MÖvzu: 1 FƏLSƏFƏnin genezisi, predmeti və CƏmiyyəTDƏ rolu plan



Yüklə 1,72 Mb.
səhifə16/23
tarix21.01.2017
ölçüsü1,72 Mb.
#6054
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

II
Həqiqətin müxtəlif formaları vardır. Onlar dərk olunan (inikas edilən) obyektin xarakterinə, predmetli reallığın növlərinə, obyektin mənimsənilmə dərəcəsinə və s. görə bir-birindən fərqləndirilirlər. Əvvəlcə inikas edilən obyektin xarakterinə müraciət edək.

Insanı əhatə edən reallıq ilk baxışdan vahid sistem kəsb edən materiya və ruhdan təşkil olunduğu göz önünə gəlir. Reallığın hər iki sferası insan inikasının obyektinə çevrilir. Onlar haqqında informasiya həqiqətdə təcəssüm edir. Maddi mikro-, makro- və meqa-aləmlər sistemlərdən gələn informasiya aıxını predmetli həqiqət adlandırdığımız şeyi formalaşdırır (o, öz növbəsində fiziki-predmetli həqiqətə, biloji-predmetli həqiqətə və s. ayrılır).

Dünyagörüşün əsas məsələsi nöqteyi-nəzərdən “təbiət” və ya “aləm” anlayışları ilə nisbətdə olan “ruh” anlayışı öz növbəsində ekzistensial və idraki-rasionalist mənasında koqnitiv reallığa ayrılır. Ekzistensial reallıqa xeyir, ədalət, gözəllik, məhəbbət, dostluq hissələri və s. kimi mənəvi dəyərlər, habelə fərdlərin mənəvi aləmi daxildir. Burada təbii olaraq sual meydana gəlir: mənim xeyir, hər hansı bir insanın mənəvi aləmi haqqında təsəvvürlərim doğrudurmu yoxsa yanlış? Əgər bi yolda biz həqiqətə nail ola biliriksə, onda biz ekzistensial həqiqətə nail olduğumuzu zənn edə bilərik.

Fərdin mənimsədiyi obyektlər arasında bu və ya digər konsepsiyalar, o cümlədən dini və ya təbii-elmi konsepsiyalar da ola bilər. Burada da sual oluna bilər: fərdin əqidələri bu və ya digər dini ehkamlar kompleksinə nə dərəcədə uyğun gəlir? Yaxud biz nisbilik nəzəriyyəsini və ya müasir sintetik təkamül nəzəriyyəsini nə dərəcədə düzgün qavrayırıq? Hər iki halda “həqiqilik” anlayışından istifadə etmək olar. Bu, konseptual həqiqətin mövcudluğundan xəbər verir. Deyilənləri bu və ya digər subyektin idrakın metodları, vasitələri haqqında, məsələn, sistemli yanaşma, modelləşdirmə metodu və s. haqqında təsəvvürlərinə də aid etmək olar. Bu, həqiqətin əməliyyat növününün də olduğunu göstərir.

Göstərilənlərdən başqa, həqiqətin insanın idraki fəaliyyət növlərinin spesifikliyindən də irəli gələn növləri var, məsələn, elmi həqiqət, adi (gündəlik) həqiqət, əxlaqi həqiqət.

İdrak nəzəriyyəsində həqiqətin nisbi və mütləq formaları mühüm yer tutur.

Nisbi və mütləq həqiqətin qarşılıqlı nisbəti dünyagörüşü xarakterli bir məsələ kimi bəşər mədəniyyətinin müəyyən inkişaf mərhələsində meydana gəlməli idi. İnsanlar təbiətdə tükənməz özünütəşkil obyektlərinin olduğunu dərk edib, hər hansı bir nəzəriyyənin mütləq həqiqətə nail olmaq iddiasının əsassız olduğunu aşkar etmişdilər.

Obyektiv reallığın özü kimi, həqiqi bilik də inkişaf etməkdədir. Orta əsrlərdə insanlar günəş və planetlərin Yer ətrafında fırlandığını düşünürdülər. Bu, həqiqət idimi yoxsa yanlış? İnsanlar planetləri yeganə “müşahidə” məntəqəsi olan Yerdən müşahidə etdikləri üçün Günəş və planetlərin onun ətrafında fırlandığını zənn edirdilər. Bu, bizim biliklərimizin idrakın subyektindən asılı olduğunu göstərir. Lakin yuxarıda gətirdiyimiz misalda insandan, bəşəriyyətdən asılı olmayan məzmun da var ki, bu da Günəş sistemi cisimlərinin hərəkətdə olması haqqında biliklərimizdir. Bu, bu fikirdə obyektiv həqiqət zərrəciyinin olmasından xəbər verir.

Kopernikin təlimində deyilir ki, bizim planetlər sisteminin mərkəzi Günəşdir. Yer kürəsi və planetlər onun ətrafında çevrə üzrə fırlanır. Əvvəlki təsəvvürlərə nisbətən burada obyektiv məzmun daha çoxdur. Lakin bununla belə burada deyilənlərin heç də hamısı obyektiv reallığa uyğun gəlmirdi, çünki bunun üçün astronomik müşahidələr aparılmalı idi. Öz müəllimi Tixo braqenin müçahidələrinə arxalanan Kepler göstərdi ki, planetlər Günəş ətrafında çevrə yox, ellips üzrə fırlanır. Bu, daha düzgün bilik idi. Müasir astronomiya planetlərin trayektoriyasını və fırlanma qanunlarını daha düzgün müəyyən etdi. Gətirilən misallardan aydın olur ki, həqiqət tarixən dəyişkəndir. Yeni kəşflər əldə olunduqca onun dolğunluğu artır.

İdrakın bu səviyyəsində əldə olunan həqiqətin konkret tarixi şəraitdən asılı olan, onun dəqiqlik, dolğunluq və səlislik dərəcəsini xarakterizə edən formasını nisbi həqiqət adlandırırlar. Beləliklə, insan idrakının, o cümlədən elmin inkişafı bir nisbi həqiqətin digər, daha dolğun və dəqiq həqiqətlə daima əvəz edilməsindən ibarətdir.

Hər hansı bir hadisə haqqında tam dolğun, dəqiq, hərtəfərli, bitmiş biliyə mütləq həqiqət deyilir. Sual oluna bilər: mütləq həqiqətə nail olmaq olarmı? Aqnostiklər bu suala yox cavabı verirlər. Sübut üçün bu fikri əsas götürürlər ki, idrak prosesində biz yalnız nisbi həqiqətlərlə əməliyyat aparırıq. Onların fikrilərinə görə, Günəş sistemi haqqında misaldan göründüyü kimi, onlardan hər biri zaman ötdükcə öz dəqiqliyini, tamlığını itirir. Deməli, tam dolğun biliyə nail olmaq mümkün deyil. Hadisə nə qədər mürəkkəb olsa, mütləq həqiqətə də nail olmaq bir o qədər çətin olur. Bununla belə mütləq həqiqət var. O, insan idrakının can atdığı hədd, məqsəd kimi aşılanmalıdır. Hər bir nisbi həqiqət bizi bu məqsədə yaxınlaşdıran pillədir.

Beləliklə, nisbi və mütləq həqiqət həqiqətin sadəcə müxtəlif səviyyə və ya formalarıdır. Cəmiyyətin inkişaf səviyyəsindən, texnikadan, elmin və s. vəziyyətindən asılı olan biliklərimiz buna görə də həmişə nisbi xarakterə malik olur. Idrak səviyyəmiz nə qədər yüksək olsa, mütləq həqiqətə də bir o qədər yaxın olmuş olarıq. Lakin bu proses sonsuz ola bilər, çünki tarixi inkişafın hər bir mərhələsində biz bizi əhatə edən aləmin yeni xassələrini və tərəflərini aşkar edib onun haqqında daha dolğun və dəqiq biliklər yaradırıq. Obyektiv həqiqətin bir nisbi formasından digərinə daima keçid prosesi idrak prosesinin inkişafda olmasını göstərir. Beləliklə, hər bir nisbi həqiqətdə mütləq həqiqət də özünə yer almış olur və əksinə: mütləq həqiqət – nisbi həqiqətlərin sonsuz ardıcıllığının həddidir.



Həqiqət prosesdir. Obyektiv həqiqətin proses olması özünü aşağıdakı iki tərzdə biruzə verir: birincisi, obyektin daha dolğun dərki istiqamətində dəyişikliklər prosesi kimi; ikincisi, konsepsiyalar, nəzəriyyələr strukturunda yanılmaların aradan qaldırılması prosesi kimi.

Hər bir hərəkə, inkişaf kimi, az dolğunluğu olan həqiqətdən daha dolğun həqiqətə doğru hərəkət (yəni həqiqətin inkişaf prosesi) də özündə davamlılıq və dəyişkənlik məqamlarını birləşdirir. Birlikdə onlar biliyin həqiqi məzmununun artmasını şərtləndirir. Bu vəhdət pozulduqda həqiqətin inkişafı dayanır və ya ləngiyir. Davamlılıq (mütləqlik) məqamı üstünlük təşkil etdikdə ehkamçılıq, fetişizm, nüfuzlara pərəstiş formalaşır. XX əsrin 20-ci illərinin sonundan 50-ci illərinin ortalarınadək sovet fəlsəfəsində bu cür situasiya müşahidə olunurdu.

Biliyin nisbiliyinin şişirdilməsi, mütləqləşdirilməsi isə lüzumsuz skeptisizmə və sonda aqnostosozmə səbəb ola bilir. Relyativizm dünyagörüşə çevrilə bilər. Relyativizm idrak prosesində pessimizmə gətirib çıxaran təşviş əhval-ruhiyyəsinə səbəb olur.

Qnoseoloji relyativizm zahirən ehkamçılığa əks bir hadisə kimi görünür. Lakin onların arasında ortaq cəhət var ki, bu da onların dəyişkənliklə davamlılığı qarşı qarşıya qoymasıdır. Onlar bir-birini tamamlayır.

Dialektika doqmatizmə və relyativizmə qarşı mütləq olanla nisbi olanı, dəyişkənliklə davamlılığı bir araya gətirən həqiqəti qoyur.

Həqiqətin formalarını nəzərdən keçirdikdən sonra həqiqət konsepsiyalarına, onların bir-birinə nisbəti, habelə onlarda həqiqətin bu və ya digər formalarının olub-olmaması məsələsinə keçid etmək lazım gəlir. Əgər onlarda həqiqətin bu və ya digər formaları aşkar olunarsa, onda, deməli, biz onlara əvvəlki düzxəttli tənqidi yanaşmadan imtina etməli olacağıq. Bu konsepsiyalar həqiqətin tədqiqinin spesifik strategiyaları kimi qəbul edilməlidir. Onların sintezinə cəhd edilməlidir.

Bu mənada ABŞ filosofu N.Reşerin fikirləri diqqəti cəlb edir. Onun fikrincə, həqiqətin üç KONSEPSİYASI BİRİ-BİRİNİ İNKAR ETMƏYİB TAMAMLAYIR. Fəlsəfədən həqiqətin hər hansı bir konsepsiyasını xaric etmək cəhdləri uğursuzluqla nəticələnir. Bu nöqteyi-nəzərdən çoxhəlqəli mühakimələrə adət etmiş məntiqçi və riyaziyyatçıların həqiqətin koqerent konsepsiyasına meylli olmalarının səbəbləri aydın olur. Fiziklər, xüsusən də eksperimentatorlar uyğunluq konsepsiyasının üstünlüklərindən geniş istifadə edirlər. Texniki mühəndis işçiləri öz fəaliyyətində tez-tez həqiqətin praqmatik konsepsiyasına arxalanırlar.
III

Həqiqətin antipodu (həqiqətə əks olan anlayış) yalandır. Yalan adətən yanlış təsəvvürlərin bilərəkdən həqiqətə yüksəldilməsi kimi dərk olunur. Yalan insanların gündəlik və sosial həyatına köklənir. O, fərdlərin və sosial qrupların maraqlarının toğğuşduğu hər bir insan kommunikasiyasının funksiyasıdır. Adi həyat təcrübəsi göstərir ki, yalan mövcuddur. Deməli, məsələ onun olub-olmamasında yox, hər bir konkret halda onun xüsusi çəkisindədir.

Həqiqət və yalan bəşəriyyətin çoxəsrli lüğətindən olan sözlərdir. Lakin tarixdə onlar birmənalı şərh olunmamışdı. Həqiqətin korrespondent konsepsiyasında olduğu kimi, həqiqətdir/yanlışdır sözləri dedikdə mülahizədə formulə edilmiş rəyin təsdiqlənməsi /təsdiqlənməməsi, saxtalaşdırılması/ saxtalaşdırılmaması nəzərdə tutulur. Həqiqətin koqerent konsepsiyasında həqiqətdir/yanlışdır mülahizənin daxil olduğu mülahizələr sisteminə uyğun olub-olmaması kimi şərh olunur. Burada həqiqətdir/yanlışdır əvəzinə bir-biri ilə düz gəlmə/gəlməmə ifadəsindən istifadə etmək məqsədə müvafiq olar. Nəhayət, praqmatik həqiqətdə söhbət qoyulmuş məqsədlərə çatmaqda mülahizələrin səmərəliliyi/səmərəsizliyindən gedir.

Yalan anlayışı mənasına görə “yalan məlumat vermə” anlayışına yaxındır. Yalan həmişə subyektin qərəzliyi ilə bağlıdır. Yalan məlumat isə şüurlu və ya qeyri-şüuri olaraq verilir. Bununla belə, o, yalan olaraq qalır.

“Yalan məlumat vermə” anlayışı bu mənada “yalan” anlayışından fərqlənir. Bundan başqa, onda informasiyanın ötürülməsi prosesi, yəni kommunikativ məqam kölgələndirilir. “Yalan məlumat vermə” obyektiv olaraq yalan biliyin həqiqi, obyektiv olaraq həqiqi biliyin yalan kimi ötürülməsidir.

Yalan məlumat vermənin növlərindən biri “gizlədərəkdən yalan”dır. Totalitar siyasi rejim aşağıdakı instansiyaların yol verilmiş səhvləri, uğursuzluqları gizlədərək “yuxarı”ya yalnız yaxşı informasiya barədə məlumat vermək niyyətini şərtləndirir. Yuxarı orqanlar isə bu cür praktikanın qarşısını almırlar. “Gizlədərəkdən yalan” kütləvi informasiya vasitələrinə də daxil olur. Əslində böhran, tənəzzül müşahidə olsa da, “uğurlu tərəqqi” illüziyası formalaşır.

İndi də yanılma fenomeninə nəzər salaq. Belə bir fikir mövcuddur ki, guya elm yalnız və yalnız həqiqətlərlə, özü də obyektiv həqiqətlərə əməliyyatlar aparır. Dahi fizik Lui de Broyl yazırdı: “Elmlə məşğul olmayan insanların özü çox vaxt düşünürlər ki, elm həmişə tam mötəbər müddəalardan xəbər verir. Bu insanlar hesab edirlər ki, elmi işçilər öz qənaətlərinə danılmaz faktlar əsasında gəlirlər və, deməli, səhvləri istisna edərək inamla irəli addımlayırlar. Lakin müasir elmin vəziyyəti, eləcə də elmlərin keçmiş tarixi göstərir ki, məsələ tamamilə başqa cürdür”. Elmi idrakda fakt və nəzəriyyələrlə yanaşı psevdofaktlara, psevdonəzəriyyələrə rast gəlmək olur. Burada həm yalan məlumat vermə, həm də yalan yer almış olur.

Yanılma özünəməxsus nəzəri-idraki hadisədir. O, qərəzsiz olaraq mühakimələrin və ya anlayışların obyektə uyğun gəlməməsidir. Qərəzsizlik xassəsi onu yalan və yalan məlumat vermədən əsaslı şəkildə fərqləndirir. Yanılmaların əsasında yalan məlumat vermə də ola bilir, lakin onlara başqa faktlar da səbəb ola bilir.

Elmdə, təbiətşünaslıqda yanılmaların əmələ gəlməsinin səbəbləri müxtəlifdir. Qnoseoloji səbəblərdən həqiqət axtarışının xarakterini qeyd etmək olar. O, həmişə fərziyyələrin, hipotezlərin irəli sürülməsi ilə bağlıdır. Subyekt ona naməlum olan sahəyə artıq məlum olan faktlara əsaslanan ilkin təsəvvürlərlə əlaqəlidir. Lakin məlum olanlar əsasında naməlum sahəni heç də həmişə düzgün şərh etmək olmur. Qnoseoloji amillərə həmçinin öyrənilən obyektlərin çoxşaxəliliyi, onların bəzən birtərəfli əks olunması aiddir. Hissə tam, bir tərəf, bir element – bütöv bir sistem kimi qavranılır ( bu mənada işığın mahiyyəti haqqında biliklərin inkişafını xatırlatmaq yerinə düşər – burada əvvəlcə daxili ziddiyyətin bir, sonra da digər tərəfi dərk olunurdu). Nəticədə əldə olunmuş ilkin həqiqət qeyri-həqiqətə transformasiya edir. Alim daim qnoseoloji xarakterli kolliziyalarla üzləşə bilir. “Elmdə bütün əsaslı ideyalar reallıqla bizim onu dərk etmək cəhdlərimiz arasındakı dramatik münaqişədə meydana gəlmişdir.”14

Həqiqət axtarışında qaçılmaz olan fərziyyələr öz-özlüyündə nə doğru, nə də yalandırlar: bir-birindən onlar mötəbərlik dərəcəsinə görə fərqlənirlər. Lakin müxtəlif sosial mənafeləri güdən subyektlər bu fərziyyəni həqiqət səviyyəsinə yüksəltməyə qadirdirlər.

Həqiqət hadisələrin üzərində olmayıb onların dərinliklərində gizlənir. Buna görə də müxtəlif fərziyyələr, ehtimallar irəli sürülür. Onlar yoxlanılır, sınaqdan keçirilir. Bu an yanılmalara, səhvlərə yol verilə bilər. Akademik P.L.Kapitsa qeyd edirdi ki, alim səhvə yol verə bilər; səhvlər yalançı elm deyil. “Yalançı elm səhvləri boynuna almamaqdır. Demək olar ki, səhvlər həqiqətin dialektik axtarış üsuludur. Onların zərəri şişirdilməməli, xeyiri isə azaldılmamalıdır”.

Bütün alimlər həqiqi bilik qarşısında bərabərhüquqludurlar. Heç bir alim, heç bir cərəyan və ya məktəb elmdə inhisarçılıq iddiasında ola bilməz – nə həqiqətə doğru irəliləyiş zamanı, nə də ki, onu üzə çıxardıqdan sonra.

Yanılmalar onları meydana gətirmiş amillərə, onlardakı informasiyanın mötəbərlik dərəcəsinə, biliyin inkişafındakı roluna görə müxtəlif ola bilir.

Elmin inkişafında yanılmaların rolu birmənalı deyildir. Əslində hər bir yanılma bizi həqiqətdən uzaqlaşdırır, dərketməyə maneçilik törədir. Əsl alim heç vaxt onu bilərəkdən qurmur. O, özünün konstruksiyasının və ya onun hansı bir hissəsinin düzgün olmadığını yalnız fərz edə bilir. Lakin o, çox vaxt öz konstruksiyalarının düzgün olduğuna əmin olur.

Yanılmalar elmin sonrakı hərəkəti üçün çıxış nöqtəsi olan problemli situasiyaların yaradılmasına səbəb ola bilir. Misal olaraq kvant mexanikasını gətirmək olar. Onun yaradılması üçün elektronun atom nüvəsi ətrafında klassik orbit üzrə hərəkət edən klassik obyekt kimi modeli xüsusi əhəmiyyət kəsb edirdi. Öz-özlüyündə elektron haqqında bu cür təsəvvürlər yanılma idi, lakin məhz bu təsəvvürlər bir sıra prodlemləri formulə etmək imkanı verdi. Aşağıdakı suallar meydana gəldi: elektron niyə davamlı orbitə malik olub atom nüvəsinin üzərinə düşmür? Onun şüalanmasının diskret xarakteri nə ilə izah olunur? və s. Bu sualları cavablandırmaq zərurəti əvvəlcə Borun kvant postulatlarının formulə edilməsinə, sonra da kvant mexanikasının yaranmasına səbəb oldu. Nəticədə elmdə elektronların klassik orbitləri haqqında təsəvvürlərin özü aradan qaldırıldı. Lakin bu, yeni elmi nəzəriyyənin meydana gəlməsinə də səbəb oldu.

Yalançı kimyanın da verdiyi nəticələr məlumdur. Bütövlükdə yanılma olsa da, onun dərinliklərində sonralar həqiqi ideyalar statusunu almış ideyalar inkişaf edirdi. Yalançı kimya bir çox elementlərin xassələrinin kəşfinə səbəb olmuş, nəticədə həqiqi kimyanın binövrəsini qoymuş olmuşdu.

Yanılmalar problemli situasiyaların yaranmasına, problemlərin həllinin düzgün yollarının tapılmasına səbəb olur. Elmin tarixi sübut edir ki, həqiqətə yol yanılmalardan keçir. Onlar idrakda irrasional başlanğıc yox, əksinə, elmin arxalanaraq həqiqətə doğru irəlilədiyi zəruri pillə olmuşdur.

IV

Bu problem çoxdandır ki, mövcuddur antik dövrdən başlayaraq fəlsəfənin bütün inkişaf mərhələlərində bu problem mövcud olmuşdur.

Ötən əsrin bəzi filosoflar bu fikirdə idilər ki, biliyin obyektiv həqiqiliyi haqqında məsələnin birmənalı həlli üçün elə bir möhkəm təməl yoxdur. Buna görə də onlar skeptisizmə və aqnostisizmə meylli olmuşdular. Digərləri belə bir meyarı insanın duyğu və qavrayışında görür, duyğulardan alınan hər bir məlumatın həqiqi olduğunu düşünürdülər. Lakin duyğularımızla bilavasitə bəlli olan şeylərlə nəinki mürəkkəb inkişaf etməkdə olan elmi-nəzəri sistemi, hətta heç bir ümumi mühakiməni də sübut etmək olmur. Axı hər bir ümumi mühakimə sonsuz sayda tək predmetləri əhatə edir. Müşahidələrin sayına baxmayaraq, o, bütün halları əhatə edə bilməz. Məsələn, “Bütün insanlar ölməyə məhkumdur” hökmünü ayrı-ayrı insanların ölümünü müşahidə etməklə sübut etmək olmaz. Sübut üçün təkcə hazırda yaşayan deyil, gələcəkdə də dünyaya göz açacaq insanların ölümünü gözləmək lazım gələr. Bundan başqa, bir çox elmi-nəzəri müddəalar insanların duyğuları ilə birbaşa qavranılmayan obyektlər barəsində deyilir. Buna görə də həqiqətin meyar keyfiyyətində duyğu və qavrayışın əsas götürülməsi uğursuzluqla nəticələnmişdir ki, bu da ümumiyyətlə bu cür meyarın olmasına şübhə yaratmış, skeptisizmə gətirib çıxarmışdı.

Bəzi filosoflar hesab edirdilər ki, biliyin mötəbərliyini həqiqiliyi bəlli olan, aydınlığı və ziddiyyətsizliyi şəksiz olan bir-neçə ən ümumi müddəadan çıxarmaqla sübut etmək olar. Lakin real gerçəklikdə aydın, sübuta ehtiyacı olmayan bu cür müddəalar yoxdur. Təfəkkürün aydınlığı isə biliyin obyektiv həqiqət olmasının sübutu üçün həddindən artıq etibarsız meyardır. Evklidin beşinci postulatı çox aydın görünürdü. Lakin N.Lobaçevcki özünün yeni həndəsəsində məhz Evklidin beşinci postulatına zidd olan müdədadan çıxış edərək bizi əhatə edən məkan haqqında obyektiv həqiqi biliyə nail oldu. Müasir elm heç bir nəzəri müddəanı öz özünə məlum olan bir şey kimi qəbul etmir. O, əvvəllər müqəddəs hesab olunan hər bir fikri şübhə altına alır, və, əksinə, tamamilə ağlagəlməz fikirləri çıxış prinsipləri kimi irəli sürür. Bir qayda olaraq yeni müddəalar aydın yox, qeyri-adi görünür.

Beləliklə, ən ümumi müddəaların nə hissi müşahidəsi, nə də ki, aydınlığı biliyin həqiqiliyinin meyarı ola bilməz. Bütün bu konsepsiyaların əsas çatışmayan cəhəti onda idi ki, onlar biliyin həqiqiliyinin meyarını biliyin özündə, onun başqaları ilə müqayisədə üstün hesab olunan hansısa bir xüsusi müddəalarında axtarırdılar.

K.Marks həqiqətin meyarını subyekt çərçivəsində axtarmaq cəhdlərinin kifayət etmədiyi qeyd edirdi. Ardıcıl materializm burada subyektivliyin rolunun açıq-aşkar şişirdilməsi ilə üzləşmiş olurdu. Elə bir meyar tapmaq lazım idi ki, o, birincisi, biliklə bilavasitə əlaqəli olsun, onun inkişafını şərtləndirsin, amma özü bilik olmasın, ikincisi, bu meyar ən ümumiliklə bilavasitə qerçəkliyi özündə biləşdirmiş olsun.

Bu meyar praktika fenomenidir. Praktikada subyekt, onun bilik və iradəsi iştirak edir. Praktikada obyektiv və subyektiv olan vəhdətdədir. Ümumilikdə praktika obyektiv maddi prosesdir. O, obyektiv qanunlar üzrə inkişaf edərək təbii proseslərin davamı kimi xidmət edir. Bununla belə idrak subyektivliyini itirmir. Praktika özündə biliyi birləşdirir. O, yeni biliyi yaratmağa qadir olmaqla onun əsası və son məqsədi kimi çıxış edir. Praktikanın özündə hissi konkretlilik, bilavasitə gerçəklik və ən ümumilik (mahiyyət, mahiyyət qanunları) bir araya gətirilmişdir.

Nəzəriyyənin həqiqiliyi və ya qeyri-həqiqiliyi haqqında məsələni həll edərkən onu praktika ilə əlaqədə nəzərdən keçirmək lazımdır. K.Marks yazırdı ki, insan təfəkkürünün predmetli həqiqətə malik olub-olmaması nəzəri yox, praktiki məsələdir. Praktikada insana öz təfəkkürünün həqiqiliyini, yəni gerçəkliyini sübut etməlidir. Praktikadan təcrid olunmuş təfəkkürün gerçək olub-olmamasına dair mübahisə sxolastik məsələdir15.

Ictimai və təbiət elmlərində həqiqətin meyarı ümumiyyətlə praktika yox, onun müəyyən növləridir. Müddəalarının universallığı, ümumiliyi ilə seçilən fəlsəfə sahəsində də praktika özünə yer alır, lakin bu, artıq praktikanın spesifik növü yox, gündəlik, istehsal və sosial-siyasi praktika da daxil olmaqla ümumilikdə insanların tarixi praktikasıdır.

Praktikadan başqa, elmi idrakda həqiqətin başqa meyarları da var. Onlar praktikanın həqiqəti və ya yanılmanı təyin edə bilmədiyi yerlərdə əhəmiyyət kəsb edir.

Onların arasında məntiqi meyar xüsusilə qeyd olunmalıdır. Burada o, formal-məntiqi meyar kimi başa düşülür. O, fikrin məntiqi ardıcıllığını, onun formal məntiq qanunlarına əməl etməsini tələb edir. Mühakimələrdə və ya konsepsiyanın strukturunda məntiqi ziddiyyələrin aşkar edilməsiyanılma və ya səhvin göstəricisidir. Müasir formal məntiq bir çox elmlərdə, xüsusən də, riyaziyyatda çox böyük nüfuza malikdir.

Nəzəri təbiətşünaslıqda, ictimai elmlərdə və fəlsəfədə aksioloji meyar, yəni ümumdünyagörüş, ümummetodoloji, sosial-siyasi, mənəvi-etik və estetik prinsiplərə müraciət etmə xüsusi yer tutur.

Lakin həqiqətin ən etibarlı meyarı praktikadır. Praktika həqiqətin həm məntiqi, həm aksioloji, həm də digər meyarlarının əsasını təşkil edir. Elmdə mühakimə və konsepsiyaların həqiqiliyinin bütün müəyyənləşdirmə üsulları (istər formal-məntiqi yoxlama, istər ümumfəlsəfi metodologiya ilə əlaqələndirmə, istər intersubyektivlik (hamı üçün əhəmiyyətlilik), istərsə də intuitiv duyğu) sonda bir sıra vasitəli həlqələrlə praktika ilə bağlanmış olur. Bu mənada demək olar ki, praktika – həqiqətin əsas meyarıdır.

Həqiqətin sübutu ilə biliyin həqiqiliyinin yoxlanmasını bir-birindən fərqləndirmək lazımdır. Sübutda həqiqətin praktikada sınaqdan keçməsi, məntiqi ziddiyyətsizliyi, aksioloji dəyəri barədə istinadlar olur. Bəzən natamam sübutlara da rast gəlinir. Ümumiyyətlə, həqiqətin sübutu ilə onun yoxlanmasını eyniləşdirmək olmaz, çünki sübutetmə üsulu həqiqətin formalaşması prosesinə daxildir. Həqiqətin yoxlanması isə sübutun praktiki və ya riyazi-məntiqi olmasından asılı olmayaraq sonda praqmatik xarakter daşıyır.

Praktika həm digər meyarlarla əlaqəli olduğundan, həm də həqiqətin həm mütləq, həm də nisbi (müəyyən və qeyri-müəyyən) meyarını təşkil etdikdən dialektik meyar kəsb edir. Praktika həqiqətin əsa meyarı olduğundan mütləq meyar kimi dəyərləndirilə bilər. Biliyin obyektivliyini sübut etməklə praktika onun mütləq olmasını da sübut edib bununla da aqnostisizmin əsassız olduğunu nümayiş etdirir.

Bununla belə həqiqətin meyarı kimi praktika qeyri-müəyyən, nisbi xarakter daşıyır. Söhbət yalnız nisbi həqiqətlərin və onun hüdudlarında mütləq həqiqətin sübuta yetməsindən gedir. Söhbət həmçinin ondan gedir ki, praktika donmuş, mistik bir hadisə olmayıb daima inkişaf edir. O, həm yüksək səviyyədə inkişaf etmiş, həm də zəif inkişaf etmiş ola bilir.

Praktikanın özü tarixən məhduddur. Hansı biliyin həqiqi, hansının isə yanlış olmasını müəyyən edən praktika mütləq yox, nisbi mənada, müəyyən formada çıxış edir. Praktikanın inkişaf səviyyəsi bəzən həqiqəti müəyyən etmək imkanı vermir. “Praktikanın məhdud formaları şəraitində yaşayan insanlar onların məhdud olduğunu dərk etməyib onları əbədi və dəyişməz kimi qəbul edirlər. Beləliklə də onlar yanılmaların əsirinə çevrilib praktikanın və idrakın irəliyə doğru həqiqi hərəkətini də yanlış kimi qavrayırlar...Praktika konkret biliyin tərkibindəki həqiqəti yanılmadan lakmus kağızı turşunu qələvidən ayırdığı kimi tez bir vaxtda ayıra bilmir”16.

Beləliklə, həqiqətin meyarı inkişafda olan praktikadır. İnkişafda götürülmüş praktika elmin müddəalarının obyektiv (deməli, mütləq) həqiqət olduğunu sübut edir.

Həqiqəti yanılmadan fərqləndirməyin çətin olması o demək deyildir ki, həqiqət yoxdur və ya bu həqiqətin həcmi dəyişmir. Həqiqət var, lakin o, formalaşma prosesindədir.

Mötəbər (və ya ehtimal) biliyin tərkibində olan obyektiv həqiqətin elementləri biliyin inkişaf istiqamətlərini müəyyən edir. Elmdə həqiqi biliyin həcmi fasiləsiz olaraq artır. Bu artımın əsasında praktikanın fasiləsiz olaraq inkişafı və insan zəkasının idraki fəaliyyətinin fəallaşması durur. Əgər yanılmaların subyektivlikdən əmələ gəlməsi düzgündürsə, onda həqiqəti yanılmalardan ayırmaq da subyektivliyin köməyi, subyektiv fəallığı ilə mümkündür.



V

Hamıya məlumdur ki, elmin əsas məqsədi həqiqi biliyi əldə etməkdir. Buna görə də elmi biliyin quruluşu və inkişafını araşdıran elm fəlsəfəsində həqiqət anlayışının mərkəzi yerlərdən birini tutmalıdır. Lakin bu heç də belə deyildir. Hətta son illərin fəlsəfi-metodoloji ədəbiyyatında həqiqət anlayışına demək olar ki, rast gəlinmir.

qədər ki, həqiqət anlayışından ümumi və qeyri-müəyyən mənada istifadə olunurdu, onun istifadəsində elə bir çətinlik yaranmırdı. Sanki elmi bilik bizə gerçəkliyin bu və ya digər dərəcədə adekvat mənzərəsini verir.

Lakin XIX əsrin sonu-XX əsrin əvvəllərində elmin inkişafı, elm dilinin məntiqi-semantik təhlil vasitələrinin meydana gəlməsi klassik həqiqət konsepsiyası qarşısında ciddi problemlər qoymuşdu. Fizikada klassik elmin materiya, zaman və məkan haqqında fundamental təsəvvürlərinə yenidən baxılması ilə əlaqədar baş vermiş inqilab göstərdi ki, yüz illər ərzində heç bir şübhə doğurmayan, praktikada geniş tətbiq olunan və insan fəaliyyətinin nəhəng materiallarında öz təsdiqini tapan nəzəriyyələr buna baxmayaraq sözün əsl mənasında doğru deyildirlər. Əgər indiyədək klassik konsepsiya sərt həqiqət-yalan dixotomiyasına arxalanmışdırsa, kvant mexanikası və nisbilik nəzəriyyəsinin meydana gəlməsi ilə əlaqədar bu dixotomiyanı əhəmiyyətli şəkildə yumşaltmaq lazım gəldi. Əlbəttə, 300 il bundan əvvəl kainatın geosentrik mənzərəsinin yanlış olması aşkar edildiyi kimi, bu dixotomiya nöqteyi-nəzərdən klassik mexanikanın da sadəcə yalan konsepsiya olduğu məlum oldu. Lakin Kopernik inqilabı nəticəsində geosentrizm sadəcə yanılma kimi rədd edilmişdisə, klassik mexanika elmdə “son hal”, nisbətən az sürət və makroproseslər aləmində düzgün sayılan natamam həqiqət kimi qaldı.

Dünayada baş verən inqilabi dəyişikliklərlə birgə Q.Freqenin, B.Rasselin, L.Vitqenşteynin və b. əsərlərində intensiv şəkildə məntiqi-semantik apparat işlənməkdə idi. Həqiqət nəzəriyyəsi üçün bu, aləm haqqında elmi təsəvvürlərin dəyişəmsindən də əhəmiyyətli idi. Semantik nəzəriyyələrin qurulması, çoxluqlar nəzəriyyəsinin paradokslarının təhlili, hipotetik-deduktiv nəzəriyyənin strukturunun dəqiq təsviri, elmin dilinin təhlilinə olan marağın artması və s. – bütün bunlar tədricən insan biliyinin həqiqiliyinin müzakirəsinin daha konkret xarakter əldə etməsinə gətirib çıxardı: elmin məntiqi-semantik dilinə arxalanaraq həqiqət problemini biliyin ayrı-ayrı elementləri olan cümlə və nəzəriyyələrə dair nəzərdən keçirməyə başladılar. Məsələyə bu cür, yəni daha konkret yanaşdıqda dərhal məlum oldu ki, məsələn, həqiqət anlayışı elmin istifadə edə biləcəyi cümlələrin heç də hamısı barəsində işlədilə bilməz. Məsələn, “Yuli Sezar sadə rəqəmdir” kimi mənasız cümlələrə onu tətbiq etmək olmaz. Bir çox cümlə tipləri üçün isə həqiqət anlayışının rəmzi heç aydın deyil.

Dilin məntiqi-semantik təhlilinin köməyi ilə həqiqətin klassik anlamının konkretləşdirilməsinə və dəqiqləşdirilməsinə doğru atılan mühüm addımlardan biri A.Tarskinin “Formallaşdırılmış dillərdə həqiqət anlayışı” əsəri olmuşdur. Əsərdə Tarski həqiqəti metafiziki mahiyyət kimi yox, düşünülmüş cümlələrin malik ola bildikləri (ola bilmədikləri) xassəsi kimi nəzərdən keçirir. Həqiqətin klassik anlamının əsas ideyası olan fikrin gerçəkliyə uyğunluğu ideyasını Tarski ayrıca olaraq hər bir konkret cümlə üçün formulə etməyə cəhd edir. Məsələn, “Qar ağdır” cümləsi doğrudurmu? Klassik konsepsiya onu belə izah edir: “Bu, o deməkdir ki, bu cümlə gerçəkliyə uyğundur”. Tarski onu dəqiqləşdirərək yazır: “Qar ağdır” cümləsi yalnız qarın həqiqətən ağ olduğu halda doğrudur.

Burada bir məqama diqqət yetirilməlidir: Tarskinin nəzəriyyəsində fikrin gerçəkliyə uyğunluğu ideyası ayrıca cümlənin onun təsvir etdiyi gerçəklik fraqmentinə, yəni hansısa bir fakta uyğunluğu ideyasına transformasiya edir. Hansı faktın nəzərdə tutulduğuna cümlənin məzmununun özü işarə edir.

Bəs ayrıca bir cümlənin və ya nəzəriyyənin faktlara uyğunluğu nə deməkdir? Məntiqi pozitivizmin nümayəndələri bu uyğunluğu cümlənin və ya nəzəriyyənin təcrübədə, hisslərimizin bizə verdiyi məlumatlarda təsdiqlənməsi kimi şərh edirdilər. Məsələn, “Ağ ayılar şimalda yaşayır” cümləsini yalnız bizə məlum olan A, B, C ayılarının Şimalda yaşadıqları halda müvafiq fakt hesab etmək olar. Başqa sözlə, situasuya və ya onu ifadə edən “A ağ ayısı Şimalda yaşayır” cümləsi mənim fikrimi təsdiqləyir. İlk əvvəl məntiqi pozitivistlər ən azı bəzi cümlələrin tam və qəti olaraq sübutuna nail ola biləcəyimizi düşünürdülər. Onların fikirlərinə görə, belə cümlələrin faktlara uyğun gəldiyini, yəni doğru olduğunu hesab etmək olar. Lakin tezliklə məlum oldu ki, elmi cümlələr və ya nəzəriyyələr barəsində bunu demək olmaz. Bu halda sonsuz sayda ayrı-ayrı halları yoxlamaq lazım gələcəkdir. Aydındır ki, bu, mümkün deyil. Biz cümləmizin və ya nəzəriyyəmizin yalnız cüzi təsdiqini nəzərdə tuta bilərik. Deməli, cümlənin və ya nəzəriyyəninin doğruluğuna tam əmin ola bilmərik. Həqiqətən də, Şimalda nə qədər ağ ayı axtarsaq da, heç vaxt dəqiqliklə əmin ola bilmərik ki, belə bir ayı bizdən gizlənərək Afrikada da yaşayır. Buna görə də məntiqi pozitivistlər ümumiyyətlə həqiqət anlayışını rədd edib onun yerinə natamam, cüzi təsdiqlənmə anlayışını qoydular.

Ümumilikdə verifikasionizm, xüsusən də onun təsdiqetmə anlayışı K.Popper tərəfindən tənqid edimişdir. Əgər sübutetmə heç vaxt bizi həqiqət baxımdan arxayın etmirsə, onda o, nəyə lazım? Əgər insan istəsə, çox şeyi sübut edə bilər. Buna görə sübutetmənin heç bir mənası yoxdur. Popperə görə, biz faktların köməyi ilə cümlələrimizi və ya nəzəriyyəmizi təkzib edə bilərik. Bundan sonra biz tam əmin ola bilərik ki, qarşımızıdakı yalandır. Sübuta yetmə doğruluğun şəksiz əlaməti ola bilməz, çünki sübutetmə qəti ola bilməz. Amma təkzibetmə, yəni nəzəriyyə ilə fakt arasındakı ziddiyyət qəti olub yalanın şəksiz meyarıdır. İstənilən cümlə və ya nəzəriyyəni təkzib etmək üçün bir fakt kifayətdir. Buna görə də təkzib etmək çox asandır.

K.Popperin əsərlərində həqiqət anlayışından geniş istifadə olunur. O, əmni idi ki, insan cümlə və nəzəriyyələrimizin yalan olduğunu asanlıqla təyin edə bilər. Bəs biz yanlış nəzəriyyələri niyə rədd edirik? Nə vaxtsa doğru nəzəriyyəni qurmaq ümidi ilə. Popperin fikirlərinə görə, elm üçün həqiqət ideyası hardasa alimləri təkzib olunmuş nəzəriyyələri rədd edib yenilərini yaratmağa təhrik edən tənzimləyici ideal kimi çıxış edir. Popper həqiqəti başını buludlar örtmüş dağ zirvəsi ilə müqayisə edir. Biz daima bu zirvəyə can atır, lakin heç vaxt məhz bu zirvəyə nail olduğumuza tam əmin ola bilmərik. “Beləliklə, səhv ideyasının və ya səhvə yol vermək qabiliyyətinin özünə bizim, çox güman ki, nail olmadığımız standart kimi obyektiv həqiqət ideyası daxildir.(Məhz bu mənada həqiqət ideyası tənzimləyici ideya kimi çıxış edir)”17.

Popper elmi biliyin təhlilində həqiqət anlayışından istifadə etsə də, həqiqətdən burada yalnız solğun kölgə qalır. Həqiqət burada bizim aktual olaraq əldə edə biləcəyimiz həqiqi, doğru bilik yox, əlçatmaz qeyri-müəyyən ideal kimi anlanır.

Lakin metodoloji nöqteyi-nəzərdən nəzəriyyə ilə faktlar arasındakı ziddiyyət heç də nəzəriyyənin yanlışlığının dəlili kimi nəzərdən keçirilməməlidir. Hansısa bir faktı aşkar etmək üçün aparılan eksperimental prosedurlara bir qayda olaraq bir yox, bir-neçə nəzəriyyə daxil edilir. İstifadə etdiyimiz cihaz və alətlər özləri də müəyyən nəzəri təsəvvürlərə arxalanır. Nəzəriyyəni faktla əlaqələndirən və onların arasında ziddiyyət müəyyən edən mülahizələrə çox vaxt əlavə fərziyyələr, cümlələr, konkret məlumatların təsviri və s. daxil edilir. Faktın əldə edilməsi, şərhi nəzəriyyə ilə müqayisəsi prosesində iştirak edən bütün bu elementlərdə səhvlərə, qeyri-dəqiqliyə yol verilə bilər. Bu isə faktın özünü şübhə altına ala və ya onun nəzəriyyə ilə ziddiyyətə girdiyini yanlış edə bilər. Buna görə nəzəriyyə faktla ziddiyyətə girdikdə ziddiyyəti yalnız etiraf etmək olar. Lakin onun nə ilə şərtləndiyini, yəni nəzəriyyənin yanlış olmasından yoxsa faktın kobudluğundan irəli gəldiyini söyləmək olmaz. Buna görə də sübuta yetmə doğurluğun əsası ola bilmədiyi kimi, təkzibolunma da hələ yanlışlığın əsas ola bilməz.

Əgər nəzəriyyələrimizin nə doğruluğunu, nə də yanlış olduğunu müəyyən edə bilmiriksə, elmin metodologiyasına lazım olmadığından həqiqət anlayışı metodoloji konstruksiyalardan kənarlaşdırılmalıdır. XX əsr elm fəlsəfəsinin aparıcı nümayəndələri olan T.Kunun, S.Tulminin, Ç.Lakatoşun və b. əsərlərində həqiqət anlayışına rast gəlinmir. P.Feyerabend həqiqəti mərdiməzar monstr elan edir. Onun fikirlərinə görə, insan azadlığını məhdudlaşdıran digər zəka əjdahaları kimi, o da elmdən və fəlsəfədən çıxarılmalıdır.

Bununla əlaqədar aşağıdakıları qeyd etmək olar. Həqiqətin klassik konsepsiyası uzun müddət dərketmə, xüsusən də elmi idrakla bağlı problemlərin həllini təmin edirdi. Lakin elmin təhlilinin yeni vasitələrinin meydana gəlməsi, onun ayrı-ayrı nəzəriyyələr, cümlələr, izah, yoxlama prosedurları və s. səviyyəsində araşdırılmasına keçidlə əlaqədar həqiqət və praktika haqqında ümumi mülahizələr öz səmərəliliyini itirmiş oldu. Həqiqətin klassik konsepsiyası yenidən elm fəlsəfəsində öz layiqli yerini tutması üçün onu inkişaf etdirmək və konkretləçdirmək tələb olunur .



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin