olunmalı, onun məğzinə nüfuz edilməli, əhvalat və hadisələr, obrazlar sistemi,
süjet və kompozisiya, dil və üslub kimi məsələlər diqqətlə təhlil olunmalıdır. Bu
iki vəzifə yerinə yetirildikdən sonra əsərin ifa üçün hazırlaşdırılması mərhələsi
gəlir. Qiraətçi qarşısına qoyacağı məqsədləri müəyyən edir və epizodların,
abzasların, cümlələrin və sözlərin deyiliş qaydalarını müəyyənləşdirir, bunları
mətn üzərində qeyd edir. Nəhayət, mətnin səslənən sözdə ifadə olunmasını həyata
keçirir. Məktəbdə ifaçılıq təhlili digər təhlil işləri ilə əlaqədə aparılır. Bədii
mətnlərin ifadəli oxuya hazırlaşdırılması işində məktəb təhlili ilə ifaçılıq təhlili bir-
biriləri ilə qarşılıqlı əlaqədə olurlar. Bu əlaqələr aşağıdakı şəkildə özünü büruzə
verir.
I. İfaçılıq təhlili məktəb təhlili ilə bərabər şəkildə aparıla bilər. İfaçılıq təhlili əsər
üzərində müstəqil iş növlərindən olub ifadəli oxuya hazırlıq məqsədi ilə həyata
keçirilir. Bu əsərin məzmunu və ideyasının, digər təlim-tərbiyə vəzifələrinin yerinə
yetirilməsinə imkan verən səmərəli yollardan biridir. Hər hansı bir mətnin məktəb
təhlili zamanı ifaçılıq təhlilini də işə qoşmaq olur. Bu zaman hər iki iş üsulu eyni
vaxtda, yanbayan həyata keçirilir və bir-biri ilə sıx əlaqədə olur. Tutaq ki, təhlildə
müəllif arxasınca yolu seçilir. Bu zaman əsərin süjetini izləməklə onun təhlili
həyata keçirilməyə başlanır. Həmin iş prosesində ifaçılıq təhlilini də həyata
keçirmək olar. Bunun üçün suallar sisteminə əsərdəki məntiqi ardıcıllığı müəyyən
edən, obrazların, hərəkət və davranışlarını aşkara çıxaran, onların əhvali-
ruhiyyəsini aydınlaşdıran və s. sualları da əlavə etmək kifayət edər. Beləliklə də,
əsərin təhlilinin ifaçılıq təhlili ilə bu cür əlaqələndirilməsi həm əsərin
məzmununun dərindən öyrənilməsinə, həm də ifadəli oxu işinə xidmət edir.
II. İfaçılıq təhlili ümumi ədəbi təhlildən sonra da işə qoşula bilər. Onda əsərin
təhlilindən alınan biliklər, gəlinən qənaətlər, nəticələr əldə səfərbər olunmalıdır.
Amma o təhlil - məktəb təhlili öz təbiətini itirməməlidir. Ümumiləşdirici
xarakterli, eyni zamanda ifaçılıq təhlili yönümündə suallara müraciət olunmalıdır:
- Əsəri neçə hissəyə bölmək olar?
- Dinləyicilərə hansı hissi aşılayarsınız və nəyə görə?
- İfa zamanı hansı sözlərə xüsusi fikir vermək lazımdır və nəyə görə?
- Mətn oxunanda təsəvvürünüzdə hansı mənzərə canlanırdı?
Bu iş növünü istənilən əsərin tədrisində, müəyyən parçalar üzərində iş aparanda
tətbiq etmək olar.
III. İfaçılıq təhlilinə yolüstü, digər işlərlə əlaqədar olaraq nəzər salınır. Onda geniş
bölgüyə, təsnifata varmadan ifaçılıq təhlilinin müəyyən elementlərinə toxunulur.
Əsərin məzmununu öyrətmək və təhlilini həyata keçirmək baxımından həmin
elementlər də səfərbər olunur. Təxminən aşağıdakı istiqamətdə müşahidələr
aparmaq, sual və tapşırıqlardan istifadə olunmaqla mətnin səslənən sözdə ifası
qayğısına qalınır:
-Əsərdə təsvir olunanları emosional dərk etmək üçün müəllif təsvirində olanları
təsəvvürdə canlandırma,
-Sətiraltı mənanı müəyyən etmək,
-Məntiqi mərkəzləri aydınlaşdırmaq, fasilələrin yerini müəyyənləşdirmək,
-Mətni, parçanı müxtəlif çalarda, sətiraltı məna ilə söylətmək üzrə məşqlər
apartdırmaq.
Əsərin ifaçılıq təhlilinin əhəmiyyəti barədə geniş danışmağına dəyər. Məlum
məsələdir ki, bizim danışığımız o zaman təsirli və ifadəli olur ki, biz nə barədə
danışdığımızı, onu niyə və kimə söyləyəcəyimizi aydın təsəvvür edirik. Məişətdə
bu işin yerinə yetirilməsində bizim kifayət qədər təcrübəmiz vardır. Biz bilirik ki,
maraqlı danışmasaq, sözümüzü ürəkdən söyləməsək, fikrimizi müsahibimizə
çatdırmaqda çətinlik çəkməli olacağıq. Əgər fikir və niyyətimiz özümüzə aydın
deyilsə, sözü ürəkdən söyləməyəcəyiksə, onda dinləyicimizə nəyi isə aşılaya
bilməyəcəyik. Məktəbdə əsərlərin, mətnin oxusunda da təxminən eyni vəziyyət
vardır. Bədii qiraət ustaları da ifa edəcəkləri mətni əvvəlcədən diqqətlə öyrənirlər.
Rus estradasının görkəmli sənətkarlarından olan A. Zakuşnyak qeyd edir ki, mən
bədii mətnləri ifaya hazırlayanda təkcə ifa edəcəyim mətnin məzmununu
öyrənməklə kifayətlənmirdim. İlk növbədə həmin sənətkar barədə ətraflı məlumata
yiyələnirdim. Onun haqqında yazılanları oxuyur, müasirlərinin xatirələrinə nəzər
salır, əsərlərinin təhlili ilə bağlı yazıları öyrənirdim. Çalışırdım ki, müəllif və əsərlə
bağlı nə varsa, onların hamısına yaxından bələd olum. Yalnız bundan sonra mən
özümü əsəri oxumağa hazır hesab edirdim
Sənətkarın söylədiklərində müəyyən bir həqiqət vardır. Normal bir sənətçi kimi o
da ifasına inam yaratmaq üçün çalışıb ki, nəzərindən heç nəyi, ən xırda təfərrüatı
belə yayındırmasın. Ehtiyat edib ki, məzmunun canlandırılmasında, müəllif
niyyətinin çatdırlmasında nəyi isə təhrif edə bilər. Məlumdur ki, bədii söz ustasının
əsas vəzifələrindən biri məhz həmin niyyəti canlandırmaq, ona ikinci bir nəfəs
verməkdir. Təbii ki bu yenidən «diriltmə» olmasa idi, biz bu cür yerlərə, ifadəli
qiraət gecələrinə, poeziya bayramlarına, teatr və kino tamaşalarına getməzdik.
Hətta həmin əsərlərin məzmununu özümüz əzbərdən bilmiş olsaq da, bu cür
yerlərə getməyi hər şeydən üstün tuturuq. Bunun sirri isə bayaq qeyd etdiyimiz
kimi, məhz həmin yenidən dirilmə prosesinin özünə marağımızdır. Başqa sözlə,
aktyorların, söz sənəti ifaçılarının ifalarına göstərdiyimiz maraq, onların
ifalarından aldığımız, yaxud da alacağımız estetik zövq, mənəvi ehtiyac bizi bu işə
təhrik edəcəkdir. Biz həmin ehtiyacımızı ödəmək üçün bu cür imkanları əlimizdən
qaçırmaq istəməyəcəyik. Sənətkarların ifadəli qiraətə bu cur yanaşmasını təsadüfi
saymaq olmaz. Hər bir ifaçı – qiraətçi əsərdən alınan ilk təəssüratın qüvvətli
olmasına can atır. Onlar yaxşı bilirlər ki, ilk təəssüratı heç nə ilə əvəz etmək
olmur. Bu təəssürat nə qədər canlı və güclü olarsa, onların ifaları da o qədər
qüvvətli təsir bağışlayar və özlərinə daha çox tamaşaçı kütləsi toplaya bilər.
Məktəbdə də ifadəli oxunun həyata keçirilməsində bu kimi məsələlərə diqqət
yetirilməlidir. Əsərlə ilkin tanışlığın səviyyəsindən, dərəcəsindən asılı olaraq onun
taleyi həll oluna bilir. Onun başının üstünü «olum, ya ölüm» dilemması kəsdirir:
görəsən, əsər uşaqları özünə cəlb edəcək, ya yox? Bu sualın cavabı məhz
müəllimin ifadəli oxusundan - bütöv bir kompleksdən asılı olacaqdır. K.S.
Stanislavski əsərlə ilkin tanışlıq mərhələsinə mühüm əhəmiyyət verirdi. Göstərirdi
ki, ilkin tanışlıq gələcək yaradıcılıq üçün «toxumlardır». Əgər ilkin oxudan sonra
alınan təəssürat düzgün olmuşdursa, bu gələcək uğurlar üçün böyük bir açardır.
Belə bir vacib məqamın itirilməsi geri qaytarılması mümkün olmayan itkilərə
aparıb çıxaracaqdır. Çünki ikinci, yaxud da sonrakı oxular gözlənilməzlik
məqamından məhrum olduğundan intuitiv təsirini itirəcək. İtirilmiş təəssüratın
bərpa olunması olduqca çətindir, nəinki birinci dəfə düzgün təəssüratın
yaradılması. Deməli, ədəbi əsərlərin ifaçılıq təhlili ifadəli oxuya hazırlıq və onun
həyata keçirilməsi mərhələlərini əhatə etməklə mühüm bir vəzifəni yerinə yetirmiş
olur. İfaçılıq təhlilinin son məqsədi şagirdlərə ədəbi parçaları, mətnləri ifadəli
oxumaq bacarığı aşılamaqdır. Ona görə də müəllim ifaçılıq təhlilinin hər bir
elementinə, mərhələsinə ciddi fikir verməli, bədii əsərlərin, mətnlərin şagirdlərdə
oyadacağı ilkin təəssüratların təbii, canlı olmasına nail olmalıdır.
İfaçılıq təhlilinin məzmununa nələr daxildir sualına dair müəyyən təəssürat
yaratdıqdan sonra onun komponentlərini aşağıdakı kimi göstərmək mümkündür:
1)Mətnin məzmununun öyrənilməsi, 2)Ədəbiyyatşünaslıq təhlili, 3)Xüsusi təhlil,
4)Mətnin səslənən sözlə ifadə olunması (Mətnin oxunması).
Mətnini ifadəli oxusu işində məzmunun bilinməsi xüsusi əhəmiyyət kəsb edir.
Məzmununu bilmədiyimiz məsələni dinləyicimizə, auditoriyaya necə aşılaya
bilərik? Eyni qayda şagirdlərin ifadəli oxu vərdişlərinə yiyələndirilməsi işinə də
aiddir. Şagird də ifadəli oxuyacağı mətnin məzmununu yaxşı bilməlidir. O, mətndə
nədən danışıldığını və niyə danışıldığını aydın təsəvvür etməzsə, onda oxusunun
heç bir ünvanı olmayacaqdır. Deməli, mətnlərin məzmunun öyrənilməsi şagirdlər
üçün bir neçə cəhətdən faydalı olur. Proqram bu mətnlərin hər birinin öyrənilməsi
üçün müəyyən qədər vaxt ayırır. Şagirdlər mətni oxuyur, oradakı əhvalat və
hadisələrinin məzmunu ilə yaxından tanış olur, məzmuna və iştirakçılara
münasibət bildirir, ümumilikdə əsərə dəyər verirlər. Obrazların bir-birilərinə olan
münasibətini düzgün anladıqlarını isbat etmək üçün onların sözlərini olduğu kimi
səsləndirməyə, məzmununu cümlə-cümlə ifadə etməyə çalışırlar. Bu işdə müəllim
daim onların yanında olur və onların hər cür oxu işinə dəstək verir. Beləliklə
şagirdlərin əxlaqi-mənəvi zənginləşməsi, təfəkkür və nitqinin inkişaf etdirilməsi,
dünyagörüşünün formalaşması işləri həyata keçirilmiş olur. Müəllimin vəzifəsi bu
işdə şagirddən tamamilə fərqli şəkildə özünü göstərir və təbiidir ki, o, əsərlərin
məzmununun öyrədilməsi işini yaxşı təşkil etməli, bu prosesdə şagirdlərin ifadəli
oxu bacarığına yiyələnməsi işində müəyyən qaydalara riayət etməlidir.
Hər bir müəllim əsərin məzmunun öyrənilməsinə hazırlaşarkən aşağıdakı
məsələlərə diqqət yetirməlidir:
- məzmunu öyrəniləcək mətnin müəllifi, onun həyat və yaradıcılığı, sənətkarlığı,
ədəbiyyat tariximizdəki rolu və mövqeyi ilə bağlı müəyyən biliklərə yiyələnmək.
- oxunacaq əsərin mövzusu, yazıldığı tarixi dövr, əhatə etdiyi mühit barədə ətraflı
biliyə malik olmaq.
- əgər sözü gedən sənətkarın lent yazıları varsa, onu dinləmək, şəkli və ya
portretini diqqətlə müşahidə etmək.
- əsərin məzmunu diqqətlə öyrənmək, ideyasını aydınlaşdırmaq.
- əsərin quruluşunu müşahidə etmək.
- proqramın tələbindən çıxış etməklə şagirdləri əsərin məzmununu qavramağa
hazırlamaq.
Əsərin məzmununun öyrənilməsi şagirdin ifadəli oxuya hazırlaşdırılması
işinin mühüm mərhələsidir. Proqram materialının məzmunun öyrənilməsi prosesi
mətn üzrə işdən başlayır. Müəllim bu iş üçün yeni fənn kurikulumunun imkanlarını
göz önünə gətirməlidir. Məlumdur ki, hazırda müəllimlərin ixtiyarına dərslik
komplektləri təqdim olunur. Buraya dərsliklər, onlara aid metodik vəsaitlər və iş
dəftərləri daxildir. Həmin vəsaitlərdə mətn üzrə işlərə dair tamamilə yeni
yanaşmalar özünü göstərir. Bu vəsaitlərdə dərslərin fəal/interaktiv təlim üsulları ilə
təşkil olunması önə çəkilmişdir. Həmin dərslər daha çox qrup tapşırıqları ilə həyata
keçirilir. Ona görə də əsərin məzmunu üzrə aparılan işlər də tamamilə yeni
formada həyata keçirilir. Müəllim həmin metodik vəsaitlərin göstərişlərini əldə
rəhbər tutmalı, şagirdlərə ifadəli oxu bacarıqlarını necə aşılayacağını dəqiq
müəyyənləşdirməlidir. Müəllim bilməlidir ki, əsərin məzmunun öyrətməklə həm
də ifadəli oxuya hazırlıq işinin başlanğıcını, təməlini qoymuş olur.
Dostları ilə paylaş: |