Sosial idarəetmə prosesi müəyyən növ fəaliyyətin ümumiləşmiş ifadəsidir, qarşıya qoyulmuş məqsədlərə nail olmaq istiqamətində reallaşdırılan ardıcıl hərəkətlərin məcmusudur.
Elmi ədəbiyyatda qeyd olunur ki, idarəetməyə proses mövqeyindən yanaşmanı təklif edənlər XX əsrin 30-cu illərində inzibati idarəetmə tərəfdarları olmuşlar. Lakin onlar idarəetmə mərhələlərini funksiyalar kimi nəzərdən keçirərkən həmin funksiyaların qarşılıqlı əlaqəsinə lazımınca diqqət yetirməmişlər. Lakin idarəetməyə proses mövqeyindən yanaşanların digər qismi həmin qüsuru aradan qaldırmağa səy göstərmiş, müəyyən təşkilat hüdudlarında hərəkətlərin və ya funksiyaların qarşılıqlı əlaqəsini, ümumi fasiləsiz axarını nəzərə çarpdırmışlar. Bu konsepsiyanın ilk müəlliflərindən sayılan Anri Fayol belə hesab edirdi ki, idarə etmək planlaşdırmaq, təşkil etmək, sərəncam vermək, əlaqələndirmək və nəzarət etmək deməkdir.
Hazırda sosial-fəlsəfı ədəbiyyatda, idarəetmə nəzəriyyəsinə və praktikasına həsr olunmuş əsərlərdə idarəetmə prosesi təşkilati və funksional struktur baxımından təhlil olunur. Başqa sözlə, həmin prosesdə müəyyən mərhələlər və ya funksiyalar ayırd edilir.
Təşkilati struktur baxımından sosial idarəetmə prosesini bir-birinin ardınca gələn müəyyən mərhələlərin məcmusu kimi başa düşmək olar. Belə mərhələlərin ayırd edilməsinə müxtəlif müəlliflərin fərqli yanaşması mövcuddur. Həmin yanaşmaların müqayisəli təhlili göstərir ki, fərqlər əsasən məsələyə nə dərəcədə konkret yanaşma ilə əlaqədardır. Bəziləri (məsələn, V. Q. Afanasyev) 4 mərhələ - qərarın işlənib hazırlanması və qəbulu, təşkiletmə, tənzimetmə, uçot və nəzarət, bəziləri (məsələn, Q. Q. Vasilyev) 6 mərhələ - idarəetmə probleminin qoyulması, zəruri informasiyanın toplanılması, qərarın işlənib hazırlanması, qərarın qəbul edilməsi, qəbul olunmuş qərarın icrasının təşkili, nəzarət və s. ayırd edirlər.
İdarəetmə prosesinin nə dərəcədə konkret diferensiasiyası ilə şərtlənən fərqli mövqelərin olması təbii sayılmalıdır. Zənnimizcə, ayrı-ayrı mövqelərdə 3 mərhələnin ayırd edilməsi ümumi cəhətdir və demək olar ki, heç kəsdə etiraz doğurmur:
Qərarın işlənib hazırlanması və qəbul olunması;
Sosial idarəetmə prosesini təşkilati struktur baxımından bir-biri ilə sıx əlaqədar olan bu üç mərhələdən ibarət sistem kimi təsəvvür etmək mümkündür. Bu sistem, şübhəsiz, ümumi xarakter daşıyır.
İdarəetmənin funksiyalarına münasibətdə də vahid mövqe formalaşmamışdır. Müasir elmi ədəbiyyatda ən müxtəlif funksiyalardan bəhs edilir: planlaşdırma; təşkiletmə; sərəncamçılıq; motivləşdirmə; nəzarət; kommunikasiya; tədqiqetmə; qiymətləndirmə; qərarların qəbul olunması; işçi heyətin seçilməsi; danışıqlar aparılması və s. İdarəetməyə dair ayrı-ayrı nəşrlərdə demək olar ki, idarəetmə funksiyaları sadalanır, lakin onların fərqi çox azdır.
Mütəxəssislərin fikrincə, Amerika menecmentində belə bir yanaşma üstünlük təşkil edir ki, idarəetmə fəaliyyətinin mühüm növlərini bir neçə anlayışda birləşdirməklə ifadə etmək olar. Hesab olunur ki, idarəetmə prosesi 4 funksiyadan ibarətdir: planlaşdırma, təşkiletmə, motivləşdirmə, nəzarət. Qeyd edilən bu funksiyalar əlaqələndirici proseslərlə - kommunikasiya və qərarların qəbulu prosesləri ilə birləşirlər.
Planlaşdırma bu məqamları nəzərdə tutur: bütövlükdə idarəetmə sisteminin, o cümlədən onun ayrı-ayrı hissələrinin elmi cəhətdən əsaslandırılmış inkişaf proqramının işlənib hazırlanması; həmin proqramı reallaşdırmaq sahəsində idarəetmə subyektlərinin məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi; proqramın zəruri ehtiyatlarla (maddi-maliyyə, əmək, təşkilati) təmin olunması; planlaşdırılan nəticələrə nail olmaq vasitələrinin müəyyən edilməsi.
Planlaşdırma proqnozlaşdırma ilə sıx bağlıdır, çünki idarəetmə sisteminin məqsədyönlü inkişafının təmin olunması həmin sistemin gələcək vəziyyətinin mümkün variantlarını işləyib hazırlamağı nəzərdə tutur.
Motivləşdirmə funksiyası qarşıya qoyulan və planda əksini tapan vəzifələrin təşkilat üzvləri tərəfındən yerinə yetirilməsində mühüm rol oynayır. Faktlar sübut edir ki, qədim zamanlardan işçilərə hədə, cəza və s. ilə, nisbətən az adama isə mükafatlarla təsir göstərmək imkanlarından istifadə olunmuşdur. XVIII əsrin sonundan etibarən belə bir inam möhkəmlənmişdir ki, adamların çox qazanmaq imkanı olduqda onlar daha səylə, daha yaxşı işləyirlər. Bu motivləşdirmə asan və sadə qavranılan məsələ hesab olunmuşdur. Tədricən insan münasibətlərinə diqqətin artması, Elton Meyonun eksperimentləri («Uestern Elektrik» zavodunda -ABŞ) sayəsində belə bir cəhət aydınlaşdı ki, insan hərəkətlərinin motivləşməsi əsasən iqtisadi amillərlə deyil, müxtəlif tələbatlarla şərtlənmişdir. Hazırda artıq dərk edilir ki, işçiləri effektiv motivləşdirmək üçün müəyyənləşdirmək vacibdir ki, hansı tələbatlar hansı işçilər üçün aktualdır, həmin tələbatları hansı işlə ödəmək mümkündür. Yaxşı təşkil olunmuş səmərəli əmək işçinin fəaliyyətini motivləşdirən çox mühüm amildir.
Nəzarət idarəetmə prosesinin daimi fəaliyyət göstərən komponentidir. İdarəetmə sisteminin nizamlı fəaliyyəti üçün nəzarətin üç aspektindən bəhs edirlər:
Birinci aspekt standartların müəyyənləşdirilməsidir. Bu, məlum zaman kəsiyində əldə ediləcək məqsədlərin dəqiq müəyyən olunmasını nəzərdə tutur, işlənib hazırlanan planlarda əsaslandırılır. İkinci aspekt məlum dövrdə əldə edilmiş nəticələrin ölçülməsi və gözlənilən nəticələrlə müqayisə edilməsidir. Üçüncü aspekt zərurət yarandıqda ilkin plandan ciddi kənara çıxmaları təshih etmək üçün fəaliyyət göstərməkdir.
Yuxarıda qeyd edilən funksiyaları sıx əlaqələndirən, onların qarşılıqlı asılılığını təmin edən iki xarakteristikaya -qərarların qəbuluna və kommunikasiyaya xüsusi diqqət yetirilməsi məqsədəuyğundur.
İdarəetmə qərarı rəhbərliklə tabelikdə olanlar arasındakı münasibətlərin mühüm ünsürüdür, hakimiyyətin təşkilatda reallaşdırılması mexanizmidir.