MÖVZU 9. ŞUALANMA
İonlaşdırıcı şüalanmalar və onlardan mühafizə
Müasir elmi-texniki tərəqqi dövründə, atom energetikasının, kosmik tədqiqatların, radioloji müalicə praktikasının və s. sürətlə inkişafı ilə əlaqədar olaraq mühəndis-texniki işçilərin, hətta hər bir ziyalının zərərli şüalanmaların mahiyyətini, orqanizmə təsirini, bu sahədə gigiyenik normaları və mühafizə üsullarını öyrənməsi zəruridir.
Mühitin ionlaşmasına (yüklənmiş atom və ya molekulların-ionların yaranması) səbəb olan hər hansı şüalanma ionlaşdırıcı şüalanma adlanır. Kosmik şüalar, təbii surətdə yayılmış radioaktiv maddələr ionlaşdırma xassəsinə malikdir. Süni ionlaşdırıcı şüalandırma mənbəyi xalq təsərrüfatında tətbiq edilən süni radioaktiv izotoplardır.
Radioaktiv maddələrlə (uran, radium, torium və s) işləmək insan həyatı üçün təhlükəlidir. Həddindən artıq radioaktiv şüalanma çox ağır nəticələr verir. Lakin müəyyən texniki və təşkilatı tələblərə riayət edildikdə radioaktiv maddələr təhlükəli deyil. Canlı hüceyrələrə ionlaşma təsiri nəticəsində orqanizmdə müxtəlif birləşmələrin kimyəvi quruluşu dəyişir və molekullar arasında rabitə pozulur, hüceyrələr məhv olur. Canlı orqanizmdə 70%-ə qədər su olduğu üçün şüalanma zamanı bioloji proseslərə suyun radiolizi böyük təsir göstərir.
Radioliz məhsulları orqanizmdəki başqa molekullarla kimyəvi reaksiyaya daxil olub, sağlam orqanizmə xas olmayan yeni birləşmələr yaradır. Bioloji proseslərin belə pozulması dönən olduqda bədən hüceyrələri yenidən bərpa olunur, dönməyən olduqda isə patoloji dəyişikliklər müxtəlif xəstəliklərə, xüsusən şüa xəstəliyinə əlverişli şərait yaradır. Bədəndə gedən bu bioloji pozulmalar şüalanma miqdarından, şüalanma müddətindən asılıdır. 400-500 rad şüalanma insan üçün öldürücü təsirə malikdir. 1000 rad ani ölümə səbəb olur.
Radioaktiv şüalanma buraxılabilən həddən artıq olduqda uzun müddətli təsir nəticəsində xroniki şüalanma xəstəliyi yaranır.
Şüa xəstəliyinin əlamətləri yuxunun pozulması, baş ağrıları, dərinin quruması, iştahanın pozulması və s. (ilk mərhələ). Sonra həzmetmə orqanları, maddələr mübadiləsi pozulur, ürək-damar dəyişiklikləri, qanaxma, dırnaqların tökülməsi (ikinci mərhələ) və nəhayət, beyin damarlarına və ürək əzələlərinə qan sızması, tüklərin tökülməsi, cinsiyyət xəstəliyi, irsi nəticələr (ücüncü mərhələ) əmələ gəlir.
İnsan bədəninin birdəfəlik ümumi şüalanmasında udulmuş şüalanma dozasından asılı olaraq aşağıdakı bioloji pozulmalar baş verə bilər.
0,25 qreyə qədər - pozulma müşahidə olunmur
0,25…0,50 qrey - qanda dəyişikliklər yarana bilər.
0,5-1,0 qrey - qanın dəyişməsi, normal əmək qabiliyyətinin pozulması baş verir.
1,0…2,0 qrey - normal vəziyyətin pozulması, əmək qabiliyyəti itirilə bilər
2,0…4,0 qrey - əmək qabiliyyətinin itirilməsi ölümlə nəticələnə bilər.
4,0…5,0 qrey zədələnmələrin 50% -ə qədəri ölümlə nəticələnir.
6,0 qrey və daha çox zədələnmələrin 100% qədəri ölümlə nəticələnir.
Dostları ilə paylaş: |