DÖRDÜNCÜ FƏSİL
ABİDƏNİN SİNTAKTİK XÜSUSİYYƏTLƏRİ
(tərcümə aspektində)
Bəvazicinin tərcüməçilik istedadı, tərcümə sahəsində bacarıq və səriştəsi tərcümə ilə orijinalın sintaktik xüsusiyyətlərinin müqayisəli təhlilində də qabarıq şəkildə özünü göstərir. Ümumiyyətlə qeyd etmək lazımdır ki, "Kəvamilüt-təbir" orta əsrlərin istər nəsr tərcümələrindən, istərsə də orijinal nəsr əsərlərindən özünəməxsus sintaksisi, xüsusilə də cümlə quruluşu ilə seçilir. Birincilərdə - nəsr tərcümələrində fars dilinin sintaksisinin güclü təsiri vardır (42, 158-169; 115,30-43). Bunu nəzərə alan Əvəz Sadıqov orta əsrlərə aid nəsr abidələrinin sintaksisinə həsr etdiyi sanballı araşdırmasında düzgün olaraq, tərcümə əsərlərini ayrıca qrupa bölür (115, 25-34). Bu təsiri Əvəz Sadıqovun da qeyd etdiyi kimi, hətta ikincilərdə də - orijinal nəsr abidələrində ayrı-ayrı hallarda görmək mümkündür (115, 28). Tədqiqatçı bunun səbəbini düzgün olaraq həmin əsərlərin müəlliflərinin fars dilində təhsil almalarında görür (115, 28).
Hər iki əsərin sintaktik xüsusiyyətlərinin müqayisəli təhlili göstərir ki, Bəvazici "Kamilüt-təbir"dəki cümlələri tərcümə edərkən, bir qayda olaraq, onları eynilə orijinaldakı kimi deyil sərbəst şəkildə qurmağa və bu zaman ana dilinin özünəməxsus qanun-qaydalarını gözləməyə, onlara xələl gətirməməyə çalışmışdır. Tərcüməyə olan belə yaradıcı münasibətin nəticəsidir ki, "Kəvamilüt-təbir"dəki cümlələrin əksəriyyəti onların farsca orijinallarından quruluşuna görə fərqlənir. Bu fərq həm cümlələrdəki sözlərin sırasında, həm də farsca cümlələrin məzmununu saxlamaq şərtilə fikrin tamam başqa şəkildə verilməsində özünü göstərir. Tiflisinin əsərində mövzudan asılı olaraq, mürəkkəb cümlələr, xüsusilə də şərt budaq cümlələli mürəkkəb cümlələr çoxluq təşkil edir. Tərcümə ilə orijinalın sintaksisləri arasındakı fərqlər də daha çox mürəkkəb cümlələrə aiddir. Lakin ayrı-ayrı sadə cümlələrin quruluşunda, yəni adi cümlələrdəki sözlərin sırasında da bu fərq müşahidə olunur. Məsələn:
چگونه بود این؟
Bu, necə olsa gərək? (153,8b)
این خوکان میوه بفرمان این خوک بزرگ میخورند
Bu bağ yemişün bu tonuzlar ol tonuz buyruğiylə yərlər. (153,90a)
درکارکد خدائی او خلل افتد از جهت زنان
Əvrətlər qibəlindən kətxudaliginə xələl irişə. (153,321b)
دیوانگی در خواب مال حرام بود بر بیننده خواب بقدر دیوانگی وی
Dəlülik düşdə dəlüligi qədəri haram mala dəlalət edər. (153,159a)
Orijinaldakı birinci cümlə sözlərin sırasını saxlamäq şərtilə dilimizdə belə səslənir: "Necə olsun bu?" Bəvazici isə bu sual cümləsinin mübtədasınıorijinalda lap sonda olan این (bu) işarə əvəzliyini əvvələ gətirmişdir.
Orijinalın ikinci cümləsində isə mübtəda -خوکان (donuzlar) این (bu) təyini ilə birlikdə cümlənin əvvəlindədir. Bəvazici isə onu danışıq üslubuna yaxın şəkildə qurmuş, yəni "bağ yemişin” birləşməsinicümlənin tamamlığını və təyini- "bu" işarə əvəzliyini əvvələ gətirmiş, cümlənin mübtədasını- "tonuzlar" ismini isə təyinlə "bu" işarə əvəzliyi ilə birlikdə ondan sonra işlətmişdir. Bəvazicinin bu cümləsi ilə əsli arasında leksik fərqlər də var. Belə ki, tərcümənin əvvəlində işlənmiş "bu bağ” birləşməsinin qarşılığı Tiflisidə yoxdur. Orijinaldakı این خوک بزرگ (bu böyük donuz) birləşməsini isə Bəvazici "ol tonuz” şəklində vermiş, yəni yaxını bildirən "bu” işarə əvəzliyinin əvəzində uzağı bildirən "ol” əvəzliyini işlətmiş, "böyük” sözünü isə, ümumiyyətlə, buraxmışdır.
Orijinalın üçüncü cümləsi ilə onun türkcəyə tərcüməsinin quruluşundakı fərq isə از جهت زنان (qadınlara görə) birləşməsi ilə onun tərcümədəki qarşılığı olan "əvrətlər qibəlindən" birləşməsinin yerindədir. Tiflisidə bu birləşmə cümlənin sonunda, Bəvazicidə isə əvvəlindədir. Bəvazici bu cümlədə Tiflisinin işlətdiyi در کار (işində) sözünü isə buraxmışdır.
Oirjinalın dördüncü cümləsi ilə onun tərcüməsinin quruluşundakı fərq də üçüncü cümlədəkinə oxşardır. Burada da Bəvazici farsca cümlənin sonundakı بقدر دیوانگی وی (onun dəliliyi qədər) birləşməsinin yerini tərcümədə dəyişərək onu cümlənin sonunda yox, ortasında işlətmişdir. Tərcüməçi farsca cümlədəki بر بیننده خواب(yuxunu görənə) birləşməsini isə buraxmışdır.
Hər iki əsərdəki sadə cümlələrin sintaksisində müşahidə olunan fərqlər təkcə sözlərin sırası ilə məhdudlaşmır. Bu fərqlərin müəyyən bir qismi bəzi cümlələrin tərcüməsində ayrı-ayrı sözlərin əlavə edilməsində, eləcə də farsca cümlə üzvlərinin tərcümədə fərqli şəkildə verilməsində də özünü göstərir. Məsələn:
معبران درماندند وتاویل آن ندانستند
Müəbbirlər aciz qalub təbir edə bilmədilər. (153,15a)
معبران را جمع کرد وخواب بگفت
Müəbbirləri cəm edüb bu düşi anlardən sual etdi. (153,15a)
در آستین پنجشگان داشتم ویک یک بیرون میاوردم و میکشتم
Kəndü yenümdə çoq sərçə görüb, anları bir-bir yenümdən çıqarub boğazlaram. (153,175a)
Farsca cümlələrdən birincisinin çağdaş tərcüməsi belədir: "Yuxuyozanlar aciz qaldılar və onun yozumunu bilmədilər”. Bəvazicinin tərcüməsi ilə onun orijinalı arasındakı başlıca fərq farsca cümlədəki həmcins xəbərlərdən birincisinin, yəni felin şühudi keçmiş zaman formasında işlənmiş "aciz qaldılar" xəbərinin tərcümədə feli bağlama formasında (aciz qalub) verilməsidir. Cümlənin ikinci hissəsi olan "onun yozumunu bilmədilər" də tərcümədə bir qədər fərqli şəkildə verilmişdir. Tərcüməçi həmçinin farsca cümlədə işlənmiş "və" bağlayıcısını buraxmışdır.
İkinci cümlələr arasındakı başlıca fərq də farsca cümlədəki həmcins xəbərlərin tərcümədə başqa şəkildə verilməsindədir. Həmin cümlənin çağdaş dilimizə tərcüməsi belə səslənir: "Yuxu yozanları topladı və yuxunu söylədi". Bəvazici isə yenə də farsca cümlədəki təsriflənən feli – birinci xəbəri feli bağlama şəklində (cəm edüb) vermişdir. Tərcüməçi bu cümlədə də "və" bağlayıcısını buraxmış, əvəzində "bu” təyinini və "anlardan" tamamlığını cümləyə əlavə etmişdir.
Farsca üçüncü cümlənin çağdaş tərcüməsi belə səslənir: "Ətəyimdə sərçələr tutmuşdum, onları bir-bir çıxarır və öldürürdüm”. Bu iki cümlə arasındakı başlıca fərq də fellərlə ifadə olunmuş xəbərlərin müxtəlif şəkillərdə işlənməsindədir. Orijinaldakı fellərin hər üçü keçmiş zamandadır, tərcümədə isə onlardan ikisi feli bağlama şəklində, biri isə indiki zamanda işlənmişdir ki, bu da Bəvazicinin bütövlükdə həmin cümləni tam sərbəst şəkildə, fərqli quruluşda tərcümə etdiyini göstərir. Bəvazici həmçinin bu cümlədəki "پنجشگان" (sərçələr) sözünü "çox sərçə" kimi vermiş və "kəndü”, "anları" sözlərini tərcüməyə özündən əlavə etmişdir.
Hər iki əsərin mətnlərinin sintaksisi üzərində müşahidələr göstərir ki, Bəvazicinin bir çox cümlələrində xəbərlər orijinaldan fərqli olaraq, müasir ədəbi dilimizdə olduğu kimi sonda işlənmişdir. Bu xüsusiyyət istər sadə cümlələrin, istərsə də mürəkkəb cümlələrin tərcüməsində özünü göstərir. Məsələn:
خواب آزادگان افضل است بر خواب بندگان
Azadələr düşi qullar düşindən əfzəldür. (153,17b)
پاک است آن خدائی که بیاراست مردان را بریش و زنانرا بگیسو
Pakdur ol Tanrı ki, kişiləri saqal ilə və əvrətləri gisu ilə bəzəmişdür. (153,178a)
Qeyd edək ki, Bəvazicinin hər iki cümləsi farsca mətnin sırf tərcüməsidir, yəni onlar arasında leksik baxımdan heç bir fərq yoxdur. Əksinə, tərcüməçi farsca birinci cümlədə olan آزادگان sözünü "azadələr" kimi vermiş, افضل sözünü, eləcə də ikinci cümlədəki پاک “pak”, گیسو “gisu” (saç) sözlərini isə tərcümədə olduğu kimi işlətmişdir. Bu iki cümlənin orijinalı və tərcüməsi arasında yalnız sintaktik baxımdan müəyyən fərq vardır: farsca birinci cümlədə xəbər افضل است ortada işləndiyi halda, onun tərcüməsi "əfzəldür” Bəvazicidə cümlənin sonunda işlənmişdir.
İkinci mürəkkəb cümlələr arasındakı fərq də bu qəbildəndir. Bəvazici bu təyin budaq cümləli mürəkkəb cümlənin baş cümləsini - پاک است آن خدای که olduğu kimi, yəni "pakdır ol Tanrı ki” şəklində tərcümə etmiş və sözlərin sırasına toxunmamışdır. Göründüyü kimi, baş cümlədə xəbər "pakdır" orijinalda olduğu kimi cümlənin əvvəlində işlənmişdir. Budaq cümlənin tərcüməsində isə Bəvazici xəbəri, yəni "bəzəmişdir" sözünü axırda işlətmişdir. Halbuki orijinalda onun qarşılığı بیاراست sözü birincidir. Xatırladaq ki, sonuncu cümlənin orijinalı həm orijinalda, həm də tərcümədə ərəbcədir "Quran" ayəsidir ki, bu amil də Bəvazicini ayənin dilimizə tərcüməsində olduqca dəqiq olmağa vadar etmişdir. Bununla belə, mütərcim ana dilinin normalarını əsas götürərək budaq cümlədəki xəbəri sonda işlətmişdir.
Orijinalla tərcümənin sintaksisi arasındakı fərqli cəhətlər sırasında Tiflisidəki bir çox mürəkkəb cümlələrin Bəvazicinin tərcüməsində sadə cümlələr şəklində verilməsi xüsusilə diqqəti cəlb edir. Tərcümənin bu mühüm müsbət keyfiyyətini, ümumiyyətlə, abidənin səciyyəvi tərcümə xüsusiyyətlərindən biri saymaq olar. Bu həm də Bəvazicinin tərcümə sənətinə olan yaradıcı münasibətini göstərən daha bir dəlil-sübut kimi olduqca dəyərlidir.
İndi isə orijinaldakı mürəkkəb cümlələrin tərcümədə sadə cümlələrlə verilməsinə aid nümunələrə diqqət yetirək:
دلو درچاه کردم تا آب برآرم
Su çıxarmaqçün qoğayı quyuya sallandurdum.
(153, 256b)
آبنوس در خواب مردی بود که درکار خویش سخت ومحکم بود
Abnus düşdə işində möhkəm və qatı kişiyə dəlalət edər. (153, 26a)
درخواب دیدم باغی آراسته ودر وی میوه های بسیار بود
Düşdə bir arastə, çox yemişlü bağ gördüm. (153,9a)
Orijinalın birinci cümləsi çağdaş dilimizdə belə səslənir: "Vedrəni quyuya salladım ki, su çəkim". Qeyd edək ki, tərcümədəki ki bağlayıcısının əvəzinə Tiflisidəتا ta bağlayıcısı işlənmişdir. Ta istər orta əsrlər fars mətnlərində, istərsə də çağdaş fars dilində geniş yayılmış bağlayıcılardan biridir (bax: 111, I, 17-18;). Bu bağlayıcı bir çox tabeli mürəkkəb cümlələrin tərkibində iştirak edərək müxtəlif məzmun çaları əmələ gətirir. Burada isə, cümlənin məzmunundan da göründüyü kimi, o, məqsəd budaq cümləli tabeli mürəkkəb cümlənin tərkibindədir. Yeri gəlmişkən qeyd edək ki, تا ta bağlayıcısının iştirakı ilə düzəlmiş bu qəbildən olan məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələr istər orta çağlarda Azərbaycan türkcəsi ilə yazılmış əsərlərdə (34,364), istərsə də müasir yazıçıların dilində geniş yayılmışdır (1,419). Bu məsələdə, sözsüz ki, fars dilinin müəyyən təsiri olmamış deyildir. Buna baxmayaraq, Bəvazici farsca cümlədəki تا "ta" bağlayıcısını buraxaraq, cümləsini tamamilə başqa şəkildə qurmuşdur. O, orijinalın budaq cümləsini təşkil edən sözlərin qarşılığını ("su çəkmək") tərcümədə cümlənin əvvəlinə gətirərək,تا ta bağlayıcısının məzmununa uyğun gələn "çün" qoşmasını həmin sözlərə qoşmuş ("su çıxarmaqçün"), beləliklə də, Tiflisinin cümləsindəki fikri çox ustalıqla sadə cümlə şəklində verə bilmişdir. Maraqlıdır ki, bu iki cümlə arasındakı belə bir kəskin sintaktik fərqə baxmayaraq, Bəvazici orijinaldakı leksik vahidlərin hamısının qarşılığını tərcümədə işlətmişdir. Bəvazicinin tərcümədə işlətdiyi "çün" qoşması çağdaş ədəbi dilimizdə də bu qəbildən olan cümlələrdə "üçün” şəklində işlənir (37, II,413).
Orijinaldakı ikinci cümlə isə təyin budaq cümləli tabeli mürəkkəb cümlədir: "Abnus (ağac adıdır M.N.) yuxuda elə bir kişidir ki, işində bərk və möhkəm olur”. Budaq cümlədəki ismin sonuna artırılan və qeyri-müəyyənlik bildirən ی ya (bir) artiklinin və کهke bağlayıcısının iştirakı ilə düzələn bu qəbildən olan cümlələr də fars dilində geniş yayılmışdır. Bəvazici bu cümlənin tərcüməsini də çox məharətlə sadə cümlə şəklində qurmuşdur. Bunun üçün o, orijinalda baş cümlə ilə budaq cümləni bir birinə bağlayan کهke bağlayıcısını buraxmış, həmçinin مردی mərdi (bir kişi) sözündəki یya artiklinin daşıdığı məzmunu tərcümədə vermişdir. Bundan əlavə, tərcüməçi farsca mətndə iki dəfə işlənmiş بودن budən (olmaq) köməkçi felinin qeyri-qəti gələcək zaman formasında işlənmişبود bovəd (olar) sözünü yalnız bir yerdə "dəlalət edər" mürəkkəb feli ilə verməklə kifayətlənmişdir. Bu iki cümlədəki sözlərin sırasında da fərq vardır. Belə ki, tərcümənin əvvəlində işlənmiş "işində möhkəm və qatı" tərkibinin əsli orijinalda sondadır.
Orijinalın üçüncü cümləsi də quruluşca təyin budaq cümləli tabeli mürəkkəb cümlədir. Cümlənin dilimizə çağdaş tərcüməsi belə səslənir: “Yuxuda bir bağ gördüm bəzənmiş və onda (bağda) çoxlu meyvə var idi”. Bəvazici bu cümlənin də məzmununu sadə cümlə ilə verməklə yanaşı, onun quruluşunu da müəyyən qədər dəyişdirmişdir. Belə ki, farsca baş cümlədə işlənmiş دیدم (gördüm) xəbəri cümlənin əvvəlində olduğu halda, Bəvazici onun qarşılığını “gördüm” xəbərini cümlənin sonunda işlətmişdir.
Müşahidələr göstərir ki, Bəvazici farsca mətndə olan tabeli mürəkkəb cümlələri sadə cümlə şəklində çevirərkən bir çox hallarda feli sifət, feli bağlamalardan və onların iştirakı ilə düzəlmiş tərkiblərdən istifadə etmişdir. Belə hallarda, bir qayda olaraq, bu tərkiblər tabeli mürəkkəb cümlənin baş cümləsini əvəz edir. Məsələn:
چون بیدار شد امیر خیبر را از این خواب آگاه کرد
Pəs, oyanicək bu düşi Xeybər bəginə sual etdi. (153,8a)
مردی خوابی دیده بود از عبدالله بن عباس تعبیر پرسید وآنوقت کلاغی بیامد و بر دیوار خانه آنمرد بنشست
Abdulla bin Abbasdan bir kişi düş sual edərkən bir qarğa gəlüb bir divar üzərinə qondı. (153,9b)
هردانه انگورکه خورده بود زخم چوب یا تازیانه بر او زنند
Andan yedügi qədəri kəndüyə ağac, ya taziyanə uralar. (153,45a)
پشت در خواب دیدن مردی بود که از او قوت و یاری پناه طلبد
Arxa, düşdə bir pənah edəcək ulu, qəvi kişiyə dəlalət edər. (153,42a)
Orijinaldakı birinci cümlə zaman budaq cümləli tabeli mürəkkəb cümlədir: "Elə ki oyandı, Xeybər əmirini bu yuxudan agah etdi”. Bəvazici bu tabeli mürəkkəb cümlənin budaq cümləsini چون بیدار شد (elə ki oyandı) "pəs oyanıcak" feli bağlama tərkibi ilə vermişdir. Qeyd edək ki, -ıcaq, -icək şəkilçiləri ilə düzəlmiş feli bağlamalar orta əsrlər Azərbaycan yazılı abidələrində, o cümlədən "Əsrarnamə"də geniş yayılmışdır (22,168). Bəvazici bu cümlədəki baş cümlənin tərcüməsində də müəyyən dəyişiklik etmişdir. Tərcüməçi farsca cümlədəki امیر خیبر را (Xeybər əmirini) və از این خواب (bu yuxudan) birləşmələrinin həm yerini dəyişmiş, həm də onları orijinaldakından fərqli halda işlətmişdir. Bu birləşmələrdən birincisi orijinalda təsirlik halda, ikincisi isə çıxışlıq halda olduğu halda, tərcümədə birinci yönlük halda (Xeybər bəginə), ikincisi isə təsirlik halda (bu düşi) işlətmişdir.
İkinci cümlənin çağdaş tərcüməsi belədir: "Bir kişi bir yuxu görmüşdü, Abdulla ibn Abbasdan (onun) yozumunu soruşdu və bu vaxt bir qarğa gəldi və o kişinin evinin üstünə qondu". Öncə qeyd edək ki, bu cümləni iki sadə geniş cümlə kimi də ("və" bağlayıcısına qədər bir cümlə, onunla başlayan cümlə isə ikinci cümlə) qəbul etmək olar. Lakin cümlənin Bəvazicidəki tərcüməsini və məzmunundakı ardıcıllğı nəzərə alaraq, onu elə bu şəkildə, yəni tabesiz mürəkkəb cümlə kimi qəbul etmək daha düzgündür.
İndi isə bu cümlənin Bəvazicidə necə tərcümə edilməsini nəzərdən keçirək. İlk növbədə bu cümlənin tərcüməsində Bəvazicinin tam sərbəstliyi diqqəti çəkir. O, farsca cümlənin lap əvvəlindəki مردی (bir kişi) birləşməsini tamamlıqdan (Abdulla bin Abbasdan) sonraya gətirməklə bərabər, bu birləşmədən sonra gəlmiş خوابی دیده بود )yuxu görmüşdü(,پرسید )soruşdu( xəbərlərini, eləcə dəتعبیر )yozumunu( tamamlığını "bir düş sual edərkən" feli bağlama tərkibi ilə vermişdir. Tərcüməçi həmçinin cümlənin ikinci hissəsində olan və şühudi keçmiş zamanda işlənmiş آمد (gəldi) təsriflənən felini təsriflənməyən formada, yəni feli bağlama şəklində "gəlüb" kimi tərcümə etmişdir. Maraqlıdır ki, çağdaş ədəbi dilimizdə də eynilə Bəvazicinin bu cümləsinə oxşar cümlələr işlənir. Belə cümlələr dilçilikdə feli tərkiblər hesabına genişlənmiş sadə cümlələr hesab olunur (1, 274-277). Cümlələr arasındakı daha bir fərq orijinaldakı بر دیوار خانه آنمرد (o kişinin evinin divarı üstünə) birləşməsinin tərcümədə "bir divar üzərinə" şəklində verilməsidir.
Orijinaldakı üçüncü cümlə isə kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlədir: "Nə qədər üzüm dənəsi yemiş olsa, ona bir o qədər çubuq, ya qamçı (yarası) vuralar”. Bəvazicinin tərcüməsi ilə farsca mətnin əsas fərqi orijinaldakı baş cümlənin tərcümədə "andan yedügi qədər” feli tərkibi ilə verilməsidir. Tərcüməçinin sərbəstliyi həmçinin budaq cümlədəki زخم (yara) sözünün buraxılmasında, eləcə də براو (ona) sözünün əvəzinə "kəndüyə" sözünün işlənməsində də özünü göstərir.
Tiflisinin dördüncü cümləsi təyin budaq cümləli tabeli mürəkkəb cümlədir və onun tərcüməsi xüsusilə maraqlıdır. Həmin cümlə sözlərin sırasını saxlamaqla dilimizdə belə səslənir: "Arxa (bel) yuxuda görmək bir kişidir ki, ondan qüvvət və kömək tələb edər”. Bu cümlənin də tərcüməsi öz orijinallığı ilə seçilir. Türkcə cümlə feli sifət tərkibi hesabına genişləndirilmiş sadə cümlədir. Bəvazici farsca tabeli mürəkkəb cümlənin baş cümləsində işlənmiş پناه طلبد (pənah istəyə) mürəkkəb xəbərini cümlənin əvvəlinə gətirərək, onu təyin vəzifəsində işlətmişdir: "pənah edəcək". Bundan əlavə o, budaq cümlədəki قوت و یاری isimlərinin qarşılığı olaraq "ulu”, "qəvi" (güclü) sifətlərini işlətmişdir. Daha bir fərq: tərcüməçi baş cümlədə olan بود (olar) köməkçi felinin əvəzində "dəlalət edər” mürəkkəb felini işlətmişdir ki, bunun da nəticəsində Bəvazicinin tərcüməsi daha anlaşıqlı və məzmunlu alınmışdır. Qeyd edək ki, sonuncu cümləyə oxşar quruluşlu təyin budaq cümləli tabeli mürəkkəb cümlələr fars dilində geniş yayılmışdır və Tiflisidə də belə cümlələrin sayı çoxdur. Maraqlıdır ki, Bəvazici həmin cümlələri çevirərkən əksər hallarda onların quruluşunu dəyişdirmiş və bu məqsədlə, əsasən, feli sifət tərkiblərindən istifadə etmişdir. Abidədəki feli sifətlər yuxarıdakı nümunədə işlənmiş -əcək şəkilçisindən başqa, -an, -ən (onların sayı daha çoxdur); -ur, -ür; -dığ, -dük şəkilçiləri ilə də düzəlmişdir. Məsələn: "kəndüyə püştü pənah olan kimsənə", "kəndü yüzinə açılan qapular”, "'içində şübhə olur mal”', “dedügimiz dəlillər”, "yedügi qədəri”, "içində olduğu iş” və s.
Yuxarıdakı feli sifət tərkiblərinin farsca mətndəki orijinalları budaq cümlə şəklindədir və onların hərfi tərcümələri aşağıdakı kimidir: آنکس که پشت وپناه او بود (O kəs ki onun arxası və pənahı idi), آن درها که گشاده شد (O qapılar ki açıldı),چیزی که در او شبهات بود (Bir şey ki içində şübhələr ola), این دلیل ها که گفتیم (Bu dəlillər ki dedik),بقدر آنکه خورده بود (O qədər ki yemişdi), هرکاری که دارد (Hər işi ki vardır).Bəvazici bu budaq cümlələri olduqca fərqli quruluşda tərcümə etmişdir ki, bu cəhət də ümumiyyətlə, abidənin səciyyəvi tərcümə xüsusiyyətlərindən biri kimi qiymətlidir. Qeyd edək ki, fars təyin budaq cümlələrinin tərcüməsi üçün Bəvazicinin istifadə etdiyi bu üsul indi də əhəmiyyətini itirməmişdir və çağdaş tərcümələrdə tətbiq olunur. Bununla belə, ayrı-ayrı çağdaş tərcümə nümunələrində bəzən fars təyin budaq cümlələrinin quruluşunun eynilə saxlanması halları da müşahidə olunur.
Hər iki əsərin sintaksisinin müqayisəsi nadir hallarda farsca sadə cümlələrin tərcümədə mürəkkəb cümlə şəklində verildiyini də aşkar edir. Məsələn:
آن مال را بخیرات هزینه کند واز مردمان ملامت یابد
Ol malı bir nəsnəyə sərf edə ki, andən kəndüyə xəlayiqdən məlamətlik irişə. (153,159b)
Orijinaldakı fikrin tərcümədə necə verilməsinin aydınlığı üçün yenə də öncə onun çağdaş tərcüməsinə nəzər salaq: "O malı xeyir işlərə sərf edər və məlamət tapar (töhmət qazanar). Göründüyü kimi, orijinalla tərcümə arasında məzmun baxımından elə bir fərq yoxdur. Bununla belə, bu iki cümlə sintaktik quruluş baxımından bir-birindən tamamilə seçilir. Farsca cümlə həmcins üzvlər (xəbərlər) hesabına genişlənmiş sadə cümlə olduğu halda, onun tərcüməsi təyin budaq cümləsidir. Bunun üçün Bəvazicinin cümlənin əvvəlinə "bir" sözünü artırması və orijinaldakı و “və” tabesizlik bağlayıcısının əvəzinə "ki" tabelilik bağlayıcısını işlətməsi kifayət etmişdir. Bu iki cümlə arasında leksik baxımdan da müəyyən fərqlərin olması göz qabağındadır: tərcüməçi خیرات (xeyir işlər) birləşməsinin əvəzində “bir nəsnəyə” birləşməsini işlətmiş, "camaatdan" və "andan kəndüyə" sözlərini isə tərcüməyə artırmışdır.
Beləliklə, tərcüməçi farsca cümlələri tərcümə edərkən nəinki onların quruluşunun təsiri altına düşmüş, əksinə, bu məsələdə tam sərbəst olmuş və cümlələrini olduqca fərqli şəkildə qurmuşdur.
Bütövlükdə görtürdükdə, Bəvazicinin "Kəvamilüt-təbir"i sintaktik baxımından farsca məntdən köklü surətdə fərqlənir. Bu fərq hər iki əsərdə çoxluq təşkil edən mürəkkəb cümlələrin tərcüməsində daha qabarıq şəkildə özünü göstərir. Bəvazici fars mürəkkəb cümlələrini mürəkkəb cümlə kimi tərcümə etdikdə belə onların quruluşunda müəyyən dəyişiklik edir, bununla da cümlələrini türkcəyə orijinaldan seçdirməyə nail olur. Aşağıdakı mürəkkəb cümlələrin farscasının və tərcüməsinin nümunəsində bunu aydın görmək olar.
Dostları ilə paylaş: |