ki oyandı, möhkəm qorqdı. (153,15a)
Bəvazicinin hər iki cümləsi orijinalla eyni quruluşa malikdir, onlardakı sözlərin sırası da eynidir. Tiflisinin birinci cümləsi iki hissədən ibarətdir: birinci hissədə təyin əvəzliyi چنین (belə), xəbər şəkilçisi است که bağlayıcısı gəlmiş, ikinci hissədə isə II şəxs əvəzliyi تو (sən) və گفتن (demək) felinin həmin şəxsdə şühudi keçmiş zaman formasında olan گفتی (dedin) şəkli işlənmişdir. Bəvazicidə də eyni sözlərin qarşılığı işlənmiş, yalnız "sən" şəxs əvəzliyi buraxılmışdır.

Tiflisinin ikinci cümləsi bir qədər mürəkkəb quruluşa malikdir, daha doğrusu, zaman budaq cümləli tabeli mürəkkəb cümlədir. Zaman budaq cümləsi چون (çün) bağlayıcısı və بیدار شدن (oyanmaq) mürəkkəb felinin şühudi keçmiş zaman formasından بیدار شد (oyandı), baş cümlə isə yalnız بترسید (qorxdu) xəbərindən ibarətdir. Bəvazicinin də cümləsi, görün­düyü kimi, eyni quruluşdadır. Fərq yalnız fars mənşəli "çün” bağlayıcısının türk mənşəli "şimdi ki” bağlayıcı sözü ilə əvəz olunmasındadır. Baş cümlədəki "qorxdı” felindən qabaq gələn "möhkəm" zərfini isə Bəvazici tərcüməyə özü artırmışdır.

Yeri gəlmişkən qeyd edək ki, biz yuxarıda bu cümlə ilə eyni quruluşa malik olan, hətta birinci tərəfi eyni sözlərdən təşkil olunmuş tabeli mürəkkəb cümləni Bəvazicinin sadə cümlə şəklində tərcümə etdiyini və budaq cümlədəki fikri feli bağlama ilə verdiyini göstərmişdik.

Orijinalda oxşar quruluşlu daha bir budaq cümlə vardır. Maraqlıdır ki, onun tərcüməsi yuxarıdakı cümlənin tərcümə­sindən fərqlənir:


چون حضرت پیغمبر بیدار گردید این خواب را با خد یجه گفت
Pəs, həzrət rəsul uyqudan ki oyandı, bu düşi Xədicəyə dedi. (153,2b)
Farsca cümlə zaman budaq cümləli tabeli mürəkkəb cümlədir və onun budaq cümləsi yuxarıdakı ikinci cümlədə olduğu kimi, چونçün” bağlayıcısından və بیدار شدن(oyanmaq - burada بیدار گردیدن şəklində işləmişdir; شدنşodən” və گردیدنgərdidən” eynimənalı köməkçi fellərdir, “olmaq” mənasını daşıyırlar) mürəkkəb felindən ibarətdir. Bu cümlələrin yeganə fərqi bundadır ki, əvvəlki cümlədə mübtəda bilavasitə iştirak etmədiyi halda, burada konkret olaraq işlənmişdir. Göründüyü kimi, Bəvazici bu cümləni də tamam başqa şəkildə tərcümə etmiş, bu dəfə چون bağlayıcısının yerinə “pəs” ədatını və “ki” bağlayıcısını işlətmiş, eləcə də “uyqudan” sözünü tərcüməyə artırmışdır.

Bütün bunlar, yuxarıda qeyd etdiyimiz kimi, orijinaldakı nəinki eyni söz və ifadələrin müxtəlif şəkildə tərcümə olunma­sını, hətta eyni cümlələrin belə müxtəlif quruluşda verilməsini göstərir və bütünlüklə, abidənin tərcümə xüsusiyyətlərinin rəngarəngliyi və zənginliyinə dəlalət edir.

Qeyd edək ki, چون “çün” bağlayıcısının iştirakı ilə qurulmuş fars budaq cümlələrinin bu şəkildə, yəni “şimdi ki”, “pəs....ki” sözlərinin iştirakı ilə düzəlmiş tərkiblərlə tərcüməsi, ümumiyyətlə, “Kəvamilüt-təbir” üçün səciyyəvi deyil və belə hallara abidədə çox az təsadüf olunur. Orta əsrlərin başqa yazılı abidələrinə gəldikdə isə qeyd etməliyik ki, həmin dövrə aid istər orijinal şeir nümunələrində, istərsə də nəsr tərcümə­lərində “çün” bağlayıcısının özünün iştirakı ilə qurulmuş zaman budaq cümlələri geniş yayılmışdır (34,360-361). Elə “Kəvamilüt-təbir”in özündə də belə cümlələr vardır.

Məsələn: “Çün gəmiyə girdi, bir çətin möhkəm yel qalxub, gəmi qərq oldı” (153,15a). Abidədə bu bağlayıcının iştirakı ilə düzəlmiş səbəb budaq cümləsinə də rast gəlirik: “Çün bu elmin bu qədər fəziləti vardır, aqilə vacibdür ki, bu nəfis elmi əyü bilə” (153,3a). Çağdaş ədəbi dilimizdə isə “çün” bağlayıcı­sının türkcə qarşılığı olan “elə ki” bağlayıcı sözünün iştirakı ilə düzəlmiş zaman budaq cümlələri işlənir (1, 380).

Oxşar quruluşlu daha bir cümlənin farscasına və tərcü­məsinə nəzər salaq:

آنچه گوید درست گوید

Hər nə ki söyləsə, dürüst gələ. (153,8b)
Bu cümlənin də orijinalı ilə onun tərcüməsi yuxarıdakı cümlələrlə eyni quruluşdadır. Bəvazici bu cümlənin əvvəlində işlənmiş آنچه (o şey) bağlayıcı sözünü çox ustalıqla "hər nə ki” şəklində tərcümə etmişdir. Yeri gəlmişkən qeyd edək ki, bu tərkib Cəfər Cabbarlının dilində də işlənmişdir (bax:1, 359). Bu cümlənin tərcüməsində daha bir maraqlı cəhət özünü göstərir. Bəvazici farsca mürəkkəb cümlənin baş cümləsini - درست گوید (düz deyər) tərkibini bir qədər başqa şəkildə, fra­zeoloji vahidlə - "dürüst gələ" kimi tərcümə etmişdir. Məlum olduğu kimi, bu ifadə çağdaş ədəbi dilimizdə fars mənşəli "dürüst” sözünün tərkcə qarşılığı olan “düz" sözünün iştirakı ilə düzəlmiş "düz gəlmək" şəklində işlənir.

Qeyd edək ki, bu cümlə orijinalın yalnız çapında vardır, əsərin istifadəmizdə olan əlyazmasında həmin hissə düşmüş­dür. Bəvazicinin cümləsindəki fikir daha məntiqidir və çox güman ki, elə orijinalın qədim əlyazmalarında da cümlənin bu hissəsində درست گوید əvəzinə tərcümədəki "dürüst gələ" ifadəsinin farsca qarşılığı olanدرست آید "dorost ayəd” fra­zeoloji vahidi işlənmişdir. Klassik fars mətnlərində, o cümlə­dən Tiflisinin çağdaşı Nizami Gəncəvinin dilində درست آمدن ifadəsinin "düz gəlmək" mənasında işlənməsi də (bax: 138, درست آمدن maddəsi) belə bir qənaətə gəlməyə əsas verir.

Yuxarıda qeyd etdiyimiz kimi, orijinalla tərcümənin sintaksisi arasındakı uyğunluq daha çox mürəkkəb cümlələrin, xüsusilə də, tərkibində iki və daha artıq budaq cümlə olan ta­beli mürəkkəb cümlələrin nümunəsində özünü göstərir. Belə cümlələrdən ikisinin əslinə və tərcüməsinə nəzər salaq:
هر زیاده ونقصان که درجوی بود بوکیل باز گردد
Hər ziyad və nöqsan ki ırmaq suyında görünə, düşdə ol yerin vəkillərinə aid ola. (153,43b)
وی را حاضر فرما تا اینخواب را تعبیر کند
Anı hazır edün ta ki, bu düşi ol təbir edə. (153,14a)
Orijinalın birinci cümləsi ilə onun tərcüməsi həm sintaktik, həm də leksik baxımdan bir-birinə uyğundur. Hər iki cümlə arasındakı sintaktik uyğunluq cümlədəki sözlərin sırasında və ümumiyyətlə, onların quruluşundadır. Bəvazici bu mübtəda budaq cümləli tabeli mürəkkəb cümləni təşkil edən hissələrin quruluşuna toxunmamış və onları eynilə tərcümədə də saxlamışdır. Tərcümə leksik cəhətdən də əslinə çox yaxındır. Təkcə bunu xatırlatmaq kifayətdir ki, tərcümənin altından xətt çəkdiyimiz hissəsi eynilə orijinalda da var. Elə buna görə də onun çağdaş tərcüməsini vermirik. Bununla belə, bu iki cümlə arasında leksik baxımdan müəyyən fərqlər də nəzərə çarpır. Belə ki, tərcümədə “ki” bağlayıcısından sonra işlənmiş “ırmaq suyında görünə” hissəsinin əsli orijinalda belədir: درجوی بود (arxda olar). Göründüyü kimi, Bəvazici cümlənin bu hisəsinə “su” (suyında) sözünü artırmış, بود (olar) sözünü isə “görünə” kimi vermişdir. Tərcümənin baş cüm­ləsindəki "düşdə ol yerin" sözlərinin əsli də orijinalda yoxdur. Farsca cümlənin eyni hissəsi yalnız tamamlıq və xəbərdən ibarətdir: بوکیل باز گردد (vəkilə qayıdar). Deməli, Bəvazici farsca cümlədəki baş cümlənin tərcüməsində "düşdə ol yerin" sözlərini artırmaqla yanaşı, orijinalda təkdə olan "vəkil” ismini tərcümədə cəmdə işlətmişdir. Beləliklə, Bəvazici bu cümlənin tərcüməsində orijinalın sintaksisinin təsiri altına düşsə də, leksik baxımdan cümləni bir qədər fərqli şəkildə çevirməklə bu təsiri bir qədər azaltmağa nail ola bilmişdir.

Orijinalın ikinci cümləsi ilə onun tərcüməsi də eyni məzmunda və eyni quruluşdadır. Qeyd edək ki, biz bir qədər yuxarıda orijinalda quruluşca bu cümləyə oxşar bir cümləni – məqsəd budaq cümləli tabeli mürəkkəb cümləni nümunə gətirmiş və onun tərcümədə sadə cümlə şəklində verildiyini göstərmişdik. Bəvazici bu nümunədə isə farsca cümlənin quru­luşuna toxunmamış və tərcüməni əslində olduğu kimi, məqsəd budaq cümləli tabeli mürəkkəb cümlə şəklində qurmuşdur. Qeyd edək ki, Tiflisidə budaq cümlə ondan sonra gələn baş cümlə ilə yalnız تا "ta" bağlayıcısı ilə bağlandığı halda, Bəvazicidə onun yerində "ta ki" bağlayıcısı işlənmişdir. Bu iki cümlə arasında daha iki kiçik fərq var: birincisi, orijinalda budaq cümlədəki xəbər - حاضر فرما (hazırla) II şəxsin təkində olduğu halda, tərcümədə onun qarşılığı - "hazır edün" xəbəri cəmdədir. İkincisi isə, tərcümənin baş cümləsindəki “ol” şəxs əvəzliyinin əsli orijinalda yoxdur, deməli, o, Bəvazicinin artırmasıdır. Bəvazicinin bu cümləsinin quruluşunda da farsca mətnin sintaksisinin təsirini danmaq olmaz. Bununla belə, qeyd edək ki, "ta" "ta ki” bağlayıcılarının iştirakı ilə düzəl­miş oxşar quruluşlu cümlələrə nəinki orta çağlara aid yazılı abidələrdə (34,263), hətta XX əsr Azərbaycan yazıçılarının dilində də rast gəlirik (1,419).

Bu qəbildən olan daha iki cümlənin orijinalına və tərcüməsinə diqqət yetirək:
اگر بنید که باشتر سختی جنگ و نبرد میکرد با مردی که دشمن او بود خصومت کند
Əgər bir kimsənə bir besərək dəvəylə savaşdı görsə, bir əcəmi kişiylə ki, düşmənidir, savaşı düşə. (153,161b)
هر که خواهد که تعبیر کند ناچار بود اورا از آنکه علم رجز وفال که استادان قدیم آزموده و یاد کرده اند آنرا نیک بداند
Əgər kim ki düş təbir etmək istəsə, ana naçar gərəkdür ki, rəcəz və fal elmini netə ki qədim ustadlar təcrübə etmişdür, əyü bilə. (153,9a)
Orijinalın birinci cümləsi şərt budaq cümləli tabeli mürəkkəb cümlədir. Bu cümlədə də yuxarıdakı nümunələrdən birində olduğu kimi, şərt budaq cümləsinin tərkibində tamam­lıq budaq cümləsi də işlənmişdir: "Əgər görsə ki, bir güclü dəvə ilə savaşırdı, bir kişi ilə ki onun düşmənidir, düşmənçilik edə»". Göründüyü kimi, bu cümlənin baş cümləsinin - "bir kişi ilə ki, onun düşmənidir, düşmənçilik edə" hissəsində də başqa bir budaq cümlə  təyin budaq cümləsi vardır. Orijinalla tərcümə arasındakı əsas sintaktik uyarlıq da məhz cümlənin bu hissəsinə aiddir. Adətən, belə hallarda daha çox feli sifət tərkibindən istifadə edən Bəvazici burada cümlənin daxili təyin budaq cümləsi olan hissəsinin tərcüməsində orijinalın quruluşunu tam gözləmiş, daha doğrusu, onu "kalka" etmişdir: "Bir əcəmi kişiylə ki düşmənidir, savaşı düşə”. Qeyd edək ki, oxşar quruluşlu cümlələrə "Kəvamilüt-təbir"də nadir hallarda təsadüf olunur. Eyni yüzilliyin tərcümə nümunəsi olan "Şühədanamə"də isə fars dili sintaksisinin təsirinin nəticəsi olan belə cümlələr çoxdur. Məsələn: "Qasım bir çadıra ki, anası ilə gəlini anda idilər, gəldi” (151,273a). “Böyük qardaşı ki, adı Məhəmməd idi, uyxudan oyandı və kiçi qardaşına kim, adı İbrahim idi, dedi” (151,191b). Bu xüsusiyyət orta əsrlərdə müxtəlif türk dillərinə edilmiş tərcümə əsərləri üçün də səciyyəvidir (bax:82,47; 97,163-165). Eyni quruluşlu təyin budaq cümlələri XVI-XIX əsrlər orijinal nəsr əsərlərində də müşahidə olunur (55, 64-71). Məsələn: M.F.Axundovun “Aldanmış kəvakib” əsərindəki aşağıdakı cümlədə bunu əyani şəkildə görmək olar: “Pişxədmətlər əllərində məcməi ilə ki, içində xələti-şahanə qoyulmuşdu, dükana ayaq basdılar” (3,28). Bu tipli cümlələri ətraflı öyrənmiş filologiya elmləri doktoru Əvəz Sadıqov onları şərti olaraq “daxili təyin budaq cümlələr” adlandırır (55, 65).

Qeyd edək ki, bu iki cümlə arasında müəyyən sintaktik və leksik fərqlər də müşahidə olunur. Belə ki, Bəvazici farsca cümlənin əvvəlindəki اگر (əgər) bağlayıcısından sonra işlənmiş بیند (görər) xəbərinin yerini bu cümlədə də yuxarıdakı nümunələrdə olduğu kimi, dəyişərək onu budaq cümlənin so­nu­na gətirmişdir. Bəvazici həmçinin budaq cümlədə بیند sözün­dən sonra gələn که (ke) bağlayıcısını buraxmışdır ki, bütün bu dəyişikliklər nəticəsində orijinalda şərt budaq cümləsinin tərkibində olan tamamlıq budaq cümləsi tərcümədə şərt budaq cümləsinin içində "ərimiş", yox olmuşdur.

Orijinalla tərcümə arasındakı daha bir fərq farsca cümlə­dəki جنگ و نبرد می کرد (savaşırdı-vuruşurdu) mürəkkəb felinin imperfektdə - keçmiş zamanın rəvayət şəklində olması, tərcü­mə­də isə onun qarşılığının "savaşdı" felinin şühudi keçmiş zamanda verilməsidir. Farsca cümlənin sonundakı خصومت کند (düşmənçilik edə) mürəkkəb felini isə Bəvazici "savaşı düşmək" şəklində tərcümə etmişdir. Bu frazeoloji vahidə bizə bəlli məşhur mənbələrin heç birində rast gəlmirik.

Farsca ikinci cümlə ilə onun tərcüməsi də sintaktik quru­luş baxımından, əsasən, üst-üstə düşür. Yuxarıdakı nümunə­lərdə olduğu kimi, bu cümlənin tərcüməsində də Bəvazici onun quruluşunu mümkün qədər saxlamağa çalışmışdır. Bu­nun­la belə, Tiflisinin bu cümləsi ilə onun tərcüməsi arasında sintaktik quruluş cəhətdən müəyyən fərq də özünü göstərir. Bunu nəzərə alaraq orijinalın bu cümləsinin də çağdaş hərfi tərcüməsini veririk: “Hər kim istəsə ki, təbir edə (yuxu yoza), ona vacibdir ki, rəcəz (pəhləvanların oxuduqları öyünmə şeri) və fal elmini ki qədim ustadlar təcrübə etmiş və öyrənmişlər, yaxşı bilsin”.

Göründüyü kimi, bu cümlə qarışıq tipli mürəkkəb cüm­lədir və onun baş cümləsi cümlənin “ana naçar gərəkdür ki, qədim ustadlar təcrübə etmiş və öyrənmişlər, əyü bilə” his­səsidir. Budaq cümlə baş cümlədən doğan sualına cavab verir, deməli, o, mübtəda budaq cümləsidir. Lakin onun tərki­bində daha bir budaq cümlənin – daxili təyin budaq cümləsinin olması da (qədim ustadlar təcrübə etmiş və öyrənmişlər) göz qabağındadır.

Bu tabeli mürəkkəb cümlənin baş cümləsi də adi quru­luşlu deyil, onun tərkibində baş cümlədən asılı olan və ona qovuşan tamamlıq budaq cümləli mürəkkəb cümlə də var: “Hər kim istəsə ki, təbir edə”. Orijinalla tərcümə arasındakı fərq də elə cümlənin bu hissəsinə aiddir. Bəvazicidə cümlənin bu hissəsi orijinalda olduğu kimi, tabeli mürəkkəb cümlə şəklində yox, onun yalnız bir hissəsi olan budaq cümlə şəklindədir: “Hər kim ki təbir etmək istəsə”. Cümlənin bu hissəsi budaq cümlənin növü baxımından da əslindən fərq­lə­nir: onda şərt məzmunu daha qabarıq şəkildə ifadə olun­muş­dur. Lakin orijinalda olduğu kimi, o da baş cümlədən asılı və­ziyyətdədir və ona qovuşmuşdur. Tərcümənin bu hissəsinin orijinaldan belə fərqli şəkildə qurulması sonuncudakı خواهد (istəsə) xəbərin yerinin dəyişdirilməsi, cümlənin həmin hissə­si­nin sonuna gətirilməsi nəticəsində mümkün olmuşdur. Bundan əlavə orijinalda həmin xəbərdən sonra کهke” bağ­la­yıcısı işlənmiş, ona görə də sonrakı xəbər- تعبیرکند (təbir edə) felin indiki-gələcək zaman formasında – aoristdə olduğu hal­da, tərcümədə onun qarşılığı (təbir etmək) felin məsdər for­masındadır.

Hər iki cümlənin digər hissələri, xüsusilə də budaq cüm­lə və onun tərkibindəki təyin budaq cümləsi quruluşca bir-biri­nə uyğun gəlir. Sözsüz ki, bütövlükdə götürdükdə, Bəvazicinin cümləsinin bu şəkildə qurulması orijinalın sintaktik qurulu­şunun bilavasitə təsiri nəticəsizdir. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, “Kəvamilüt-təbir”də bu cür quruluşlu, yəni fars dilinin sintaksininin təsirini özündə əks etdirən cümlələrə nadir hallarda təsadüf olunur.

Beləliklə, Bəvazicinin “Kəvamilüt-təbir” tərcüməsinin bu səciyyəvi xüsusiyyətləri abidənin klassik Azərbaycan tər­cü­mə ədəbiyyatının ən dəyərli, ən zəngin və bənzərsiz nümunə­lə­rindən biri olduğunu göstərir. Abidə haqqında deyilənlər həm də tərcümənin, ümumiyyətlə, nəsr dilimizin və elmi üslub ta­rixinin, eləcə də etnoqrafiyanın, elm tarixinin hərtərəfli, ətraflı araşdırılması baxımından da xüsusi əhəmiyyət daşıdığını sübut edir.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin