Multikulturalizm həyat tərzi kimi
Multikulturalizmi təbliğ edən ölkə onu dövlət ideologiyasının
tərkib hissəsi, dövlət siyasəti səviyyəsinə qaldırır. Bir sosial hadisə
kimi meydana gələn multikulturalizmin inkişafının sonrakı mərhələləri
onun dövlət ideologiyasına, dövlət siyasətinə çevrilməsi ilə bağlıdır.
Bu mərhələlərin reallaşmasında əsas rol dövlətə məxsusdur.
Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun
inkişafının ən yüksək mərhələsidir. Bu mərhələdə vətəndaş cəmiyyəti
multikulturalizmin cəmiyyətdə yayılmasında olduqca fəal rol oynayır.
Multikulturalizm ideyaları get-gedə ictimai şüurda möhkəmlənir.
Azərbaycanda multikulturalizmin dövlət siyasəti və həyat tərzinə çevrilməsi
onun yüksək inkişaf mərhələsindən xəbər verir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin xalqımızın
həyat tərzinə çevrilməsini mühüm üstünlük hesab edir: “Azərbaycanda
hökm sürən ab-hava, dinlərarası, millətlərarası münasibətlər,
multikulturalizm dəyərləri – bunlar bizim üçün həyat tərzidir. Ancaq
əgər biz bəzi başqa ölkələrə nəzər yetirsək görərik ki, bu, heç də hər
yerdə belə deyil. Əksinə, milli, dini zəmində qarşıdurmalar, müharibələr,
toqquşmalar baş verir, məzhəb zəminində qan tökülür”. Prezident
İlham Əliyev Azərbaycanda multikulturalizmin dövlət siyasəti və həyat
tərzi olmasını Azərbaycanın böyük nailiyyəti hesab edərək, bu iki
faktorun ölkədə müsbət ab-hava yaratmasını qeyd edır.
Cəmiyyətdəki çoxmədəniyyətliliyi, etnik-mədəni müxtəlifliyi
xarakterizə edən multikulturalizm pozitiv hadisədir. O, cəmiyyətin
inkişafında differensiasiya prosesini, müxtəlifliklərin artmasını xarakterizə
edərək onun inkişafından xəbər verir. Bununla belə cəmiyyətdəki
çoxmədəniyyətliliyi, etnik-mədəni müxtəlifliyi xarakterizə etməklə
yanaşı, multikulturalizm eyni zamanda bu müxtəlifliklərin tənzimlənməsinə
yönələn bir siyasətdir. Bir siyasət kimi multikulturalizmin
etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn digər siyasətlərdən
(assimilyasiya, izolyasiya) əsas fərqi, o cümlədən əsas üstünlüyü,
ondadır ki, o, müəyyən birləşmiş cəmiyyət daxilində etnik, irqi,
dini və mədəni müxtəlifliklərin qorunmasına və hətta inkişafına yönəlmişdir.
Özünün bu üstünlüyü sayəsində multikulturalizm siyasəti, bir
tərəfdən, assimilyasiya siyasətindən fərqli olaraq milli azlıqların etnikmədəni
dəyərlərinin ləğv edilməsinin qarşısını alır, digər tərəfdən isə
milli azlıqların etnik-mədəni dəyərləri ilə titul etnosun etnik-mədəni
dəyərlərinin bir-birinə qarşılıqlı təsir etmələri üçün zəruri şərait yaradır
və nəticədə etnik azlıqlara mənsub olan bütün xalqların yaşadıqları
cəmiyyətə inteqrasiya olmalarına şərait yaradır.
Azərbaycanda etnik-mədəni müxtəlifliklərin tənzimlənilməsi
məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, bu müxtəlifliklər əsrlər
boyu ölkəmizdə multikulturalizm prinsipləri əsasında tənzimlənilir.
Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində
demişdir: “Azərbaycanda multikulturalizm dövlət siyasətidir.
Eyni zamanda, bu, bizim həyat tərzimizdir. Multikulturalizmin nisbətən
yeni və bəzən çətin tələffüz edilən termin olmasına baxmayaraq,
multikulturalizm ideyaları hər zaman ölkəmizdə mövcud olmuşdur.
Tarixi dönəmdən və siyasi sistemdən asılı olmayaraq, xalqımız hər
zaman istər ölkədə, istərsə də onun hüdudlarından kənarda multikulturalizmi
fəal müdafiə və təşviq etmişdir”.
Dostları ilə paylaş: |