Mövzu: 1 Nitq inkişafı üzrə aparılacaq işlərin istiqaməti, məqsəd və məzmunu, digər elmlərlə əlaqəsi”



Yüklə 372,17 Kb.
səhifə30/39
tarix09.03.2023
ölçüsü372,17 Kb.
#87055
1   ...   26   27   28   29   30   31   32   33   ...   39
Nitq inkişafı (1)

Dilim-dilim,
Kəs qovun dilim-dilim.
Mən dilimdən vaz keçməm,
Doğra, kəs dilim-dilim.
Cəmiyyətin müxtəlif sahələrində baş verən yeniliklər, dünya ölkələri ilə əlaqələrin, münasibətlərin yaranması, genişlənməsi prosesində dilimizə başqa dillərdən çoxlu sayda söz və termin keçir ki, bunların əksəriyyəti aktiv işlənir, ünsiyyətə xidmət edir. Əcnəbi sözlərin dilə gətirilməsinin təbii və qanuna-uyğunluğu ilə bağlı vaxtilə Həsən bəy Zərdabi demişdir:
...Dil elə bir şeydir ki, onu öz halında saxlamaq mümkün deyil. Elə ki, qaranlıq otağın qapısı açıldı, qeyri tayfalar ilə gediş-gəliş artdı, artıq şeylər ələ gəldi və adətlər dəyişildi, təzə sözlərin qədri də günü-gündən artacaqdır. Belə sözlərin artmağının dilə zərəri yoxdur, xeyri var. Çünki o sözlər tərəqqi etməyə səbəb olurlar” (Q.Məhərrəmli. Mediyada işlənən alınma sözlər. Bakı, 2008, s. 4). Alınma sözlərin dilə, xüsusən, ekranlara, qəzet-jurnal səhifələrinə gətirilməsinə hədsiz tələbkarlıqla yanaşılmalı, bunun üçün xüsusi prinsiplər gözlənilməlidir.
Əcnəbi söz və terminlərin işlədilməsi o zaman məqbul sayıla bilir ki, onun mənası əhalinin böyük hissəsi tərəfindən başa düşülsün, ikincisi də, həmin sözün qarşılığı dildə olmasın. B.Q.Belinski göstərir ki, qüvvədə olan iki sözdən (əcnəbi və ana dilinə məxsus sözlərdən) biri kimi əcnəbi sözü işlətmək sağlam ağılı və sağlam zövqü təhqir etmək deməkdir. Bəli, dilimizi sevməliyik, qorumalıyıq, yaşatmalıyıq. İngilis dramaturqu C.Uebesterin söylədiyi bir fikir bu baxımdan 46
xarakterikdir: “Varlığımı talan edin, bircə dilimə toxunmayın, çox keçməz yenə hər şeyi özümə qaytararam”.
Ədəbi dilimizin mühafizəçiləri olan ziyalılar əcnəbi sözlərdən sui-istifadəyə qarşı ardıcıl və prinsipial mübarizə aparmalıdırlar.
3) Tüfeyli sözlərlə bağlı qüsurlar aradan qaldırılmalıdır. Bəziləri danışıq zamanı qurmaq istədikləri cümlələri tamamlaya bilmir zəruri sözləri tapmaqda çətinlik çəkirlər. Bu səbəbdən danışan yersiz fasilələr etmək məcburiyyətində qalır, mətnlə əlaqəsi olmayan sözlər, ifadələr işlətməli olur: əsas etibarilə, deməli, məsələn, türkün məsəli, zaddı, ən azı, ona görə ki, Ģeydi, beləliklə, adı nədir, adını sən de, hansı ki, haradasa, canım sənə desin, baxanda baxıb görürük ki və s. Belə sözlər nitqi zibilləyir, onda qırıqlıq, uyğunsuzluq, rabitə-sizlik əmələ gətirir, dinləyicilərdə xoşagəlməz bir duyğu və təəssürat yaradır.
4) Jarqon sözlərin və ifadələrin işlədilməsi (məsələn; znaçit, voobşe, tem bolli, mejdu proçim, niçeqo sebe, kakraz, toçno və s. kimi) nitqin təmizliyinə xələl gətirir, onun keyfiyyətini aşağı salır.
5) Mədəni danışıqda başqasını təhqir etmək, heysiyyətinə toxunmaq məqsədini daşıyan söyüş və qarğışlara, ədəbsiz, təhqiramiz, qeyri-etik sözlərə, ifadələrə (anqırmaq, bağırmaq, soxuşdurmaq, xosunlaşmaq, donqullanmaq, burcutmaq, qatıqlamaq, qanmaq, tülkü, ayı, eşşək, qoduq, heyvərə, alçaq, tupoy, qanmaz, gəbərtmək, qırıldamaq, burnunu söxmaq, kəllən haqqı, çərənləmək, başı girməyən yerə bədənini soxmaq, hırıllamaq, hürkmək, xoruzlaşmaq və s.) yer verilməməlidir. Belə sözlərlə ifadə olunan alçaldıcı ekspressiyanı ünvanlanan adamlar təhqir kimi qəbul edirlər. İctimai yerlərdə belə sözlərin işlədilməsi heç bir mənada xoş təsir bağışlamır. Təhsilin humanistləşdirilməsindən söhbət getdiyi indiki vaxtda xüsusən müəllimlərin nitqində şagird, tələbə və başqalarına qarşı vulqar xarakterli söz və ifadə işlədilməməlidir. Vulqarizmlər dili zibilləyir, onların nitqdən kənarlaşdırılması uğrunda həmişə ciddi iş aparılmalıdır.
“Bəli, dil təmizlik sevir, gözəllik sevir. Bu gözəllik onun bütün təbiəti ilə bağlıdır, necə təmiz, sərin, bulaq suyu qayadan qaynayıb çıxır, elə də hər söz insanın ürəyindən gəlməlidir. Dilin bütün daxili gözəlliyini əks etməlidir. Belə olmadıqda dil korlanır, kobudlaşır, mənasına xələl gəlir, daxili gözəlliyini itirir. Dil onu pozan, korlayan hallara isə ciddi müqavimət göstərir, onları rədd edir, insanın bədəni yad ünsürləri rədd edən kimi” (M.İbrahimov).
Natiq öz cümlələrində şey, zad, uje, mejdu proçim və s. kimi artıq sözlər işlətməkdən çəkinməlidir. Eləcə də deməli, haradasa, mənə belə gəlir, elə bil ki, məsələ burasındadır ki, təbii ki, göründüyü kimi söz və ifadələr təkrar-təkrar işləndikdə nitq ağırlaşır, dinləyicinin diqqəti fikrin məzmunundan yayınır. Belə danışıq tərzi çox vaxt rişxəndə və gülüşə səbəb olur. Ədəbi dilin tənzimləyici və yayıcıları sayılan ziyalıların, xüsusən müəllimlərin nitqində bəzən bu cür qüsurlara yol verilməsi təəccüb və təəssüf doğurur.
Auditoriyada, ictimai yerlərdə, rəsmi məclislərdə nitqin daha dəbdəbəli, təmtəraqlı olması üçün çox zaman qəlib xarakterli, çeynənmiş sözlərdən, cümlələrdən istifadə olunur. məqsədyönlü iş, görkəmli nailiyyətlər qazanmaq, yüksək əmək nümunələri göstərmək, yüksək nəticələrə nail olmaq, önəmli addım, təşkil etmək, diqqəti çəkən məsələ, qısa zaman kəşiyində, prizmadan baxmaq, dəstəkləmək, yeni münasibətlər müstəvisində, bu istiqamətdə fəaliyyət və s. tipli ifadələrin tez-tez işlədilməsi nitqə quruluq gətirir, onu canlılıqdan məhrum edir. Natiq nitqində həmin ifadələrin uyarlı qarşılığından istifadə olunmalıdır.
Şifahi nitqin (eləcə də yazılı nitqin) qüsurlarından biri də cümlələrin məntiqi, qrammatik baxımdan düzgün qurulmamasıdır. Məsələn, “Bu məqalə oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Onun sözünə baxıb, onun abidəsini qoydular. Xalq, əhali belə düşünürlər. Orada beş yüzdən artıq qocalarımız yaşayır; Tamaşalarımız çox yaxşı kiçikyaşlılar tərəfindən qarşılandı. Hər məntəqədə artıq səs verəcək seçiciləri gözləyirdilər; Çox təəssüf ki, bu xeyirxah işdə mən tək deyiləm və s. Radio və televiziya verilişlərinin dilindən alınmış bu cür qüsurlu cümlələrə bəzən natiqlərin, mühazirəçilərin, müəllimlərin nitqində də təsadüf etmək mümkündür. Natiq cümlə qurmaq bacarığının təkmilləşdirilməsi ilə bağlı müəyyən sistemlə, müntəzəm şəkildə iş aparmalı, həmin keyfiyyətə tam şəkildə yiyələnməlidir. Onun nitqində uzun, dolaşıq, təmtəraqlı cümlələrə yol verilməməli, fikirlər aydın, sadə şəkildə ifadə edilməlidir. Burada iş cümlələrin düzgün qurulması ilə bitmir. Həmin cümlələr həm də dinləyicini qane edəcək bir tərzdə söylənilməlidir. Bu zaman ədəbi tələffüz qaydaları gözlənilməli, normal diksiyaya, nitq fasiləsinə, tonuna, məntiqi vurğuya və sairəyə əməl olunmalıdır.
Cümlə qurmaqla bağlı qüsurun bir səbəbi də nitqdə, xüsusən məruzə və mülahizələrdə həcmcə böyük cümlələrin işlədilməsidir, Belə cümlələr çox zamannitqi ağırlaşdırır, məzmunun dinləyiciyə çatmasını çətinləşdirir. Məlumdur ki, danışan öz fikrini təkcə sadə və ya mürəkkəb cümlələrlə ifadə edə bilməz. Fikrin hansı cümlə növü ilə ifadə olunması onun məzmunundan asılıdır. Mürəkkəb fikirlər, şübhəsiz ki, daha çox özünəuyğun forma ilə - mürəkkəb cümlələrlə deyilməli və ya yazılmalı, bu cümlələr fikrin məzmununa və məntiqinə uyğun qurulmalı, artıq, lüzumsuz sözlərə, ifadələrə, təkrarlara yol verilməməli, sözlərdən qənaətlə istifadə edilməlidir. Prof.A.Abdullayevin təbirincə desək, cümlələrdə sözlərin yeri dar, fikirlərin yeri isə geniş olmalıdır.
Nitqin zənginliyi. Bu, nitqdə işlənən dil ünsürlərinin müxtəlifliyi, rəngarəngliyi və çoxluğudur. Nitqin zənginliyi üçün başlıca meyar danışanın (yazanın) geniş söz ehtiyatına malik olmasıdır. İnsan təfəkkürünün hüdudu sonsuzdur, dildə sözlərin miqdarı bununla nisbətdə məhduddur. Natiq bu cəhəti nəzərə almalı, hər hansı bir mətləbi aşkarlayarkən daha münasib sözlərdən – sinonimlərdən, antonimlərdən, frazeoloji birləşmələr və ibarələrdən, digər məcaz-lardan, intonasiya, üslubi vasitələr və sairədən məharətlə istifadə etməyi bacarma-lıdır. Müəyyən rabitəli mətndə nə qədər çox müxtəlif və təkrarlanmayan söz, ifadə və cümlə işlədilərsə, həmin nitq o qədər də zəngin olar, maraqla dinlənilər, yaxşı təsir bağışlayar, asan dərk olunar. Söz ehtiyatı zəngin olan, işlətdiyi hər söz və ifadənin mənasını yaxşı anlayan adam həmişə öz fikirlərini çətinlik çəkmədən sərbəst şəkildə ifadə edə bilir. Lüğətin zənginliyi məsələsi insanın məşğul olduğu işin xarakterindən, yaşadığı mühitdən, mütaliəsindən, dünyagörüşündən asılıdır. Görüş dairəsi və mütaliəsi geniş, savadı mükəmməl adamların söz ehtiyatı da zəngin olur. Belələri öz çıxışlarında (adi söhbətlərində də) dilimizin söz xəzinəsindən bacarıqla istifadə edirlər. Bu gün ali məktəb auditoriyalarında mühazirə oxuyan müəllimlərin bir çoxunun nitqi bu baxımdan nümunəvidir. Tələbələr onları maraqla dinləyir, nitqin ifadə tərzindən xüsusi zövq alırlar.
Hər bir savadlı və mədəni şəxs daima öz lüğət ehtiyatının artırılması qayğısına qalmalıdır. Bunun üçün ən səmərəli vasitə radio və televiziya veri-lişlərini dinləmək və mütaliəni genişləndirməkdir. Diktor, aktyor, söz ustaları, natiqlərin və başqalarının danışıqlarını müntəzəm olaraq dinləmək, sözlərin, ifadələrin, cümlələrin ifadə tərzinə diqqət yetirmək, nitqin bu baxımdan məziyyətlərini mənimsəmək yolu ilə lüğəti genişləndirmək və zənginləşdirmək olar.
Lüğətin artırılması üçün digər və ən səmərəli yollardan biri də mütaliədir. Bədii, elmi-kütləvi, publisistik, fəlsəfi və s. əsərlərin müntəzəm şəkildə mütaliəsi söz ehtiyatının artırılmasına səbəb olur. Natiq (mühazirəçi, müəllim) nitqində mənası onun özü üçün naməlum və ya az məlum olan bir dənə də söz, termin işlətməməlidir. Əgər belə sözləri işlətməyə ehtiyac olarsa, onların mənası və geniş izahı ilə bağlı sorğu kitablarına – lüğətlərə, ensiklopediyalara və s. baxmaq, mühazirə mətnində müəyyən qeydlər aparmaq məsləhət görülür.
Nitqin zənginliyi və emosionallığını təmin edən amillərdən bir də intonasiyadır. Bu o deməkdir ki, söylənilən fikirlər, onlara münasibət insanın keçirdiyi hissi hallar uyğun səs tərtibatı, avazla verilə bilsin, nitq rəngarəng intonasiya çalarlarına malik olsun, danışan intonasiya elementlərindən (məntiqi vurğu, nitq fasiləsi, nitq tonu, səsin tembri və s.) düzgün istifadə etməyi bacarsın və s. Nitqin intonasiya baxımından zənginliyindən danışarkən sual, nida, əmr cümlələri, xitablar, ara sözlər, ara cümlələr və s. sintaktik quruluşların özünə-müvafiq formada, təbii şəkildə tələffüz olunmasının vacibliyi də diqqət mərkə-zində saxlanılmalıdır.
Nitq zənginliyinin başlıca əlamətlərindən biri də onun məzmun cəhətdən dolğunluğudur. Nitq o zaman maraqla dinlənilir ki, haqqında bəhs olunan məsələ yeni olsun, həm də hərtərəfli şəkildə, sübutlarla, dəlillərlə, həyati misallarla, dinləyicini qane edəcək bir formada şərh edilsin.
Nitqin zənginliyindən danışarkən bu keyfiyyəti yaradan digər vasitələri – dilin qrammatik və üslubi imkanlarından səmərəli şəkildə istifadə olunması, danışanın intellektuallıq səviyyəsi, təfəkkürünün fəallığı və sairəni də nəzərə almaq lazımdır.
Nitqin sadəliyi. “Dil nə qədər asan, sadə olsa, bir o qədər gözəl, göyçək və məqbul olar” (F.Köçərli). Nitqin sadəliyi onun aydınlığı, anlaşıqlı olması, asan qavranılmasıdır. Sadəliyi heç də fikrin məzmununun, mahiyyətinin bəsitləşməsi, ibtidailəşməsi kimi başa düşmək olmaz. Nitqin sadəliyi 52
mürəkkəb cümlələrdən qaçmaq, məzmunun mümkün qədər sadə cümlələrlə vermək mənasında da anlaşılmamalıdır. Natiq danışarkən, əşya və hadisələri təsvir edərkən onların mahiyyətini daha aydın və dəqiq vermək üçün həm sadə, həm də mürəkkəb konstruksiyalardan istifadə etməlidir. Nitqin sadəliyi tələb edir ki, orada işlədilən bütün sözlər dinləyicilərin (auditoriyanın) ümumi səviyyəsinə və xüsusiyyətlərinə uyğun gəlsin, hamı üçün aydın və anlaşıqlı olsun. Sadə nitq hər cür yabançı pafosdan, qondarma, süni ifadələrdən, müqayisələrdən uzaqdır.
Nitqin sadəliyinin pozulma hallarından biri sözçülük, ağır və uzun cümlələr işlətmək, cümləpərdazlıq, yaxud ibarəpərdazlıqdır. Sözçülük, eyni fikrin təkrar-təkrar ifadəsi daha geniş yayılmış nöqsandır. Məsələn, “Belə bir şöbənin açılması təqdirəlayiqdir. Bu hadisə xüsusilə qeyd olunmalıdır. Bu çox müsbət hal kimi qiymətləndirilməlidir. Biz buna çox yüksək qiymət veririk” və s. Natiq bəzən öz “dərinliyini” nəzərə çarpdırmaq məqsədilə qondarma, təmtəraqlı söz və ifadələr işlədir. Məsələn, səadət günəşinin şüaları; işıqlı və parlaq gələcək; öz qəhrəmanlıqları ilə ölməzliyin zirvəsinə ucalan şəhidlər; qəhrəmanlar yurdunun mərd övladları və s. kimi söz və ifadələr ola bilsin ki, nitqin digər üslubunda – xüsusən bədii üslubunda işləndikdə yararlı sayıla bilər. Lakin mühazirəçinin danışığında fikrə adekvat olmayan bu cür təmtəraqlı sözlər və ifadələrin işlədil-məsi məqbul sayılmır. Belə ifadələr nitqə qeyri-ciddilik gətirir, marağı azaldır, fikrin dinləyiciyə çatmasına mane olur.
Nitqin sadəlik və təbiiliyinin pozulması halları yazılı nitqdə özünü daha çox göstərir. Yazan hər bir söz, ifadə, cümlə üzərində ayrıca düşünür, onu dinləyici üçün maraqlı olsun deyə ifadəlilik vasitələri, atalar sözü, məsəlləri, frazeoloji birləşmələr və sairədən istifadə edir. lakin burada da ifrata varmaq, həmin ifadələrin həddindən çox işlədilməsi nitqi ağırlaşdırır, oxucunu yorur.
Nitqin sadəliyinin pozulma səbəblərindən biri də anlaşılmayan və ya az anlaşılan söz və terminlərin işlədilməsidir. Burada da natiq öz bilik və hazırlığının yüksək səviyyədə olmasını nümayiş etdirmək məqsədilə ehtiyac olmadığı halda terminlərdən, mürəkkəb tərkiblərdən istifadə edir ki, bu nitqi bayağılaşdırır, onun anlaşılmasını çətinləşdirir. Məhz belə bir yanaşmanın nəticəsində dilə ehtiyac 53
olmadan bir sıra sözlər və terminlər gətirilir ki, onlar dildə işlədilən sinonimləri ilə müqayisədə həm tələffüz, həm də yazılış cəhətdən çətindir, mürəkkəbdir.
Xalqın görkəmli ədibləri, maarifçiləri sadə, hamının başa düşəcəyi bir dildə danışmağı öz yazılarında dönə-dönə qeyd etmiş, zəruri saymışlar. Görkəmli ədəbiyyatşünas alim, məşhur ana dili müəllimi Firudin bəy Köçərli dilin sadəliyindən, saflığından danışarkən yazırdı:
“...ərəb və fars kəlmə və ibarələrinin sövq və həvəsində olub ehtiyac olmadığı halda onları ana dilinə gətirib qarışdırmaq, bizim əqidəmizcə böyük səhvdir. Vaxt ki, ana dilində şeyin özünün məxsusi adı var və ya indiki ana dili ilə bir mənanı bəyan etmək və bir əhvalatı necə ki, lazımdır söyləmək mümkün olur. İnsaf deyil ki, elm göstərmək və “mollalıq” izhar etmək iddiasına düşüb kəlamı qəliz ifadələrlə və çətin anlaşılan ərəb və fars sözləri ilə doldurub əsl mənanı daha da dərinə salmaq və ona uzun və qəliz ibarələrlə toxunmuş pərdə çəkmək... ol cəhətdəndir ki, ...qəzetlərimizdə dərc olunan qəliz ibarələrlə yazılmış bəzi siyasi, ədəbi, fənni məqalələri oxuyanlar anlamayıb məyus olurlar və qəzeti oxumaqdan ikrah edirlər
Əcnəbi sözlərin lüzumsuz işlədilməsi ilə bağlı başqa bir yazıda oxuyuruq: “Bəzi ziyalılarımız güman edirlər ki, hələ hamının mənimsəmədiyi, işlətmədiyi çətin terminləri işlətsə, onun nitqi yaxşı təsir bağışlayar. Görünür, bu təzə bəla deyil, köhnədən ziyalılar arasında belə adamlar olmuş, vaxtilə C.Cabbarlı “Dönüş”, əsərində belələrinə gülmüşdür. Həmin əsərdə Arif Hikmətin aşağıdakı sözlərini bir daha xatırlatmaq yerinə düşərdi: “Yoldaş Qüdrət hələ bizim hörmətli yazıçımızdır. Yaxşı da yazmışdır. Ancaq bir balaca siyasi savadı yoxdur. Bu vaxta qədər əsərində ekspozisiyası eksplikasiyasına düz gəlmir. Əsər impesionizm qaydası ilə yazılmış, sonra da ekspressionizmə keçmişdir. Axırda da gəlib çıxır supermetizmə. Odur ki, sentrotyajesti və sentro-vnimaniyesilə tutmur” .
Nitqin orijinallığı. Nitqin məziyyətlərindən biri onun orijinallığıdır. Bu, nitqdə özünəməxsusluqdur, bir şəxsin başqalarından fərqli danışması və yazmasıdır. Nitqin orijinallığı bir neçə cəhətdən özünü göstərir ki, bunlardan birincisi fərdi tələffüz tərzidir.
İctimai yerdə çıxış edən öz məqsədini aşkarlamaq, fikirlərini dinləyicilərə asan, aydın, ifadəli, həm də maraqlı bir şəkildə çatdıra bilmək üçün daha münasib, işlədilməmiş sözlərdən, ifadələrdən istifadə etməyə, cümlələr qurmağa çalışır. Bu orijinallıq nitqin qurulmasında daha çox nəzərə çarpır. Nitqdə müəyyən bir ənənəvi forma vardır ki, natiqlər öz çıxışlarını ona uyğun qururlar: məsələnin vacibliyi və aktuallığı izah olunur, sonra mövzunun əsas məzmunu dinləyicilərə çatdırılır, daha sonra isə deyilənlərə yekun vurulur, bəzən ümumi nəticələr çıxarılır. Lakin natiqlərin çoxu bu ənənəni gözləməklə dinləyicilərin diqqətini
cəlb etmək, nitqin effektliyini yüksəltmək məqsədilə yeni-yeni formalar axtarıb tapırlar. Bəziləri nitqinə atalar sözü, zərbi-məsəl, ibrətamiz bir əhvalatla başlayır. Bir başqası nitqinin əvvəlində şərh ediləcək mövzu ilə bağlı bir parça şeir söyləyir. Digər natiqlər məşhur adamların, görkəmli yazıçı və şairlərin əsər-lərindən, dövlət xadimlərinin çıxışlarındakı sərrast və parlaq ifadələrdən sitatlar gətirdikdən sonra məsələnin mahiyyətini şərh etməyə başlayırlar. Nitqə başlama-ğın digər formalarından da (məsələn, ritorik suallar qoymaq, mövzu ilə bağlı gözlənilməz və qəribə bir məzhəkə, lətifə danışmaqla əsl mətləbə keçmək və s.) natiqlik təcrübəsində səmərəli priyom kimi tətbiq edilir
Nitqin orijinallığını təmin edən vasitələrdən biri də bədii təsvir vasitələridir. Bədii təsvir vasitələrindən (bura daxildir: məcazi mənada işlədilən söz və ifadələr, təşbeh, metafora, mübaliğə və s. müxtəlif üslubi priyomlar – sözlərin təkrarı və ya buraxılması, inversiya, ritorik-natiqanə suallar və s.) yerində, həm də uyarlı bir şəkildə istifadə nitqi təsirli, parlaq, obrazlı etməklə bərabər, ona orijinallıq da gətirir. Həmin vasitələrdən nitqdə istifadə bacarığına yiyələnmək üçün natiq müntəzəm olaraq bədii əsərləri mütaliə etməli, yazıçı və şairlərin dilindəki natiqlik sənəti baxımlından daha yararlı və münasib söz və ifadələrə, digər təsvir vasitələrinə diqqət yetirməli, onlardan yeri gəldikcə istifadə etməyə çalışmalıdır. Volterin təbirincə desək, adamlar yaxşı yazıçıları mütaliə etdikcə yaxşı danışmağa vərdiş edirlər.
Nitqin orijinallığına xələl gətirən səbəblərdən biri mühazirəçinin hazır, basmaqəlib ifadələr işlətməsidir. Məsələn, daxili imkanlardan istifadə, problemi aradan qaldırmaq, sözü gedən rəhbər işçilər, məsələni dəstəkləmək, işləmə mexanizmi, məişət problemləri, dünya standartlarına uyğun və s. Natiq bu
ifadələri işlətməkdən mümkün qədər çəkinməli, bunun əvəzinə daha uyarlı ifadələrdən istifadə etməklə nitqini aktuallaşdırmalıdır.
Nitqin münasibliyi. Dil ünsiyyəti müxtəlif şəraitdə, müxtəlif tərzdə və məzmunda olur. Nitq məqamına, yerinə, danışan və dinləyənin xarakterinə, şəxsiyyətinə, təhsilinə, sənətinə, savadına, məqsədinə və s. görə müxtəlif şəkildə təzahür edir. Şəraitə uyğunluq gözlənilməzsə, nitq fikri ifadə edə, ona adekvat ola bilməz. “Uyğunluq nitqin ünsiyyət məqsədinə və şəraitinə cavab verilməsini təmin edən dil vahidlərinin seçilməsidir. Uyğun nitq məlumatın mövzusuna, onun məntiqi və emosional məzmununa, dinləyicilərin tərkibinə, informasiyanın tərbiyəvi estetik məqsədlərinə münasibliyidir” (34, 85). Nitqin münasibliyi deyəndə aşağıdakılar nəzərə alınmalıdır: Ünsiyyət neçə şəxs arasındadır?; Natiq (müəllim və başqaları) yığıncaqdamı, auditori-yadamı danışır, mühazirə oxuyur, yaxud radio və ya televiziya vasitəsilə çıxış edir?; Danışan kimdir?; Kimə müraciət olunur?; Dinləyən kimdir?: uşaqdırmı?, ağsaqqaldırmı?, məktəblidirmi?, tələbədirmi?, alimdirmi?; Savadı, təhsili necədir?; İxtisası nədir?; Nitqin məzmunu, məqsədi, istiqaməti necədir?; Danışan nə haqda məlumat verir?; Nəyi sübut etmək istəyir?; Dinləyiciləri nəyə sövq edir və ya nədən çəkindirmək fikrindədir? və s. Qarşıya qoyulan məqsəddən, dinləyicilərin tərkibindən və səviyyəsindən və s. asılı olaraq nitqdəki sözlər, ifadələr, sintaktik konstruksiyalar müxtəlif olur.
Natiqlik praktikasında nitqin şəraiti, münasibliyi həmişə nəzərə alınmalıdır. Televiziya verilişlərində çıxış edənlər bəzən vaxtın azlığından gileylənir və təəssüflənirlər ki, çox şeyi deyə bilmədilər. Burada, şübhəsiz, günah natiqin özündədir. O, müəyyən edilmiş vaxt ərzində nəzərdə tutduğu məzmunu aydın, dəqiq, yığcam, eyni zamanda, vaxta qənaət etməklə dinləyicilərə çatdırmağı bacarmalıdır.
Nitq şəraitinin müəyyənləşdirilməsi, ona müvafiq mühazirə oxumaq və digər praktik işləri həyata keçirmək hamıdan çox müəllimə lazımdır. Bəzən ali, həm də orta məktəb həyatında tələbələrin (şagirdlərin) məşğələlərdə passivliyindən, etinasızlığından, laqeydliyindən, intizamsızlığından şıkayətlənirlər. Belə neqativ hallar tələbələrin (şagirdlərin) bilik səviyyəsini, marağını, istəyini bilməyən, öz üzərində işləməyən, məşğələlərə zəif hazırlaşan müəllimlərin dərs dediyi auditoriyalarda daha çox müşahidə olunur. Müasir tələbə (şagird) geniş informasiya tutumuna malikdir. Köhnə, saralmış konspektlərdəki məlumatlar auditoriyanı təmin edə bilmir. İnformasiya vulkanının püskürdüyü indiki zamanda müəllimin nəzəri və praktik hazırlığı elə bir səviyyədə olmalıdır ki, tələbələrin (şagirdlərin) marağını, diqqətini cəlb edə bilsin. Bu baxımdan alimin, müəllimin, mühəndisin, həkimin, yazıçının, siyasi xadimin və başqalarının auditoriyada söylədikləri nitq bir-birindən fərqlidir. Alimin danışığında ifadəlilik həddən artıq az olur, fikir daha çox mürəkkəb cümlələrlə, tərkiblərlə , terminlərlə ifadə edilir. Müəllimin nitqi auditoriyanın səviyyəsinə uyğun qurulur. Aydınlıq, yığcamlıq, səlislik, dəqiqlik və s. müəllimin danışığının başlıca keyfiyyətləridir. Geniş təfər-rüat, həddindən artıq ifadəlilik, pafos, məzmuna uyğun olmayan jest, digər mənalı hərəkətlər müəllimin nitqi üçün xarakterik deyildir. Mitinqlərdə, geniş kütlə qarşısında çıxış edən natiqin danışıq tərzi, xüsusən sintaksisi digərlərindən fərqlənir. Belə natiqin cümlələri, əsasən, qısa olur, o, danışığında mübariz şüar-lara, çağırışlara, sual və nida cümlələrinə, canlı sözün təsirini, effektliyini artıran digər vasitələrə (inversiya, ritorik sual və s.) daha çox üstünlük verir.


Yüklə 372,17 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin