Təşkil olunmuş nitq. Təşkil olunmuş nitq deyəndə monoloji nitq nəzərdə tutulur. Adından məlum olduğu kimi, əvvəlcədən planlaşdırılmış, nəzərdə tutulmuş nitqdir. Bu nitq üçün hazırlaşmaq, plan tutmaq, ədəbiyyat oxumaq, mövzunun əhatə edilməsi, fikrin ardıcıllığına nail olmaq üçün qeydlər aparmaq, ifadə olunacaq məzmunu dərk etmək, onun dinləyiciyə daha yaxşı çata bilməsi üçün münasib sözlər seçmək, cümlələr qurmaq, müvafiq söyləmə tərzi – intonasiyanı müəyyənləşdirmək və s. lazım gəlir. Məlumatı səthi, lüğət ehtiyatı zəif olan adamlar qabaqcadan hazırlaşmadan auditoriya qarşısında çıxış etməkdə, danışıq prosesində qurmaq istədikləri cümlələri tamamlamaqda, zəruri sayılan sözləri seçməkdə çətinlik çəkirlər. Bu zaman lüzumsuz fasilələrə yol verilir. Belə fasilələrdən can qurtarmaq üçün danışan çox zaman mətləbə heç bir dəxli olmayan tüfeyli söz və ifadələr (məsələn, demək olar ki, deməli, əsasən, əsas etibarilə, necə deyərlər, söz məsəli, zaddı, adı nədi, adın sən de, əgər belə demək mümkünsə və s.) işlətməyə məcbur olur ki, bu da nitqin qırılmasına, diqqətin yayınmasına səbəb olur. Natiq belə bir vəziyyətlə qarşılaşmamaq üçün söyləyəcəyi fikri qeydlər şəklində yazıya köçürməli, sonra onu şifahi şəkildə ifadə etməlidir. Bu cür təşkil olunmuş nitqdə aşağıdakılar nəzərə alınmalıdır: a) söhbətə maraqlı, cəlbedici, yığcam giriş verə bilmək; b) məzmun ilə bağlı faktlar, misallar, nümunələr toplamaq, onları nitqdə məqamına görə işlətmək; c) nitqin məzmununu yazmaq; ç) nitqi yaddaşına köçürmək, dəfələrlə məşq edib, söyləmək; d) mövzunu dinləyicilərin qarşısında şərh etmək.
Natiq öz əməli fəaliyyətində “nəyi demək?”, “harda demək?”, “necə demək?” suallarına cavab tapmağa çalışmalıdır. “Nəyi demək?” sualı dinləyici üçün maraqlı, aktual olan məsələlərin, problemlərin şərhini, izahını nəzərdə tutur. Fərz edək ki, natiq işğal olunmuş torpaqlarımızda maddi sərvətlərin ermənilər tərəfindən talan olunması məsələsini gündəmə gətirər. Şübhəsiz, bu barədə söhbət maraqla dinləniləcəkdir.
“Harada demək?” sualına cavab vermək üçün natiq dediklərini əsaslandırmaq məqsədilə yeraltı və yerüstü sərvətlərimizdən hansılardan, nə qədər qarət edilməsi və bunun nəticəsində ölkəmizə dəyən maddi ziyanla bağlı faktları, sübutları söhbətin hansı yerində gətirəcəyini müəyyənləşdirməlidir.
“Necə demək?” sualının müqabilində natiq auditoriyanın diqqətini özünə cəlb etmək üçün sərrast cümlələrdən, rəngarəng ifadə vasitələrindən, uyarlı intonasiyadan istifadə etməyi, səbəb-nəticə əlaqəsi əsasında söhbətini yekunlaşdırmağı bacarmalıdır.
Müəllimlik fəaliyyətində nitqin birinci formasından daha geniş istifadə edilir. Sinif, auditoriya qarşısında müəllimin izahı, məruzəsi, şübhəsiz, əvvəlcədən öyrənilmiş, planlaşdırılmış fikirlər, məlumatlar əsasında qurulur. Burada ölçülüb-biçilmiş fikirlər aydın və yığcam cümlələrlə ifadə olunur, konkret faktlarla söylənilənlər, dəlillərlə, nümunələrlə əsaslandırılır, lüzumsuz təfərrüata yol verilmir. Təşkil olunmuş danışığı (eləcə də yazını) təkcə monoloji nitqlə əlaqələndirmək düzgün olmaz. Nitqin situasiyasından, təşkil formasından asılı olaraq dialoji nitqə də hazırlıq görülür. Natiq radio və televiziya verilişlərinə, digər rəsmi yerlərə, dəyirmi masalara hər hansı bir mövzu ətrafında fikir mübadiləsi, müzakirə məqsədiə dəvət olunursa, o, qoyulan problemi dərindən öyrənilməli, özünün verəcəyi sualları müəyyənləşdirməli, müsahibinin ehtimal olunan sualları ətrafında fikirləşməli, onlara məntiqi cəhətdən düzgün, məzmunca bitkin cavablar hazırlamalıdır.
Nitqin ikinci forması spontan, yəni xüsusi hazırlıq olmadan, bədahətən, sərbəst söylənilən nitqdir. Bu, danışıqda bir növ improvizasiyadır. Bəzən belə iti, yeyin, tez, hazır, qabaqcadan düşünülməmiş nitqə ekspromt da deyilir. Adamlar öz gündəlik fəaliyyətində rəy söyləmək, məlumat vermək, münasibət bildirmək, müəyyən məsələni izah etmək, aydınlaşdırmaq və s. formalarda danışığa cəlb olunurlar. Belə nitq təşkil olunmuş nitqlə müqayisədə xeyli çətindir. Burada danışan ani vaxt ərzində fikirlərini cəmləşdirməli, nədən danışacağını, nələri qeyd edəcəyini, hansı faktı gətirəcəyini, mülahizələrini nə cür əsaslandıracağını, həmin məzmunu vermək üçün hansı formanı seçəcəyini, yəni nitqinə necə başlayacağını, fikrinin daha aydın, daha təsirli olması üçün hansı söz və ifadələri, cümlələri işlədəcəyini, nitqin intonasiyasını və s. özü üçün müəyyənləşdirməlidir. Spontan nitqdə dil vahidləri, faktlar sərbəst şəkildə, dilin təbii axını nəticəsində yaranır, onlardan ən yararlısı, asanı işlənilir. Nitqin bu şəklində məzmun və forma, demək olar ki, eyni zamanda, paralel şəkildə yaradılır. Spontan nitqdə danışanın həyat təcrübəsi, dünyagörüşü, zəngin müşahidələri, təbiətinin coşqun və rəvanlığı, fitri istedadı və hazırcavablığı böyük əhəmiyyət kəsb edir.
Nitq şəraitindən asılı olaraq spontan danışıq eyni adam üçün həm asan, həm də çətin ola bilər. Küçədə, işdə, evdə və s. yerlərdə suallara cavab verməkdə, söhbətlərdə iştirak etməkdə elə bir çətinlik özünü göstərmir. Lakin başqa şəraitdə, məsələn, qəflətən radio və ya televiziya verilişləri üçün müsahibəyə cəlb olunduqda, ictimai yerlərdə çıxışa, söz deməyə dəvət edildikdə danışan adamın gərginliyi istər-istəməz bir qədər artır, fikri fəallığı intensiv şəkil alır. O, həm fikrini cəmləşdirməli, deyəcəklərini rabitələndirməli, müsahibinə (və ya müsahiblərinə) çatdıracağı əsas fikri müəyyənləşdirməli, həm də onu daha münasib, daha təsirli dil vahidləri ilə ifadə etməli olur. Spontan nitq dilin təbii və canlı danışıq formasıdır.
Mühazirəçi nitqin göstərilən hər iki formasından istifadə bacarığına yiyə- lənməlidir. Xüsusən, spontan nitqə daim hazır olmalı, hər hansı bir şəraitdə öz fikrini toplamağı, sistemləşdirməyi, onu münasib sözlərlə, ifadələrlə başqalarına çatdırmağı bacarmalıdır.
Monoloji nitqin quruluş sxemi və xüsusiyyətlərinə görə fərqlənən bir sıra növləri vardır: mühazirə, məruzə, məlumat, çıxış, nitq və s.
Dostları ilə paylaş: |