MÖVZU 13.
Lüğət üzrə işin mahiyyəti və elmi əsası. Lüğət ehtiyacının zənginləşdirilməsinin mənbə və yolları.
PLAN
1. Lüğətin mahiyyəti və elmi əsası
2. Lüğət üzrə isə verilən tələblər
3. Dilin lüğət tərkibi, lüğət fondu.
4. Lüğət üzrə işin vəzifələri
İstifadə olunmuş ədəbiyyat.
B. Paşayeva – “Nitq inkişafının metodikası” Bakı 2004
İ. Hacıyeva - “Nitq mədəniyyəti” Bakı 2011
H.Həsənov – “Nitq mədəniyyəti və üslubiyyatının əsasları” Bakı 2003
A.Qurbanov – “Müasir Azərbaycan ədəbi dilinə dair praktikum” Bakı 2005
H.Balıyev - “Azərbaycan dili” Bakı 2006
Uşaqların nitqinin inkişafı üzrə iş sistemində lüğət işi mərkəzi yer tutur. Zəngin söz ehtiyatına malik olan, onların mənasını bilən, sözdən yerli-yerində, dəqiq mənada istifadə etməyi bacaran uşağın nitqi aydın, cazibədar və təsirli olur. Söz ehtiyatı çox olan uşağın biliyi də hərtərəfli və dərin olur.
Söz nitqin əsas leksik vahididir. Dilin elə bir sahəsi yoxdur ki, sözlə bağlı olmasın. Söz üzərində işi düzgün və səmərəli təşkil etmək üçün onun xarakteristikasını bilmək lazımdır.Sözün səslərdən ibarət olması onu fonetika ilə; varlığın hər hansı hadisəsini, əşyasını adlandırması, başqa sözlə, müəyyən məna kəsb etməsi onu leksika ilə; müəyyən qrammatik formada olması onu qrammatika ilə əlaqələndirir. Fonetik qabıq, qrammatik forma müəyyən mənaya malik olmayan söz yoxdur. “Günəş bir damcı suda əks olunduğu kimi, şüur da özünü sözdə əks etdirir. Kiçik aləm böyüyünə, canlı hüceyrə orqanizmə, atom kosmosa aid olduğu kimi, söz də şüura aid olur. O, məhz şüurun kiçik aləmidir. Düşünülmüş söz insan şüurunun mikrokosmudur.
Uşaq bağçalarında lüğət işinin normal təşkilini təmin etmək üçün ilk növbədə onun linqvistik, psixoloji əsasını bilmək vacibdir.
Leksika (yunanca kexiko- sözə aid olan) bu və ya digər dildəki sözlərin məcmusu onun lüğət tərkibidir. Leksika cəmiyyətinin, elm və texnikanın inkişafı ilə əlaqədar fasiləsiz dəyişmədə qalır. Söz leksikologiyada öyrənilən obyekt olmaqla təcrid olunmuş şəkildə deyil, başqa sözlərlə əlaqədə öyrənilir.
Söz nələri ifadə edə (kodlaşdıra) bilir? 1) insanı (ana, ata, fəhlə, adam, İlqar və s.);, 2) Əşyaları ( alma, ağac, quş, çörək, qələm);, 3) hadisələri (yağış, şimşək, zəlzələ);, 4) hərəkəti (qaçmaq, tikmək, yazmaq, sevinmək, yaşamaq);, 5) mücərrəd anlayışları (arzu, məhəbbət, şüur);, 6) əşyaların əlamətini ( yaşıl, göy, səliqəli, namuslu);, 7) hərəkətin əlamətlərini (sürətli, tələsik, yuxarıya);, 8) ədədləri (yeddi, qırxbeş, yetmiş). Deməli, hər bir söz ümumiləşdirir. Sözün bu xüsusiyyətini uşaqlar erkən yaşlarından mənimsəməyə başlayırlar. Sözün mənaca ümumiləşdirilməsi müxtəlif mərhələlərdən keçir.
Leksik məna əsas məna olmasına baxmayaraq ayrı işlənmir. Leksik mənası olan hər bir söz ayrılıqda götürüldükdə də qrammatik cəhətdən müəyyən şəklə düşür. Qrammatik məna da leksik mənadan ayrı işlənmir onu dəqiqləşdirir. Deməli, sözün ən mühüm xüsusiyyətlərindən biri onun leksik və qrammatik mənasının vəhdətdə olmasıdır.
Sözün ictimaiyyət tərəfindən möhkəmlənmiş məzmununun (anlayı-şın) uşaq tərəfindən mənimsənilməsi lüğət işinin mərkəzi halqasını təşkil edir.
Dilin lüğət tərkibi əsas və əlavə olmaqla iki hissədən ibarətdir. Lüğət tərkibinin əsas maddi hissəsi:
1. “Əsas lüğət fondu”da adlanır. Bu fondun özəyini söz kökləri təşkil edir. Lüğət tərkibinin əsas hissəsi dilimizdə yeni sözlərin yaranması üçün bazadır. Əsas lüğət fonduna daxil olan sözlər ümumi, zəruri, həyati məfhumları ifadə edən, hamı tərəfindən dərindən anlaşılan, nisbətən sabit sözyaradıcı və davamlı sözlərdir.
Əsas lüğət fondu yeni sözlərin əmələ gəlməsi üçün mənbə hesab olunur. Vaxtdan-vaxta əsas lüğət fondundan müəyyən miqdarda sözlər fəal lüğət ehtiyatına daxil olmalıdır.
2.Dilimizin lüğət tərkibində müxtəlif elmi terminlər, dialektizmlər, jarqonlar, arxaik sözlər, neologizmlər (ilk mərhələdə, əsas hissəyə keçənədək) də lüğət tərkibinin əlavə hissəsinə daxildir.
Fəal lüğət uşağın başa düşdüyü və nitqində tez-tez işlətdiyi sözlərdir. Uşağın nitq mədəniyyəti, onun nitqinin zənginliyi məhz həmin sözlərin miqdarından, onlardan necə istifadə etməsindən asılıdır. Fəal lüğətə, adətən, məişətdə işlənən ümumi sözlər, uşağın ailə üzvlərinin məşğuliyyəti, yaşadığı mikromühitin, nitq əhatəsinin xarakteri ilə bağlı sözlər daxil olur.
Lüğət üzrə işi psixoloji biliklərdən təcrid olunmuş şəkildə aparmaq mümkün deyil. Obyektiv varlıq insanın dilində deyil,şüurunda anlayış mühakimə şəklində əks olunur. Anlayış dildə söz və söz birləşməsi vasitəsilə ifadə olunur. Nitqlə təfəkkür qırılmaz vəhdətdədir. Beynimizdə yaranan hər hansı fikir dilimiz vasitəsilə, dil materialı əsasında başqalarına çatdırılır. Fikirlərimizin fəal işinə istinad edən idrak fəaliyyəti prosesində fəaliyyəti prosesində nitqimiz də inkişaf edir. Deməli, lüğətin zənginləşdirilməsi fikrin məzmununun zənginləşdirilməsi ilə sıx əlaqədədir. Fikrimizi ifadə etmək üçün sözdən istifadə edirik.Əgər fikrimiz anlaşılmazdırsa, təbii ki, söz də anlaşılmaz bir şeyə çevriləcəkdir. K.D.Uşinskinin dediyi kimi, insanlar yalnız özləri yaxşı başa düşmədiklərini ifadə etdikdə söz tapa bilmirlər. Ona görə də uşaqların lüğət ehtiyatının zənginləşdirilməsi ilə onların təfəkkürlərinin zənginləşdirilməsi üzrə iş paralel getməlidir. Söz fikri əks etdirir. Fikir dolaşıq olarsa, söz anlaşılmaz.
Lüğət işinə aşağıdakılar daxildir:
1) uşaqların dilimizin lüğət ehtiyatına yiyələnmələri;
2) yeni sözün semantikası (mənası) üzərində iş;
3) tanış sözün mənasının dəqiqləşdirilməsi üzərində iş;
4) uşaqların sözün üslubi funksiyasını hiss etmək və nitq praktikasında ondan düzgün istifadə etmə vərdişinin inkişafı üzrə iş;
5) lüğətin fəallaşdırılması üzrə iş;
6) lüğəvi səhvlər üzərində iş;
Lüğət işinin aparılmasına verilən didaktik tələblər:
1) Lüğət işi dilimizin nitq inkişafının digər sahələri ilə əlaqəli aparılmalıdır. Hər bir məşğələdə lüğət işi səs mədəniyyəti qrammatik anlayışların formalaşması, rabitəli nitqin inkişafı, ədəbi əsərlərin oxunması, savad təliminə hazırlıqla əlaqələndirilməlidir.
2) Lüğət üzrə iş ona həsr olunmuş xüsusi məşğələlərlə məhdudlaşdırılmamalı, digər məşğələlərdə, oyun, əyləncə, özünəxidmət, istirahət zamanı da təşkil olunmalıdır.
3) Lüğət üzrə işin əhəmiyyəti həddən artıq qiymətləndirilməməli, onun xatirinə digər sahələr üzrə iş zərər çəkməməlidir.
4) Lüğət üzrə iş apararkın imkan daxilində rəngarəng metod və priyomlardan istifadə edilməlidir.
5) Lüğət üzrə işi düzgün təşkil etmək üçün ilk növbədə hər bir uşağın real lüğət ehtiyatına bələd olmaq və onun inkişaf dinamikasını müntəzəm izləmək, ona fərdi yanaşmaq lazımdır.
6) Lüğət işi uşaqların idrak fəaliyyətinin inkişaf etdirilməsinə, onların ümumi inkişafına yönəldilməlidir.
7) Lüğət işi uşaqların ətraf aləmi, təbiəti və cəmiyyətdə baş verən hadisələri dərk etmələrinə kömək göstərilməlidir.
8) Lüğət üzrə işin aparılmasına valideynlər də cəlb edilməlidir.
Lüğət üzrə işin nitq inkişafının digər sahələri ilə vəhdətdə olan mühüm vəzifələri var. Sözün mənimsənilməsinin ilkin mərhələsi onun nitq axınından ayrılması və ilkin qavranması, ikinci mərhələsi nitqdə ondan istifadə olunması üzərində müşahidə aparılması, üçüncü mərhələsi isə onun rabitəli nitqdə işlədilməsidir.
Lüğət üzrə iş dörd istiqamətdə aparılır: 1) Lüğətin zənginləşdirilməsi; 2) lüğətin dəqiqləşdirilməsi; 3) lüğətin fəallaşdırılması; 4) lüğətin təmizliyi.
Lüğətin zənginləşdirilməsi dedikdə, mənası məlum olmayan yeni sözlərin mənimsənilməsi nəzərdə tutulur. Uşaqlar hər gün öz lüğətinə bir neçə yeni söz daxil etməlidirlər. Yalnız belə lüğət toplama əsasında onlar ətrafdakılarla ünsiyyətə görə bilərlər. Dilimizin leksikasının əsas hossəsini isim, sifət və fel təşkil edir. Məktəbəqədər yaşlı uşaqların nitqində isim təxminən 50-55, fel 20-25, sifət 7-8 faiz olur. Bu sözlər cümlədə mübtəda, xəbər və təyin kimi tez-tez işləndiyindən uşaqların lüğət ehtiyatının zənginləşdirilməsi üzrə işin məhz həmin istiqamətdə aparmaq faydalıdır. Lüğəti digər nitq hissələri, xüsusilə mücərrəd leksikaya malik sayın hesabına zənginləşdirilməsi çətinlik törədir.
Uşaqların lüğət ehtiyatının zənginləşdirilməsində sifət üzrə iş xüsusi əhəmiyyətə malikdir. Əşyanın keyfiyyətini və xassəsini bildirən sözlər uşaqların ətraf aləm haqqında anlayış və təsəvvürlərini düzgün formalaşdırır, onların nitqinin incə, obrazlı, təravətli olmasını təmin edir. Ayrı-ayrı əşya və hadisələr haqqında konkret təsəvvürlər ümumiləşdirmə aparmağa imkan verir.
Lüğətin yeni sözlər hesabına zənginləşdirilməsi ilə yanaşı uşaqların qeyri-fəal lüğətindəki mənası az tanış olan sözlərin hesabına genişləndirilməsi və dəqiqləşdirilməsi də mühüm əhəmiyyətə malikdir.
Lüğətin fəallaşdırılması lüğət işinin ən mühüm vəzifəsidir. Uşaq mənasını dəqiq başa düşdüyü sözlərdən getdikcə daha çox edə bilirsə, deməli, onun lüğəti fəallaşır. Həm də bu prosesdə uşaq nitqdə mənaca uyğun sözü daha dəqiq işlətməyi bacarmalıdır. Dəqiqlik və aydınlıq sözün seçilməsinin mühüm şərtləridir. Bu baxımdan, sinonimlər və omonimlər üzrə iş faydalıdır.
Lüğətin formalaşdırılmasında əlverişli nitq situasiyasının yaradılması mühüm rol oynayır. Elə sual vermək lazımdır ki, uşaqlar nəzərdə tutulmuş sözləri işlətmək məcburiyyətində qalsınlar: “Mən qatara yaxınlaşıb...mindim”. “Gəmi...yan aldı”. “Kombayn...girib içinə başladı”. “Qaz....oxşayır”.
Nitqin təmizliyi uğrunda mübarizə onu ədəbi dilə mənsub olmayan söz və ifadələrdən azad etmək vəzifəsini qarşıya qoyur. M.Qorki demişdir: “Dili təmizləmək ona görə çox zəruridir ki, biz sözlərdə köhnə və yenini, onların barışmaz ziddiyyətlərini əks etdirməklə dil materialı işləyir, onunla yeni, real varlığa daxil oluruq”.
Mövzu-14
P l a n
1. Qrammatik vərdişlərin formalaşdırılması
2. Nitqin morfoloji quruluşunun formalaşması
3. Sintaktik quruluşun formalaşması
Dostları ilə paylaş: |